Azərbaycanın inkişaf strategiyası: ənənəvi
təsərrüfat sahələrinin dirçəldilməsi
ixrac potensialını artırır, yeni iş yerləri
yaranır
Postneft dövrünün
tələblərinə uyğun olaraq Azərbaycanda qeyri-neft
sektorunun şaxələndirilməsi, xüsusən aqrar
sektorun inkişaf etdirilməsi dövlət siyasətinin
prioritetlərindən birini təşkil edir. Bu
gün qarşıda emal müəssisələri şəbəkəsinin
inkişaf etdirilməsi, fermer təsərrüfatlarının
maddi-texniki bazasının gücləndirilməsi, xidmət
servislərinin yaradılması, sahibkarlıq fəaliyyətinin
dəstəklənməsi, daxili bazarın yerli məhsullarla təmin
edilməsi, eləcə də ixracın artırılması
kimi mühüm vəzifələr dayanır.
AZƏRTAC aqrar sektorun prioritet sahələri
üzrə görülən işlər və qarşıda
duran hədəflər barədə analitik yazını təqdim
edir.
Pambıqçılıq: əkin sahələri ötən
illə müqayisədə üç dəfə
artırılacaq
Vaxtilə pambıqçılıq respublikamızın aqrar sektorunda ən aparıcı sahə hesab olunurdu. Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə pambıq istehsalı 300 min tondan 1 milyon 15 min tona çatmışdı. 1969-1981-ci illərdə ölkə büdcəsinin 22-25 faizini pambıqçılıqdan əldə olunan gəlir formalaşdırırdı.
SSRİ-nin süqutundan sonra Azərbaycanda bu ənənəvi sahə də tənəzzülə uğradı. 2015-ci ildə cəmi 18,8 min hektarda pambıq əkilmiş, 35 min ton pambıq istehsal olunmuşdu.
Pambıq ixractutumlu məhsuldur, əhalinin məşğulluğuna və gəlirlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yeni iqtisadi mərhələdə qarşıya qoyduğu ümdə vəzifələrdən biri də pambıqçılığın inkişaf etdirilməsidir. Bu məqsədlə əlaqədar dövlət orqanlarının və pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, pambığın tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulub.
Dövlət başçısı ötən il pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya verilir.
Görülən tədbirlər nəticəsində ötən il pambıq əkini sahələri 52 min hektara çatdırıldı, 90 min tona yaxın məhsul yığıldı. Bu il isə keçən illə müqayisədə təxminən 3 dəfə çox pambıq əkilməsi planlaşdırılır.
İndi isə işlərin gedişinə nəzər salaq. İndiyədək ölkə üzrə 135198,1 hektar sahədə çiyid səpilib və 118123,2 hektarda çıxış alınıb. Bu isə təxminən çiyid səpilən sahələrin 87,4 faizi deməkdir. Saatlıda 17190 hektar, İmişlidə 15629,4 hektar, Sabirabadda 15055 hektar, Biləsuvarda 11351,8 hektar, Neftçalada 10101 hektar sahədə çiyid səpilib. “MKT İstehsal Kommersiya” MMC üzrə 70 min 2 hektarda, “CTS Agro” MMC üzrə 28 min 560 hektarda, “Şamo” MMC, “Goran-Cotton” MMC, “Zərdab Pambıq” ASC üzrə 6 min 869,3 hektarda, fərdi qaydada isə 17907,1 hektarda səpin aparılıb.
Təbii ki, digər
mühüm məsələ yüksək məhsuldarlığa
nail olmaqdır. İndiki
halda söhbət hər hektardan orta hesabla 20 sentner məhsuldan
gedir. Əgər buna nail olunarsa, istehsal 270 min tona çatacaq.
Nəzərə alınsa ki, 2015-ci ildə cəmi
35 min ton pambıq yığılmışdı, bu, qısa
müddət ərzində çox böyük göstərici
sayıla bilər. Göründüyü
kimi, dövlət dəstəyi olan yerdə, işlər
düzgün təşkil olunanda qarşıya qoyulan istənilən
məqsədə çatmaq mümkündür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “biz Azərbaycanda
pambıqçılığı artıq, demək olar ki, bərpa
etmişik və bundan sonra gələcək illərdə
ancaq inkişaf yolu ilə gedəcəyik”.
Pambıqçılığın
inkişafı, öz növbəsində, yüngül sənayenin
inkişafına da təkan verəcək. Keçən il Mingəçevirdə təməli qoyulan
yüngül sənaye parkında tikiləcək doqquz zavoddan
biri də iplik müəssisəsidir. Onun
xammalla yerli istehsal hesabına təchiz olunması gəlirin
yüksəlməsinə şərait yaradacaq.
Baramaçılıq:
bu il hədəf 300 tondur
Hazırda ənənəvi və
ixracyönümlü sahələrin dirçəldilməsi
istiqamətində geniş iş aparılır, davamlı
olaraq stimullaşdırıcı tədbirlər
görülür. Bu sahələrdən biri də
baramaçılıqdır. Ölkəmizdə
baramaçılıq üçün münbit şəraitin
olması, vaxtilə toplanılan zəngin təcrübə nəzərə
alınaraq, ipəkçiliyin inkişafı üçün
kompleks tədbirlər görülür. Ötən il uzun fasilədən sonra barama istehsalında
müəyyən irəliləyişlər əldə edilib.
Belə ki, 2007-ci ildən bəri ilk dəfə olaraq ölkədə
70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın
kümçü ailəsi 600 min manata yaxın gəlir
götürüb. Təbii ki, bu, hələ
başlanğıcdır.
Nazirlər Kabinetinin 2016-cı ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında baramaçılıq sahəsində vəziyyəti
təhlil edən Prezident İlham Əliyev deyib: “Keçən
il baramaçılıqla bağlı çox ciddi
addımlar atılmışdır. Mən burada
da bir neçə rəqəmi qeyd etmək istərdim. Əfsuslar olsun ki, bu sahə də tamamilə yaddan
çıxmışdır. Əfsuslar
olsun ki, əvvəlki illərdə tut bağlarının
böyük hissəsi kəsilmişdir,
dağıdılmışdır. İndi
biz bunu bərpa edirik. 2015-ci ildə 200
kiloqramdan bir qədər çox barama tədarük
edilmişdir, təkcə bir rayonda, Şəki rayonunda
2016-cı ildə görülmüş tədbirlər nəticəsində
bu rəqəm 70 tona çatıb. Bu il
barama tədarükü keçən ilə nisbətən ən
azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox
böyük maraq var. 30-40 gün ərzində insanlar
yaxşı pul qazanırlar. Hazırda 37
rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə,
hazırda 37 rayondadır və əlbəttə ki, bu
coğrafiya da genişlənməlidir. Bax əkilən
bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama
istehsalını gözləyirik. Biz Şəki
İpək Kombinatının tam gücü ilə işləməsini
də təmin edəcəyik”.
Daha bir fakta nəzər
salaq. Ötən ilin payız mövsümündə
respublika üzrə 1 milyon 793 mindən çox tut (çəkil)
tingi əkilib.
Ölkədə barama
istehsalının əvvəlki illə müqayisədə
azı iki dəfədən çox artırılması ilə
bağlı Prezidentin tapşırıqlarına uyğun
olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
tender müqaviləsi əsasında Çin Xalq
Respublikasından 6000 qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu
sənaye toxumları (qrena) gətirilib və Qax Damazlıq
İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Əldə
olunan yüksəkkeyfiyyətli ipəkqurdları
respublikanın 31 rayonunun 739 kəndini əhatə edən 3013
kümçü ailəsinə pulsuz paylanılıb.
İstehsalın
stimullaşdırılması istiqamətində atılan digər
önəmli addım barama emalı və ipək istehsalı
müəssisələrinin qəbul etdiyi bütün növ
yaş baramanın hər kiloqramına görə
kümçülərə dövlət büdcəsi vəsaiti
hesabına 5 manat həcmində subsidiya verilməsidir.
Prezidentin digər sərəncamına
əsasən, barama toxumlarının alınmasına 163 min
manat, tut (çəkil) tinglərinin alınmasına isə
600 min manat vəsait ayrılıb.
Baramaçılığın
inkişafı təkcə tut bağlarının
salınması, ipəkqurdları əldə edilməsi ilə
yekunlaşmır. Qeyd etdiyimiz kimi, bu sahənin dirçəldilməsi
üçün kompleks tədbirlər həyata
keçirilir. Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasında ipəkçiliyin maddi-texniki bazasının
yaxşılaşdırılması ilə bağlı əlavə
tədbirlər haqqında” 2017-ci il 19 may tarixli sərəncamına
əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının
bərpası, əlavə istehsal sahələrinin
yaradılması və müasir avadanlıqlarla təchiz
olunması üçün Kənd Təsərrüfatı
Nazirliyinə 4,5 milyon manat ayrılıb.
Artıq bir sıra rayonlarda
yeni mövsümün barama tədarükünə
başlanılıb. Ümumilikdə respublika üzrə iyunun 1-nə “Şəki-İpək”
ASC tərəfindən 8,717 ton barama qəbul olunub və bu
proses davam edir. Məhsul istehsalı və tədarükündə
Zərdab (4,157 ton), Ağdam (1,296 ton) və Zaqatala (0,933 ton)
rayonları irəlidə gedir. İri barama
istehsalçılarından olan Füzuli rayonunda 36,5 ton, Zərdabda
24 ton, Şəkidə 22,5 ton, Zaqatalada 21 ton, Ağcabədidə
17,5 ton, Ağdam, İmişli və Kürdəmir
rayonlarının hər birində 15 ton məhsul istehsalı
gözlənilir. Ölkə üzrə isə
300 tona yaxın barama tədarükü
proqnozlaşdırılır.
Daha bir önəmli fakt: bu il ipəkqurdu bəslənilməsi və barama
tədarükü 10 min 782 nəfərin əlavə işlə
təminatına imkan yaradıb.
Fındıqçılıq:
40 min hektar sahədə yeni bağlar salınacaq
İxracyönümlü sahələrdən
olan fındıqçılığın inkişafı da
diqqət mərkəzindədir. BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının
hesablamalarına görə, Azərbaycan fındıq
istehsalı üzrə dünyada dördüncü yeri tutur.
Ölkəmizdə ildə təqribən 35 min
ton fındıq istehsal olunur. Fındıqçılığın
inkişafının sürətləndirilməsi,
fındıq pöhrələrinin tədarük edilməsi və
məhsul istehsalçılarına əvəzsiz verilməsi
məqsədilə Prezident İlham Əliyevin sərəncamına
əsasən 700 min manat ayrılıb.
Dövlət başçısı
fındıq bağlarının genişləndirilməsinin
vacibliyini qeyd edərək deyib: “Qarşıya məqsəd
qoyulub ki, 2016-cı ildən başlayaraq bir neçə il ərzində
əlavə 40 min hektarda fındıq bağları salaq və
bu proses gedir. Bu, fermerlərin də böyük
marağına səbəb olub. Bu,
yaxşı gəlir mənbəyi olacaqdır. Burada da dövlət öz üzərinə
böyük vəzifə götürüb. Çünki bütün bu lazımi avadanlıq,
texniki tədbirlər və tinglərin alınması dövlət
hesabına həyata keçirilir. Dövlət
bunu alır və fermerlərə pulsuz verir. Bax dövlətin, bir daha demək istəyirəm ki,
siyasəti özünü bu istiqamətdə də göstərir.
Biz fındıqçılığın
coğrafiyasını da genişləndiririk və hazırda
13 rayonda bu sahədə işlər gedir”.
Xatırlatmaq yerinə düşər
ki, 2016-cı ildə ölkəyə ən çox
valyutanı fındıq gətirib: 105 milyon dollar. Hazırda 46 rayonda fındıq yetişdirilməsi
üçün potensial var. Hesablamalara görə,
fındıq istehsalını və ixracını iki dəfə
artırmaq, əldə olunan valyutanı 200 milyona asanlıqla
çatdırmaq mümkündür.
Əlavə fındıq
bağlarının salınması istiqamətində real
addımlar atılır. Aprelin 29-dək 16328,5 hektar
fındıq bağı salınıb. Bunun 3158 hektarı
Zaqatala, 2264,2 hektarı Balakən, 2250,2 hektarı Qusar, 2037
hektarı Xaçmaz, 1787,5 hektarı Qax, 1203 hektarı Quba
rayonlarının payına düşür.
Bu sahənin inkişafı və
perspektivləri Fındıq İstehsalçıları və
İxracatçıları Assosiasiyasının
yaradılmasını şərtləndirib. Assosiasiya müvafiq vergi
qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın
rəsmiləşdirilməsi prosedurları istiqamətində
aidiyyəti qurumlarla birgə iş aparır. Eyni
zamanda yeni bazarlar araşdırılır, idxalçılar və
alıcılar arasında əlaqələr qurulur.
Tütünçülük:
ilk mərhələdə hədəf 10 min ton quru
tütündür
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin yanvar ayında keçirilən
iclasında kənd təsərrüfatı ilə
bağlı prioritet istiqamətlərə toxunarkən
respublikamızda tütünçülüyün inkişaf
etdirilməsinin vacibliyini də diqqətə
çatdırıb. Dövlət başçısı bu sahədə
qarşıda duran vəzifələrdən danışaraq
deyib: “Keçən il 3500 ton quru tütün tədarük
edilib. Bizim məqsədimiz birinci mərhələdə
onu 3 dəfə artırmaqdır. Yəni
Azərbaycanda 10 min ton quru tütün istehsal
olunmalıdır, oluna bilər. Sovet
vaxtında 50-60 min ton quru tütün istehsal olunurdu. Bunun ərazisi də bəllidir və həmin
torpaqdır. Sadəcə olaraq fermerlərə
kömək etmək lazımdır. Bu
köməyi edirik və ondan sonra biz bunun ixracını da təmin
etməliyik. Yeni ixrac bazarlarının
axtarılması ilə bağlı çox ciddi addımlar
atılır. Bu da valyuta gətirən sahədir”.
Tütün əkini işlərinin
gedişi ilə bağlı builki statistikaya nəzər salaq. Respublikamızda
tütünçülük üçün ən əlverişli
region Şəki, Zaqatala, Qax və Balakəndir. İndiyədək
respublika üzrə tütün əkilmiş 3154 hektara
yaxın sahənin 2659 hektarı, yəni 84 faizi bu dörd
rayonun payına düşür. Fermerlər daha
məhsuldar və keyfiyyətli tütün sortlarına
üstünlük verirlər. Belə ki, bu il əkilmiş
sahələrin 2 min 5,7 hektarını “Virciniya”, 170,5
hektarını “Berley”, 977,7 hektarını isə digər növ
tütün şitilləri təşkil edib.
Son məlumata görə, indiyədək
respublikada nəzərdə tutulan 3000,5
hektar əvəzinə 3154 hektar sahədə tütün əkilib.
Bu sahəyə marağı
artıran əsas amillərdən biri istehsalçılara
göstərilən dövlət dəstəyidir. Prezidentin müvafiq sərəncamına
əsasən, istehsal olunan və emal müəssisələrinə
satılmış quru tütünün hər 1
kiloqramına, yaş tütünün isə hər 10
kiloqramına görə fermerlərə 0,05 manat məbləğində
subsidiya hesablanır.
Şəkər
çuğunduru: ixractutumlu, perspektivli və gəlirli sahə
Ölkəmizdə 10 il
əvvəl şəkər zavodu yaradılsa da, o, uzun illər
xaricdən gətirilən xammal hesabına işləyib. İndi isə dövlət başçısı
qarşıya belə bir vəzifə qoyub ki, bu sahədə
idxaldan asılılıq aradan qaldırılmalı, şəkər
çuğunduru istehsalı və emalı inkişaf etdirilməlidir.
Artıq bununla bağlı real dövlət dəstəyi
göstərilir. Prezident İlham
Əliyevin aprelin 4-də imzaladığı fərmana əsasən,
emal müəssisələrinə təhvil verilmiş şəkər
çuğundurunun hər tonuna görə
istehsalçılara 4 manat məbləğində subsidiya ödəniləcək.
Statistik məlumatlara görə,
şəkər çuğunduru əkinində müəyyən
irəliləyişlər əldə olunub. İndiyədək nəzərdə
tutulan 18 min 754 hektar sahədən 14 min 93 hektarında əkin
aparılıb. Ən çox şəkər
çuğunduru Ağcabədi (2009,9
hektar), Tərtər (1541 hektar), Şəmkir (1203 hektar), Samux
(1194,4 hektar), Ağdam (1001 hektar), Bərdə (959,3 hektar) və
Cəlilabad (634 hektar) rayonlarının təsərrüfatlarında
əkilib. Bununla yanaşı, İmişli,
Ağsu, Biləsuvar, Goranboy, Hacıqabul, Kürdəmir, Qəbələ
və digər rayonlarda da şəkər çuğunduru
istehsalının genişləndirilməsi üçün tədbirlər
görülür. Ümumiyyətlə, bu il 27 rayonda şəkər çuğunduru
yetişdiriləcək.
Hazırda İmişli Şəkər
Zavodunun gündəlik emal potensialı 10 min tona
çatdırılıb. Zavod Azərbaycanın
tələbatını üç dəfə ödəyəcək
gücə malikdir. Bu o deməkdir ki, zavod
tam gücü ilə işləyərsə, istehsal edilən
məhsulun üçdəiki hissəsini ixrac etmək olar.
Əminliklə demək olar ki, bu hədəfə
yetişmək tam realdır və yaxın gələcəkdə
zavod bütünlüklə yerli xammal hesabına işləyəcək.
Yazlıq əkinlərə
432 mindən çox işçi qüvvəsi cəlb olunub
Statistik məlumatlar ölkəmizdə
yazlıq əkinlərin proqnozlaşdırılan templə
getdiyini göstərir. Mayın
31-dək olan məlumata əsasən,
ümumilikdə 363 min 346 hektar sahədə yazlıq əkin
aparılıb. Əsas bitki növləri üzrə göstəricilərə
nəzər salaq: kartof - 49952,7 hektar,
qarğıdalı - 26921,6 hektar, pomidor-xiyar - 16908,6 hektar, dənli
və dənli paxlalı bitkilər - 9628,4 hektar, soya 9074,9
hektar, baş soğan - 8519,7 hektar, çəltik - 3683,9 hektar
və s. əkilib.
Aqrar sektorun inkişafı, əkin
sahələrinin genişləndirilməsi həm də yeni
iş yerləri, kənd əhalisinin məşğulluğunun
təmin olunması və artan gəlirlər deməkdir.
İyunun
1-nə olan məlumata
görə, respublika üzrə yazlıq əkinlərə
432 min 146 nəfər cəlb olunub. Bu, may ayının 1-i ilə
müqayisədə 60,4 faiz artım deməkdir.
İndi isə hazırda
ayrı-ayrı sahələr üzrə işlə təmin
olunanların sayı ilə bağlı göstəricilərə
nəzər salaq. Pambıqçılıqda 75 min 417, şəkər
çuğunduru yetişdirilməsində 12 min 485,
tütünçülükdə 7962 iş yeri
açılıb. Fındıq
istehsalçılarının sayı isə 8 min 897-yə
çatıb.
Bir sözlə, kənd təsərrüfatı sahəsində reallaşdırılan iqtisadi islahatlar, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, özəl sektorun inkişafı üçün yaradılan münbit şərait öz bəhrəsini verməkdədir. Prezident
İlham Əliyevin idxaldan
asılılığın azaldılmasına və qeyri-neft
məhsullarının ixracının genişləndirilməsinə
dair tapşırıqları uğurla yerinə yetirilir. O
cümlədən aqrar sektorun istər ixrac, istərsə də
məşğulluq sahəsində böyük potensialından
getdikcə daha səmərəli istifadə olunur. Bu sıraya torpaqlardan səmərəli istifadə,
ekoloji təmiz məhsulların istehsalı, ixracın şaxələndirilməsi,
“Made in Azerbaijan” brendi ilə xarici bazarlara
çıxış kimi amilləri əlavə etsək,
göz önündə müasir aqrar-sənaye kompleksinin
aydın mənzərəsi yaranacaq.
Azərbaycan.-
2017.-3 iyun.- S.4.