İnkişaf
strategiyasının əsas lokomotivi
Modern sənayeləşmədə
həyata keçirilən layihələrin artıq uğurlu
nəticələri var
Dünyanın əksər
ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə
iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə
ölkəmiz zəngin ənənələrə malikdir. Son illərdə
Azərbaycan iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, sənayenin inkişafında da böyük
uğurlar qazanılıb, sənaye məhsulları
istehsalının həcmi dəfələrlə artıb.
Bundan başqa, rəqabətqabiliyyətli
müasir sənaye sahələrinin yaradılması, onun
infrastruktur təminatının
yaxşılaşdırılması sahəsində
çoxsaylı layihələr icra edilib, yeni iş yerləri
açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə
qədəm qoyub.
Yüksək
texnologiyalar əsasında şaxələndirilən sənaye
sektoru
Ölkəmizdə müasir
sənaye müəssisələrinin yaradılması,
sahibkarlıq mühitinin inkişaf etdirilməsi, kiçik və
orta sahibkarlıq subyektləri üçün əlverişli
investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun
inkişafı və iqtisadiyyatın modernləşdirilməsi
qarşıda duran prioritet vəzifələrdəndir.
Qeyri-neft sektorunun strukturunda sənayenin
xüsusi çəkisi var. Sənayenin inkişafı
bütövlükdə iqtisadiyyatın inkişafı
üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın
malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat
imkanları ölkədə sənayenin sürətli
inkişafını təmin etməkdədir. Bu həm də
yüz minlərlə iş yeri, yüksək gəlir və əlavə
dəyər imkanları deməkdir.
Azərbaycan
Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli
inkişafının təmin edilməsini, o cümlədən
yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını
və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata
keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramları çərçivəsində müxtəlif təyinatlı
yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə
verilib, minlərlə yeni iş yeri açılıb.
Rəqabətqabiliyyətli
sənayenin inkişafı - sənaye parkları və sənaye
məhəllələri
“Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”nın əsas
istiqamətlərindən biri sənaye və texnologiyalar
parklarının, eləcə də sənaye məhəllələrinin
yaradılmasıdır.
Prezident İlham Əliyevin
uğurlu sənayeləşmə siyasətinə uyğun
olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft
sektorunun davamlı inkişafını təmin etmək və
əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədilə sənaye parklarının və
sənaye məhəllələrinin yaradılması prosesi
davam edir. Sənaye parklarının yaradılması ölkənin
qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın
ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli,
idxalı əvəz edən məhsulların
istehsalının artırılması, investisiyaların və
müasir texnologiyaların cəlb edilməsi kimi öncül
vəzifələrin yerinə yetirilməsi baxımından da
əhəmiyyətlidir.
Artıq ölkəmizdə
Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir
və Pirallahı sənaye parkları yaradılıb. Sumqayıt Kimya Sənaye
Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə
rezident statusu verilib. Sənaye Parkında bu il
daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə
fəaliyyətə başlayacaq. Bu müəssisələrdə
900-ə yaxın yeni iş yerinin açılması nəzərdə
tutulur.
“Yaşıl iqtisadiyyat”ın, təkrar
emal sənayesinin inkişafında əhəmiyyətli rola
malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya
yatırmaqla tullantıların təkrar emalı üzrə 5
müəssisə fəaliyyətə başlamağa
hazırdır və bu müəssisələrdə 400-ə
yaxın yeni iş yeri yaradılıb.
Gəmiqayırma sahəsində
ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma
Zavodu fəaliyyət göstərir və zavodda yüksək
yükgötürmə qabiliyyətinə malik tanker, dəniz
təchizat gəmisi və digər təyinatlı gəmilərin
istehsalı həyata keçirilir. Artıq Bakı Gəmiqayırma
Zavodunda onlarla gəmi tikilərək istifadəyə verilib,
60-dan çox gəmi təmiri işləri həyata
keçirilib. Hazırda müəssisə tərəfindən
BP şirkətinin sifarişi ilə dəyəri 378 milyon
ABŞ dolları olan “Xankəndi” sualtı tikinti gəmisinin və
2 ədəd “Ro-pax” tipli gəmi-bərənin inşası
işləri davam etdirilir.
Mingəçevir Sənaye
Parkında yüngül sənaye məhsulları, o cümlədən
ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab
istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən
çox yeni iş yerinin açılması nəzərdə
tutulur. Artıq Sənaye Parkının rezidenti
“Mingəçevir Tekstil” MMC 2 növdə ipliklərin
istehsalı fabrikinin tikintisinə başlayıb. Dəyəri
46 milyon ABŞ dolları olan layihə çərçivəsində
550 yeni iş yerinin yaradılması və fabrikin 2017-ci ilin
sonlarında istismara verilməsi nəzərdə tutulur.
Azərbaycanda qeyri-neft
sektorunun inkişaf etdirilməsi sahəsində həyata
keçirilən mühüm tədbirlərdən biri də
ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq
məhsulları istehsalının yaradılmasıdır. Bu məqsədlə
Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli
qoyulub. Dəyəri 4 milyon ABŞ dolları
olan və birdəfəlik şprislərin istehsalını nəzərdə
tutan “Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda
başlanılacaq və müəssisə 2018-ci ilin birinci
yarısında istismara veriləcək. Bunlarla
yanaşı, hazırda Türkiyənin, Birləşmiş
Ərəb Əmirliklərinin, Yaponiyanın və Koreya
Respublikasının aparıcı şirkətləri ilə əczaçılıq
məhsullarının birgə istehsalının təşkilinə
dair danışıqlar aparılır.
Yerli ehtiyatlardan səmərəli
istifadə ilə yaranan modern sənayeləşmə
Regionlarda sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli
istifadə etməklə sənaye sahələrinin inkişaf
etdirilməsi baxımından sənaye məhəllələrinin
yaradılması böyük əhəmiyyət kəsb edir. Artıq
ölkəmizdə 2 sənaye məhəlləsi mövcuddur.
Bunlar Neftçala və Masallı sənaye məhəllələridir.
Neftçala Sənaye Məhəlləsində
3 müəssisə artıq fəaliyyətə
başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə
tutulur. Masallı Sənaye Məhəlləsinə
isə sahibkarlar tərəfindən böyük maraq göstərilir
və artıq onlar tərəfindən dəyəri 33 milyon
manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye zonasının layihələndirmə
işləri tamamlanıb və bu yaxınlarda infrastrukturunun
yaradılması işlərinə başlanılacaq.
Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye
məhəllələrinin yaradılması imkanları
araşdırılır.
İyulun 25-də isə
Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin
yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama
əsasən, kiçik və orta sahibkarlığın dəstəklənməsi
məqsədilə Hacıqabul Sənaye Məhəlləsinin
ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul
istehsalı müəssisələri, habelə xidmət
müəssisələri yaradılacaq. Sənaye
məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi
“Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar
Cəmiyyətinə həvalə olunub. Hacıqabul Sənaye
Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin
ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini,
xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz,
su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə,
istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur
obyektləri) qurulmasını təmin etmək məqsədilə
2017-ci il dövlət büdcəsində nəzərdə
tutulmuş Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə
4 milyon manat ayrıldı.
Sənaye məhəlləsi nədir?
Sənaye məhəlləsi
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi
üçün zəruri infrastruktura malik olan, kiçik və
orta sahibkarlar tərəfindən məhsul istehsalı və
xidmət göstərilməsi üçün istifadə
edilən ərazidir.
Ölkədə sənaye məhəllələrinin
yaradılması Azərbaycan Prezidentinin “Sənaye məhəllələrinin
yaradılması və fəaliyyətinin təşkili
haqqında” 2014-cü il 8 oktyabr tarixli 288
nömrəli fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd
sənaye və xidmət sahələrində fəaliyyət
göstərən kiçik və orta sahibkarların
inkişafı üçün əlverişli şəraitin
təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində
məşğulluğunun artırılmasıdır. Sənaye
məhəllələri istehsal prosesinin təşkilində
infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin
gücləndirilməsi, kiçik və orta
sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin
həlli baxımından böyük əhəmiyyət kəsb
edir.
Sənaye məhəlləsi
üçün nəzərdə tutulan dövlət
mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın
daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin
fəaliyyəti məqsədilə istifadə edilir. Sənaye məhəlləsinin
ərazisində torpaqlar sənaye məhəlləsinin
iştirakçılarına sahibkarlıq fəaliyyətinin
həyata keçirilməsinə dair imzalanmış
müqavilənin müddətinə uyğun olaraq icarəyə
verilir.
Sənaye məhəllələrinin
üstünlüyü nədən ibarətdir? İlk
növbədə sahibkar öz müəssisəsi
üçün infrastrukturun yaradılmasına pul xərcləmir.
Sənaye məhəllələrinin ərazisində
xarici və daxili infrastrukturun (elektrik enerjisi və isitmə,
qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından
mühafizə obyektləri, inzibati obyektlər və s.)
yaradılması nəzərdə tutulur. Sənaye
məhəllələrində fəaliyyət göstərən
sahibkarlara müəyyən məsləhət xarakterli
yardımlar da edilir. Sənaye məhəllələri
dövlətin sənaye potensialının inkişaf zəncirində
növbəti və möhkəm halqaya çevrilməklə
ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə
ciddi şəkildə kömək edir.
Tezliklə
bütün rayonlarda sənaye məhəllələri
yaradılacaq
Nazirlər Kabinetinin 2017-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha
vurğuladı ki, ölkəmizdə sənaye istehsalında,
kənd təsərrüfatının inkişafı istiqamətində
çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim
layihələr artıq reallaşır. Xüsusilə
sənaye parklarının yaradılması uğurla gedir.
Bu, görülən işlərin gözəl
təzahürüdür. Dövlət
başçısı vurğuladı ki, bütün
rayonlarda tezliklə sənaye məhəllələri
yaradılacaq.
Həqiqətən bu gün
Azərbaycanda sənayenin inkişafını şərtləndirən
amillər çoxdur. Bunlardan biri makroiqtisadi sabitlikdir. Digər mühüm amil olaraq son illərdə
yaradılmış güclü sənaye potensialıdır.
Yeni qeyri-neft sənaye sahələrinin
yaradılması üçün karbohidrogen ehtiyatları ilə
yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər
zəngin təbii ehtiyatlar da çox mühüm amildir.
Dünyanın ən iri enerji layihələrindən olan
“Şahdəniz-2”, TANAP və TAP layihələrinin
reallaşdırılması hələ uzun illər ölkə
iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına
öz töhfəsini verəcək.
Ölkəmizdə həyata
keçirilən uğurlu sənayeləşmə siyasəti
yeni dövrün tələblərinə
uyğunlaşdırılmaqla davamlı iqtisadiyyatın sənayeləşməsini
sürətləndirəcək, Azərbaycanın
güclü sənaye mərkəzinə çevrilməsini təmin
edəcək.
Sənayenin
strukturunu təkmilləşdirəcək Strateji Yol Xəritəsi
Modern sənayeləşmə
istiqamətində həyata keçirilən hər bir layihə
Azərbaycanın gələcək inkişafı ilə
bağlı düşünülmüş proqramdır. Bütün bunlar isə
Prezident İlham Əliyevin 2016-cı il 6
dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycanda
ağır sənaye və maşınqayırmanın
inkişafına dair Strateji Yol Xəritəsində öz əksini
tapıb. Adıçəkilən xəritə
ağır sənaye və maşınqayırmada
müşahidə edilən proseslərə çevik
adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi
üçün bu sahənin qarşısında duran yeni
çağırışlar və imkanlar nəzərə
alınmaqla hazırlanıb. Bu zaman
ağır sənaye və maşınqayırmanın rəqabətqabiliyyətliyi,
innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi
prinsipləri diqqət mərkəzində saxlanılıb.
Ağır sənaye və
maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi
qısa, orta və uzunmüddətli dövrləri əhatə
etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər
planı, 2025-ci ilədək olan dövr üçün
uzunmüddətli baxış və 2025-ci ildən sonrakı
dövr üçün hədəf baxışdan ibarətdir.
Strateji Yol Xəritəsinin icrası nəticəsində
sənayenin strukturu təkmilləşdiriləcək,
qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici
qüvvələrindən birinə çevriləcək,
ağır sənaye və maşınqayırmanın sənayedə
və məşğulluqda payı artacaq, ümumi iqtisadi
potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə
tutulmuş məqsədlərin reallaşdırılması
üçün hazır vəziyyətə gətiriləcək,
yəni mövcud resurslardan optimal istifadəyə, habelə
müəssisələrdə səmərəli istehsal
metodlarının tətbiqinə başlanacaq.
Müəssisələrin rəqabət
qabiliyyətinə təsir edən amillər (məsələn,
standartlar, texniki tənzimləmə, kadr potensialı,
innovasiyaların təşviqi, əqli mülkiyyət və
s.) üzrə ciddi irəliləyiş əldə olunacaq,
onlar ənənəvi məhsul bazarında yerli iri
sifarişçilərin ehtiyaclarını qarşılayacaq. Yol xəritəsinin
icrasının 2020-ci ildə real ÜDM-də 1 milyard 560
milyon manat artıma, sənayedə 7700 daimi yeni iş yerinin
açılmasına səbəb olacağı
proqnozlaşdırılır.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-
2017.- 27 iyul.- S.1; 3.