ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ
Müasir dünya
diplomatiyasında dövlət başçılarının
bir-birinə ünvanladığı məktublar nə qədər
rəsmi olsa da,
münasibətlərin səmimiliyinə, iki
dövlət arasındakı əlaqələrin perspektivlərinə,
gələcək əməkdaşlıq yollarına
işıq salır. O da
sirr deyil ki, diplomatik əlaqələrdə
dövlət başçılarının məktubları xüsusi diqqətlə hazırlanır, ikitərəfli
əlaqələrin miqyası və istiqamətləri müəyyənləşdirilir,
burada işlədilən istənilən
ifadə və söz nə qədər ümumi görünsə də, dəqiq
məna daşıyır və xüsusi əhəmiyyət
kəsb edir.
Bu baxış bucağından
yanaşanda Amerika Birləşmiş Ştatlarının
Prezidenti Donald Trampın Azərbaycan Respublikasının
Prezidenti
İlham Əliyevə Respublika Günü və Bakıda 24-cü illik Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin və Konfransının keçirilməsi münasibətilə ünvanladığı iki məktub ABŞ-ın yeni Prezidentinin iki ölkə arasındakı münasibətlərə sələfindən daha fərqli yanaşmasını göstərir.
Bir çox şərhçilər və politoloqlar belə qənaətə gəlirlər ki, bu məktublar çox böyük siyasi əhəmiyyətə malikdir. Onların fikrincə, bu məktubları ABŞ-ın yeni Prezident Administrasiyasının iki dövlət arasındakı əlaqələri dərinləşdirmək cəhdinin bariz nümunəsi kimi də dəyərləndirmək mümkündür.
Birinci məktubunda Tramp Azərbaycanı Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı kimi qiymətləndirərək belə yazır: “Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik”.
Məktubda Tramp həmçinin Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi kimi dəyərləndirir, bu sahədəki uzunmüddətli və uğurlu əməkdaşlığa görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirir: “Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir”. ABŞ Prezidenti məxsusi olaraq məktubunun sonunda bir daha vurğulayır ki, “...həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.
Əgər biz iki dövlət arasındakı münasibətlərin keçmişinə qayıtsaq, onu görəcəyik ki, Barak Obamanın 8 illik prezidentliyi dövründə ABŞ tərəfindən Cənubi Qafqaz regionuna fərqli və nisbətən soyuq münasibət nümayiş etdirilirdi.
Politoloqların dili ilə desək, region bütünlükdə beynəlxalq siyasətdən təcrid olunmuş vəziyyətdə və kənarda qalmışdı. Donald Tramp isə prezident seçkilərindən sonra, sələfindən fərqli olaraq, ABŞ-ın xarici siyasətində yeni yanaşmalar tətbiq olunacağını hər addımında büruzə verir.
ABŞ Prezidenti İlham Əliyevə ünvanladığı ikinci məktubunda son 25 il ərzində iki ölkə arasında qurulan tərəfdaşlığı yüksək qiymətləndirərək onun davamlı inkişafını arzuladığını bildirmişdir: “Amerika Birləşmiş Ştatları “Cənub qaz dəhlizi”ni qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm”.
Beləliklə, ABŞ Prezidentinin məktubları Azərbaycanın regiondakı bütün ölkələrdən fərqli statusa malik olduğunu bir daha təsdiq edir, həmin məktublarda Azərbaycan təhlükəsiz, dinamik inkişaf edən və sülhə xidmət edən ölkə kimi qiymətləndirilir.
Donald Tramp ölkəmizdə aparılan islahatlara, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlara da münasibət bildirmişdir: “Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır”.
Hər iki məktubun yazı üslubu nə qədər rəsmi görünsə də, mahiyyət etibarilə səmimidir. Elə ABŞ Prezidentinin hər iki məktubu “Səmimiyyətlə Donald C.Tramp” yazaraq imzalaması da bundan irəli gəlir. Diplomatik münasibətlərdə məktub rəsmi olursa, imza atarkən bir qayda olaraq “hörmətlə” sözü işlədilir. “Səmimiyyətlə” ifadəsi isə gələcək münasibətlərin səmimi olacağına işarədir. Hər iki məktubun səmimi tonu həm də belə nəticəyə gəlməyə imkan verir ki, Donald Tramp Azərbaycan Prezidentinin yürütdüyü müstəqil xarici siyasəti bəyənir və dəstəkləyir.
Politoloqlar isə belə qənaətə gəlirlər ki, ABŞ Azərbaycanın regionda yerini və rolunu çox dəqiq qiymətləndirməyə başlayıb və Azərbaycanla üç istiqamətdə - təhlükəsizlik, iqtisadi əməkdaşlıq və siyasi dialoqda əlaqələrin inkişafında maraqlıdır. Politoloqların gəldiyi yekun nəticə odur ki, ABŞ-da yeni administrasiyanın hakimiyyəti illərində Azərbaycanla bağlı siyasətdə yeni səhifənin açılacağını indidən proqnozlaşdırmaq mümkündür.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-
2017.-3 iyun.- S. 1; 4.