Mingəçevir Sənaye Parkının tikintisində işlər sürətlə gedir

 

Prezident İlham Əliyev 2015-ci il sentyabrın 21-də Mingəçevirə səfər edəndə burada inşa olunan Sənaye Parkının təməlqoyma mərasimində iştirak etmiş, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Həmin görüşdə dövlət başçısı  demişdir: “Ölkəmizin hər bir yerində, hər bir rayonunda sənaye zonaları yaradılmalıdır və artıq bu istiqamətdə işlər gedir. Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq. Bu Sənaye Parkı Bakıda da, başqa yerdə də yaradıla bilərdi. Ancaq mən qərara gəldim ki, bu, mütləq Mingəçevirdə olmalıdır... Bu Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələr ixracyönümlü müəssisələrdir. Bu Sənaye Parkının üstünlüyü ondan ibarətdir ki, ölkəmizə böyük həcmdə xarici valyuta gətirəcək. Bu Sənaye Parkının digər üstünlüyü ondan ibarətdir ki, burada fəaliyyət göstərəcək müəssisələrin əksəriyyətində yerli xammaldan istifadə olunacaq”.

Hazırda Sənaye Parkının inşasında işlərin qızğın çağıdır. Burada 9 fabrikin fəaliyyət göstərəcəyi nəzərdə tutulub. Pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları fabriki, ayaqqabı fabriki, tibbi kosmetika fabriki, toxuma fabriki, boyama fabrikitikiş fabriki. Müəssisələr tam istehsal gücü ilə işləyəndə burada çalışanların sayı 5,5 min nəfərdən çox olacaqdır. Bu isə o deməkdir ki, möhtəşəm Sənaye Parkının fəaliyyətə başlaması sayəsində Mingəçevir şəhərində işsizlik problemi tamamilə aradan qaldırılacaq.

Tikinti meydançasında Arif Mahmudovla görüşdük. Arif müəllim bütün varlığı ilə Mingəçevirə bağlı ziyalıdır. Sənaye Parkının inşasına rəhbərlik edənlərdən biridir. Arif Mahmudovun dedikləri:

- Hazırda tikilən Sənaye Parkının yerində sovet dövründə toxuculuq kombinatı yerləşirdi. Kombinat çox böyük idi. Burada 4 min işçi çalışırdı. Orada 31 il fasiləsiz işləmişəm. Usta köməkçisindən kombinatın direktoru vəzifəsinədək yol keçmişəm. Sağ olsunlar, dəvət ediblər gəlmişəm. Ölkə rəhbərinin Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə  mən də söz alıb danışdım. Dövlət başçısına minnətdarlıq edərək dedim ki, Sizin qayğı və diqqətiniz sayəsində bu şəhər də sürətlə inkişaf edir, dəyişir, gözəlləşir.  Sənaye Parkı fəaliyyətə başlayandan sonra şəhərimizin iqtisadi potensialı daha da artacaq, Mingəçevirlilərin sosial durumu isə müqayisəedilməz dərəcədə yaxşılaşacaq. Bunu tikintidə çalışan inşaatçılar da yaxşı bilirişi keyfiyyətlə görürlər. Özü də hər bir işi nəzərdə tutulan müddətdə.

Beləcə Kürün ikiyə böldüyü, yaraşığı, gözəlliyi ilə göz qamaşdıran nur şəhərində yaradılan Sənaye Parkında tikinti işləri rəvan gedir.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.-28 iyul.- S.4.