İlham Əliyevə dünya liderlərindən böyük etimad və dəstək

 

Xarici həmkarları Azərbaycan Prezidentini dövlətin və xalqın davamlı inkişafının təminatçısı kimi qəbul edirlər

 

Müsəlman aləminin ilk demokratik respublikası kimi bu gün tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan şanlı keçmişinin daha bir əlamətdar məqamını - Respublika Gününün 99-cu ilini qeyd etdi. Məhz bu fakt, Azərbaycan xalqının zəngin dövlətçilik ənənələrinə malik olduğunu təsdiq edən danılmaz tarixi həqiqətdir.

Bu gün bütün sahələrdə böyük uğurlara imza atan, dünya birliyində söz sahibinə çevrilən və bir çox ölkələr üçün nümunə olan Azərbaycan dünya birliyinin ən etibarlı tərəfdaşıdır. Ümummilli lider Heydər Əliyevin milli maraqları nəzərə almaqla yürütdüyü siyasəti XXI əsrin başlanğıcında bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin edib.

Bütün bu həqiqətlər dünya ölkələrinin liderlərinin Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdikləri təbrik məktublarında da açıq-aydın görünür.

 

ABŞ İlham Əliyevi fəal tərəfdaş elan etdi

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dövlət başçısına ünvanladığı məktubda qeyd edilir ki, Azərbaycan Birləşmiş Ştatların dəyərli tərəfdaşıdır. Hər iki dövlət birgə səylə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışır. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik” - yazan Donald Tramp vurğulayıb ki, ABŞ Avropa üçün enerji mənbəyi olan Azərbaycanla yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir: “Uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. ABŞ, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir. Həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.

 

İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti Azərbaycana daha mühüm nailiyyətlər qazandıracaq

 

Respublika Günü münasibətilə xalqımızı, dövlət başçısını ən səmimi hissləriylə təbrik edən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın məktubunda bildirilir ki, Azərbaycanın müstəqilliyinin bərpasından ötən müddətdə bütün sahələrdə əldə etdiyi uğurlar, beynəlxalq arenada qazandığı nüfuzlu mövqeyi qürurvericidir. Rəcəb Tayyib Ərdoğan əminliklə vurğulayıb ki, məhz Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyilə Azərbaycan gələcəkdə daha mühüm nailiyyətlər qazanacaq: “Ölkələrimiz arasındakı əlaqələrin hər sahədə daha yüksək müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluq duyuruq. Ortaq tarix, mədəniyyət və ənənələrlə sıx şəkildə bir-birinə bağlı olan xalqlarımız arasındakı əməkdaşlığın güclü münasibətlərimiz sayəsində hər sahədə daha da dərinləşərək gələcəkdə də uğurla davam etdiriləcəyinə heç bir şübhəm yoxdur” - deyə məktubda qeyd edilib.

 

Azərbaycan beynəlxalq gündəliyin həllində mühüm rol oynayır

 

Bu fikirlər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik məktubunda öz əksini tapıb. Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq ruhunda dinamik inkişaf etdiyini vurğulayan Vladimir Putin qeyd edib ki, bütün səviyyələrdə məzmunlu siyasi dialoq, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq qurulub: “Azərbaycanın iqtisadi, sosial, elmi-texniki və digər sahələrdə qazandığı uğurlar hamıya məlumdur. Sizin ölkəniz dünya arenasında layiqli nüfuz qazanıb, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində mühüm rol oynayır. Əminəm ki, biz tərəfdaşlıq əlaqələrimizin bütün kompleksini bundan sonra da birgə səylərimizlə inkişaf etdirəcəyik. Bu əlaqələr ölkələrimizin dost xalqlarının köklü mənafelərinə cavab verir, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məcrasında inkişaf edir”.

Roma Papası Fransisk isə dövlət başçısına ünvanladığı məktubda ölkəmizə etdiyi son səfərini məmnunluqla xatırlayaraq Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyib.

 

Hər sahədə yüksək inkişaf templəri nümayiş etdirən ölkə

 

Ukrayna Prezidenti Petro Poroşenkonun təbrik məktubunda isə qeyd edilir ki, müstəqillik illərində Azərbaycan beynəlxalq arenada mövqelərini möhkəmləndirərək, qətiyyətlə yüksək inkişaf templəri nümayiş etdirir. Bu, şübhəsiz ki, Azərbaycan Respublikası üçün milli məsələ olan və Ukraynanın da bununla bağlı mövqeyinin dəyişilməz olduğu ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsinin həllinə yardım edəcək. Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı Azərbaycanın mövqeyini yüksək qiymətləndirən Petro Poroşenko əminliklə vurğulayıb ki, Azərbaycan Prezidentinin Ukraynaya rəsmi səfəri, Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi xalqlarımızın rifahı naminə tərəfdaşlığın inkişafına güclü təkan verəcək.

 

Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini yeni bünövrə üzərində qurur

 

“Təxminən iki yüz il əvvəl ilk şvab mühacirləri bugünkü Azərbaycanın ərazisində məskunlaşmışlar. Bu il bizim ölkələrimiz diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd edirlər. Bu yubileylər bizə ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək və genişləndirmək üçün stimul verəcək”. Bu fikirlər isə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin məktubunda öz əksini tapıb.

Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərini yeni bünövrə üzərində qurmağa hazır olmağını alqışlayan Frank-Valter Ştaynmayer Almaniyanın bu yolda Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacağını vurğulayıb.

İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın məktubunda da bu məsələyə diqqət çəkilib. Qeyd edilib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişinin yekunlaşması üçün göstərilən səylər ümumi maraqlara aid mövzular barədə konstruktiv dialoqiqtisadi-ticari sahədə əməkdaşlığın möhkəmləndirilməsi üçün səmərəli şərait yaradacaq.

 

İlham Əliyev Azərbaycandakı siyasi sabitliyin müəllifidir

 

Çin Xalq Respublikasının Sədri Si Cinpinin təbrik məktubunda vurğulanır ki, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi sabitlik hökm sürür, ölkə iqtisadiyyatı sürətlə inkişaf edir, insanların həyat səviyyəsi davamlı olaraq yüksəlir. Çin Hökuməti Azərbaycanın dövlət quruculuğu, sosial-iqtisadi inkişaf sahələrində əldə etdiyi müvəffəqiyyətlərə sevinir: “Mən Çin-Azərbaycan münasibətlərinə böyük diqqət yetirirəm. Bir kəmər-bir yolun birlikdə yaradılması niyyətimizdən istifadə edərək, Sizinlə ikitərəfli münasibətlərimizin və müxtəlif sahələrdə işgüzar əməkdaşlığımızın yeni inkişafını birgə səylərimizlə irəlilətməyə hazıram. Azərbaycanın daha da qüdrətli olmasını və inkişaf etməsini arzulayıram”.

 

Vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatlar bəhrəsini verir

 

Respublika Günü münasibətilə həmçinin Böyük BritaniyaŞimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet, Yaponiyanın İmperatoru Akihito, Hindistan Prezidenti Pranab Mukherci, Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto, Peru Prezidenti Pedro Pablo Kuçinski, Polşa Prezidenti Andjey Duda, İsveçrə Konfederasiyasının Prezidenti Doris Loythard, İsveçin Kralı Karl Qustav, Belçika Kralı Filip, Norveçin Kralı - V Harald, Niderlandın Kralı Villem-Aleksandr, Yunanıstan Prezidenti Prokopis Pavlopulos, Belarus Prezidenti Aleksandr Lukaşenko, Serbiya Prezidenti Tomislav Nikoliç, Finlandiya Prezidenti Sauli Niinistö, Çex Respublikasının Prezidenti Miloş Zeman, Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellen, Monteneqronun Prezidenti Filip Vuyanoviç, Bolqarıstan Prezidenti Rumen Radev, Litva Prezidenti Dalya QribauskayteLüksemburqun Böyük Hersoqu Anri Azərbaycanın dövlət başçısına təbrik məktubları ünvanlayıblar. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi işində və bütün vətəndaşların firavan yaşamasına xidmət edən sosial-iqtisadi islahatların həyata keçirilməsində Prezident İlham Əliyevə uğurlar diləyən dövlət başçıları qeyd ediblər ki, inkişaf etməkdə olan ikitərəfli münasibətlər yüksək səviyyəli siyasi dialoqa, xüsusən iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verəcək.

 

Azərbaycan İslam dünyasının həmrəyliyi üçün daim səy göstərir

 

Ortaq etiqada əsaslanan münasibətlərə daim yüksək qiymət verən müsəlman dövlətlərinin liderləri isə Prezident İlham Əliyevə ünvanladıqları təbrik məktublarında qeyd ediblər ki, ölkələr arasında siyasi, iqtisadi, mədəni, enerji və müdafiə sahələri də daxil olmaqla güclü və çoxtərəfli əməkdaşlığın genişlənməsi möhkəm əlaqələrin təzahürüdür.

Pakistan Prezidenti Məmnun Hüseyn, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Al Nəhyan, İraq Respublikasının Prezidenti Fuad Məsum, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, Mərakeşin Kralı VI Mohammed, Livan Respublikasının Prezidenti General Mişel Aun, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome, Syerra Leone Respublikasının Prezidenti Ernest Bai KoromaMaldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyumun dövlət başçısı İlham Əliyevə ünvanladığı məktublarda isə qeyd edilir ki, Azərbaycan İslam dünyasının həmrəyliyi üçün əlindən gələni edir. Müsəlman ölkələri arasında bərqərar olmuş əməkdaşlıq və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi, insanların rifahı naminə dövlətlər arasında qarşılıqlı faydalı münasibətlərin bundan sonra da daim inkişaf etməsi üçün etibarlı zəmin olacaq.

 

Öz sözü, mövqeyi olan, xalqının maraqlarını uca tutan lider

 

Azərbaycanın müstəqilliyinə yenidən qovuşduqdan sonra qısa müddət ərzində hər sahədə əldə etdiyi yüksək nailiyyətlərdən və sürətli inkişafdan böyük iftixar hissi keçirən müsəlman dövlətlərinin rəhbərləri bu nailiyyətləri getdikcə artıracağına və ölkəmizin regionda əsas güc mərkəzi kimi daha da qüdrətlənəcəyinə əmin olduqlarını vurğulayıblar.

Söylənilən fikirlərə əsaslanaraq əminliklə demək olar ki, dünyanın geosiyasigeoiqtisadi xəritəsində müstəsna mövqeyə malik olan Azərbaycanın dünya siyasətinin mühüm həlqəsinə, qlobal proseslərdə mühüm aktora çevrilməsi Prezident İlham Əliyevin nüfuzlu dövlət xadimi, qətiyyətli, xalqının mənafeyini hər şeydən uca tutan lider olması ilə şərtlənir. Beynəlxalq ictimaiyyət son illərdə Azərbaycan Prezidentini məhz öz sözü, mövqeyi olan, xalqının maraqlarını uca tutan, beynəlxalq münasibətlərdə sivil əməkdaşlığa, etibarlı tərəfdaşlığa yüksək dəyər verən praqmatik təfəkkürlü lider kimi qəbul edir.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 1 iyun.- S.1; 8.