Qeyri-rəsmi məşğulluğa qarşı
böyük mübarizə elan edilib
2018-ci ilədək bu problemin həllində ciddi
dönüşə nail olunacağını deyən Baş
nazirin müavini Əli ƏHMƏDOV əsas fəaliyyət
prioritetlərini belə müəyyənləşdirir:
Qanunvericilik təkmilləşdiriləcək,
mühasibat uçotu möhkəmləndiriləcək,
inzibati-nəzarət mexanizmi gücləndiriləcək, əhali
arasında maarifləndirmə işi genişləndiriləcəkdir
Azərbaycanın son onillikdəki sürətli iqtisadi inkişafı, həmçinin uğurlu sosial siyasət ölkədə məşğulluq probleminin böyük miqyasda həllinə töhfə verib. Ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində əmək hüququnun qorunması, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və bu kimi digər zəruri proseslər həyata keçirilib. Lakin yeni dövrün - sürətli və dərin islahatlar mərhələsinin çağırışlarına uyğun olaraq əmək münasibətlərinin tənzimlənməsi sistemində də əsaslı dəyişikliklərin məqamı yetişib. Qeyd edək ki, bu məsələ “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”nin də mühüm müddəalarındandır.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin 2017-ci il mart ayının 17-də imzaladığı əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamı da bu kontekstdə ciddi tarixi dönüş yaradacaq hüquqi-baza sənədi kimi qəbul olunur.
Bu sahədə dövlət orqanları arasında əlaqələndirilmiş siyasətin həyata keçirilməsi məqsədilə dövlət başçısı Əmək Münasibətlərinin Tənzimlənməsinin Təkmilləşdirilməsi və Koordinasiyası Komissiyası yaradıb. Baş nazirin müavini, komissiyanın sədri Əli ƏHMƏDOVla müsahibəmizdə də ötən müddət ərzində bu sahədə həyata keçirilən tədbirlər və aparılan müvafiq monitorinqlərin nəticələri barədə, həmçinin perspektivdə nəzərdə tutulan məsələlər haqqında söhbətləşdik.
Azərbaycanın sosial-iqtisadi uğur göstəriciləri
inkişaf etmiş ölkələrlə müqayisə oluna
bilər
- Əli müəllim, Prezident
İlham Əliyevin qeyri-rəsmi məşğulluğun
aradan qaldırılması sahəsində əlavə tədbirlər
haqqında sərəncamına əsasən, “Əmək
münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi
və koordinasiyası komissiyası” yaradılmış,
konkret vəzifələr müəyyən edilmişdir. Komissiyanın sədri kimi,
qarşıya qoyulmuş vəzifələrin mahiyyəti və
icrası barədə nə deyə bilərsiniz?
- Azərbaycanın dinamik inkişafı son illərin hamı tərəfindən qəbul olunan reallığıdır. Onu ifadə edən rəqəmləri sadalayıb oxucuları yormaq istəməzdim, çünki bu hamıya yaxşı məlumdur. Lakin qeyd etməyi lazım bilirəm ki, iqtisadi yüksəlişin ayrılmaz tərkib hissələri kimi, son illərdə 1,6 milyon yeni iş yerlərinin açılması, əməkhaqlarının və pensiyalarının dəfələrlə artması, digər sosial müdafiə tədbirlərinin həyata keçirilməsi insanların həyat tərzini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdir. Ölkədə işsizliyin səviyyəsi və yoxsulluq həddi 5-6 faiz civarındadır. Qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycan bu göstəriciləri ilə inkişaf etmiş ölkələrlə müqayisə oluna bilər.
Yaşadığımız mərhələnin mühüm xüsusiyyətlərindən biri islahatların yeni şəraitdə və formalarda davam etdirilməsidir. Məqsəd ölkənin inkişafını sürətləndirmək, insanların həyatını daha da yaxşılaşdırmaqdan ibarətdir. Təkmilləşdirilməyə ciddi ehtiyac duyan sahələrdən biri əmək münasibətləri sferasına aiddir. Prezident İlham Əliyevin xatırlatdığınız 17 mart tarixli sərəncamı məhz əmək münasibətlərinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirləri nəzərdə tutur.
İqtisadiyyatın inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi sayəsində ölkədə iqtisadi fəal əhalinin sayı artmışdır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün, iqtisadi fəal əhalinin sayı 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfəri muzdlu işçilərdir. Başqa sözlə ifadə etsək, əmək münasibətləri qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdirilmiş işçilərdir. 1,6 milyon nəfər əhali kənd təsərrüfatı sahəsində çalışır. Deməli, təxminən elə bu qədər də insan fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir. Qeyd olunan sonuncu kateqoriyadan olan məşğul əhalinin əmək münasibətlərində bizi narahat edən bir sıra problemlər mövcuddur. Onlar ya müvafiq dövlət orqanlarında əmək münasibətlərini rəsmiləşdirməyiblər, ya da digər formalarda nəticə etibarilə əmək münasibətlərinin rəsmiləşməsinə əngəl olan pozuntulara yol veriblər. Beləliklə, əmək münasibətləri sahəsində bütün nöqsanların aradan qaldırılması, əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsi aktual vəzifəyə çevrilmişdir.
Qeyri-rəsmi məşğulluq gizli iqtisadiyyata aparan
birbaşa yoldur
- Qeyri-rəsmi məşğulluq nədən
qaynaqlanır və onun ictimai zərəri nədən ibarətdir?
Həmçinin bizim üçün çox
maraqlıdır: dövlət əmək münasibətlərinin
rəsmiləşdirilməsi sahəsində problemləri həll
etməklə nəyə nail olmaq istəyir?
- Əmək münasibətlərinin rəsmiləşdirilməməsi ciddi iqtisadi və sosial xarakterli həm ictimai, həm də şəxsi problemdir. Qeyri-rəsmi məşğulluq, hər şeydən əvvəl, ölkədə əmək resursları, əmək bazarı barəsində aydın məlumatlar əldə etməyə imkan vermir. Bu isə öz növbəsində iqtisadi proqnozların hazırlanıb həyata keçirilməsi, əmək resurslarından səmərəli istifadə edilməsi qarşısında böyük çətinliklər yaradır. Bundan əlavə, əmək münasibətlərinin rəsmiləşdirilməməsi sayəsində əməkhaqqı ilə bağlı göstəricilər lazımi uçotdan kənarda qalır və beləliklə də makroiqtisadi göstəricilərin səviyyəsi olduğundan xeyli aşağı düşmüş olur.
Lakin əmin etmək istəyirəm ki, qeyd etdiklərim əmək münasibətlərinin rəsmiləşdirilməməsinin yaratdığı problemin heç də ən böyüyü, ən ziyanlısı deyil. Qeyri-rəsmi məşğulluq gizli iqtisadiyyata aparan birbaşa yoldur. Əgər əmək münasibətləri rəsmiləşdirilməyibsə, deməli, yaradılan milli gəlir də dəqiq qeydə alınmır və vergidən yayındırılır. Beləliklə aydın olur ki, qeyri-rəsmi məşğulluğun əsas səbəbi, əgər belə demək mümkündürsə, başlıca, bəlkə də yeganə motivasiyası vergi və sosial ödəmələrdən yayınmaqdır.
Əmək münasibətlərinin rəsmiləşdirilməməsi səviyyəsi uçotdan kənar qalan iqtisadiyyatın dərəcəsi ilə düz mütənasibdir: qeyri-rəsmi məşğulluq nə qədər çoxdursa, rəsmi dövlət uçotundan yayındırılan iqtisadiyyatın xüsusi çəkisi də elə o qədərdir.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, qeyri-rəsmi məşğulluq bu gün əmək münasibətləri sahəsində, ümumiyyətlə iqtisadi fəaliyyət sferasında həm ən çox rast gəlinən, həm də ciddi iqtisadi problemlərə yol açan ağır qanun pozuntusudur. Araşdırmalar nəticəsində elə hüquqi şəxslər aşkar edilmişdir ki, aylıq dövriyyəsi bir neçə milyon manata çatmasına baxmayaraq, rəsmi qeydiyyatdan keçmiş cəmi bir neçə işçisi var. Hətta iqtisadi fəaliyyət göstərən elə təşkilatlar da var ki, böyük maliyyə dövriyyəsinə rəğmən, ümumiyyətlə işçisi yoxdur.
Mən hələlik onların adını çəkmək istəmirəm. Hesab edirəm ki, çox ciddi qanun pozuntularına yol verən hüquqi şəxslər cənab Prezidentin imzaladığı sərəncamın qarşıya qoyduğu vəzifələrin mahiyyətini başa düşəcək, lazımi nəticələr çıxaracaq və ən qısa vaxtda buraxdıqları səhvləri düzəldəcəklər. Əks halda, onların hər biri qanun qarşısında cavab verməli olacaqlar. Qanunvericilikdə ciddi maliyyə pozuntularına görə kifayət qədər sərt sanksiyalar nəzərdə tutulur və mən istəməzdim ki, hüquqi şəxslərin buraxdığı qanun pozuntularını onların özləri deyil, hüquq mühafizə orqanları aradan qaldırmalı olsun.
Əmək münasibətlərinin rəsmiləşdirilməməsinin yaratdığı digər ciddi problem onun məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmağa imkan yaratmasıdır. Bu isə ilk növbədə, Dövlət Sosial Müdafiə Fondunu qanunla müəyyən edilmiş daxilolmaların əhəmiyyətli hissəsindən məhrum edir.
İnsanlar gələcəkdə pensiya almaq
hüququndan məhrum edilirlər
- Əli müəllim, yəqin problemlər tək
bunlarla bitmir. Toxunduğunuz
nöqsanlar vətəndaşlarımız üçün
hansı xoşagəlməz nəticələr verə bilər?
- Çox ciddi mənfi nəticələr
verə bilər, əslində isə indidən verir. Bu gün müxtəlif səbəblərlə əlaqədar
əmək münasibətlərini rəsmiləşdirməyən
və məcburi dövlət sosial sığorta
haqlarını ödəməyən işçilər
pensiya yaşına çatdıqda pensiya almaq hüququna malik
olmayacaqlar. Ya işəgötürənin
daha çox qazanc əldə etməsi naminə, ya da
işçinin öz səhlənkarlığı və ya
günahı ucbatından Dövlət Sosial Müdafiə
Fonduna məcburi sosial ödəmələrini həyata
keçirməyən insanları pensiya yaşına
çatanda nələr gözlədiyini təsəvvür edirsinizmi?
Yaşına görə
işləmək imkanlarını itirmiş birisinin pensiya
almadan yaşamağını təsəvvür etmək
mümkündürmü? Əgər insanı gələcəkdə
pensiya hüququndan işəgötürən bilərəkdən,
daha çox şəxsi qazanc əldə etmək naminə məhrum
edirsə, mən bunu böyük cinayət sayıram.
Yox əgər insan özü bilərəkdən gələcəkdə
özünün pensiyasız qalmasına əsas yaradırsa,
bundan böyük məsuliyyətsizlik təsəvvür etmək
mümkün deyil!
Onu da vurğulamaq yerinə
düşər ki, əmək münasibətlərinin rəsmiləşdirilməməsi
işçini tamamilə hüquqsuz vəziyyətə
salır. Bu cür insanlar dövlət tərəfindən təmin
edilən sosial müdafiə sistemindən özlərini kənarda
qoyurlar. Onların qanuni yolla məzuniyyətdən
istifadə etmək, xəstələndikdə haqqı ödənilən
müalicə almaq hüquqları, demək olar ki, itirilir.
Bir sözlə, onların sosial
hüquqlarının qorunması ciddi problemlərlə
üzləşir.
“Qara
mühasibat”lıq qara ləkəyə çevrilib
- Həqiqətən
də əmək münasibətlərini rəsmiləşdirməmək
dövləti və insanı aldatmaqdır. Müasir dövrdə,
insanların kifayət qədər savadlı olduğu bir
zamanda bunu necə edə bilirlər?! Bu
işbazlar qanunsuz fəaliyyətlərində ən çox
hansı formalardan, üsullardan istifadə edirlər?
- Ən çox
yayılmış üsul işəgötürənlərin
işçilərinin sayını azaltmasıdır. Bir çox
iqtisadi fəaliyyət sahələri mövcuddur ki, qanunlarda və
normativ aktlarda mövcud olan boşluqlar onlara öz bəd əməllərini
həyata keçirməyə münbit şərait
yaradır. Əmək münasibətlərinin
rəsmiləşdirilməməsi, istifadə olunan
işçilərin sayının gizlədilməsi
hallarına tikintidə daha çox rast gəlmək
mümkündür. Təəssüf hissi ilə qeyd etmək
lazımdır ki, mövcud tikinti qanunvericiliyi və
normaları iş adamlarına imkan verir ki, işçilərinin
sayını gizlədə bilsin. Xidmət
müqavilələri, subpodratçılıq münasibətləri
bu mənada sahibkarların işini asanlaşdıran
formalardır. Maraqlıdır ki, həm
xidmət müqaviləsi, həm də
subpodratçılıq müvafiq normativ aktlarda nəzərdə
tutulub. Doğrudur, beynəlxalq praktikada həmin
formalar mövcuddur. Lakin vacib bir fərqlə.
Digər ölkələrdə sözügedən
əmək müqavilələri formalarından sui-istifadəyə
imkan yaradan boşluqlar yoxdur.
Geniş yayılmış
digər forma özəl sektorda əməkhaqqının
ödənilməsində lazımi şəffaflığın
olmamasıdır. Bəzi işəgötürənlər
mühasibat uçotu sahəsində olan boşluqlardan
faydalanaraq, xalq arasında yayılmış terminologiyadan istifadə
etsək, “qara mühasibat”a əl atırlar. “Qara
mühasibat”ın mahiyyəti ondan ibarətdir ki,
işçiyə verilən əməkhaqqının az bir hissəsi rəsmiləşdirilir,
çox hissəsi isə rəsmiləşdirilmir. Nəticə etibarilə həm hüquqi şəxs,
həm də işçi vergi və məcburi dövlət sosial
sığorta haqqını ödəməkdən
yayınmış olurlar.
Nəhayət, fərdi
sahibkarlar və özüməşğul əhalinin
müzakirə etdiyimiz kontekstdə, yumşaq desək, qəribə
davranışını qeyd etmək istərdim. Bu gün
vergidən, ələlxüsus məcburi dövlət sosial
sığorta haqqını ödəməkdən yayınan
insanlar bilərəkdən qocalıqda özlərini pensiya
hüququndan məhrum edirlər. Təhlillər
göstərir ki, qeyri-rəsmi məşğulluq kifayət qədər
geniş yayıla bilmişdir. Bu tipli qanun
pozuntularına tikinti ilə yanaşı, ticarət, iaşə,
nəqliyyat, xidmət sahələrində tez-tez rast gəlinir.
- Bu kimi mənfi
proseslərin qarşısının alınmasında rəsmi
strukturların münasibəti bundan sonra dəyişəcəkmi?
- Tam dəyişəcək. Dövlət əmək münasibətləri sahəsində
yaranmış vəziyyətə biganə qala bilməz və
qalmır. Prezidentin sərəncamı bir
daha sübut edir ki, Azərbaycan dövləti ən qısa
vaxtda əmək münasibətlərinin rəsmiləşdirilməsi
sahəsində mövcud problemləri aradan qaldırmaq,
işçilərin sosial hüquqlarının qorunması
sahəsində əlavə zəruri addımları atmaq niyyətindədir.
İnsanların sosial hüquqlarının
qorunması onların sosial müdafiəsi qədər
böyük dəyər kəsb edir və dövlətimiz bu
işdə seyrçi mövqeyində qalmaq niyyətində
deyil.
İstər qanunvericiliyin təkmilləşdirilməsi,
istər inzibatçılığın gücləndirilməsi,
istər qanun pozuntularına qarşı qanuni sanksiyaların sərtləşməsi,
istərsə də geniş təbliğat aparılması
sayəsində əmək münasibətləri sahəsində
bütün problemlərin aradan qaldırılmasına nail
olunacaqdır.
Əmin ola bilərsiniz ki, cənab
Prezidentin 17 mart tarixli sərəncamından sonra qeyri-rəsmi
məşğulluğa qarşı böyük mübarizə
elan edilmişdir və bu mübarizənin uğurlu
olacağına dərindən inanıram.
Qeyri-rəsmi məşğulluğun
mövcudluğunda vergi dərəcəsi amili həlledici
deyil
- Belə fikirlər
də səsləndirilir ki, qeyri-rəsmi məşğulluğun
əsas səbəbi vergi dərəcəsinin yüksək
olmasıdır. Əgər vergilər yüksək olmasa,
sahibkarlar vergidən yayınmağa və nəticə etibarilə
qeyri-rəsmi məşğulluq kimi qanunsuzluqlara əl
atmağa məcbur olmazlar. Siz bu fikirlərlə
razısınızmı?
- Sualınıza sadə şəkildə
“hə” və ya “yox” formasında cavab vermək istəməzdim.
Əvvəla, Azərbaycanda vergi dərəcələrinin
çox və ya həddən çox olması iddiası ilə
razılaşmaq mümkün deyil. İnternet
əsrində bu cür iddiaların nə qədər əsaslı
olduğunu sübuta yetirmək çox asandır. Bununla belə, qeyri-rəsmi məşğulluğun
aradan qaldırılması istiqamətində dövlətin
planlarını şərh edərkən sahibkarlar arasında
sözügedən problemin yaranmasına fərqli
yanaşmaların mövcud olduğunu qulaqardına
vurmağı da düzgün saymıram.
İş adamlarının
böyük hissəsinin qeyri-rəsmi məşğulluğu
əsas etibarilə vergi və məcburi dövlət sosial
sığorta haqlarının çoxluğu ilə əsaslandırmağa
üstünlük verməsinin səbəbi ondan ibarətdir
ki, nəticə etibarilə problemi aradan qaldırmağın əsas
yolunun vergi dərəcələrinin azaldılmasından
keçməsi barədə məntiq ortaya qoyulsun. Bununla əlaqədar olaraq
iş adamları vergi dərəcələrinin
azaldılmasını qeyri-rəsmi məşğulluğun
aradan qaldırılması kontekstində əsas müzakirə
predmetinə çevirməyi təklif edirlər. Mənə belə gəlir ki, qeyri-rəsmi məşğulluğun
mövcudluğunda vergi dərəcəsi amili varsa da o, əsas,
həlledici yerdə durmur. Bütün təhlillərin
ortaya qoyduğu həqiqət budur ki, qeyri-rəsmi məşğulluğun
geniş yayılmasının əsas motivi vergi və sosial
ödəmələrdən yayınmaq hesabına daha
çox mənfəət əldə etməkdir. Digər ölkələrin təcrübəsi də
həmin həqiqəti təsdiq edən əlavə sübut
qismində nəzərdən keçirilə bilər. Belə olan halda qeyri-rəsmi məşğulluğa
qarşı mübarizədə vergi dərəcələrinin
aşağı salınmasını əsas və yeganə
vasitə kimi təqdim etməyi səmərəli təklif
hesab etmək mümkün deyil.
Ən faydalı,
düzgün və yeganə mümkün yanaşma o
olardı ki, vergi dərəcələri ilə əlaqədar
aktiv diskussiyalar vergi bazasının genişlənməsi əsasında
və onun nəticəsi olaraq müzakirə predmetinə
çevrilsin.
Bu isə həlledici dərəcədə sahibkarların,
daha dəqiq ifadə etsəm, qeyri-rəsmi məşğulluqdan
fayda götürən iş adamlarının seçimindən
asılıdır. Başqa sözlə desək,
vergi dərəcələri ilə əlaqədar
diskussiyaların başlanması üçün ilkin şərt
qeyri-rəsmi məşğulluqdan imtina edilməsi və vergi
bazasının genişləndirilməsi hesab edilməlidir.
Həm işçinin, həm sahibkarın, həm
də dövlətin maraqlarına cavab verən bu cür
yanaşma qeyri-rəsmi məşğulluğa qarşı
mübarizənin uğur qazanmasının ən etibarlı təminatı
sayıla bilər. İnanmaq istəyirəm
ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin
haqqında söhbət açdığımız təşəbbüsü
onun bütün təşəbbüsləri kimi əhali tərəfindən
qətiyyətlə dəstəklənəcək və
2017-2018-ci illərdə qeyri-rəsmi məşğulluğun
aradan qaldırılmasında ciddi dönüşə nail
olunacaqdır.
Medianın dəstəyi
vacibdir
- Qeyri-rəsmi məşğulluğu
aradan qaldırmaq üçün qarşıdakı dövrdə
hansı tədbirlərin görülməsi nəzərdə
tutulur?
- Cənab Prezidentin tapşırığına əsasən müvafiq təkliflər hazırlanıb. Əlbəttə, hər şeydən əvvəl qanunvericilikdə əmək münasibətlərini rəsmiləşdirməkdən yayınmağa imkan verən boşluqlar aradan qaldırılacaq. Onların bəziləri barəsində, xüsusilə də tikinti sahəsində, artıq dedim. Bütün qanunvericiliyin bu baxımından monitorinqinə ehtiyac var və o, həyata keçiriləcək. Digər tərəfdən, bu sahədə dünyada mövcud olan təcrübədən istifadə olunacaq.
Mühasibat uçotunun möhkəmləndirilməsinə böyük ehtiyac var. Özəl sektorda yuxarıda haqqında danışdığımız “qara mühasibat”ın kökü kəsilməlidir. Bu sahədə artıq bəzi addımlar atılır. İnanıram ki, nağdsız hesablaşmalarla əlaqədar görülən tədbirlər “qara mühasibat”ın aradan qaldırılmasına ciddi kömək edəcəkdir. Bir sıra institusional tədbirlər görülməlidir. İqtisadi mexanizmlərin daha təsirli olacağına inanıram.
İnzibati-nəzarət mexanizminin gücləndirilməsi nəzərdə tutulan tədbirlərdən digər qismidir. Bununla bərabər inanmaq istəyirəm ki, işəgötürənlər əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində əməkdaşlığa daha meyilli olacaqlar. Hesab edirəm ki, bu, inzibati tədbirlərə əl atmağa ehtiyacı azaldacaq.
Əhalinin arasında maarifləndirmə işlərinin əhəmiyyətini ayrıca qeyd etmək istəyirəm. Heç kim öz əmək və sosial hüquqlarının qorunmasına biganə qalmamalıdır. Əhalinin, xüsusilə də işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi probleminə ciddi yanaşmasını mən bu sahədə dövlətin atdığı və bundan sonra atacağı addımların uğur qazanmağına mümkün olan ən böyük dəstək hesab edirəm.
Fürsətdən istifadə edib mətbuatın rolunu da ayrıca vurğulamaq istərdim. Arzu edirəm ki, media qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün başlanmış mübarizənin uğurla həyata keçirilməsinə öz köməyini əsirgəməsin.
Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
Azərbaycan.- 2017.- 1 iyun.- S.7.