Ölümə meydan oxuyan həqiqətlər
Onların hər birinin ölümü faciə idi. Ancaq əsl həqiqət dəhşətləri və ədalətsizlikləri rədd edərək onillikləri yarıb keçir və bu ölümlərə meydan oxuyur. Düzlük, təmizlik, doğruluq qalib gəlir, haqsız olaraq məhvə məhkum edilənlərin ölməz xatirəsi ilə qoşalaşıb əbədi yaşayır.
Keçmiş SSRİ-də Stalin repressiyalarının tüğyan etdiyi vaxtdan 80 il keçir. Əslində, repressiya “dəyirmanı” öz işini tək bir ildə görməyib - bu amansız və haqsız cəzalar dövrü xeyli davam edib. Bununla belə, “qırmızı terror”un böyük sürət götürüb günahsız insanlara misli görünməmiş vəhşiliklə divan tutduğu məhz 1937-ci ilə düşüb.
Gecələr gözlənilmədən qapıların döyülməsi, ailə başçılarının “paqon”lular tərəfindən aparılması, işgəncələr verilməsi heç də uzaq keçmişin vahiməli olayları deyil. Neçə-neçə uşağın sahibsiz qalması, doğmalarının “xalq düşməni” adı ilə damğalanması, 15 dəqiqəlik məhkəmələr, amansız ölümlər, əzablı sürgünlər və daha nələr, nələr...
Keçən əsrin 30-cu illərinin dəhşətlərini sadalamaqla qurtaran deyil. Acınacaqlı hallardan biri də odur ki, Azərbaycan “qırmızı terror” küləklərinin güclü əsdiyi məkanlardan olub. Bir tərəfdən imperiyanın cəlladlığı, digər tərəfdən mənfur qonşularımızın - ermənilərin səlahiyyət verilmiş “qaniçən”ləri fürsətdən istifadə edərək xalqımızın başına olmazın oyunlar açdılar. Azərbaycanın yüzlərlə say-seçmə oğulları aradan götürüldü. Düzdür, repressiya olunanlara sonralar sovet hökuməti tərəfindən bəraət verilməsi vicdanlara rahatlıq gətirsə də, qəlblərdəki acıları yuya bilmədi.
Ad çəkib onları
bir-bir seçmək istəməzdik. Qoy hamısının
incik ruhu rahat olsun. Çoxlarının heç məzarı
da bilinmir... Amma xatirələri ürəyimizdədir.
Onlara qarşı edilmiş amansızlıq
xalqımızın tarixindən və yaddaşından
heç vaxt silinməyəcək.
37-də repressiyaya məruz
qalanlar çox olsa da, zaman-zaman hər biri anılır. Tağı
Abbas oğlu Şahbazi (Simurq) onlardan biri idi.
Simurq
timsallı...
1937-ci ilin mart ayında Azərbaycan
Yazıçılarının növbəti plenumu
keçirilirdi. İclasın gündəliyi rus şairi A.Puşkinin
irsinə, Oktyabr inqilabının 20 illiyinə həsr edilsə
də, əsas məqsəd repressiya dalğasına
düşən Azərbaycan yazıçılarına və
onların yaradıcılığına qarşı “səlib
yürüşü”nə çıxmaq idi.
İclası o dövrdə
Azərbaycan Yazıçılar İttifaqının sədri
olan Seyfulla Şamilov aparırdı. (Sonralar o, özü də
iki dəfə repressiyaya məruz qalmışdı). Tağı Şahbazinin ədəbi fəaliyyətini
kəskin şəkildə tənqid edən sədr onu əvvəlcə
ikiüzlü siyasət aparmaqda günahlandırdı. Mənəviyyatsızlığı
yayan, örtülü düşmənlərlə amansız
olmağı vurğuladı: “Şahbazi haqqında qeyd etmək
lazımdır ki, onun yaradıcılığı qətiyyən
Azərbaycan proletar inqilabı mübarizəsinin
güzgüsü olmamışdır. Olsa-olsa,
yalnız meşşan mühitdən yazmışdır.
Şahbazinin inkişaf etmiş nöqtəsi o
bahar gecəsini göstərmək idi. O, yalnız
süni avtoritet yaratmışdır”. Çıxış
bir çoxlarının etirazına səbəb olsa da,
dövrün qanlı olayları üzündən heç kəs
səsini çıxarmağa belə səy göstərmirdi.
Aydın məsələ idi ki, hər hansı
bir addım həmin şəxsin həyatı bahasına
başa gələ bilərdi. Bu məcburi
sakitlikdən istifadə edən natiqlər isə
M.C.Bağırovun göstərişi ilə
hazırlanmış xüsusi məruzədə qələm
dostlarını ağına-bozuna baxmadan tənqid etmək məcburiyyətində
qalmışdılar. Beləliklə,
T.Şahbazinin repressiyaya uzanan ömür yolu məhz bu qərəzli,
saxta, məntiqə sığmayan ittihamlardan sonra
başladı. Partiya sıralarında və
ədəbiyyat aləmində get-gedə böyük nüfuz
qazanan yazıçını əllərinə düşən
fürsət dalğasında - qan çanağında məhv
etmək istəyirdilər. Tapşırıq belə
idi! Söylənən ittihamlar onu
yazıçı kimi gözdən salmaq, ittifaq
sıralarından xaric etməkdən ötrü idi. Buna
da nail oldular. İkinci mərhələdə
Şahbazi ömrünün 22 ilini həsr etdiyi və
böyük nüfuz qazandığı partiya işindən
ayrılmalı, sıradan çıxmalı, bununla da
qırmızı terrorun caynağına düşməli idi.
Növbəti qurğu da özünü
çox gözlətmədi. İftiraların,
şər və böhtanların ağırlığı ədibin
əl-qolunu bağladı. Özü də
yaxşı bilirdi ki, artıq bundan o tərəfə yol
yoxdur. Onu da Müşfiqin, Cavidin, Əhməd
Cavadın, Sanılının... məşəqqətli taleyi
gözləyirdi. Nəhayət, bir yay günü Tağı
Şahbazi “Leçkomissiya”nın
(müalicə komissiyası) direktoru olarkən həbs edilir...
Tağı Şahbazi Simurq
Azərbaycanın XX əsr tarixində tanınmış
yazıçı, publisist, həkim, pedaqoq kimi
qalmışdır. Elm və təhsil sahəsində misilsiz
xidmətlər göstərmişdir. Lakin
çox təəssüf ki, yaşadığı
dövrün rəhbərlərinin qaranlıq və qanlı əməlləri
onun adının qarşısına yad bir isim də
yazmışdır. Bu, “vətən xaini”,
“xalq düşməni” adlarıdır ki, T.Ş.Simurqun şəxsiyyət
və əqidəsinə heç vəchlə yaxın gəlmirdi.
Şahbazinin keçdiyi həyat
yolu hamar olmasa da, orada üstüörtülü, şübhəli
məqamlar da görünmürdü. Belə ki, o, 1892-ci ildə
Bakıda anadan olmuşdu. İbtidai təhsilini
mollaxanada almış, 1902-1905-ci illərdə İçərişəhərdə
9 nömrəli məktəbdə, sonra Həbibbəy Mahmudbəyovun
birinci rus-tatar məktəbində oxumuşdu. 1913-cü
ildə Bakıda Üçüncü Gimnaziyada latın dilində imtahan verib şəhadətnamə
almış və bu sənədin əsasında həmin il
Xarkov Universitetinin Riyaziyyat fakültəsinin təbiyyat
şöbəsinə qəbul olunmuşdu. Növbəti
ildə tibb şöbəsinə keçməsi onu
inqilabçı tələbələrlə
yaxınlaşdırmışdı. 1915-ci ildə
“Sosial-Demokrat Bolşevik Firqəsi”nin
fraksiyasına daxil olmuşdu. 1917-ci ildə
Bakıda “Hümmət” təşkilatında, 1918-ci ildə
Xarkovda “Cənub türk-tatar işçisi” hərəkatında
fəal iştirak etmişdi.
Ali təhsilini başa
çatdırdıqdan sonra müxtəlif sahələrdə
məsul vəzifələrdə
çalışmışdır. 1919-cu ildə Ukrayna K(b)P
MK yanında “Hümmət” müsəlman bürosunun sədri
olmuşdur. Sonra RSFSR Xalq Milli İşlər
Komissarlığı Zaqafqaziya müsəlmanları
şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları
bürosunda şöbə müdiri işləmişdir.
1922-1923-cü illərdə
Azərbaycan Xalq Maarif Komissarının müavini olmuş,
1923-cü ildə isə ona “Maarif və mədəniyyət”
jurnalının redaktoru vəzifələri etibar edilmişdi. 1923-1926-cı
illərdə Azərbaycan MİK katibi olan Tağı
Şahbaziyə 1926-cı ildə ADU-nun rektorluğu
tapşırılmışdı. Universitet
müvəqqəti olaraq bağlandıqdan sonra Azərbaycan
Xalq Səhiyyə Komissarının müavini təyin
edilmişdi.
Bunlar cəmi 45 illik qısa
ömür yaşamış bir insanın həyatının
yığcam xronologiyasıdır. Lakin bu qısa tərcümeyi-halın
hər bəndinin arxasında geniş, mənalı və
çoxşaxəli fəaliyyət dayanır ki, onu
reallaşdırmağa bəlkə uzun bir ömrün illəri
də kifayət etməzdi.
XX əsrin əvvəllərində
baş vermiş inqilabların, soyqırımlarının və
bir çox digər hadisələrin şahidi olmuş
Şahbazinin yaradıcılığına təbii ki,
bütün bunlar təsir etməyə bilməzdi. Doğrudur, o,
Azərbaycan ədəbiyyatı tarixində realist hekayələr
müəllifi kimi tanınır. Bununla belə,
bədii yaradıcılığı xalqımızın həyatının
keşməkeşlərlə dolu bir dövrünü
aydın əks etdirir. Şahbazi 1920-1930-cu
illərdə Azərbaycanda yaşanmış olayların tam
mənzərəsini yarada bilmişdir.
Yazıçı, eyni zamanda xalqın
maarifə, mədəniyyətə, inkişafa can
atdığını bütün varlığı ilə
duyur və görürdü. Bunlar onun ürəyincə
olduğundan hekayələrində də öz əksini
tapırdı. Məsələn, “Yox”,
“Ağanın kənizi”, “Zərifə”, “Səməd kişi”
kimi hekayələrində mütərəqqi proseslərə
qarşı çıxan qüvvələr tənqid atəşinə
tutulur. Müəllif geriliyə və
mövhumatın yaratdığı qüsurlara “yox” deyir.
Bu, eləcə də “Məşədi Qədimin evində bədbəxtlik”,
“Gözlənilməyən bir nəticə”, “Siyasət
adamı” hekayələrində aydın görünür. Onlar satirik qələmlə yazılaraq gülüş
yaratsa da, əslində böyük tarixi hadisələrdən
xəbər verir.
Şahbazinin
yaradıcılığında ciddiyyət də az deyildi. Onun 1912-ci ildə
yazdığı olduqca kiçik həcmli “Quşlar kimi azadə”
əsəri çox böyük mətləbləri
anladır. “Yaşamaq, onda da quşlar kimi
azadə” epiqrafı ilə başlanan əsəri mənsur
şeir də, kiçik monoloq da adlandırmaq olar.
Yazıçının sovet dönəmində qələmə
aldığı “Haqsızlıq dünyası”, “Hacı
Salman”, “Azadlıq üçün cinayət”, “Küləkli
bir axşam” və digər hekayələri də oxucu
marağına səbəb olmuşdu. 1932-ci ildə
yazdığı “Düşmənlər” povesti isə
kollektivləşmə dövrü kəndinin həqiqətlərini
əks etdirir. Lakin Şahbazinin
yaradıcılığı yalnız hekayələrlə məhdudlaşmır.
Onun bir sıra tərcümə əsərləri
də məlumdur. Bu həvəs
Tağı Şahbazidə hələ məktəb
yaşlarında oyanmışdı. Belə ki, 1908-ci ildə
16 yaşlı yeniyetmə qardaşı və dostu ilə
birlikdə böyük rus yazıçısı L.M.Tolstoyun
“İnsana çoxmu yer lazımdır” əsərini tərcümə
edərək kitab şəklində müəllifə
göndərmişlər. Maraqlıdır ki,
Tolstoy bu hadisəyə laqeyd qalmamış və gənclərə
minnətdarlıq məktubu yazmışdır.
Tağı Şahbazi erkən
yaşlarından jurnalistlik fəaliyyəti ilə məşğul
olmuşdur. Hələ
Xarkov şəhərində ali təhsil
alarkən Bakıya - “Açıq söz”, “Yeni İqbal” və
“Hümmət” qəzetlərinə göndərdiyi
yazılarda müsəlman tələbələrin dərdi və
dolanışığından bəhs edilirdi. Müxtəlif
illərdə “Hümmət” qəzetinin məsul katibi, “Maarif
və mədəniyyət” jurnalının redaktoru, “Cənub
tausu” tələbə qəzetinin redaktoru vəzifəsində
çalışmışdır. “Ədəbi
parçalar” jurnalının redaksiya heyətinin üzvü
seçilmişdi. Şahbazi qələmə
aldığı 150-dən artıq məqalədə
xalqın həyatının bir çox aktual problemlərinə
toxunmuşdur. O, əsasən “Samit”, “Səmimi”, “Yersiz”,
“Ukraynalı” “T.Ş”, “TŞ-zi”, “T” və “Ş” imzaları
ilə yazmışdır.
1935-ci ilə qədər
Tağı Şahbazi artıq on kitabın müəllifi idi. Seçilmiş
əsərlərinin birinci cildi də həmin ildə nəşr
olunmuşdur. Həbsi ərəfəsində
çapa hazır olan ikinci cildinin nəşri qadağan edilib
dayandırılmışdır.
Tağı Şahbazi Simurqun
adı ölkəmizin elm və təhsil tarixinə Azərbaycan
Dövlət Universitetinin ilk azərbaycanlı rektoru kimi daxil
olmuşdur. Onun rəhbərlik etdiyi illər universitetin yüksəliş,
inkişaf dövrü kimi yadda qalmışdır. Bu illər ilk növbədə onunla əlamətdar
olmuşdur ki, Şahbazi təhsilin Azərbaycan dilində
aparılması məsələsini həll etməyə
çalışmışdır.
O dövrdə bir dəstə millətçi və şovinist alim, milli kadrların hazırlanmasının mümkünsüz olduğunu sübut etməyə çalışırdı. T.Şahbazi belələrinə qarşı həmişə barışmaz mövqedə dayanmışdı. 1926-cı ildə Şahbazi universitetə rektor təyin olunandan sonra birinci tədris ilində ali məktəbə dərs demək üçün istedadlı gənc kadrlar cəlb olunur. Getdikcə auditoriyalarda tələbələrin qarşısına görkəmli alimlər çıxır: Hənəfi Zeynallı, Əhməd Pepinov, Z.Şahtaxtinskaya, F.Rzabəyli, V.Xuluflu... Sonrakı illərdə onlara Yusif Vəzir Çəmənzəminli, Böyükağa Talıblı, Bəkir Çobanzadə, A.Qubaydullin və başqaları da qoşulurlar. 1929-cu ildə universitetdə artıq 35 aspirant vardı. Tibb fakültəsində dərs deyən müəllimlərin 61,5 faizi azərbaycanlı idi. Bu illərdə universitetdə Azərbaycan tarixi üzrə mütəxəssis hazırlanması üçün xüsusi qərar verilir. Bu qərarın “gücü” ilə Şərq fakültəsində Azərbaycan tarixi kafedrası yaradılır. 1930-cu ildə universitet bağlanır. Tağı Şahbazi xalq səhiyyə komissarının müavini təyin olunur.
Xalq düşməni?..
1937-ci il martın 4-də Tağı Abbas oğlu Şahbazi Kommunist Partiyası sıralarından çıxarılır. Onu gizli milli-təkamülçülər qrupuna məxsusluğuna, əksinqilabi çıxışlar etdiyinə görə ləkələyirlər. Həmin il iyulun 11-də isə bu günahsız insanı həbs edirlər.
Noyabrın 2-də Azərbaycan SSR XDİK-in idarə rəisi Sumbatova Şahbazinin “siyasi cinayətləri” barədə arayış təqdim olunur. Həmin arayışda məsələni “fakt”larla təsdiq etməyə çalışaraq yazırlar ki, hələ 1923-cü ildə Tağı Şahbazi yaxın tanışlarının birinin evində Türkiyə konsulu M.Şövkət bəyin şərəfinə təşkil olunmuş qonaqlıqda iştirak edib. Burada o, öz “həmfikirləri” ilə birlikdə UİK(b)P-nin siyasətini əksinqilabi mövqedən pisləyib.
Aparılan istintaq “göstərib” ki, guya Tağı Şahbazi hələ də öz fikrində qətiyyətlidir və millətçi təşkilatın tərkibinə daxildir. Bu ittihamda 1937-ci ilin müxtəlif ay və günlərində Ruhulla Axundovun, Vəli Xuluflunun, Əli Kərimovun, A.Qubaydullinin, Eminbəylinin verdikləri ifadələr əsas götürülür. Beləliklə, Şahbazinin Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-73-cü maddələr üzrə məsuliyyətə cəlb edilib həbs olunması qərara alınır.
Tağı Şahbazi ilə 1937-ci il iyulun 11-də keçirilən birinci istintaq zamanı əksinqilabi millətçi təşkilatın üzvü olduğunu qətiyyətlə rədd edir. Ona həmin təşkilatın üzvlərindən kimləri tanıdığı barədə də sual verirlər. “Məhkum” bildirir ki, şairlər Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, yazıçı Sanılının əksinqilabçı olduğu ona yalnız mətbuatdan və yığıncaqlarda eşitdiklərindən məlumdur.
Özünə aid olan sualların cavabında Tağı Şahbazi deyir ki, 1921-1922-ci illərdə milli-təmayülçü “Nərimanovçular” cərəyanına rəğbəti olub. Bu da ondan qaynaqlanıb ki, Şahbazi həqiqətən Zaqafqaziyanın yaradılması və Azərbaycanın oraya daxil olması məsələsinə müsbət münasibət bəsləyib.
Bundan sonra oktyabr ayınadək
dindirilmir. Oktyabrın 3-də Tağı Şahbazini digər
“xalq düşmənləri” ilə üzləşdirməyə
başlayırlar.
Bu əcaib dövr insanlara
üzdəniraq olaylar yaşadırdı. Ziyalının
birini həbsə alıb əvvəlcə özünə,
sonra da yoldaşına, dostuna şər atmağa məcbur
edirdilər. Tağı Şahbaziyə həbsxanada
atılan böhtanlardan əlavə, əleyhinə mətbuatda
da kampaniya aparılırdı. Nə yazıqlar ki, sonda
inadı sındırılan, üzərində istintaqın
üç nömrəli üsulu tətbiq edilən “məhbus”
bütün “günahlarını” boynuna almalı olur.
15 dəqiqəlik
məhkəmənin illərlə çəkən
ağrısı
Beləliklə, 1937-ci il
noyabrın 2-də Tağı Şahbazi təzyiq altında
Xalq Komissarı Sumbatov-Topuridzeyə yazır: “...Mən
burjua-millətçi quruluş yaratmaq məqsədilə Azərbaycan
SSR-də çevriliş hazırlayan avantüra xarakterli əksinqilabi
təşkilata ürəkdən inanmışdım. Təşkilata 1935-ci ildə Həmid Sultanov və
Baqi Cəfəri tərəfindən cəlb edilmişdim.
Onlarla da, Ruhulla Axundovla da əlaqə
saxlayırdım. Müəllim Ələsgər
Əliyevi, şair Sanılını və tələbə-tibb
işçisi Lətifi isə əksinqilabi təşkilata mən
cəlb etmişdim. Sovet hökuməti əleyhinə
silahlı üsyana hazırlıq haqqında və əksinqilabi
təşkilatın AK (b)P-nin rəhbərlərinə
qarşı terror tətbiq etmək haqqındakı niyyətlərindən
xəbərdar idim”.
Azərbaycan SSR Cinayət Məcəlləsinin 64, 70 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham olunan Şahbazinin öz xalqı, eləcə də sovet dövləti qarşısında heç bir günahı yox idi. İşlətmədiyi cinayətləri zor gücünə onun boynuna qoymuş, beləcə, daha bir “xalq düşməni tapmışdılar”. Sovetlərin mənfur güclərinin ən rüsvayçı iftiralarına tuş gələn Şahbazi bu “günahlar”ı etiraf etməklə sanki ölümə doğru tələsirdi.
İş o yerə
çatmışdı ki, Bakıdakı üçlük -
Matuleviç, Zaryanov və Jiqur ölüm hökmlərinə
möhür vurmağı çatdıra bilmirdilər. Bu səbəbdən
də istintaq sənədlərinin bir hissəsi işin az
olduğu yerlərə göndərilirdi. Odur
ki, Şahbazinin işi üzrə ittiham qərarı da 1937-ci
il dekabrın 31-də Qroznı şəhərində SSRİ
Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar
sessiyasında təsdiq edildi. 1938-ci il yanvarın 2-də Hərbi
Kollegiyanın qapalı məhkəmə iclası
keçirildi. İclas saat 15:30 dəqiqədə başlandı
və 15:45-də sona çatdırıldı.
Bəli, 15 dəqiqəlik məhkəmə Azərbaycanın daha bir layiqli övladının, gərəkli ziyalısının ömrünə son qoydu. Tağı Şahbazi güllələnməyə məhkum edildi və hökm dərhal yerinə yetirildi...
Repressiya maşını Şahbazinin ailəsini də dinc buraxmadı. Həyat yoldaşı Mariya Kirilovna Paşina-Şahbaziyə “vətən xaininin ailə üzvü” damğası vuraraq günahsız qadına 8 il həbs cəzası verildi. Yeganə övladı Dilarəyə əmisi Abdulla sahib çıxdı.
Deyirlər, simurq quşu odda yanmır. Bəlkə Tağı Şahbazinin özünə Simurq təxəllüsünü götürməsi də təsadüfi deyilmiş, zərurətdən doğurmuş, duyğusunun, intuisiyasının ona illər əvvəl göndərdiyi xəbərdarlıq imiş. Hər halda XX əsrin Stalin repressiyalarının od-alovu onu yaddaşlardan silə bilməmiş, əsərlərini külə döndərməyə gücü çatmamışdır. Bu gün Bakıda Tağı Şahbazi adına küçə, məktəb, kitabxana var. Onun doğmaları, ailə üzvləri yaşayır, əsərləri oxunur, işıqlı xatirəsi isə daim xalqının ürəyindədir.
İradə
ƏLİYEVA,
Azərbaycan.-
2017.- 27 iyul.- S.5.