Milli Məclisdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

 

Bir iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarları ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğul və qızlarımızın məzarları ziyarət edilib.

Toplantıda Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, parlamentin komitə sədrləri, bir sıra məktəb və liseylərin şagirdləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Milli Məclisin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Milli Məclis sədrinin müavini Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə uşaqları təbrik edib. Vitse-spiker diqqətə çatdırıb ki, 1950-ci il iyunun 1-də keçirilmiş Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi məqsədilə qərara alınıb ki, bu tarix bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilsin. Azərbaycan da beynəlxalq birliyin üzvü kimi hər il bu günü qeyd edir. Bundan əlavə, BMT tərəfindən 1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul olunub və Azərbaycan bu konvensiyanı ratifikasiya edən ilk dövlətlərdəndir. Eyni zamanda, BMT Baş Assambleyasının müvafiq qərarı ilə 20 noyabr tarixiÜmumdünya Uşaqlar Günü kimi qeyd olunmaqdadır.

Bahar Muradova bildirib ki, ölkəmizdə uşaqların ən böyük himayədarı ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərib. Bu gün uşaqların ən böyük hamisi olan ölkə başçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2009-cu il ölkəmizdə “Uşaq ilielan olunub. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həllinə diqqətin artırılması məqsədilə bir sıra proqramlar həyata keçirilir.

Qeyd edilib ki, Azərbaycan insan hüquqlarına, onun tərkib hissəsi olan uşaq hüquqlarına hörmətlə yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsi, onlar üçün bütün sahələrdə bərabər imkanların yaradılmasıdır. Uşaqların daha firavan cəmiyyətdə yaşaması üçün parlamentdə vacib qanunlar qəbul olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər keçirildiyini söyləyib. Bildirilib ki, Azərbaycan hökuməti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. Uşaqlar bu imkanlardan səmərəli istifadə etməli, bilik və bacarıqlarını artırmalı, tariximizi, mədəniyyətimizi yaxşı öyrənməlidirlər. Hicran Hüseynova ailələrdə baş verən bəzi mənfi hallar barədə danışıb. Bunun aradan qaldırılması üçün profilaktik tədbirlərin görüldüyünü, uşaqlara hüquqi yardımın göstərildiyini söyləyib. Komitə sədri uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması kimi məsələlərin önəmli olduğunu bildirib.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin öz çıxışında deyib ki, uşaqların problemlərinin həllində onlarla dialoqun qurulması vacib amillərdəndir. Uşaqların danışmaq və dinlənmək hüququ təmin edilməlidir. Əgər bir dövlət güclü olmaq, stabil inkişaf etmək istəyirsə uşaqlara lazımi diqqəti göstərməlidir. Edvard Karvardin Azərbaycanda uşaqların xoşbəxt, firavan böyüməsi üçün onlara yaradılmış şəraiti, dövlət qayğısını təqdir edib. O, qeyd edib ki, ölkəmizdə uşaq siyasəti uğurla həyata keçirilir.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxışlarında bildiriblər ki, uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Ümumiyyətlə, uşaqların hüquqları ölkəmizdə ən ali səviyyədə Konstitusiya qanunları ilə qorunur və dövlət uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır.

Diqqətə çatdırılıb ki, Milli Məclisdə “Uşaq hüquqları haqqında”, “Sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” bir sıra digər mühüm qanunlar qəbul olunub. Bu qanunlar uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və müxtəlif sahələrdə uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.

Yığıncaqda uşaqlarla bağlı Azərbaycan Respublikasının IV Forumuna seçilmiş gənc nümayəndələrin çıxışları dinlənilib. Uşaqlardan Flora Həmidzadə “Sağlam nəslin formalaşması gələcəyimizin təminatıdır”, Nigar QuliyevaUşaqlar üçün bərabər imkanlar”, Çingiz QarayevUşaqlara qarşı fiziki cəzalara son qoyaq”, Orxan Yusifov “Asudə vaxt bizim üçün dəyərlidir”, Fatimə AslanovaMüasir dövrdə uşaqların internet təhlükəsizliyi” mövzularında məruzə ediblər. İştirakçı Mədinə Hüseynzadə isə uşaqların sərgidə nümayiş olunan əl işləri barədə məlumat verib.

Tədbirin sonunda müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup məktəbli diplomlarla təltif edilib.

 

Azərbaycan.- 2017.-2 iyun.- S.9.