Azərbaycanın enerji siyasəti
ölkəmiz və bütöv region üçün böyük faydalar verir
ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini dəstəkləyir
Azərbaycanın zəngin təbii ehtiyatları ölkəmizin daha da qüdrətlənməsi və xalqımızın milli rifahının təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Ölkəmiz qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə malikdir. Enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül möv-qelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda beynəlxalq mövqelərimizi möhkəmləndirir.
Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin edib, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib. Azərbaycanın neftlə yanaşı böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixracın artmasına, buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.
“Şahdəniz” yatağının işlənilməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi, “Cənub qaz dəhlizi” layihəsi isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük təşəbbüslərdən hesab olunur. Türkiyə ilə Transanadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdir. “Cənub qaz dəhlizi”nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə “Cənub qaz dəhlizi”nin üçüncü mərhələsi oldu. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinidən keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaq.
2015-ci ildə Türkiyənin Qars vilayətində Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirilib. TANAP layihəsi “Cənub qaz dəhlizi” layihəsinin reallaşmasında olduqca əhəmiyyətli idi. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaq. “Cənub qaz dəhlizi” ilə bağlı sazişin imzalanmasından sonra Azərbaycan Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilməklə artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olub.
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin birinci və ikinci görüşündə layihənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, mətbuat üçün bəyanat qəbul edilmişdi. Müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivlərinə böyük önəm verən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
“Şahdəniz” dünyanın nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ötən müddətdə “Şahdəniz-2” layihəsi üzrə işlərin 90 faizi, Cənubi Qafqaz Boru Kəməri üzrə 80 faizə yaxını, TANAP üzrə 65 faiz və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. 2016-cı ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantıdan sonra Abşeron qaz layihəsi üzrə də işlərə başlanılıb. Abşeron yatağının birinci mərhələsi üzrə qaz potensialı hesablanıb və bu yataq Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaq.
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilməsi də mühüm əhəmiyyət daşıdı. İclasda ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək nümayəndələri, həmçinin “Cənub qaz dəhlizi”nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak etdilər. Avropa İttifaqı nümayəndə heyətinin tərkibinə Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard daxil idilər. İclas çərçivəsində keçirilən dörd plenar sessiya və “dəyirmi masa”da enreji məsələləri müzakirə olundu. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında bu enerji layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabat dinlənildi, layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları oldu, həmçinin “Qlobal enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusu geniş müzakirə olundu. Sessiyada “Cənub qaz dəhlizi”nin seqmentləri - Cənubi Qafqaz Boru Kəməri, “Şahdəniz-2” TANAP və TAP-ın icra vəziyyəti və gələcəkdə görüləcək işlər də nəzərdən keçirildi.
“Cənub qaz dəhlizi”nə qoşulmaq istəyən ölkələrin sayı artır. Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi “Cənub qaz dəhlizi” layihəsi üçün yeni perspektivlər açır. Həmin ölkələr layihəyə qoşulmaqda maraqlı olduqlarını bəyan ediblər. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi.
Bu günlərdə Bakıda XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin keçirilməsi də maraqlı məqamları ilə əlamətdar oldu. Tədbirdə ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya kimi dünyanın nüfuzlu dövlətlərinin təmsilçiləri iştirak etdilər. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer almışdı. Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmini, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim etdilər.
XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi platformadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə platformasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır. Konfransda dünyanın 30 ölkəsindən 300 nümayəndənin iştirakı tədbirin qlobal mahiyyət daşıdığını sübuta yetirdi.
Prezident İlham Əliyev tədbirin əhəmiyyətini belə dəyərləndirib: “Bu sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir. Ölkəmizdə XXIV sərgi keçirilir, bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Sərgiyə maraq azalmır, əksinə, artır. İndi qeyd olundu ki, bu sərgidə 300-ə yaxın şirkət iştirak edir. Qəti əminəm ki, builki sərgi də uğurlu olacaqdır.
Amma əlbəttə ki, birinci sərginin keçirilməsi ölkəmizi dünyada tanıtmaq üçün xüsusi rol oynamışdır. Çünki o vaxt Azərbaycanı tanımırdılar, Azərbaycan gənc müstəqil dövlət idi. Ölkəmizdə kifayət qədər çox problemlər var idi və Azərbaycanın neft-qaz potensialını dünyaya təqdim etmək üçün sərginin əvəzolunmaz rolu olmuşdur. Mən sərginin təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm. Onlar Azərbaycan ilə 24 ildir ki, əməkdaşlıq edirlər, ölkəmizin inkişafına böyük töhfələr verirlər”.
Azərbaycan özünün mürəkkəb coğrafi məkanını öz xeyrinə istifadə edərək müxtəlif layihələrlə Qərblə Şərqi, Şimal ilə Cənubu bağlayan bir məkana çevrilib. Bütün bu nailiyyətlərə Azərbaycan özünün xüsusi düşünülmüş və çox praqmatik siyasəti ilə müvəffəq olub. Azərbaycan özünü müstəqil siyasət yeridən etibarlı tərəfdaş kimi təsdiq edib. Bu baxımdan ABŞ-la Azərbaycan arasında əməkdaşlığı da xüsusi qeyd etmək olar.
Donald Tramp prezident seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni dönəm başlayıb. ABŞ Prezidenti D.Tramp Prezident İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir. ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən “Cənub qaz dəhlizi”ni qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların onun tamamlanmasına yönəlmiş səylərini alqışlayır. ABŞ qlobal enerji təhlükəsizliyinin güclənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir.
ABŞ Prezidenti Donald Tramp XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib: “Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə Sizə və Azərbaycan xalqına ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Mən son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirirəm və bu tərəfdaşlığın davamlı inkişafını arzulayıram.
Amerika Birləşmiş Ştatları “Cənub qaz dəhlizi”ni qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm.
Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır”.
Rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin əməkdaşlığı, bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin daha da möhkəmləndirilməsi, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Azərbaycan 11 sentyabr terror aktından sonra ABŞ-a terrorizmə qarşı mübarizədə yardım etmək üçün hazır olduğunu bildirən ilk ölkələrdən olub. Eyni zamanda Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etməklə bütün sferalarda etibarlı tərəfdaş olduğunu sübuta yetirib.
Əlaqələrə Birləşmiş Ştatların baxış bucağından nəzər saldıqda ilk növbədə dünyanın sözügedən fövqəldövləti ilə Azərbaycan arasındakı münasibətlərin zəruriliyini şərtləndirən əsas amillər qeyd olunmalıdır. Bu amillər ABŞ-ın ölkəmizin beynəlxalq təhlükəsizliyinə təminat vermək, iqtisadi və siyasi dəstək göstərmək, sivil dövlətlərarası münasibətlər sisteminə inteqrasiya olunmasına yardım etmək imkanı ilə əlaqəli olmaqla yanaşı, həm də Azərbaycanın ABŞ-ın milli mənafeləri baxımından əlverişli geosiyasi ərazidə yerləşməsi, zəngin təbii ehtiyatlara, xüsusən neft yataqlarına malik olması və beynəlxalq prinsiplərə uyğun, sivil və müstəqil siyasət yeritməsi ilə bağlıdır. Bu baxımdan ümumilikdə postsovet məkanına münasibətdə daha praqmatik və incə siyasət yürütməyə çalışan Birləşmiş Ştatların Azərbaycana strateji tərəfdaşlıq prizmasından yanaşması bir daha ölkəmizin bölgədəki üstün mövqeyini təsdiq edir. Hazırda iki ölkənin strateji müstəvidə inkişaf edən əlaqələri Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı, demokratik dəyərlərin daha sürətlə intişar tapması, habelə qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.-2 iyun.- S.1; 8.