Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın
Könüllü Milli
Hesabatının təqdimatı olub
İyunun 2-də Nazirlər Kabinetində Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun və BMT missiyasının iştirakı ilə 2017-ci ilin iyul ayında Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədov bugünkü toplantının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının dördüncü toplantısı olduğunu bildirib. Qeyd edib ki, artıq 6 aydan çoxdur Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Bu müddət ərzində bir çox layihələr həyata keçirilib. Xüsusilə BMT-nin Bakıdakı ofisi ilə uğurlu əməkdaşlıq həyata keçirilərək, bir sıra tədbirlər təşkil edilib. Ən əsası, qısa müddətdə 2017-ci ilin iyul ayında Nyu Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forum üçün Azərbaycanın Könüllü Milli Hesabatı hazırlanıb.
Əli Əhmədov qeyd edib ki, bu gün müzakirə edilən əsas məsələlərdən biri də Azərbaycanın Könüllü Milli Hesabatının təsdiq edilməsidir. Hesabat təsdiq olunacağı təqdirdə müvafiq qaydada BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim ediləcək. Həmçinin bu gün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının gördüyü işlər qiymətləndiriləcək, təqdimat nəticəsində BMT missiyasının təmsilçilərinin rəyləri dinləniləcək. Gündəlikdə duran digər məsələ isə monitorinq və qiymətləndirmə qrupunun yaradılmasıdır. Qısa zamanda gördüyümüz işlərə və hesabatın hazırlanmasına nəzər salsaq, beynəlxalq və yerli ekspertlərin, həmçinin BMT-nin Bakı ofisinin göstərdiyi dəstəyi xüsusi qeyd etməliyik”, - deyə Baş nazirin müavini vurğulayıb.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov 2017-ci ilin iyul ayında keçirilməsi nəzərdə tutulan Yüksək Səviyyəli Siyasi Forum üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycan Respublikasının ilkin hesabatının hazırlanması ilə bağlı cari vəziyyət barədə məlumat verib.
Daha sonra Azərbaycanın Könüllü Milli Hesabatı müəyyən qeydlər nəzərə alınmaqla BMT missiyası tərəfindən qəbul edilib və təsdiq olunub. Monitorinq və qiymətləndirmə qrupunun yaradılması ilə bağlı qərar qəbul edilib.
BMT missiyasının rəhbəri Ben Sley missiyanın yekun qiymətləndirməsi zamanı bildirib ki, qısa zaman ərzində işçi qrupun hazırladığı Azərbaycanın Könüllü Milli Hesabatı yüksək səviyyədədir. Azərbaycanın hesabatı Nyu Yorkda keçiriləcək Yüksək Səviyyəli Siyasi Forumun ən uğurlu hesabatlarından olacaq.
Yekun olaraq Baş nazirin müavini Əli
Əhmədov BMT missiyasına və Bakı ofisinə, həmçinin
Azərbaycanın Könüllü Milli Hesabatının hazırlanmasında iştirak edən dövlət qurumlarına təşəkkürünü
bildirib.
Azərbaycan.-
2017.-3 iyun.- S.3.