Azərbaycan həm bölgədə, həm Avropada
enerji təhlükəsizliyi sahəsində önəmli rol
oynayır
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
mayın 31-də Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq
“Xəzər Neft və Qaz-2017” sərgi və
konfransının, həmçinin VII Xəzər Beynəlxalq
energetika və alternativ enerji sərgisinin
açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgisi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi, “ITECA Caspian” və “ITE Group” şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.
Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub. Sərgidə böyük sahəni kimya sənayesi üçün xammal təklif edən şirkətlər tutur.
XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi platformadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə platformasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Konfransda dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak edəcək. Dünyanın müxtəlif ölkələrindən 40-dan çox məruzəçi, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlərlə bağlı çıxışlar edəcəklər.
XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında çıxış edən “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu VUD dedi:
- Möhtərəm cənab Prezident.
Hörmətli xanım Mehriban Əliyeva.
Hörmətli xanımlar və cənablar.
Mən məmnuniyyət və iftixar hissi ilə Sizləri burada - Azərbaycanın paytaxtı Bakıda sayca XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında salamlayıram. Həqiqətən də məhz birinci sərginin keçirildiyi gündən bəri nəinki Azərbaycanın neft və qaz sənayesi, eləcə də ölkə iqtisadiyyatı geniş miqyasda inkişaf edib və dəyişib. Bu inkişaf məhz ölkə rəhbərliyinin təşəbbüsləri və əməyi, eləcə də burada təmsil olunan şirkətlərin birgə səyləri, həmçinin təkcə neft və qaz sənayesinin deyil, ümumilikdə, ölkə iqtisadiyyatının daha geniş kontekstdə inkişafı sayəsində mümkün olub. Bu inkişaf karbohidrogen sektorunda getdikcə mürəkkəbləşən proseslərin fonunda daha mühüm əhəmiyyət kəsb etməkdədir.
Biz bu uğurlara görə, cənab Prezident, Sizə xüsusi minnətdarlığımızı bildiririk. Bizim burada iştirakımızın, təmsil olunmağımızın əsas təşəbbüskarı Sizsiniz, Sizin fədakarlığınızdır. Biz bu uğurlara görə, həmçinin SOCAR-a, Energetika Nazirliyinə və bu sərgi-konfransın keçirilməsində əməyi olan qurumlara minnətdarlığımızı bildiririk.
Builki sərgidə keçən ildəkindən daha çox – 300-dən artıq şirkət öz stendi ilə təmsil olunub. Səhv etmirəmsə, builki sərgiyə 37 yeni şirkət qatılıb. Əminəm ki, bu il də bizim tədbirimiz böyük uğur və müvəffəqiyyətlə müşayiət olunacaq və belə demək olarsa, çox mürəkkəb karbohidrogen sektoruna, ölkə iqtisadiyyatına mühüm töhfə verəcək.
Beləliklə, Sizə sərgi və konfransın təşkilatçıları adından uğurlar diləyirəm. Həmçinin bu təşəbbüsdə əməyi olanların hamısına müvəffəqiyyətlər arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən xahiş edirəm ki, tribunaya buyursun.
***
Dövlətimizin başçısı tədbirdə nitq söylədi.
Azərbaycan Prezidenti İlham Əliyevin nitqi
-Hörmətli xanımlar və cənablar.
Əziz dostlar.
Mən sizin hamınızı ürəkdən salamlayıram, Xəzər neft və qaz sərgisinin açılışı münasibətilə sizi təbrik edirəm. Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir. Ölkəmizdə XXIV sərgi keçirilir, bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Sərgiyə maraq azalmır, əksinə artır. İndi qeyd olundu ki, bu sərgidə 300-ə yaxın şirkət iştirak edir. Qəti əminəm ki, builki sərgi də uğurlu olacaqdır.
Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və Azərbaycanın neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycan ilə 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər.
Birinci sərgi isə Azərbaycanı dünyaya böyük potensialı olan ölkə kimi təqdim etmək üçün xüsusi məna daşıyırdı. O vaxtdan bu günə qədər Azərbaycan neft-qaz sahəsində xarici investorlarla çox uğurlu əməkdaşlıq qura bilibdir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar əsasında qurulub, həm dövlət, həm sərmayədarlar öz mənfəətini götürür və beləliklə, Azərbaycanda xarici investorlarla çox gözəl əməkdaşlıq formatı yaradılmışdır. Bu format bu gün digər sahələrdə də özünü büruzə verir. Bildiyiniz kimi, hazırda bizim əsas prioritetimiz qeyri-neft sektorunun inkişafıdır. Biz neft sektorunda əldə etdiyimiz təcrübəni, xüsusilə xarici sərmayədarlarla əməkdaşlıq təcrübəmizi indi qeyri-neft sektoruna da tətbiq etməyə çalışırıq və bu sahədə də uğurlara nail ola bilmişik.
Azərbaycan neftin vətənidir. Sənaye üsulu ilə neft ilk dəfə 1846-cı ildə Azərbaycanda çıxarılmışdır. Bu il yeni tarixi sənədlər aşkarlandı. Mən bir müddət bundan əvvəl göstəriş vermişdim ki, dünyanın müxtəlif kitabxanalarında, muzeylərdə mövcud olan sənədlər bir daha nəzərdən keçirilsin və daha dəqiq məlumat əldə edilsin. Bu məlumat əsasında yeni tarixi sənədlər üzə çıxıb. Bu sənədlər göstərir ki, 1846-cı ildə Azərbaycanda, Bakının Bibiheybət ərazisində dünyada sənaye üsulu ilə qazılmış ilk quyudan neft çıxarılmışdır. Bu il biz o əlamətdar hadisəni qeyd etmək üçün həmin ərazidə o köhnə neft quyusunun abidəsini ucaltdıq və əminəm ki, Bakıya gələn turistlər üçün bu sahə çox böyük maraq doğuracaqdır.
Eyni zamanda, keçən əsrin ortalarında dünya miqyasında ilk dəfə dənizdə neft Azərbaycanda - Xəzər dənizində çıxarılmışdır. Bu sahədə də - dənizdə neft hasilatının vətəni də demək olar ki, Azərbaycandır, Xəzər dənizidir.
Neft sənayesi Azərbaycanda sovet dövründə də inkişaf edibdir. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədə Azərbaycan neftçilərinin töhfəsi əvəzolunmazdır. Yanacağın 70-80 faizi Azərbaycan neftçiləri tərəfindən təmin edilmişdir və əgər belə olmasaydı, müharibənin nəticələri başqa cür ola bilərdi.
1970-ci illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda neft sənayesinin inkişafı daha geniş vüsət almışdır. Bir çox önəmli layihələr icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərir. Ancaq əfsuslar olsun ki, müstəqillik ərəfəsində və müstəqilliyimizin ilk illərində neft sənayesi Azərbaycanda tənəzzülə uğradı. Neft və qaz hasilatı kəskin aşağı düşmüşdür. Azərbaycan dinamik inkişaf templərini demək olar ki, itirmişdi. Eyni zamanda, vaxtilə heç bir ekoloji standartlara uyğun olmayan hasilat nəticəsində Bakının və Abşeron yarımadasının böyük əraziləri neftlə çirklənmişdir. Hazırda biz o çirklənmiş yerləri təmizləyirik, orada çox böyük ekoloji layihələr icra edilir və o cümlədən məşhur Bibiheybət ərazisi bu gün ekoloji məkana, yaşıl məkana çevrilibdir.
Bax, belə bir vəziyyətdə müstəqilliyə yaxınlaşan Azərbaycan əlbəttə ki, dünya üçün öz cəlbediciliyini itirmişdi. Əgər biz müstəqilliyin ilk illərində yaşanan böhranı da əlavə etsək, - hərc-mərclik, xaos, anarxiya, qanunsuz silahlı birləşmələr, vətəndaş müharibəsi, erməni işğalı, - bütün bu amillər əlbəttə ki, Azərbaycanı xarici investorlar üçün çox riskli, təhlükəli bir ölkəyə çevirmişdi. Belə olan halda bizim yeganə inkişaf yolumuz xarici investisiyaları cəlb etməkdən ibarət idi. Xoşbəxtlikdən Azərbaycan xalqı 1993-cü ildə bir daha öz müdrikliyini göstərərək ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi, prezident vəzifəsinə seçdi və ondan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu.
1993-cü ildən başlayaraq Azərbaycanda sabitlik istiqamətində çox önəmli addımlar atılmışdır və bir neçə il ərzində sabitlik tam bərpa olunmuşdur, Azərbaycan dünyada öz layiqli yerini tutmağa başlamışdır. Ancaq o vaxt iqtisadiyyat demək olar ki, dağılmışdı. İnflyasiya 1000 faizdən çox idi. Sənaye istehsalı demək olar ki, dağılmışdı və iqtisadi cəhətdən inkişaf üçün böyük perspektivlər yox idi. Aydındır ki, iqtisadiyyatı olmayan ölkə heç vaxt real müstəqilliyə nail ola bilməz. Bax, bu gün bizim müstəqilliyimiz təkcə dövlət atributları ilə ölçülmür. Bizim müstəqil xarici siyasətimiz var, müstəqil daxili siyasətimiz var. Bizim güclü iqtisadiyyatımız var, maliyyə resurslarımız var. Biz öz hesabımıza yaşayırıq və buna görə də müstəqil ölkə kimi səsimizi bütün tribunalardan ucalda bilirik, mövqeyimizi müdafiə edə bilirik. O vaxt isə Azərbaycan müəyyən dərəcədə asılı vəziyyətdə idi, pulumuz yox idi, xəzinə boş idi, iqtisadiyyat iflic vəziyyətinə düşmüşdü. Odur ki, Heydər Əliyevin neft strategiyasının nə dərəcədə əhəmiyyətli olması bir daha gözümüzün önündə canlanır. Çünki o vaxt “Əsrin kontraktı”nın imzalanması ilə vəziyyət tamamilə dəyişildi və Azərbaycan böyük həcmdə xarici sərmayəni cəlb edə bildi.
1994-cü ildə imzalanmış “Əsrin kontraktı” tarixi layihədir. Əgər o vaxt “Əsrin kontraktı” imzalanmasaydı, Azərbaycanda neft-qaz sahəsinə investisiyalar, “Şahdəniz” yatağına heç bir sərmayə qoyulmazdı. Əgər neft-qaz kəmərləri tikilməsəydi, bu gün Cənub Qaz Dəhlizi icra edilə bilməzdi. Əgər nəqliyyat layihələri icra olunmasa idi, - bu gün Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi reallaşır, - heç kim heç vaxt bu layihəyə vəsait qoymazdı. Özü də nəzərə alsaq ki, Azərbaycan bu layihəyə 1 milyarda yaxın vəsait qoyub. Bizim pulumuz olmasaydı, əlbəttə ki, heç kim bu layihəyə vəsait qoymazdı. Ona görə “Əsrin kontraktı”nın Azərbaycan dövlətinin inkişafında müstəsna yeri var. Bu kontraktın uğurla icra edilməsi imkan verdi ki, biz neftdən əldə edilən vəsaiti insan kapitalına, qeyri-neft sektoruna, infrastruktur layihələrinə yönəldək və ölkəmizi inkişaf etdirək. Bugünkü Azərbaycan, bölgələrimiz, çiçəklənən şəhərlərimiz və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı, bax, gördüyümüz işlərin bariz nümunəsidir. Görülən işlər göz qabağındadır. Bütün bu işləri biz düşünülmüş siyasət nəticəsində görmüşük və əlbəttə ki, iqtisadi potensialımızı gücləndirərək ölkəmizi böyük dərəcədə qabağa apara bilmişik.
“Əsrin kontraktı”nın icrası da uğurlu istiqamətdə aparılır. Bu gün biz “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının gələcək fəaliyyəti haqqında düşünürük və ümid edirəm ki, yaxın gələcəkdə bu layihənin uzadılması haqqında xarici investorlarla razılığa gələcəyik. Çünki “Azəri-Çıraq-Günəşli” yatağının çox böyük potensialı var, hələ hasil edilməmiş neft kifayət qədər çoxdur. Ona görə uzunmüddətli dayanıqlı hasilat səviyyəsini saxlamaq üçün biz indi xarici tərəfdaşlarla danışıqların son mərhələsindəyik.
Azərbaycana yatırılan sərmayə şəffaf şəkildə saxlanılır və qorunur. Dövlət Neft Fondunun xətti ilə ölkəmiz üçün ən önəmli layihələrin icrası nəzərdə tutulur. Onlardan birincisi məcburi köçkünlərin problemlərinin həllidir. Son illər ərzində məhz Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə salınıbdır. Bu vəsait, əlbəttə, neft əməliyyatlarının gəlirlərindən formalaşır və bu gün biz özümüzü dünyada müasir, dinamik inkişaf edən ölkə kimi təqdim edə bilmişik.
Sərginin əhəmiyyətindən danışarkən biz “Şahdəniz” layihəsini mütləq qeyd etməliyik. Çünki bəlkə çoxları unudub ki, “Şahdəniz” layihəsi üzrə kontrakt 1996-cı ildə məhz neft-qaz sərgisi zamanı imzalanmışdır. O vaxt Azərbaycan ancaq neft ölkəsi kimi tanınırdı. “Şahdəniz” layihəsinin icrası Azərbaycanı həm neft, həm qaz hasil edən, ixrac edən ölkəyə çevirdi. Bu gün “Şahdəniz” layihəsi olmadan biz regional əməkdaşlığı təsəvvür edə bilmərik. Çünki “Şahdəniz” layihəsi məhz enerji təhlükəsizliyi məsələlərini həll edən layihədir. Bu gün enerji təhlükəsizliyi məsələləri ölkələrin milli təhlükəsizliyi məsələləridir. Hər şey enerjidən asılıdır. Təbii qaz, - əlbəttə, əgər biz bərpaolunan enerjiləri nəzərə almasaq, - ən ucuz və ekoloji cəhətdən ən təmiz enerji mənbəyidir. İnkişaf etmiş ölkələrin iqtisadi yüksəlişi də enerji mənbələri ilə bilavasitə əlaqəlidir. Xoşbəxtlikdən Azərbaycanın həm neft, həm qaz ehtiyatları kifayət qədər böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. Beləliklə, Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edərək dost, tərəfdaş ölkələrin enerji təhlükəsizliyi məsələlərinin həllində də öz rolunu oynayır.
“Şahdəniz” yatağının işlənilməsi artıq neçə ildir ki, davam etdirilir. Biz, eyni zamanda, bu illər ərzində çoxşaxəli neft-qaz nəqliyyatı şəbəkəsini yarada bilmişik. Onların içində əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri xüsusi yer tutur. Bakı-Tbilisi-Ərzurum qaz kəməri artıq on ildir ki, istismardadır. Bütün bunlar tarixi layihələrdir. Əgər bunlar olmasaydı, o layihələrə sərmayə qoyulmasaydı, biz öz enerji resurslarımızı heç bir yerə ixrac edə bilməzdik. Çünki biz qapalı bir ərazidə yaşayırıq, okeanlara, açıq dənizlərə çıxışımız yoxdur. Belə olan halda neft-qaz kəmərləri bizim enerji resurslarımızı xarici bazarlara çıxarır. Burada təkcə iqtisadi tərəf kifayət etməz, burada mütləq regional əməkdaşlıq olmalıdır. Biz tərəfdaşlarla birlikdə bu əməkdaşlığı yaratmışıq və möhkəmləndiririk. Azərbaycanın neft-qaz layihələri, eyni zamanda, regionda təhlükəsizliyin, sabitliyin, inkişafın təminatçısıdır. Çünki bu layihələrdə on minlərlə insan işləyib. Bu gün bizimlə bərabər bu layihələri icra edən ölkələrdə bu sahədə inkişaf sürətlənir. Əlbəttə, bunun ölkələr arasındakı münasibətlərə də çox müsbət təsiri var. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa neft-qaz kəmərləri böyük sərvətimizdir.
“Şahdəniz” layihəsinin ikinci fazasının işlənilməsi də uğurla davam etdirilir. Bildiyiniz kimi, bu gün biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq və bu, dünya miqyasında nadir bir layihədir, Avropa məkanında infrastruktur layihələri arasında birincidir. Bu layihəyə 40 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. Onun böyük hissəsi artıq qoyulubdur. Cənub Qaz Dəhlizinin dörd seqmentində işlər uğurla gedir. Mən bu yaxınlarda bu rəqəmləri səsləndirdim. Bir daha o rəqəmləri səsləndirmək istəyirəm ki, sərgi iştirakçıları bunu bilsinlər. “Şahdəniz-2” layihəsinin icrası 93 faiz səviyyəsindədir. Biz bu yaxınlarda “Şahdəniz” platformasının üst hissəsini də dənizə yola salacağıq. Cənubi Qafqaz kəmərinin icrası 85 faiz səviyyəsindədir. Bu kəmər Azərbaycanı Gürcüstan ilə birləşdirir. TANAP layihəsi, - hansı ki, artıq 2012-ci ildə müqavilə bağlanmışdır, - uğurla icra edilir. TANAP layihəsinin icrası 72 faiz səviyyəsindədir. Biz gözləyirik ki, gələn il TANAP layihəsinin istifadəyə verilməsini qeyd edək. Dördüncü layihə TAP layihəsidir. Orada da icra səviyyəsi 42 faizdir. Yəni, bu rəqəmlər özlüyündə bir göstəricidir. Bu rəqəmlər göstərir ki, bütün işlər plan üzrə gedir və biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının tamamlanmasına yaxınlaşırıq.
Bu il Bakıda Cənub Qaz Dəhlizinin üçüncü Məşvərət Şurası keçirilmişdir. Qəbul edilmiş qətnamə bir daha göstərir ki, Azərbaycan bu layihənin lideridir. Məşvərət Şurasında bu layihənin tərəfdaşı olan yeddi ölkənin yüksək vəzifəli nümayəndələri iştirak etmişlər. Həmçinin Balkan ölkələrindən bizim potensial tərəfdaşların təmsilçiləri, Amerika Birləşmiş Ştatlarından, Böyük Britaniyadan yüksək vəzifəli nümayəndələr, Avropa Komissiyasının vitse-prezidenti iştirak etmişlər. Yəni, bu, böyük bir toplantı idi. Bu toplantının nəticəsində qəbul edilmiş qətnamə, bir daha demək istəyirəm ki, Azərbaycanın bu sahədə liderlik rolunu qeyd etmişdir.
Onu da qeyd etməliyəm ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları Azərbaycanın təşəbbüsü ilə artıq üçüncü dəfədir keçirilir və bu toplantıların çox böyük əhəmiyyəti var. Çünki bu görüşlərdə bütün görülmüş işlər təhlil edilir və ən önəmlisi ondan ibarətdir ki, gələcək fəaliyyət üçün biz birgə proqram tuturuq və onu icra edirik. Əminəm ki, gələn ilin əvvəlində keçiriləcək dördüncü Şuranın iclasında biz artıq yeni uğurlar haqqında danışacağıq.
Enerji təhlükəsizliyi məsələləri qeyd etdiyim kimi, ölkələrin milli təhlükəsizlik məsələləridir və Azərbaycan bu sahədə həm bölgədə, həm Avropada önəmli rol oynayır. Enerji şaxələndirilməsi istiqamətində atılan addımlarımız öz bəhrəsini verir. Çünki bu da çox önəmlidir. Azərbaycanın icra etdiyi layihələr, onların üstünlüyü ondan ibarətdir ki, bizdə həm marşrutlar, həm mənbələr çoxşaxəlidir. Çünki bu gün bizim üçün əsas bazar Avropa bazarıdır və Avropa üçün də yeni mənbələr böyük əhəmiyyət daşıyır. Əlbəttə, marşrutlar da önəmlidir. Ancaq əsas enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi deyəndə, ilk növbədə, yeni mənbələr nəzərdə tutulur. Avropa ölkələri üçün yeganə yeni mənbə Azərbaycandır. Çünki qalan bütün mənbələr artıq uzun illərdir ki, Avropanı təbii qazla qidalandırır. Yeganə yeni mənbə Azərbaycandır. Böyük mənbədir, yaxında yerləşən mənbədir.
Ən önəmlisi isə odur ki, Cənub Qaz Dəhlizini tərəfdaşlarla birlikdə icra etmək üçün Azərbaycan dövlətinin güclü siyasi iradəsi, maliyyə resursları var. Onu da qeyd etməliyəm ki, əgər Azərbaycan dövləti bu dörd layihənin icrasına sərmayə qoymasaydı, əminəm, heç bir investor sərmayə qoymazdı. Çünki Azərbaycan qazını Avropaya çıxarmaq üçün müxtəlif layihələr azı 10 ildir ki, müzakirə mövzusu idi. Bu müzakirələrin ona görə heç bir nəticəsi olmamışdır ki, vəsait qoymaq üçün heç kim ilk addım atmırdı. Hamı gözləyirdi ki, kimsə bu addımı atacaq. Biz görəndə ki, artıq ildən-ilə bu müzakirə heç bir nəticəyə gətirib çıxarmır, o vaxt - 2012-ci ildə biz Türkiyə tərəfi ilə TANAP layihəsinə imza atdıq. Ondan sonra “Şahdəniz-2” layihəsinə start verildi. Ondan sonra TAP layihəsi seçildi və biz artıq işə başlamışıq. Ona görə, Azərbaycan burada həm siyasi iradə göstərir, eyni zamanda, iqtisadi töhfə, maliyyə töhfəsi verir ki, “Cənub Qaz Dəhlizi” layihəsi icra edilsin. Bu layihə bizim üçün tarixi əhəmiyyət daşıyır. Çünki Cənub Qaz Dəhlizi bizim uzunmüddətli inkişafımızı gücləndirəcək, bizə əlavə böyük mənfəət gətirəcək.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrası artıq yeni layihələrə də start verdi. Hazırda növbədə “Böyük Abşeron” layihəsinin işə başlamasıdır. Əslində, işlər başlamışdır. Biz “Abşeron” layihəsindən, - təqribən 350 milyard kubmetr qaz ehtiyatları var, - 2-3 ildən sonra ilk qazı gözləyirik. Eyni zamanda, paralel olaraq “Ümid-Babək” və “Dayaz sulu” layihələri də icra edilir. Bu layihələrin də yaxın illərdə fəaliyyətə başlaması, yəni, hasilatın başlaması gözlənilir. Yəni, biz öz neft-qaz potensialımızı gücləndiririk. Biz daha da böyük həcmdə təbii qaz, neft ixrac etməyi planlaşdırırıq. Bununla paralel olaraq, biz bu gün tranzit ölkə kimi önəmli tərəfdaşa çevrilmişik. Azərbaycan ərazisindən neft, neft məhsulları Xəzərin şərq hissəsindən dünya bazarlarına çıxarılır. Bizim rolumuz artır. Nəqliyyat infrastrukturumuz genişlənir. Hər şey - həm Xəzər Gəmiçiliyi, həm Bakı Limanı, dəmir yolları, terminallar hazırdır. Biz hər şeyi etmişik. Əminəm ki, bundan sonra neft-qaz sahəsində layihələr Azərbaycana daha da böyük xeyir gətirəcək. Həm bizim iqtisadi mənfəətimiz, eyni zamanda, bölgədəki, dünyadakı rolumuz artacaq.
Biz bütün bu işləri ona görə edirik ki, ölkəmiz daha da güclü, mövqelərimiz daha da möhkəm olsun, dünyada daha da böyük nüfuza malik olaq və ən önəmlisi, Azərbaycan xalqı daha da yaxşı yaşasın. Ona görə də biz neftdən əldə edilmiş gəlirləri digər sektorlara sərmayə kimi yatırırıq və bunun gözəl nəticələrini görürük. Bu ilin dörd ayında Azərbaycan ixracı 41 faiz artmışdır. O cümlədən qeyri-neft ixracımız 22 faiz artmışdır. Kənd təsərrüfatı ixracımız isə 44 faiz artmışdır. Bizim zəngin neft-qaz yataqlarımız bundan sonra uzun illər ölkəmizin inkişafını təmin edəcək. Azərbaycan bundan sonra da çoxşaxəli şəkildə inkişaf edəcək.
Mən bütün qonaqları bir daha salamlayıram, sərgi və konfransa uğurlar arzulayıram. Sağ olun.
***
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin DANNİQAN çıxış etdi və Birləşmiş Ştatların Prezidenti Donald Trampın təbrik məktubunu oxudu:
- Sabahınız xeyir.
Cənab Prezident.
Nazirlər, səfirlər, şirkət nümayəndələri.
Xanımlar və cənablar.
Bakıya yenidən gəlməkdən böyük şərəf hissi duyuram. Gözəl Bakıda Xəzər neft və qaz sərgisində iştirak edirəm. Görürəm ki, nə qədər çox iştirakçı var.
Birləşmiş Ştatlar son 20 il ərzində hər il bu tədbirdə böyük məmnuniyyətlə iştirak edib. Son 20 il ərzində biz Azərbaycanda çox böyük dəyişikliklər görmüşük. Bu dəyişikliklər həm siyasi, həm iqtisadi sahələrdə baş veribdir. Birləşmiş Ştatlar əslində bu prosesləri Azərbaycan Hökuməti ilə birgə izləyib. Lap ilk vaxtlardan – Bakı-Tbilisi-Ceyhan neft boru kəməri işə salınandan ta Cənub Qaz Dəhlizinin qurulmasına qədər biz Azərbaycana dəstək olmuşuq. Birləşmiş Ştatlar bu dəstəyini bundan sonra da davam etdirmək fikrindədir və istəyir ki, öz tərəfdaşlığını və əməkdaşlığını Azərbaycan Hökuməti və xalqı ilə daha da genişləndirsin.
İndi isə
böyük şərəf hissi ilə Amerika Birləşmiş
Ştatlarının Prezidenti cənab Donald Trampın Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə məktubunu
diqqətinizə çatdırıram. Xanım Robin Danniqan Prezident
Donald Trampın məktubunu oxudu.
***
Sonra Avropa
Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti
Maroş ŞEFÇOVİÇİN videomüraciəti təqdim
olundu.
Videomüraciətdə deyilir:
- Zati-aliləri cənab Prezident.
Nazirlər, xanımlar və
cənablar.
Əfsuslar olsun ki, mən
XXIV Xəzər neft və qaz sərgi və konfransında
iştirak edə bilmədiyimdən məhz bu videomüraciətlə
Sizə səmimi qəlbdən salamlarımı
çatdırıram.
Artıq 24-cü dəfədir
ki, bu tədbir keçirilir. Ona görə bu səbəbdən
mən təşkilatçıları belə yüksək səviyyəli
mühüm tədbirin, enerji proqramı ilə bağlı vacib
məsələlərin müzakirəsinə həsr olunan tədbirin
keçirilməsi münasibətilə təbrik edirəm.
Avropa Komissiyasının məsul şəxsi
kimi mən ümumi enerji məkanının təhlükəsiz,
rəqabətədavamlı, əlverişli və
dayanıqlı bir şəkildə təmin olunmasının
tərəfdarıyam. Avropa İttifaqı
iki mühüm daxili təməl sütun üzərində
dayanıb. Avropa İttifaqının
üzvləri daxildən və xaricdən bizim enerji tərəfdaşlarımızla
əməkdaşlıq etməkdədirlər. Azərbaycan da Avropanın ən mühüm tərəfdaşlarından
biridir. Azərbaycan Cənub Qaz Dəhlizini
reallaşdırmaqla, Avropa İttifaqının öz enerji mənbələrini
strateji cəhətdən şaxələndirməsi
üçün əlverişli mühit yaratmaqla öz hədəflərinə
nail olmağa çalışır, Avropada geosiyasi
balansın və sabitliyin qorunmasına mühüm töhfə
verir.
Azərbaycan qazının
Avropaya 2020-ci ilədək çatdırılacağına bu
gün qəti əminik. Bu da bizim qeyd etdiyim ümumi hədəflərimizə
nail olmağa kömək etməklə yanaşı,
bütün iştirakçı ölkələrə, həmçinin
Avropa İttifaqından kənardakı ölkələrə
yardım edəcək. Bu qaz mühüm gəlir
mənbəyi, eləcə də sabitliyin, təhlükəsizliyin
qarantı olaraq Azərbaycan ilə etibarlı tərəfdaşlıqdan
qaynaqlanır. Bu, kifayət qədər
geniş miqyası olan bir layihədir. Məhz
bu səbəbdən də bizim gündəliyimizdə nəzərəçarpan
bir vaxt çərçivəsində mühüm yer
tutmuşdur. Əslində, Cənub Qaz Dəhlizi ilə
bağlı ümumi bəyannamə məhz cənab Prezident
İlham Əliyev ilə altı il əvvəl
– 2011-ci ildə imzalanıb. Vaxtı və bu
layihəyə qoyulan sərmayəni üst-üstə gəlsək,
siyasi səviyyədə görülən və təşviq
olunan işlərin həqiqətən tarixi əhəmiyyət
daşıdığını aydın şəkildə
görə bilərik.
Mən son üç ildə Cənub
Qaz Dəhlizi Məşvərət Şurasının hər
bir iclasında, cənab Prezident İlham Əliyevin, eləcə
də Azərbaycan Respublikası Hökumətinin təşkilatçılığı
ilə Bakıda keçirilən tədbirlərdə şəxsən
iştirak etmişəm. Artıq son illər ərzində
istər suyun, torpağın üzərində və
altında, sözün həqiqi mənasında, konkret nəzərəçarpan
dəyişikliklər olmuşdur. Artıq
“Şahdəniz” layihəsinin ikinci fazası, Cənubi Qafqaz,
Trans-Anadolu və Trans-Adriatik kəmərlərinin tikintisi
üzrə mühüm işlər görülüb. Son illər ərzində qazanılan bu uğurlar
müvafiq iştirakçı şirkətlərin, aidiyyəti
qurumların, bu sərgi-konfransda iştirak edənlərin,
hökumət və agentliklərin nümayəndələrinin
çox əlverişli bir mühitdə birgə əməkdaşlığı
sayəsində mümkün olmuşdur. Bütün
bu kəmər layihələri artıq Avropa
İttifaqının ümumi maraqlarını özünə
cəlb edib, eləcə də mühüm layihələr
siyahısına düşüb.
Trans-Adriatik qaz kəməri
bildiyiniz kimi, Avropanı birləşdirən layihə çərçivəsində
mümkün olub. Çox sevindirici haldır ki, Avropa, eləcə
də maliyyə təsisatları mühüm prosedurlarla qənaətbəxş
nəticənin əldə olunmasına rəvac verəcəklər.
Beləliklə, mən artıq yeni Avropa
İttifaqı-Azərbaycan müfəssəl çərçivə
sazişi ilə bağlı nailiyyətləri qeyd etmək
istərdim. Bu təşəbbüs cənab
Prezident İlham Əliyevin bu ilin fevralında səfəri
zamanı irəli sürülüb. Sevindirici
haldır ki, sazişin istər Avropa İttifaqında, istərsə
də Azərbaycan Respublikasında qarşılıqlı əməkdaşlığa,
tərəfdaşlığa mühüm töhfə verəcəyinə
inanırıq.
İcazə verin,
çıxışımın sonunda Azərbaycan ilə
bizim əməkdaşlığımızın
sadaladığım bütün prinsiplərinin - enerji
birliyinin təhlükəsizlik, rəqabətədavamlılıq
və dayanıqlılıq hədəflərinə xidmət
etdiyini vurğulayım. Amma bizim görəcəyimiz işlər
hələ çoxdur. Xüsusilə də
ekologiya və iqlim məsələləri ilə bağlı
bir çox işlər görülə bilər.
Keçən il Avropa Komissiyası bizim bu
məsələlərlə nə dərəcədə ciddi
məşğul olduğumuzu gördü.
Alternativ enerji mənbələrinin
istifadəyə verilməsi istiqamətində görülən
işlərdən, qarşıda duran vəzifələrdən
danışan Maroş Şefçoviç bildirdi ki, enerjinin
bu təmiz növü ölkələrin sərmayə
ehtiyatlarının artmasına, iqtisadiyyatının yüksəlməsinə,
yeni iş yerlərinin açılmasına imkan yaradacaq. Avropa İttifaqı bu sahədəki təcrübəsini
başqa ölkələrlə də bölüşməyə
hazırdır. Biz Azərbaycanın bu sahədəki
təşəbbüslərinə də töhfə verməyə
hazırıq.
Avropa Komissiyasının enerji birliyi
üzrə vitse-prezidenti videomüraciətinin sonunda dedi:
“Sonda ev sahibinə Xəzər neft və qaz sərgi və
konfransını yüksək səviyyədə təşkil
etdiyinə görə minnətdarlığımı və təbriklərimi
çatdırmaq istəyirəm. Konfrans
iştirakçılarına maraqlı və məhsuldar
müzakirələr arzu edirəm. Sağ olun”.
***
Çıxışlardan sonra
Prezident İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva sərgilərlə tanış
oldular.
SOCAR-ın stendi ilə
tanışlıq zamanı dövlətimizin
başçısına şirkətin layihələri barədə
məlumat verildi. Bildirildi ki, SOCAR bir sıra uğurlu sosial
və ekoloji proqramlar həyata keçirir. Burada Bibiheybət mədəni ərazisində yerləşən,
dünyada sənaye üsulu ilə qazılmış ilk neft
quyusu barədə də geniş məlumat var. Stenddə, həmçinin
SOCAR-ın axtarış-kəşfiyyat və ehtiyatlar sahələrində
gördüyü işlər də əks olunur.
Prezident İlham Əliyevə və
birinci xanım Mehriban Əliyevaya SOCAR-ın təlim və təhsil
proqramları, Bakı Ali Neft Məktəbinin fəaliyyəti,
onun Bibiheybətdəki yeni kampusu, elmi-tədqiqat işləri
və şirkətin fəaliyyətində əsas
götürdüyü nanotexnologiyalar barədə məlumat
verildi. SOCAR-ın stendində Azərbaycanın
neft emalı və neft kimyası müəssisələri,
neft və qaz ixracı marşrutları, həmçinin sərmayələr
barədə geniş məlumatlar yer alıb. Bildirildi
ki, Azərbaycanda bu günə qədər 1 milyard 971 milyon
500 min ton neft çıxarılıb ki, bunun da 971,5 milyon tonu
quruda, təqribən 1 milyard tonu isə dənizdə hasil
edilib. 2017-ci ilin sonuna qədər respublika
üzrə hasilatın 2 milyard tona çatdırılması
nəzərdə tutulur.
BP şirkəti də uzun
illərdir ki, Azərbaycanda neft-qaz sənayesində uğurla
fəaliyyət göstərir. Ötən dövrdə Azərbaycan
Hökuməti ilə tərəfdaşlıq çərçivəsində
BP-nin əməliyyatçısı olduğu dünya səviyyəli
layihələr – “Azəri-Çıraq-Günəşli”,
“Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan” və “Cənubi Qafqaz
Boru Kəməri” layihələri Xəzər dənizini
müasir karbohidrogen bölgəsinə çevirməklə
bu sahənin inkişafına töhfə verib. Bu
günə qədər BP-Azərbaycan tərəfindən 3
milyard barrel neft və kondensat, həmçinin 80 milyard kubmetr
qaz hasil edilib. Bütün bu uğurlar
şirkətin Azərbaycanda qurduğu mükəmməl əməkdaşlıqdan
və ölkə qarşısında etibarlı tərəfdaş
kimi götürdüyü uzunmüddətli öhdəlikdən
irəli gəlir.
Sonra dövlətimizin
başçısı BP-Azərbaycanın əməkdaşları
ilə görüşdü.
Prezident İlham Əliyev dedi:
-İndi
baxdığımız qısa videoda nümayiş etdirilənlər
təqdirəlayiq idi. Bizim əməkdaşlığımızın 23 il tarixi var. İnanmıram ki, dünyanın
hansısa yerində belə bir uğurlu əməkdaşlıq
olsun. BP bizim strateji tərəfdaşımızdır
və indi əməkdaşların 80 faizi yerli vətəndaşlardır.
Mən xatırlayıram ki, biz Hyustonda müqavilə
bağlayanda şərtlərdən biri o idi ki, tədricən
yerli işçilərin sayı çoxalsın, indi bu,
reallıqdır.
Dövlətimizin
başçısı və birinci xanım Belarusun Neft və
Kimya üzrə Dövlət Konserninin - “Belneftekhim”in stendi ilə
də tanış oldular. Bildirildi
ki, bu konsern 500-dən artıq adda xam neft və kimyəvi məhsul
istehsal edir. Konsernə daxil olan müəssisələr
xam neftin kəşfiyyatı, hasilatı, daşınması və
emalı, eləcə də neft məhsullarının
satışı ilə əlaqədar kompleks işləri
yerinə yetirir.
Almaniyanın “LİEBHERR”
şirkəti də sərgiyə maraq göstərir. Şirkət
eyni adla yük qaldırma gücü 42 tondan 308 tona qədər
olan müxtəlif növ mobil liman kranları seriyasını
təqdim edir.
Fransanın dünyada böyük
nüfuz sahibi olan “Total” şirkəti Azərbaycanın ənənəvi
tərəfdaşlarından biridir. “Total” Azərbaycanda
kəşfiyyat və hasilat işlərinə 1996-cı ildə
başlayıb. 2009-cu ilin fevralında şirkət
SOCAR-la Xəzər dənizinin dərin sularında yerləşən
“Abşeron” bloku üzrə hasilat və pay bölgüsü
sazişi imzalayıb. 2011-ci ildə şirkət
tərəfindən qazma işləri aparılıb və
kifayət qədər karbohidrogen ehtiyatları
aşkarlanıb. Bu kəşf “Total”ın
Azərbaycandakı fəaliyyətinin yeni mərhələsinin
başlanmasına imkan verib. “Total” regionda neft
hasilatının ixracat imkanlarını təmin edən
Bakı-Tbilisi-Ceyhan şirkətinin də
payçısıdır.
ABB şirkəti xidmət
sektorunda, sənaye, nəqliyyat və infrastruktur sahəsində
elektrikləşdirmə, sənaye avtomatlaşdırma və
qabaqcıl robot texnologiyaları üzrə dünya lideridir. Bütün müştəri
seqmentləri arasında quraşdırılmış
avadanlıq bazası vasitəsilə sayı 70 mindən
çox olan nəzarət sistemlərinə birləşən
70 milyondan artıq cihazı ilə ABB sənaye rəqəmsallaşması
işində mühüm rol oynayır.
Norveçin 30-dan çox
ölkədə fəaliyyət göstərən “Statoil”
şirkəti 1992-ci ildə Azərbaycan bazarına daxil olub. Həmin
vaxtdan ölkəmiz bu şirkətin beynəlxalq
inkişafında mühüm rol oynayıb. Belə ki, şirkətin Xəzərdə nəhəng
layihələrdə aparılan planlaşdırma, işlənmə
və əməliyyat proseslərində rolu hər iki tərəf
üçün mənfəətli olub. Azərbaycan
üçün yeni neft-qaz hasilatı dövrü
başlayıb, “Statoil” isə geniş beynəlxalq enerji
arenasında etibarlı tərəfdaş kimi tanınıb.
Hallibörton şirkəti
enerji sektorunda fəaliyyət göstərən ən
böyük məhsul və xidmət təchizatçılarından
biridir. Şirkət karbohidrogenlərin axtarılması və
geoloji məlumatların idarə edilməsi ilə
yanaşı, qazma işləri və layihələrin qiymətləndirilməsi,
quyuların tikilməsi, tamamlanması və digər xidmətlərin
göstərildiyi müddət ərzində istehsalın
optimallaşdırılmasına maksimum dərəcədə
töhfə verməklə dünyanın neft və qaz
sektorunda önəmli rol oynayır.
SOCAR-Türkiyə stendinə
baxan Prezident İlham Əliyevə və birinci xanım
Mehriban Əliyevaya məlumat verildi ki, SOCAR Türkiyənin ən
böyük xarici investorlarından biridir. Builki sərgidə
ilk dəfə olaraq AMEA-nın yüksək texnologiyalar
parkı da iştirak edib. Bu park 2016-cı ildə
Prezident İlham Əliyevin Sərəncamı ilə
yaradılıb.
Bu parkın fəaliyyəti
fiziki və hüquqi şəxslər üçün biznes
və texnoloji inkubatorlar, fondlar və elmi-tədqiqat mərkəzləri
vasitəsilə əlverişli şəraitin
yaradılmasına, onların dəstəklənməsi, təmini
və idarə olunmasına yönəlib.
Özbəkistanın
“Uzbekneftegaz NHC" korporasiyası da builki sərgiyə
qatılıb.
Bu qurum 200-dən çox şirkəti, o cümlədən
20 birgə müəssisəni, 6 səhmdar cəmiyyətini və
bir sıra digər təşkilatları özündə birləşdirən
müasir, çoxpilləli korporasiyadır. Holdinqin
hazırkı strukturu istehsal və texnologiyanın
bütün mərhələlərini əhatə edən
qarşılıqlı əlaqəli və yaxşı
işlənmiş layihələri səmərəli idarə
etməyə imkan verir.
Çinin “Şanqay Şinkaye petrolium” şirkəti də sərgiyə böyük maraq göstərir. Şirkət Çinin fərdi olaraq neft avadanlıqlarının istehsalı üzrə ixtisaslaşan dövlət müəssisələrindən biridir.
İtaliya da sərgidə öz stendi ilə çıxış edir. Bu ölkənin 7 şirkəti sərgiyə neft-qaz sahəsinə aid məhsullarını çıxarıb. İtaliya şirkətləri ölkəmizdə neft-qaz sahəsində həyata keçirilən layihələrdə yaxından iştirak edir.
Əlli il əvvəl təsis edilən İran milli qaz şirkəti təbii qazın emalı, ötürülməsi, paylanması və yeraltı anbarlarda saxlanılması ilə məşğuldur. Şirkət İran və qonşu ölkələr arasında qazın alqı-satqısını da həyata keçirir.
“Türkiyə Petrolları” şirkəti “Əsrin müqaviləsi”nə start veriləndən Azərbaycanda geniş fəaliyyət göstərən şirkətlərdəndir. Bu qurum Azərbaycanda bundan sonra da reallaşdırılacaq layihələrdə yaxından iştirak etməyə və sərmayə yatırmağa hazırdır. Ümumilikdə, Türkiyə Azərbaycanın enerji sektorunda həyata keçirilən layihələrdə ölkəmizlə hərtərəfli və uğurlu əməkdaşlıq edir.
Sərgilərlə tanış olduqdan sonra Prezident İlham Əliyev sərgi və konfransın xatirə kitabını imzaladı.
XXIV Beynəlxalq “Xəzər
Neft və Qaz-2017” sərgi və konfransı iyunun 3-də
başa çatacaq.
Azərbaycan.- 2017.- 1 iyun.- S.1-3.