İmkan da var, yer
də...
Bəs, nədən
paytaxt sakinləri həftəsonu “piknik” etmək
üçün şəhəri tərk etmək məcburiyyətində
qalmalıdırlar?
Yaşıllıq, bir neçə
skamya, kiçik süni göllər, əyləncələr
üçün müxtəlif vasitələr... Qərb ölkələrində parkların demək
olar ki, əksəriyyəti bu cür qurulur. Parkların ərazisinin böyük hissəsini
qazon, ağaclar və dekorativ gül kolları təşkil
edir. İnsanların öz istirahətlərini
mənalı və yaddaqalan keçirmələri
üçün həftəsonları buraya gələrək
yaşıl örtük üzərində süfrə
açıb “piknik” keçirmələrinə də imkan
yaradılır. Bəzi ölkələrdə
ümumiyyətlə, parkların bir hissəsi məxsusi olaraq
“piknik” üçün ayrılır, insanların harada
“bardaş qurub” otura biləcəyi xüsusi lövhələrdə
göstərilir.
“Piknik” məqsədli şəkildə
seçilmiş gözəl görünüşü olan
yerdə, misal üçün bir çayın və ya
gölün yanında süfrə açmağa deyilir. Ailə
üzvləri, dostlar, sevgililər və ya həmkarlarla təşkil
olunan “piknik” yalnız nahar etmək deyil, həm də sosial
fenomendir. Ünsiyyət, dostluq, şadlanma
və paylaşma üçün yaxşı imkan və
firavanlıq əlamətidir.
“Piknik”lər necə yarandı?
“Piknik”in tarixi varlı zadəganların
ov və bağ süfrələrinə, eləcə də
banketlərinə qədər gedib çıxır. Bu sözün ilk dəfə yazıda işlədilməsi
XVII əsrin sonlarında Avropada təsadüf edilir. Fransız sözü olsa da, ilk dəfə “piknik”
ingilis zadəganları tərəfindən təşkil
edilib. Meşədə uğurlu ov edən
ingilis zadəgan təntənəli mərasim təşkil etmək
qərarına gəlir. Açıq havada
süfrə açılır və aristokratlar bu sürprizi
çox maraqla qarşılayırlar. Bununla
da, İngiltərədə “piknik” mədəniyyəti
formalaşmağa başlayır.
Bir qədər sonra Londonda
“piknik” üçün qaydalar müəyyən edən
xüsusi şirkət də yaradılır. XIX əsrin əvvəllərindən
başlayaraq digər Qərb ölkələrinə, eləcə
də Amerika və Avstraliyaya üz tutan ingilis mühacirlər
bu mədəniyyətin yayılmasına səbəb olurlar.
Beləcə, bütün dünyada “piknik” etmək
maraqlı istirahətə, sevimli əyləncəyə
çevrilir.
Dünya dövlətlərinin
“piknik” mədəniyyəti
Avropanın bütün
ölkələrində geniş yayılmış “piknik” mədəniyyəti
hər kəsdə xoş ovqat yaradır. İngiltərədə
yerləşən “Hyde Park”, “Green Park”, “James Park”, “Regent Park”
və digər istirahət zonalarında günəşli
günlərdə görünən mənzərə hər
kəsi heyran edə bilər. Ən çox ziyarət olunan
park “Hyde Park”dır. Burada yüzillik ağaclar,
göllər və hektarlarla yaşıl örtüklər
mövcuddur. İnsanlar göldə
qayıqlarla gəzir, velosiped və ya at sürür,
ağacların kölgəsində oturub kitab oxuyur və ailəlikcə
“piknik” edirlər.
Bu ənənənin mükəmməl
formalaşdığı Norveçdə isə insanların
istirahətlərini maraqlı, əyləncəli keçirmələri
üçün hər zaman yeniliklər edilir. Vətəndaşların
uzaq məsafə qət etmədən yaşadıqları ərazilərə
yaxın yerlərdə “piknik” təşkil etmələri
üçün yeni yaşıllıqlar salınır.
Hökumət 2023-cü ilə kimi “piknik”lər
üçün yeni 250 məkan yaradılması barədə
qərar verib. Bunun üçün isə
dövlət 425 milyon dollar vəsait sərf edəcək.
Bu məkanların heç biri
görünüşcə digərinə bənzəməyəcək.
Hər bir məkan unikallığı ilə
seçiləcək.
Avstriyada, dünya mədəniyyətinin
paytaxtı hesab olunan Vyanada da olduqca maraqlı “piknik” təşkil
edilir. 2 milyon insanın yaşadığı Vyanadakı
Donau çayının sahilində yerləşən
“Donauştadbrüke” metro stansiyası ərazisindəki parklar
nəinki həftəsonu, hətta günün istənilən
zamanında sakinlərin istirahətlərini rahat şəkildə
keçirmələri üçün müxtəlif təchizatlarla
təmin olunub. Kabab bişirmək və ya
“piknik” etmək üçün daş manqaldan tutmuş səliqəli
skamyalara, hətta ayaqyolu və duşa qədər hər
şey burada ödənişsizdir. Həmçinin
meşədə elektrik enerjisindən istifadə
üçün şitlər də
quraşdırılıb.
“Piknik” təşkil etməyi
sevənlər arasında amerikalılar çox fərqlənirlər. Təkcə bir misal çəkək:
Nyu Yorkun mərkəzi parkında insanlar özləri ilə
yemək götürüb ot və çəmənliklərdə
istirahət edirlər. “Böyük çəmənlik”
(Great Lawn) yazılan ərazidə isə maraqlı istirahət
etmək olur. Kiçik şəhərlərdə,
hətta uşaq meydançalarının yanında da
xüsusi istirahət yerləri təşkil olunur.
Qardaş Türkiyədə
də “piknik” mədəniyyəti yüksək səviyyədədir. İstanbul
başda olmaqla, böyük şəhərlərdə belə
sahələrin sayı olduqca çoxdur. Az
qala şəhərin hər bölgəsində bir “piknik”
yeri mövcuddur. Üstəgəl, “piknik” yerlərinin
yaxınlığında kiçik çaylar, göllər
üstünlük təşkil edir. Bu sahə
üçün ayrılmış məkanların
girişində isə manqal, samovar, eləcə də qab-qacaq
dəstləri kirayə verilir. Çünki
hamı “piknik” üçün tam hazırlıqlı olmur.
Yerli bələdiyyələrin nəzarətində
olan bu məkanlar hər gün təmizlənir, zəhərli
böcəklərin, həşəratların məskən
salmaması üçün zaman-zaman dezinfeksiya olunur.
Bunun üçün “piknik”ə gələnlərdən az miqdarda vəsait alınır.
Bəs, Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda turizm sektorunun
inkişafı üçün atılan addımlar, dövlət
dəstəyi, bu sahədə fəaliyyət göstərən
iş adamlarını yeni ideyalar və innovasiyalar tətbiq
etməyə həvəsləndirir. Nəticədə
istirahət həvəskarlarına daha sərfəli xidmətlər
təklif edilir. Ölkəmiz Şərqlə
Qərbin qovşağında yerləşən müasir
infrastrukturu və qədim zəngin tarixi abidələri olan
paytaxt Bakı şəhərindən başlamaqla, ecazkar təbiətə
və milli parklara malik regionları ilə məşhurdur.
Təsadüfi deyil ki, Bakı şəhəri
Azərbaycanın qlobal turizm sektorundakı payının
böyük bir hissəsinə sahibdir. Ölkəyə
gələn xarici turistlərin üstünlük verdikləri
turizm mərkəzlərinin 75 faizi Bakıda yerləşir.
Digər hissə isə regional turizmin payına
düşür.
Bəs, nədən turizmin əsas
növlərindən sayılan “piknik” üçün
Bakı şəhərinin ərazisində xüsusi məkanlar
ayrılmayıb? Bunun üçün geniş imkanları
olan paytaxtımızda təəssüf ki, “piknik”ə
qadağalar qoyulub. Paytaxt əhalisi və
ya buraya gələn turist “piknik” təşkil etmək
üçün ya ən yaxın məsafə kimi Qobustana, ya
da Xızıya üz tutmalıdır. Əhalinin
böyük hissəsinin məhz paytaxtda
çalışdığını nəzərə alsaq,
onların işdən sonra belə məkanlarda “piknik” təşkil
etməsi daha əlverişli olmazdımı?
Artıq yay fəslinə qədəm
qoymuşuq. Havalar isti olduğundan insanlar istirahət günlərini,
həftəsonlarını daha səmərəli keçirmək
istəyirlər. Paytaxtda insanların bir
qismi dincəlmək və əylənmək üçün
dəniz kənarına gedirlər. Bakıda
“piknik” zonaları olmadığından bir qisim insan bölgələrə
üz tutur. Əgər paytaxtda xüsusi
“piknik” əraziləri olsaydı, sakinlər alternativ istirahət
məkanından yararlana bilərdilər.
Heydər
Əliyev Mərkəzinin parkında mükəmməl istirahət
nümunəsi
Parklar insanlararası
sosiallaşma üçün ideal məkanlardan hesab edilir. Çünki
belə ictimai yerlərdə insanlar kollektiv şəkildə
dincələ, müxtəlif idman oyunları və “piknik”lər
təşkil edə bilərlər. Hətta
parklar bir çox ölkələrdə şagird və tələbələr
tərəfindən dərs oxumaq üçün də
münasib yer kimi qəbul edilir. Xüsusilə
də yaz-yay aylarında parklarda çox sayda insan dincəlir.
Son illər Azərbaycanda əhalinin
istirahəti üçün yeni parklar, yaşıllıqlar
salınır, köhnə parklar isə müasirləşdirilir. Bu, təqdirəlayiq
və hər kəs tərəfindən bəyənilən
işdir. Artıq Azərbaycanda elə
bölgə yoxdur ki, belə parkları olmasın. Ancaq belə yerlərdə nəinki “piknik” etməyə,
insanların çəmənliklərdən istifadəsinə
belə müəyyən əngəllər yaradılır.
Digər ölkələrdə çəmənliklər
“piknik”lər üçün insanların istifadəsinə
verildiyi halda, Azərbaycanda yasaqlar mövcuddur. Belə ki, qazon ərazilərin üzərində
heç bir fəaliyyətə icazə verilmir. Bunun səbəbi kimi isə iqlim şəraiti və
parklara çəkilən qazonun tez sıradan
çıxması göstərilir. “Piknik”
sahələrinin yaradılması üçün isə
bulvar ərazisindən, ya da şəhər daxilindəki
bağlardan istifadə etmək olmaz. Bundan
ötrü müəyyən qədər şəhərətrafı
ərazi lazımdır. Şəhərətrafı ərazilərdə
isə demək olar ki, artıq boş yer yoxdur...
Təbii ki, parklara çəkilən
qazonlar qulluq tələb edir. Səlahiyyət sahiblərinin
sözlərinə görə, sonradan yaradılmış
çəmənliklərin üstünə
çıxdıqda, o sahə tapdalandıqda əzilir,
saralır və quruyur. Belə
çıxır ki, ayrı-ayrı ölkələrdəki
çəmənliklərlə bizdəki çəmənlikər
arasında ciddi fərq var?! Bəs, necə olur ki,
müasir Bakının simvollarından biri hesab edilən,
şəhərin ən müasir memarlıq tikilisi sayılan
Heydər Əliyev Mərkəzinin ərazisindəki ot
örtüyündə insanlar rahat şəkildə istirahət
edir və yaşıllığa heç bir zərər dəymir.
Demək, digər parklarda da bu imkanı yaratmaq
mümkündür.
Qazonlara gəldikdə isə
hər hansı qadağalar olmadan da onları qorumaq olar. Üzərinə
çıxmaq, uzanmaq, qaçmaq mümkün olan xüsusi ot növləri var. Avropa şəhərlərinin
parklarında artıq çoxdan idman qazonlarından istifadə
olunur. Bu qazonlar adilərindən
ağırlığa dözümlülüyü və uzun
illər istismar müddəti ilə seçilir. Bir çox meqapolis şəhərlərdə sakinlər
və turistlər istədikləri yerdəki otluqda gəzə
bilirlər.
Bütün bunlar bir daha təsdiqləyir
ki, parklarımızda mövcud şəraitin daha da
yaxşılaşdırılması və qadağaların
ortadan qaldırılması mümkündür. Bakının
coğrafi mövqeyi “piknik” zonalarının salınması
üçün olduqca əlverişlidir və bu böyük
vəsait tələb etmir. Xarici ölkələrin
praktikasına əsaslansaq, demək olar ki, “piknik”
zonalarında istirahət üçün yüksək məbləğdə
pul tələb edilmir. Ödəniləcək
pul da ərazinin təmizliyi üçün istifadə edilir.
Bu, insanlararası sosiallaşmaya müsbət təsir
göstərər və paytaxt sakinləri həftəsonu
şəhərdən kənara çıxmadan “piknik” istəklərini
reallaşdıra bilərlər.
Sahibkarlar təşəbbüs
göstərir
Bu məsələ ilə
bağlı Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi ilə əlaqə saxladıq. Qurumun Şəhərsalma
şöbəsinin müdir müavini Fəxri Aydəmir
bildirdi ki, istənilən yaşayış məntəqəsinin
ərazisində “piknik” üçün yerlər
ayrılmır. “Piknik” sahələri ərazi
planlaşdırma sənədlərinə əsasən
baş plan və ya müfəssəl plan üzrə rekreasiya
ərazisində nəzərdə tutulur: “Baş plan işlənilərkən
ərazi zonaları müəyyənləşdirilir. Həmin
ərazi zonaları Azərbaycanın Nazirlər Kabinetinin 21
fevral 2014-cü il tarixli qərarı ilə
müəyyən edilmiş qaydalar əsasında
ayrılır. Bunlar 12 zonadan ibarətdir: yaşayış
zonası, ictimai işgüzar zona, rekreasiya zonası,
istehsalat, nəqliyyat infrastrukturu zonası, mühəndis
infrastrukturu zonası, kənd təsərrüfatı
zonası, xüsusi təyinatlı zona, hərbi və digər
təyinatlı zonalar, xüsusi şərtlərlə istifadə
olunan ərazilər, xüsusi qorunan ərazilər və
ehtiyat zonalar”.
Fəxri Aydəmirin sözlərinə
görə, baş planın rekreasiya ərazisində əhalinin
istirahətinin təşkili, bağlar, parklar, xiyabanlar,
meşə parkları, su tutarları, landşaft
memarlığı obyektləri, digər turizm istirahət-sağlamlıq
yerlərinin təşkili nəzərdə tutulur. Demək,
“piknik” sahələrinin yaradılması nəzərdə
tutularsa, bu, mütləq rekreasiya zonasında həyata
keçirilməlidir.
Mütəxəssis deyir ki,
belə sahələri hüquqi və fiziki şəxslər,
yerli icra orqanları yaratmalıdırlar. Onlar ərazinin
baş planına baxmalıdırlar və belə istirahət
sahələri üçün yerlər
ayırmalıdırlar. Daha sonra həmin yerdə “piknik”
üçün müvafiq infrastruktur yarada bilərlər:
“Belə yerləri şəhər ərazisindəki parklarda
yaratmaq mümkün deyil. Bu cür parklar mədəni
istirahət yerləridir. Təbii ki,
heç bir parkda gedib tonqal qalayıb, samovar qaynatmaq olmaz.
Bütün hallarda Bakıətrafı ərazilərdə
və digər rayonlarda belə “piknik” sahələrini təşkil
etmək olar. Sadəcə olaraq paytaxtda belə
yerlərin olmamasının səbəbi konkret təşəbbüslərin
göstərilməməsidir. İş
adamlarının əksəriyyəti yalnız bina tikmək
istəyir. Başa düşmürlər
ki, binadan da səmərəli biznes layihələri var”.
Bakı şəhəri ərazisində
qazon sahələrə daxil olmağa qadağaya gəldikdə
isə F.Aydəmir dedi: “Əgər qazon tapdalanıb
sıradan çıxırsa, zəhmət çəkib onu
yenidən bərpa etməlidirlər. Əgər
o ərazi rekreasiya üçün hansısa bir hüquqi
şəxsə verilibsə, həmin ərazinin sanitar vəziyyətinə
nəzarəti, oranın daim təmiz saxlanmasını təmin
etməlidir. Belə ot sahələrinin
üzərində gəzməyi, yaxud əyləşməyi
qadağan etməyin heç bir hüquqi əsası yoxdur”.
Dövlət
“piknik” sahəsini təşviq edir, özəl sektor isə...
Turizm sektorunun inkişafı
Azərbaycan üçün prioritet hesab olunan sahələrdən
biridir.
Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il
tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasında ixtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sahənin
daha da inkişafı ilə bağlı hədəflər
müəyyənləşdirilib. Sənədə
görə mövcud imkan və potensialdan səmərəli
istifadə etməklə Azərbaycan 2025-ci ilədək həm
regionda, həm də digər dünya ölkələri
arasında cəlbedici turizm məkanlarından birinə
çevriləcək. 2025-ci ildən
sonrakı dövr üzrə perspektiv isə ölkəni
dünyada turistlərin ən çox üstünlük
verdikləri 20 turizm məkanından birinə çevirməkdir.
2020-ci ilədək olan dövr
üçün müəyyən edilmiş hədəflərin
reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə
real ümumi daxili məhsulun birbaşa 293 milyon və
dolayı 172 milyon manatadək artacağı, cəmi 35 min
olmaqla bilavasitə turizm sektorunda 25 min iş yerinin
açılacağı proqnozlaşdırılır. Bu tədbirlərin gerçəkləşdirilməsi
dövlət-özəl resursları hesabına 350 milyon manat
həcmində investisiya qoyuluşunu tələb edir.
Bəs, görəsən
Strateji Yol Xəritəsində yeni “piknik” sahələrinin
yaradılması ilə bağlı hansı planlar
mövcuddur?
Mədəniyyət və
Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Vüqar Şixəmmədovun
sözlərinə görə, bu gün Azərbaycan turizmi
inkişaf mərhələsinə çatıb və
artıq bu sektorda yeni xidmətlər təqdim edilir. Turizmlə əlaqədar
qarşıya qoyulan əsas tapşırıq ondan ibarətdir
ki, turizm ənənələrini daha da inkişaf etdirək və
ən yaxşı şəkildə, çoxçeşidli
bir məkanda turistlərə xidmət edək. Vüqar Şixəmmədov deyir ki, Strateji Yol Xəritəsində
qeyd olunan məsələlər xüsusi tapşırıq
kimi qarşıya qoyulub. Bu seqmentlərdən biri də
“piknik” sahələridir: “Odur ki, turizmin bu növünü də
həm regionlarda, həm də Bakı şəhərində
təqdim etməliyik. Bu məsələni
müəyyən dövlət-özəl tərəfdaşlığı
halında layihələndirə bilərik. Gələcəkdə Mədəniyyət və
Turizm Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələyə
birlikdə baxacaqdır”.
Şöbə müdiri
deyir ki, ilkin olaraq bir neçə sahibkara “piknik”
üçün xüsusi ərazilər ayrılıb. Yəni
artıq ölkəmizdə belə addımlar atılır.
Qobustan rayonundakı istirahət mərkəzlərinin
birində insanlar müəyyən ödəniş etməklə
hazır “piknik” yerlərindən maksimum faydalana bilirlər.
Sahibkarlar da bu məsələdə maraqlı
olmalıdırlar. Böyük əraziyə
malik olan sahibkarlar bu imkanlardan yararlana bilərlər. Çünki onların mənsub olduqları ərazi
nə meşə, nə də qoruq sahəsidir. Belə “piknik” sahələrinin təşkil edilməsi
ümumi işin ziyanına olmaz. Bu tendensiya getdikcə
daha da genişlənir: “Biz nazirlik olaraq bu istiqamətdə
aidiyyəti dövlət qurumları ilə birgə layihələrimizi
və təkliflərimizi hazırlayırıq. Strateji Yol Xəritəsində
“piknik”lərlə bağlı konkret məsələlər
olmasa da, qarşıya qoyulan ümumi tədbirlər və
turizmin müxtəlif növlərinin yaradılması çərçivəsində
bu işləri həyata keçirəcəyik”.
Ümid edirik ki, yaxın gələcəkdə
paytaxt sakinləri və turistlər bu imkandan istənilən
şəkildə yararlana biləcək və “piknik” sahələrinin
sayı getdikcə çoxalacaq.
Rəşad BAXŞƏLİYEV
Elgün MƏNSİMOV
Azərbaycan.-
2017.-29 iyul.- S.5.