Problemlərin həllində uğurlu nümunə
Qaçqın və məcburi köçkünlərə
qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir
Bu gün Azərbaycanın müəllifi olduğu uğurlu inkişaf modelinə dünya miqyasında maraq daha da artır. Bunun ümdə səbəblərindən biri də odur ki, dünya iqtisadiyyatını cənginə alan qlobal böhrana baxmayaraq, Azərbaycan dayanıqlı tərəqqisini uğurla təmin edir. Yaşanan inkişaf ilk olaraq ölkə vətəndaşlarının maddi rifah halının daha da yüksəlməsində, sosial problemlərinin uğurla həllində özünü qabarıq surətdə büruzə verir. Azərbaycan bunlara o şəraitdə nail olur ki, hələ də ərazilərinin 20 faizi işğal altındadır, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün var. Buna rəğmən, yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan daha da güclənir, sosial inkişaf proqramları, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atılır.
Bütün bunlar qaçqın və məcburi köçkünlərin həyatında da özünü qabarıq surətdə büruzə verir. Qeyd edilənlərin daha bir real təsdiqi Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərqində Lökbatan-Qobu yolunun 3 kilometr şərq hissəsində məcburi köçkünlər üçün salınacaq yeni müasir yaşayış kompleksinin təməlqoyma mərasimi ilə bir daha özünü göstərdi.
Sosial problemlərin
həlli Birinci vitse-prezidentin xüsusi diqqət mərkəzindədir
Sözügedən təməlqoyma
mərasimini əvvəlkilərdən fərqləndirən ən
ümdə cəhətlərdən biri burada ölkənin
Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı oldu. Ümumiyyətlə,
Birinci vitse-prezident kimi fəaliyyətə başlayan Mehriban
xanım Əliyevanın diqqət mərkəzində məcburi
köçkünlərin sosial problemlərinin həlli ön
planda yer alır. Bunu Birinci vitse-prezident
kimi onun ilk müşavirəni Bakı və Sumqayıt şəhərlərində
qəzalı binalarda ağır şəraitdə yaşayan
4 min məcburi köçkün ailəsinin mənzil şəraitinin
yaxşılaşdırılmasına həsr etməsi də
aydın surətdə nümayiş etdirir. Məhz ölkənin Birinci vitse-prezidentinin verdiyi
tapşırıqlara əsasən, məcburi
köçkünlərin sosial problemlərinin həlli istiqamətində
genişmiqyaslı işlərə başlanıldı.
Həmin müşavirənin
nəticəsi və hazırlanan tədbirlər planına
uyğun olaraq birinci mərhələdə ən qəzalı
binalarda yaşayan 4 min ailə yeni yaşayış yerlərinə
köçürüləcək. Hazırda bu plana
uyğun olaraq Abşeron rayonunun Masazır qəsəbəsində
3 bina, Sabunçu rayonunun Ramana qəsəbəsində 1 bina
inşa olunur. Sumqayıt şəhərində
qaçqın və məcburi köçkün ailələri
üçün 5 binanın tikintisi başlayıb və digər
5 binanın inşası üçün yer ayrılıb,
yaxın zamanda tikinti işlərinə başlanılacaq.
Bununla yanaşı, həm Bakı şəhərində,
həm də Sumqayıtda tikilmiş hazır binalarda həmin
məqsəd üçün dövlət tərəfindən
mənzillər də alınır.
Görülən işlərin daha
bir məntiqi nəticəsi kimi Lökbatan-Qobu yolunun 3 kilometr
şərq hissəsində 1026 məcburi köçkün
ailəsi üçün yaşayış kompleksinin təməlinin
qoyulması isə bu qədər sayda ailənin tezliklə
yeni rahat mənzillərdə yaşayışını davam
etdirməsinə gətirib çıxaracaq. Təməlqoyma
mərasimində çıxışı zamanı məsələnin
bu tərəfinə toxunan Birinci vitse-prezident Mehriban
Əliyeva qeyd edib: “Təqdim etdiyimiz layihə, təməlini
qoyduğumuz müasir yaşayış kompleksi ölkəmizin
özəl sektorunun bu nəcib işə töhfəsidir.
Burada, Qaradağ rayonunda 6 hektardan çox ərazidə yeni
yaşayış kompleksi yaradılacaq, ümumilikdə, 1026
ailə üçün 9 mərtəbəli 11 bina inşa
olunacaq. Qəsəbənin bütün
lazımi infrastrukturu olacaq, 220 nəfərlik uşaq
bağçası, 624 şagird yerlik orta məktəb
binası tikiləcək. Əminəm ki,
çox yaxın gələcəkdə - 1 il ərzində
insanların rahat yaşaması üçün burada yeni bir
qəsəbə salınacaq”.
Məcburi
köçkünlər də onlara bu böyük
qayğını yüksək qiymətləndirirlər. Yaxşı
bilirlər ki, dünyanın heç bir yerində məcburi
köçkünlər üçün mənzillər
tikilib istifadəyə verilməyib, bu qəbildən olan
insanlara belə qayğı göstərilməyib. Onlar həm də tam əmindirlər ki, atılan
addımlar, görülən işlər tezliklə doğma
yurd həsrətlərinə də son qoyulması ilə nəticələnəcək.
55 fərman və
sərəncam, 11 qanun, 32 görüş
Ümumiyyətlə,
qaçqın və məcburi köçkünlərin
üzləşdiyi problemlərin çözümündə,
onların cəmiyyətə inteqrasiyasında Azərbaycan
artıq dünya miqyasında nümunə yaradacaq işlərin
müəllifinə çevrilib. Birmənalı həqiqətdir
ki, qaçqın və məcburi köçkünlərə
diqqət və qayğı daim dövlət siyasətinin əsasında
dayanan başlıca amillərdən biri kimi
çıxış edib.
Ümummilli lider Heydər
Əliyevin təməlini qoyduğu bu siyasət onun
ideyalarını layiqincə yaşadan Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət
başçısı qaçqın və məcburi
köçkünlərin problemlərini hər zaman xüsusi
diqqət mərkəzində saxlayır, mütəmadi olaraq
onlarla görüşür, bu insanların maddi rifah
halının daha da yaxşılaşması
üçün zəruri addımlar atır.
2003-2017-ci illərdə qeyd
olunan istiqamətdə görülən işlərin
statistikasına nəzər salsaq, bunların əyani
şahidi olarıq. Belə ki, həmin dövr ərzində ölkə
Prezidenti tərəfindən sözügedən məsələ
üzrə 55 fərman və sərəncam imzalanıb, Nazirlər
Kabineti 204 qərar və sərəncam verib, Milli Məclis isə
11 qanun qəbul edib. Dövlət
başçısı 2003-2016-cı illərdə məcburi
köçkünlərlə yeni salınmış qəsəbələrdə
32 dəfə görüş keçirib. Məhz bu rəqəmlər bir daha məcburi
köçkünlərə yüksək dövlət
qayğısının real təzahürüdür.
Yuxarıda qeyd olunduğu
kimi, Azərbaycanın bu sahədə gördüyü
işlər dünya miqyasında da xüsusi diqqətlə
izlənir və təqdir olunur. Eləcə də Azərbaycan
qaçqın və məcburi köçkünlərin
probleminin beynəlxalq diqqət mərkəzində olması
üçün zəruri addımlar atır. Belə ki, ötən dövr ərzində ölkəmizdə
sırf bu problemə həsr olunmuş bir beynəlxalq konfrans
və iki geniş müşavirə keçirilib. Eyni zamanda Prezident İlham Əliyevin uğurlu siyasəti
nəticəsində Azərbaycan BMT-nin Qaçqınlar
üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin
üzvü seçilib.
95 müasir qəsəbə
məcburi köçkünlərin ixtiyarına verilib
Daha bir vacib məqam ondan ibarətdir
ki, ötən illərdə Azərbaycanın dinamik
sosial-iqtisadi inkişafı qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli
üçün böyük imkanlar yaradıb. Bu hal həm də
onların mənzil-məişət şəraitlərinin
yaxşılaşdırılması, məşğulluğunun
artırılması istiqamətində görülən
işlərin miqyasını daha da artırıb. Özü də bu işlər proqramlı şəkildə
həyata keçirilib. Belə ki, Prezident İlham Əliyevin
2004-cü il 1 iyul tarixli sərəncamı
ilə təsdiq edilmiş “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət
Proqramı”nın və sonradan həmin proqrama edilmiş əlavələrin
icrası bu qəbildən olan insanların mənzil problemlərinin
həllində mühüm rol oynayıb.
Görülən işlər nəticəsində
2007-ci ildə 12 çadır düşərgəsinin və
dəmir yolu üzərindəki yük vaqonlarından ibarət
qəsəbələrin ləğvi, 2016-cı ildə 16 fin
tipli qəsəbənin ləğvi başa
çatdırılıb və orada müvəqqəti məskunlaşmış
məcburi köçkün ailələrinin yeni
salınmış qəsəbələrə
köçürülməsi təmin edilib.
Ümumiyyətlə, 2001-2016-cı
illər ərzində qaçqın və məcburi
köçkünlər üçün respublikanın 30-dan
artıq şəhər və rayonunda Dövlət Neft
Fondundan və digər mənbələrdən
ayrılmış vəsait hesabına 3,2 milyon kvadratmetr sahəsi
olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə
salınıb. Bunun da 3 milyon kvadratmetr yaşayış sahəsinə
malik 90-ı, yaxud 95 faizi son 13 ildə inşa edilib.
Yeni yaşayış komplekslərində
151 məktəb, 58 mədəniyyət, 59 səhiyyə
müəssisəsi, 60 uşaq bağçası, 2 olimpiya
idman kompleksi tikilmiş, 730 kilometr yol, 965 kilometr su, 1625 kilometr
hava elektrik, 465 kilometr qaz xətti çəkilib.
Son 20 ildə həcminə
görə ən böyük məktəb - 1300 şagird
yerlik təhsil müəssisəsi 2012-ci ildə məcburi
köçkünlər üçün Qaradağ rayonunun
Müşfiqabad qəsəbəsində, gücünə
görə ən böyük elektrik yarımstansiyası 280
meqavat olmaqla 2007-ci ildə Ağcabədi rayonunda istifadəyə
verilib.
Yeni qəsəbələrin
salınmasına ümumilikdə 2,3 milyard
manat vəsait sərf olunub. Bu vəsaitin 2 milyard manatı
Dövlət Neft Fondunun vəsaitidir və bunun da 1,95 milyard
manatı, yaxud 97 faizi son 13 ildə istifadə olunub. Beləliklə,
indiyədək 50 min ailə və ya 250 min nəfər
qaçqın və məcburi köçkünün mənzil-məişət
şəraiti yaxşılaşdırılıb ki, ondan da 46
min ailə, yaxud 230 min nəfər son 13 ilin payına
düşür.
Böyük
qayıdışa sayılı günlər qalır
Bu gün məcburi
köçkünlərlə bağlı mühüm yeniliklərdən
biri də ondan ibarətdir ki, bu qəbildən olan şəxslər
təkcə onlar üçün salınmış yeni qəsəbə
və binalarda məskunlaşmır. Artıq
işğaldan azad olunmuş ərazilərdə də məcburi
köçkünlərin yerləşdirilməsi istiqamətində
genişmiqyaslı işlər görülməkdədir.
Qeyd olunan xüsusda Prezident İlham Əliyevin
“İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndinin bərpası ilə bağlı tədbirlər
haqqında” sərəncamı müstəsna əhəmiyyətə
malikdir. Çünki bununla məcburi köçkünlərin
mənzil-məişət problemlərinin həlli istiqamətində
tamam yeni bir mərhələ başlanır və
işğaldan azad olunan ərazilərə qayıdışa
start verilir. Bu mənada sözügedən sərəncam
kifayət qədər böyük önəmə malikdir.
Prezident İlham Əliyev “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü
ilinin yekunlarına həsr olunan konfransda
çıxışı zamanı deyib: “Biz kənd sakinlərini
işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin
sakinləri buna çox böyük həvəslə, maraqla
yanaşırlar. Əminəm ki, onlar indi
səbirsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində
Cocuq Mərcanlı kəndini yenidən quracağıq”.
Baş nazirin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Əli Həsənovun sədrliyi ilə Nazirlər Kabinetinin
müvafiq şöbəsinin, Milli Məclisin
deputatlarının, əraziləri işğal olunmuş
rayonların icra hakimiyyəti başçılarının və
müavinlərinin, Məcburi Köçkünlərin Sosial
İnkişaf Fondunun və Dövlətqaçqınkomun əməkdaşlarının
iştirakı ilə keçirilən geniş müşavirədə
də bu məsələyə xüsusi toxunulub.
Yeri gəlmişkən qeyd
edək ki, Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamı
xalqımız, həmçinin beynəlxalq təşkilatlar
tərəfindən yüksək qiymətləndirilib. Məsələn,
BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının Avropa bürosunun direktoru Vinsent
Koçetel də Prezident İlham Əliyevin son günlər
məcburi köçkünlərlə bağlı
imzaladığı fərman və sərəncamları dəstəklədiklərini
bildirir. O, Cocuq Mərcanlı kəndinin sakinlərinin
geriyə qayıdışı prosesində BMT
Qaçqınlar üzrə Ali Komissarlığının
yaxından iştirak etmək və bu sahədə öz təcrübələrini
bölüşmək istədiklərini də qeyd edir.
Cocuq Mərcanlı kəndinə
qayıdış həm də bütün cəmiyyətdə,
o cümlədən ordumuzda böyük ruh yüksəkliyi
yaradıb. Ermənistanda isə bunun tamam əksi müşahidə
olunur. İşğalçı ölkə
bilir ki, məcburi köçkünlər təkcə Cocuq Mərcanlı
kəndinə yox, yaxın tezlikdə işğaldan azad
olunacaq digər bölgələrə də qayıdacaq və
Azərbaycan bu yerlərdə də böyük
abadlıq-quruculuq işlərinə başlayacaq.
6 milyard manatdan
çox vəsait sərf olunub
Ümumilikdə qaçqın və
məcburi köçkünlərin sosial problemlərinin həllinə
6,2 milyard manat həcmində vəsait sərf
olunmuşdur. Ondan 2,8 milyard manat dövlət büdcəsinin,
2 milyard manat Dövlət Neft Fondunun və 1,4 milyard manat isə
beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların
vəsaitidir.
Bu vəsaitin də 85 faizi, yaxud 5,2 milyard manatı son 13 ildə istifadə
olunub. Bütün bunlar həm də onu təsdiq
edir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan
torpaqlarına hərbi təcavüzü nəticəsində
doğma ocaqlarından didərgin salınmış
soydaşlarımızın bütün problemləri Azərbaycan
dövlətinin gündəlik qayğısına
çevrilib. Bu qayğıdan irəli gələrək
doğma torpaqlarından qovulmuş və didərgin
salınmış insanların taleyi, mənzil-məişət
vəziyyətinin yaxşılaşdırılması və
sosial müdafiəsinin təmin edilməsi daim dövlətimizin
diqqət mərkəzində olub. Ölkədə
bu istiqamətdə böyük layihələr həyata
keçirilib, yeni qəsəbələr salınaraq
qaçqınların və məcburi köçkünlərin
istifadəsinə verilib. Proses indinin özündə də
uğurla davam etdirilir.
Məşğulluq
problemi uğurlu həllini tapır
Məcburi
köçkünlərə dövlət qayğısı təkcə
qeyd edilənlərlə məhdudlaşmır. Onların məşğulluq
probleminin həlli istiqamətində də mühüm
addımlar atılır. Bunun nəticəsidir ki, son 13
ildə 380 min nəfər əmək qabiliyyətli məcburi
köçkündən 161 min nəfəri büdcə təşkilatlarında
və digər sahələrdə daimi işlə, 200 min nəfəri
isə müvəqqəti işlə təmin olunub.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son
13 ildə 2 min nəfərdən çox məcburi
köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin
maliyyələşdirilməsinə 44 milyon manat güzəştli
kredit verilib.
Məcburi köçkünlərin
sıx müvəqqəti məskunlaşdığı
obyektlərdə infrastrukturun
yaxşılaşdırılması məqsədilə
Dünya Bankı və Azərbaycan hökuməti arasında
bağlanmış kredit sazişi üzrə 610 min nəfərin
faydalandığı və dəyəri 85,6 milyon manat təşkil
edən 910 mikrolayihə icra edilib. Həmçinin onların məşğulluğunun
artırılması üçün 11 min nəfər məcburi
köçkünə 7,7 milyon manat məbləğində
mikrokredit verilib. 2016-cı ildə Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması, gəlir
imkanlarının dəstəklənməsi komponentlərini
özündə əks etdirən yeni saziş imzalanıb.
Həyata keçirilmiş tədbirlər
nəticəsində məcburi köçkünlər
arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək
azalıb, 2016-cı ildə hər bir nəfər məcburi
köçkünə 750 manat vəsait sərf olunub.
Sosial vəziyyət
təkmilləşdirilir
Göstərilən
qayğının daha bir təzahürü də odur ki,
Prezidentin sərəncamlarına əsasən dövlət ali və orta ixtisas təhsili müəssisələrində
ödənişli formada təhsil alan məcburi köçkünlər
təhsil haqqını ödəməkdən azaddırlar.
Digər tərəfdən, son 13 ildə məcburi
köçkünlərə aylıq yemək xərci
üçün verilən müavinətin məbləği
4 dəfə, kommunal xidmətlərə görə vəsaitin
miqdarı 4,5 dəfə artıb. Amma dövlət
əldə olunan nailiyyətlərlə kifayətlənmir və
məcburi köçkünlərə yüksək
qayğı davam edir.
Bunun daha bir real təsdiqi
Prezident İlham Əliyevin məcburi köçkünlər
və onlara bərabər tutulan şəxslər
üçün vahid aylıq müavinətin müəyyən
edilməsi haqqında fərmanıdır. Dövlət büdcəsindən
məcburi köçkünlərin və onlara bərabər
tutulan şəxslərin sosial müdafiəsi
üçün ayrılan vəsaitin
ünvanlılığının təmin edilməsi və
çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə
imzalanan fərmana əsasən, məcburi köçkünlər
və onlara bərabər tutulan şəxslər
üçün yemək xərci müavinəti, habelə
kommunal və digər xidmətlər üzrə dövlət
büdcəsindən ödənişlər əvəzinə
2017-ci il yanvarın 1-dən hər bir məcburi
köçkün və onlara bərabər tutulan şəxslər
üçün 36 manat məbləğində vahid aylıq
müavinət müəyyən edilib.
Nazirlər Kabineti bu fərmanda
göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi
kontingenti və müavinətin ödənilməsi
qaydasını müəyyən edib. Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti və “Azərsu”
Açıq Səhmdar Cəmiyyəti isə məcburi
köçkünlərin məskunlaşdığı yerlərdə
sayğacların quraşdırılmasını qısa
müddətdə təmin etməlidir. Qarşıya
qoyulan vəzifələrin həlli üçün məcburi
köçkünlər və onlara bərabər tutulan şəxslər
üçün yemək xərci müavinəti, kommunal və
digər xidmətlər üzrə dövlət büdcəsindən
ödənişlər əvəzinə vahid aylıq
müavinətin ödənilməsi qaydaları artıq Nazirlər
Kabineti tərəfindən müəyyən olunub.
Beləliklə,
qaçqın və məcburi köçkünlər
üçün nəzərdə tutulan bəzi güzəştlər
pul ödənilməsi ilə əvəz olunub və sosial
müavinət şəklində onlara verilir. Konkret olaraq enerji
daşıyıcılarının xərcləri və un məmulatları ilə bağlı xərcləri
36 manatlıq aylıq sosial müavinətlə əvəz
olunub. Bu da həmin insanların dövlətin
onlara olan qayğısından daha konkret ünvanlı şəkildə
istifadə etməsinə səbəb olacaq. Əvvəllər də uzun illər onlar bu güzəştlərə,
imtiyazlara malik olublar, sadəcə həmin vəsait onda
dövlətin büdcəsindən müvafiq qurumlara
ayrılıb, indi isə onun forması dəyişib,
müvafiq qurumlar əvəzinə vətəndaşın
özünə verilir və onu xərcləmək istiqaməti
də vətəndaşın öz seçimindən
asılı olacaq. Sosial müdafiənin bu
şəkildə təmin olunması ünvanlılıq
prinsipinə də uyğundur.
Bu il
də görüləcək işlər çoxdur
Məcburi köçkünlərə dövlət qayğısı davamlı olduğundan cari il ərzində də qeyd edilən istiqamətdə genişmiqyaslı işlər görüləcək. Belə ki, hazırda Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə hündürmərtəbəli binalardan ibarət yaşayış kompleksinin tikintisi aparılır. Eyni zamanda uğurlu Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Prezidentin 2017-ci il 23 yanvar tarixli sərəncamı ilə ayrılmış 4 milyon manat vəsait hesabına birinci mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikintisi yekunlaşıb.
Bununla yanaşı, Bakı şəhərində qəzalı vəziyyətdə olan 115 obyektdən birinci mərhələdə ən təhlükəli 2 obyektdə yaşayan 260 məcburi köçkün ailəsinin Prezidentin 2017-ci il 23 yanvar tarixli sərəncamı ilə ayrılmış 15 milyon manat vəsait hesabına mövcud qəsəbələrdə yeni hündürmərtəbəli binalar tikilməklə və 5 milyon manat vəsait hesabına isə 85 ailənin hazır mənzillər alınmaqla köçürülməsi təmin ediləcək.
Yenə də Prezidentin tapşırığı ilə 2017-ci ildə məcburi köçkünlər üçün salınmış Biləsuvar rayonu ərazisində 4450 ailəlik 11 (21680 nəfər), Saatlı rayonu ərazisində 100 ailəlik 1 (400 nəfər), Sabirabad rayonu ərazisində 161 ailəlik 1 (750 nəfər) və Ağdam rayonunun Ergi qəsəbəsində 150 ailəlik 1 (500 nəfər) yaşayış qəsəbələrinin qazlaşdırılması başa çatdırılacaq (ümumilikdə 4861 ailə, 23330 nəfər).
Bütün bunlar məcburi köçkünlərə yüksək qayğının real təsdiqi olmaqla yanaşı, onların doğma torpaqlara qayıdacaqları günə olan əminliklərini də artırır. Onlar bu istiqamətdə aparılan dövlət siyasətinə tam dəstək verirlər.
Elçin CƏFƏROV,
Azərbaycan.- 2017.-2 iyun.- S. 1; 8.