“Made in Azerbaijan” brendi Həştərxanda
nüfuz qazanır
Xaricdəki azərbaycanlı
iş adamları Prezident İlham Əliyevin təşəbbüsünə
qoşulurlar
Bu gün
Azərbaycan iqtisadiyyatında
həyata keçirilən
islahatların bir istiqamətini də qeyri-neft məhsullarının
ixracının artırılması
təşkil edir. Bu məqsədlə Prezident
İlham Əliyevin tapşırıqlarına uyğun
olaraq yerli məhsulların xarici bazarlarda “Made in Azerbaijan” brendi
altında təşviqi
istiqamətində müvafiq
tədbirlər görülməkdədir.
Həyata keçirilən bir neçə ixrac missiyası öz bəhrəsini verməkdədir.
Təbii ki, Azərbaycan məhsullarının ixracının
artırılmasında xarici
ölkələrdə yaşayan
soydaşlarımızın, onların təmsil olunduqları və ölkəmizlə əlaqəli
fəaliyyət göstərən
işgüzar dairələrin
da üzərinə mənəvi vəzifələr
düşür. Həştərxanda
fəaliyyət göstərən
“Meçta” Məhdud Məsuliyyətli Cəmiyyətinin
həyata keçirdiyi
“Həştərxan şəhərinin
Sovet rayonunda Azərbaycan İşgüzar
Mərkəzinin tikintisi”
investisiya layihəsi də məhz bu məqsədə xidmət edir.
Qeyd edək ki, mayın
31-də Həştərxan qubernatorunun iqamətgahının
böyük salonunda keçirilən Həştərxan
vilayəti hökuməti
yanında İnvestisiya
Şurasının növbəti
iclasında ekspertlər
şurası bu investisiya layihəsini bəyənib. Həm də şura
üzvlərinin qərarına
əsasən layihəyə
xüsusi əhəmiyyətli
layihə statusu verilib. Bu isə
“Meçta” MMC-ə mərkəz
üçün ərazini
uzunmüddətli icarə
kimi rəsmiləşdirmək
imkanı verir.
İclasda Həştərxan vilayətinin
iqtisadi inkişaf naziri Elina Polyanskaya
qeyd edib ki, “Meçta” MMC artıq bir neçə sosialyönümlü
layihə həyata keçirib. Həmin layihələr Həştərxan
vilayətinə külli
miqdarda investisiya cəlb edib. Məsələn, Heydər
Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın ümummilli
lideri Heydər Əliyevin abidəsinin açılışı olub,
onun adını daşıyan park abadlaşdırılıb,
Heydər Əliyev adına 11 nömrəli
məktəb yenidən
qurulub, “Drujba” adlı uşaq bağçası inşa
edilib. Həmçinin, “Rusiya-Azərbaycan dostluğu körpüsü”
salınıb, Müqəddəs
Knyaz Vladimirin abidəsi ucaldılıb.
Azərbaycan İşgüzar Mərkəzi
isə qapılarını
2017-ci ilin sentyabrında
açacaq. Mərkəzin tikintisi 2016-cı ilin dekabrında başlanıb. Xatirə kapsulunun
qoyulması mərasimində
Həştərxan vilayətinin
qubernatoru Aleksandr Jilkin və Azərbaycan Respublikası
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənov iştirak
ediblər.
Həştərxanda Azərbaycan İşgüzar
Mərkəzi Rusiyada ikinci belə mərkəz olacaq. Mərkəzin ərazisində Azərbaycan
mallarının və
xidmətlərinin sərgi-satışları,
təqdimatlar, seminarlar
və konfranslar keçiriləcək. Bundan
əlavə, 41 yeni iş yeri açılacaq.
Orta əməkhaqqı
20,6 min rubl təşkil edəcək.
Binanın birinci mərtəbəsində, 593 kvadratmetr sahədə Azərbaycan mallarının sərgisi təşkil ediləcək. İkinci mərtəbədə ümumi sahəsi 313 kvadratmetr olan 7 ofis, habelə müasir çoxfunksiyalı iclas salonu yerləşəcək. Dördüncü və beşinci mərtəbələrdə restoran və mehmanxana nömrələri nəzərdə tutulub. Mərkəzin ümumi sahəsi 3 780,9 kvadratmetrdir.
Həştərxanda
özəl investisiyalar hesabına işgüzar mərkəzin
açılması, heç şübhəsiz,
bu ölkə ilə Azərbaycan
arasında qarşılıqlı faydalı beynəlxalq əməkdaşlığın
genişlənməsinə şərait yaradacaq.
Ən əsası, Azərbaycan istehsalı olan
məhsulların Rusiyanın bu vilayətinə
daha geniş həcmdə
və çeşiddə ixracını stimullaşdıracaq
Azərbaycan.- 2017.-2 iyun.- S.9.