Sərgi iştirakçıları Azərbaycanın enerji təhlükəsizliyindəki böyük rolunu bir daha vurğulayırlar

 

XXIV Beynəlxalq Xəzər NeftQaz Sərgisi öz işini davam etdirir. Sərgi iştirakçıları Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində olmasından, açılış mərasimindəki nitqindən məmnun qaldıqlarını bildirirlər. Onlar eləcə də dünyanın bir sıra dövlətlərinin rəsmi nümayəndələrinin burada iştirakını, o cümlədən ABŞ Prezidenti Donald Trampın sərgiyə göndərdiyi təbrik məktubunu yüksək dəyərləndirirlər.

Builki sərgidə 30 ölkədən gəlmiş 300-dən çox şirkət iştirak edir. Onların bir çoxu neft-qaz sərgisinin “veteranlar”ıdır. Bununla belə, tədbirə bir neçə ildir qoşulanlar, hətta “debüt” edən şirkətlər də az deyil.

XXIV Beynəlxalq Xəzər NeftQaz Sərgisi Azərbaycanın həm bölgədə, həm də Avropada enerji təhlükəsizliyi sahəsində önəmli rol oynadığını bir daha təsdiqləyir. Sərgi pavilyonlarının yaratdığı təəssürat və iştirakçıların sözləri göstərir ki, hazırkı tədbirin leytmotivi məhz budur. Sərginin platin sponsorunun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR-ın olması da təsadüfi deyil. Sərgi pavilyonlarında SOCAR-ın ayrı-ayrı şirkət və müəssisələri də öz nailiyyət və perspektivlərini geniş nümayiş etdirirlər.

İştirakçılar istər bu müəssisələrlə, istərsə də öz ekspozisiyalarını göstərən digər ölkələrin şirkətləri ilə öz əməkdaşlıq əlaqələrini genişləndirmək, sərginin yaratdığı imkanlardan səmərəli istifadə etmək məqsədində olduqlarını bildirdilər.

“BOS ŞELF” şirkətinin baza meneceri Moumen Qayor dedi:

- “BOS ŞELF” SOCAR-a məxsus şirkətdir. Bu müəssisə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun, eləcə Azərbaycanda iri neft-qaz layihələrinin əməliyyatçısı olan BP-nin dünyadakı ən böyük bazasının operatorudur. Hazırda bütün səy bacarığımızCənub qaz dəhlizi”nin reallaşmasına yönəldilib. Belə ki, bu dəhlizin ehtiyat mənbəyi olanŞahdənizyatağının işlənməsinin ikinci mərhələsi üçün tikilən dəniz qurğularının bir çoxu məhz burada inşa edilir. Yataqda quraşdırılacaq hər iki platformanın dayaq bloklarının tikintisini artıq başa çatdırmışıq. Birinci dayaq bloku keçən il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salındı. Bu ilin mart ayında ikinci qurğunu da öz daimi yerinə göndərdik. İndi “Şahdəniz-2”nin sualtı qurğuları ilə məşğuluq. Qeyd edim ki, bu qurğular ilk dəfədir Azərbaycanda tikilir.

Mənə neft-qaz mütəxəssisi olaraq belə bir müəssisədə çalışmaq çox xoşdur. İlk dəfə ölkənizə 1999-cu ildə gəlmişdim bir müddət sonra mənə tapşırılan işi başa çatdırıb geriyə qayıtdım. Lakin yeni layihələrdə çalışmağımla əlaqədar təkrarən Azərbaycana döndüm. Artıq bu diyara sıx tellərlə bağlanmışam. Özüm mərakeşliyəm, ancaq Fransada yaşamışam.

Oğlum isə 2004-cü ildə Bakıda, Leyla Şıxlinskaya klinikasında dünyaya gəlib.

Biz ailəliklə özümüzü burada çox yaxşı, təhlükəsiz hiss edirik. Xalqınız sülhsevərdir zəngin ənənələrə malikdir. Son 15 ildə qazandığınız böyük nailiyyətlər isə bütün dostlarınız kimi bizi ürəkdən sevindirir.

Hüseyn Abdi, İran Milli Qaz Şirkətinin meneceri:

- Çalışdığım şirkət İranın Neft Nazirliyinin dörd ən böyük müəssisəsindən biridir. Bu şirkət ölkənin böyük hissəsini enerji ilə təmin edir, eləcə onlarca neft-kimya sənaye kompleksinə yanacaq verir.

Həmkar olaraq Azərbaycanın neft-qaz sənayesi haqqında geniş məlumatımız var. Qaz alqı-satqısı sahəsində əməkdaşlığımız, həmçinin üçüncü dəfədir Beynəlxalq Xəzər Neft Qaz Sərgisində iştirakımız ölkəniz haqqında bilgilərimizi daha da zənginləşdirir.

Doğrudur, mən özüm Azərbaycana birinci dəfədir gəlmişəm. 20 il əvvəl valideynlərim burada olmuşdular. Onların danışdıqlarından da Bakı, Azərbaycan haqqında təsəvvürüm vardı. Deyim ki, təəssüratım gözlədiklərimi xeyli üstələyir.

Azərbaycan xalqının çox müdrik Prezidenti var, qısa müddətdə ölkədə bu qədər xoş yeniliklər yaradıb. Bir sözlə, Azərbaycan çox inkişaf edib.

İştirak etdiyimiz neft-qaz sərgisi isə bizə imkan verir ki, həm azərbaycanlı həmkarlarımızın gördüyü işlərlə ətraflı tanış olaq, həm ümumiyyətlə, əməkdaşlıq çevrəmizi genişləndirək. Sərgidə iştirak edən xarici şirkətlərin mütəxəssisləri ilə söhbətlər aparırıq. Məqsədimiz budur ki, İranda işləmək istəyi olan servis müəssisələrini ölkəmizə dəvət edək.

Dilmurad Şəripov, Özbəkistan Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunun İdarə Heyətinin sədri:

- Özbəkistanın neft-qaz müəssisələri, bu sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları son illərdə əməkdaşlıq əlaqələrini xeyli genişləndiriblər. Rusiyanın “LUKoyl”, Koreyanın bir neçə şirkəti ilə birgə işləyirik. Üç ildən çoxdur ki, SOCAR-la da əməkdaşlıq və tərəfdaşlıq edirik. Daşkənddə birgə müəssisə yaratmağa da müvəffəq olmuşuq.

Bu ilə qədər Xəzər neftqaz sərgisində yalnız nümayəndə heyətimiz iştirak edirdi. Yəni Daşkənddən gələn bir qrup mütəxəssis sərgi və konfransdakı müzakirə və diskussiyalara qatılırdı. Bu il isə ilk dəfədir öz stendimizi nümayiş etdiririk. Müxtəlif ölkələrdən olan həmkarlarımız deyirlər ki, sərgiyə stendimizlə çoxdan gəlməli idik. Çünki bu, sıx əməkdaşlıq qurmağa çox kömək edir. İndi biz bunu əyani görürük. Məktublaşmaq, internet vasitəsilə daim əlaqə saxlamaq yaxşıdır. Qarşı-qarşıya oturub söhbət etmək, məsləhətləşmək, vacib məsələləri müzakirə etmək isə daha çox fayda verir. Bu mənada sərginin əhəmiyyəti çox böyükdür.

Sərgidə iştirakım da, Azərbaycana gəlişim də birincidir. Təəssüratımı ifadə etməyə çətinliklə söz tapıram və hər sözün sonunda nida işarəsi qoymaq istəyirəm. Buradakı gözəlliklərə valeh olmamaq mümkün deyil.

XXIV Beynəlxalq Xəzər NeftQaz Sərgisinin pavilyonlarında görüşlər, işgüzar söhbətlər, seminarlar davam edir. Sərgi iştirakçılarının davranışlarından görünür ki, onlar hər dəqiqədən səmərəli istifadə etməyə, bu tədbirin yaratdığı imkanlardan gələcək uğurlu işlər üçün bəhrələnməyə çalışırlar. Sərgi öz işini iyunun 3-də başa çatdıracaq.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 2 iyun.- S.1; 10.