Milli Olimpiya Komitəsi “Azərbaycan”ı İslamiadanı ən yaxşı işıqlandıran qəzet elan etdi

 

Dünən Azərbaycan Milli Olimpiya Komitəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən “Zəfər günləri” adlı xüsusi tədbirlərin işıqlandırılmasında fəal iştirak edən media nümayəndələri, eləcə  də yarışların təşkilində fəallıq göstərən könüllülər mükafatlandırıldılar. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev iştirak etdilər.

Tədbirdə çıxış edən Çingiz Hüseynzadə layihənin əhəmiyyəti haqqında danışaraq qeyd etdi ki, “Zəfər günləri” həm media, həm də ictimaiyyət nümayəndələrinə öz qəhrəmanları ilə yaxından tanış olmaq imkanı yaratdı: “Azərbaycan daha bir mötəbər idman yarışına uğurla evsahibliyi etdi. İdmançılarımız onlara göstərilən etimadı növbəti dəfə doğrultdular. Mətbuat vasitəsilə azarkeşlər ölkəmizin idman şərəfini uca tutan atletlərimizi yaxından tanımaq imkanı əldə etdilər. Mayın 14-23-də keçirilən tədbirlərdə iştirakına görə hər kəsə təşəkkürümü bildirir və gələcəkdə Azərbaycanın idman tarixində daha çox qələbələrin şahidi olacağımıza əminliyimi  ifadə edirəm”.

Ç.Hüseynzadə, həmçinin İslamiadanın yüksək səviyyədə təşkilinə görə MOK-un prezidenti, dövlət başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını ifadə etdi:Bütün bu uğurlar MOK-un prezidenti, ölkə başçısı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidenti bu Oyunların möhtəşəm keçirilməsi üçün lazımi şərait yaratdı”.

Daha sonra mükafatlandırılma mərasimi keçirildi. “Azərbaycan” qəzeti “Zəfər günləri”ni işıqlandıran “Ən yaxşı qəzet” nominasiyası üzrə qalib elan olundu. Qəzetimizin əməkdaşları Rəşad Baxşəliyev və Ağaəli Məmmədov mükafata  layiq görüldülər.

 

Azərbaycan.- 2017.-1 iyun.- S.7.