Yatsek Palkeviç: “Bakı
öz markasını və “Şərqin
Parisi” fəxri adını ləyaqətlə
qoruyub saxlayır”
Elə şəxsiyyətlər var
ki, onlar hələ sağlığında
ikən dünya tarixində iz qoyur və əfsanəyə
çevrilirlər. “İtaliya
Respublikası qarşısında
xidmətlərinə görə”
zabit ordenli, Rus Coğrafiya Cəmiyyətinin və
London Kral Coğrafiya Cəmiyyətinin üzvü,
Qızıl Xidmət
Xaçına və
“Kilsə qarşısında
xidmətlərinə görə”
Xaça layiq görülmüş, 30 kitabın
və Avropanın məşhur jurnallarında
dərc edilmiş yüzlərlə reportajın
müəllifi ...
Adı güclü hissiyyatların
və kişilərə
aid sərgüzəştlərin sinoniminə çevrilmiş
bu əfsanəvi şəxsiyyətin mükafatlarını
çox sadalamaq olar. Lakin sizi çox intizarda qoymayacağıq: söhbət
polşalı əfsanəvi
reportyor və tədqiqatçı Yatsek
Palkeviç haqqındadır.
Yatsek Palkeviçin dünya sərgüzəştləri janrında
yazdığı maraqlı
məqalələr müəllifin
cəsarətinə dəlalət
edir. Onun rəhbərlik
etdiyi ekspedisiyalar dəvə belində Qobi səhrasından və Böyük səhradan keçib, “piroqa” deyilən qayıqlarla Borneo adasının
bir sahilindən digərinə üzüb,
Skeletlər sahili səhrasını pay-piyada,
Oymyakon ətrafında
soyuq qütb dairəsini isə maral arabalarında gəzib-dolaşıb, Avropa
ilə Asiya arasında sərhəd xəttini dəqiqləşdirməyə
çalışıb, Dersu
Uzalanın izi ilə səyahətə çıxıb. 1994-cü ildə “Trud” qəzetinin dəstəyi ilə onun təşkil
etdiyi, 5 ölkənin
kosmonavtlarının daxil
olduğu heyət
Krasnoyarsk diyarının ekologiyası
ilə bağlı missiyanı uğurla həyata keçirib.
Bu missiyanın üzvləri Yer kürəsinin bütün
sakinlərini planetimizin
qorunub saxlanmasına qoşulmağa çağırırdılar.
Pan Palkeviçin könüllü şəkildə
“qəzaya uğramış”
səyyah rolunda xilasedici qayıqla Atlantik okeanı üzüb keçməsi
isə onda xüsusi qürur doğurur. 1982-ci ildə Palkeviç peşəkar səyyah kimi müstəsna təcrübəsindən istifadə
edərək Avropada
ilk Salamatqalma Məktəbi
yaradıb. O, ağır
iqlim zonalarında ekstremal şəraitdə
insanın imkanlarının
hüdudlarını tədqiq
edib. Antiterror briqadalarını cəngəlliklərdə və
səhrada fəaliyyətə
hazırlayıb, Cənubi
Amerikada Fövqəladə
Hallar Nazirliyinin xilasediciləri üçün
təlim keçib.
1998-ci ildə səyahətlər haqqında
ən yaxşı kitabın müəllifi kimi “Kəhrəba Kəpənək” Qran-prisinə
layiq görülüb.
1996-cı ilin yayında Rus Coğrafiya Cəmiyyətinin
üzvü kimi bu cəmiyyətin bayrağı altında XX
əsrin son coğrafi
kəşfinin müəllifi
olub. Onun rəhbərlik etdiyi
beynəlxalq elmi ekspedisiya böyük
Amazon çayının mənbəyinin
dəqiq yerini müəyyən edib.
Bu ekspedisiyanın işinin nəticələri
həmin çayın
uzunluğunu “artıraraq”
7000 kilometrə çatdırmağa
imkan verib. Beləliklə, hazırda Amazon çayının
uzunluğu Nil çayının
uzunluğundan 300 kilometr
çoxdur. 2011-ci ildə Perunun hakimiyyət orqanları həmin kəşfin şərəfinə Amazon çayının
mənbəyində abidə
və xatirə lövhəsi ucaldıb.
Əfsanəvi səyyah 75 illik yubileyi ərəfəsində
Bakıya dörd günlük səfərə
gəlib. Səfər qrafikinin çox
gərgin olmasına baxmayaraq, həyatsevər və ünsiyyətcil Pan
Yatsek AZƏRTAC-ın
müxbirinə müsahibə
verməyə həvəslə
razılaşıb.
Polşalı tədqiqatçı
söhbətin əvvəlində
deyib: “İkinci dəfədir ki, Azərbaycan paytaxtına gəlmişəm. Bakıda
ilk dəfə 25 il bundan əvvəl olmuşam.
Buna görə əvvəlcə
şəhərinizlə tanış olmaq, bu müddətdə onun necə dəyişdiyini yəqin etmək istədim. Səfərimin qrafiki çox
gərgin olduğu üçün yalnız
ölkənizin paytaxtına
tamaşa edə bildim, Azərbaycanın regionlarına getməyə,
təəssüf ki, macal tapmadım. Amma Bakının demək olar ki, bütün
görməli yerlərində
oldum, İçərişəhəri
gəzdim, onun Bakının ümumi kompozisiyası ilə çox harmonik şəkildə uzlaşmasını
yəqin etdim. Bakıda qədim memarlıq nümunələri və
müasir tikililər bir-birini çox gözəl tamamlayır.
Azərbaycanda çoxlu dostlarım
və tanışlarım
var, bu dörd
gündə onların
siyahısı xeyli genişlənib. Gələcəkdə
sizin bu gözəl diyarınıza
yenə gəlməyi
və onun təbii gözəllikləri
ilə əməlli-başlı
tanış olmağı planlaşdırıram.
Bu gün isə
ötən 25 ildə
Bakının tanınmaz
dərəcədə dəyişdiyini,
onun daha da gözəlləşdiyini
deyə bilərəm.
Tarixdən bilirik ki,
XIX əsrin sonlarında
Bakı əsasən neft bumu səbəbindən
çar Rusiyasının
iri şəhərlərindən
birinə çevrilib.
Həmin illərdə
Azərbaycan paytaxtının
simasında Avropa cizgiləri yaranıb: Qotika və Barokko üslublarında tikilmiş binalara ağ daşdan
üzlük çəkilib,
bu binalar qeyri-adi möhkəmliyi ilə fərqlənir. Şəhərin arxitekturasına çox
böyük xərc çəkildiyinə görə
o vaxt Bakını “Şərqin Parisi” adlandırırdılar. Mübaliğəsiz
və diplomatiyasız,
tam səmimiyyətlə deyə
bilərəm ki, Bakı öz markasını və 100 il bundan əvvəl
qazandığı “Şərqin
Parisi” fəxri adını ləyaqətlə
qoruyub saxlayır.
-XIX əsrin sonu - XX əsrin əvvəlində
Azərbaycandakı polyakların
həyatı Azərbaycan
xalqının tarixinin
bir hissəsi olub. Axı burada yaşayan, işləyən, ailə
quran bu insanlar həm də ölkənin ictimai həyatında fəal iştirak edir, üstəlik, Azərbaycanın mədəniyyətinə,
onun sənayesinə layiqli töhfə verirdilər. Bu barədə
Sizin fikrinizi
bilmək istərdik.
-Əsl sənətkarlar bütün
yaradıcılıq yolunda
bir başlıca məsələni həll
etməyə – həyatın
mənasını öyrənməyə,
anlamağa, açıqlamağa
çalışırlar. Onlar keçmişi,
indiki və gələcək zamanı
eyni bir dövrdə birləşdirməyə
çalışır, Tanrının
onlara bəxş etdiyi yaradıcılığın
mənasını tapmağa
cəhd edirlər.
Elə buna görə mən də artıq bir neçə onillikdir ki, Bakının memarlığında “Polşa
izi” məsələsi
ilə maraqlanıram.
Bu, ilk növbədə, görkəmli memar və rəssam, XIX əsrin sonu – XX əsrin əvvəlində
Bakının baş memarı olmuş Yozef Qoslavskinin yaradıcılığına aiddir.
Qoslavskinin memarlıq baxımından
ən yaxşı və ən möhtəşəm əsəri
yəqin ki, keçmiş Şəhər
Dumasının, indiki
Bakı Şəhər
İcra Hakimiyyətinin
binası olub. Bu
binanın təməli
1900-cü ilin may ayında
qoyulub. Layihə müəllifinin öz yaradıcı fantaziyasını məhdudlaşdırmaması
üçün binanın
tikintisi səxavətlə
maliyyələşdirilib. Bu binanın monumentallığı,
onun gözəlliyi Bakının əfsanəvi
zənginliklər şəhəri
olması barədə
Azərbaycanın hüdudlarından
çox-çox uzaqlarda
yayılmış bir
fikri əyani şəkildə təsdiqləyir.
Bakıda polşalı memarların
layihələri əsasında
tikilmiş binaların
siyahısını davam
etdirmək olar. Mənim bildiyimə görə, onlar Bakıda təxminən 200, bəlkə
də daha çox bina tikiblər. Bir sözlə, polyaklar
onlar üçün
doğmalaşmış Bakının
nadir memarlıq simasının
formalaşmasında mühüm
rol oynayıblar.
Yozef Qoslavski ömrünün sonuna qədər Bakının baş memarı vəzifəsində
çalışıb. Digər polyak – Konstantin Borisoqlebski dörd il Bakının
memarı olub. Gəncə şəhərinin Baş
Planını İqnati
Kşiştaloviç hazırlayıb,
Tağıyev Teatrının
layihəsini Pavel Koqnovitski verib. Sonradan bir neçə
il Tiflisdə
işləyən Koqnovitski
oktyabr inqilabından sonra Bakıya qayıdıb. XX əsrin
əvvəlində Azərbaycan
neft sənayesinin təşəkkülünə sanballı töhfələr
vermiş istedadlı mühəndis Pavel Pototskinin adı ilə bağlı əfsanələr yaranmışdı.
Ötən əsrin əvvəlində
Bibiheybət buxtasında
görülən işlərə
başçılıq etmək
üçün onu
Sankt-Peterburqdan Bakıya
dəvət etmişdilər.
Məhz onun mühəndis istedadı, məqsədyönlü
fəaliyyəti sayəsində
dəniz məkanının
bir hissəsini quru ilə birləşdirməyə
imkan verən bu layihə dənizin dibindən neft hasilatının əsasını qoyub.
-Son olaraq Azərbaycan xalqına nə arzu etmək istərdiniz?
-Mən hiss edirəm ki, Azərbaycan sakinləri öz soyköklərinə
bağlı, ənənələrə,
mədəniyyətə böyük
sevgi ilə yanaşan insanlardır. Xalqın,
dövlətin gücü, insanların
gözəlliyi bundadır. Son onilliklərdə
Azərbaycan sürətlə inkişaf edir, ölkəniz yüksəliş
yolundadır, mən də səmimi qəlbdən arzu edirəm ki, bu uğurlar davamlı olsun.
Azərbaycan.-
2017.- 2 iyun.- S.10.