İlham Əliyev əslində cəbhə bölgəsində yaşayan bütün sakinləri mükafatlandırdı

 

Dövlət başçısı Oqtay Həziyevin timsalında təmas xəttində məskunlaşan zəhmətkeş, vətənpərvər, fədakar insanları “Əmək” ordeni ilə təltif etdi

 

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində indi tamam fərqli vəziyyət müşahidə olunur. Burada işğaldan sonra illərlə yaşanan xarabalığı yeni abadlıq-quruculuq işləri əvəzləyib.

Ötən ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımızın, o cümlədən Lələtəpə yüksəkliyinin işğaldan azad olunması bu kəndə də yeni nəfəs gətirdi. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında 2017-ci il 24 yanvar tarixli sərəncamı burada yeni abadlıq-quruculuq işlərinin başlanmasına rəvac verdi və qısa müddətdə müasir bir kənd salındı.

Dövlət başçısının sərəncamına əsasən, təhlükəsizliyi təmin olunan Cocuq Mərcanlının bərpasına 4 milyon manat vəsait ayrıldı. Görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib.

Kəndin qəhrəman ailəsi isə Həziyevlərdir. Belə ki, kənddə yaşamağın təhlükəli olmasına baxmayaraq, onlar 1994-cü ilin aprelindən yurdlarını tərk etməyiblər. Hazırda 8 nəfərdən ibarət ailə vaxtilə yaşadıqları ev tərəfdə Azərbaycan Ordusunun mövqelərindən bir qədər aralıda çox çətinliklə də olsa balaca bir ev tikiblər.

Düşmən gülləsindən qorunmaq üçün evin arxası təmas xəttinə tərəf inşa olunub. Qorxmadan, çəkinmədən düşmənlə üz-üzə mətinliklə dayanan bu ailənin həyatı hər kəs üçün örnəkdir. Bütün çətinliklərə, risklərə baxmayaraq, ailə güllə altında yaşayaraq vətənpərvərlik nümunəsi göstərib.

İyunun 14-də Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində görülən işlərlə tanışlıq zamanı ailə başçısı Oqtay Həziyevin evində olub.  Dövlət başçısı bildirib ki, Cocuq Mərcanlı kəndi artıq sizin adınızla bağlıdır. “Kəndi sizdən ayırmaq mümkün deyil, sizi də kənddən. Bir neçə ay bundan əvvəl  Azərbaycanda dövlət ordenləri sırasına “Əmək” ordeni əlavə olunub. “Əmək” ordeninin 3 dərəcəsi varbu ordeni təsis edərkən mən fikirləşirdim ki, birinci ordeni kimə verim. Amma çox fikirləşmədim və qərara gəldim ki, birinci ordeni Həziyev ailəsinin başçısı olan Oqtay Həziyevə verim. Sən buna layiqsən və hesab edirəm, tam ədalətlidir ki, birinci dərəcəli “Əmək” ordeni Oqtay Həziyevə verilir”.

Prezident İlham Əliyevin Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncamı cəbhə bölgəsində yaşayan bütün sakinlərin sevincinə səbəb olmuşdu. Çünki dövlət başçısı Oqtay Həziyevin timsalında əslində təmas xəttində məskunlaşan bütün zəhmətkeş, vətənpərvər, fədakar insanları “Əmək” ordeni ilə təltif etdi. Məcburi köçkünlər   Prezidentin bu qayğısını işğal altındakı torpaqlarımıza qayıdışın başlanğıcı kimi dəyərləndirir və doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2017.- 17 iyun.- S.1; 6.