Rusiya-Azərbaycan münasibətləri perspektivdə nə
vəd edir
Oleq Kuznetsov: “İndi Rusiyada azərbaycanlılar
erməni diasporundan daha fəaldırlar”
Artıq xeyli vaxtdır ki, Rusiyada Qafqaza münasibətdə fərqli yanaşmalar ortaya qoyan siyasətçilərin yeni nəsli formalaşır. Əvvəllər erməni əsilli politoloqlar, müxtəlif ranqlı alimlər və jurnalistlər Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, Rusiya-Türkiyə münasibətləri ilə bağlı mövzularda “inhisarçı” idilərsə, indi Ermənistanın siyasi elitası əsrlər boyu güvəndikləri dövlətə diş qıcadıqca, ambisiyalarını tələb kimi ortaya qoyduqca mövqeləri zəifləyir. Çünki xəbər müstəvisinə artıq Ermənistan və erməni diasporunun maraqları prizmasından yox, Rusiya maraqları çərçivəsindən baxan siyasilər gəlir. Əlbəttə, gözlənilmədən Rusiyanın siyasi mediasında peyda olan rəqiblərinin yeni axını ilə ermənilər barışmır, onları düşmən elan edir, belələri ilə hətta rus olsalar da, ölüm-dirim savaşına çıxırlar. Lakin siyasi opponentlərinin soyuqqanlılığı qarşısında yağdırılan hədələr, aramsız təhqirlər heç bir təsir gücünə malik deyil. Erməni politoloqların sürüsü diş qıcayıb zəncir gəmirdikcə yeni politoloqların siyasi karvanı Rusiya mühitində söz sahibi kimi inamla öz yolu ilə gedir.
Ermənilərin ciddi hədələdikləri və qatı düşmənlərindən elan etdikləri politoloqlardan biri də moskvalı Oleq Kuznetsovdur. Biz onunla Bakıda görüşdük və bir daha Rusiya reallıqları çərçivəsində müəyyən siyasi məqamlara aydınlıq gətirməyə, Ermənistan-Azərbaycan münasibətlərinə moskvalı tədqiqatçının gözü ilə baxmağa cəhd etdik.
- Söhbətimizi Xocalı faciəsinin tanınması
ilə bağlı Rusiya Dövlət Dumasına müraciət
üçün hazırladığınız petisiyadan
başlamaq yerinə düşərdi. Buna nə zaman və
necə qərar verdiniz, indi bu sahədə
gördüyünüz işlər hansı mərhələdədir?
- Bu ideya şüurumda
kifayət qədər çoxdan formalaşsa da, ilk dəfə
onu bu il fevral ayının 22-də Ankarada Türk Həmrəyliyi
Dövlətləri Şurasının (baş qərargahı
İstanbulda yerləşir) Xocalı faciəsinin 25 illiyinə
həsr edilmiş tədbirdə səsləndirdim. Tədbirə
müxtəlif ölkələrin nümayəndələri dəvət
olunmuşdu və mən orada Rusiyanı təmsil edirdim. Həmin
təşkilatın rəhbərlərinə bildirdim ki, belə
bir petisiyanın hazırlanması zəruridir. Lakin yenə də
Xocalı faciəsi ilə bağlı memorial tədbirlərin
başa çatmasını gözlədim. Rusiyada niyyətimi ilk dəfə bu il martın 6-da elan etdim. İlk
impulslar zəif oldu, araya 8 Mart, Novruz bayramları
düşdü. Sonra imzaların toplanılması
gücləndi, may ayında isə Azərbaycandakı
müəyyən dövlət qurumlarından və o cümlədən
“Bilik” fondundan dəstək gəldi.
Sənədi imzalayanların
əsas hissəsi gənclər və ziyalılardır,
çünki orta və yaşlı nəslin internetə
girişi məhdud, bu resurslarda işləmək vərdişləri
zəifdir. Həmin səbəblər təşəbbüsümüzü
sürətləndirməkdə ciddi maneələr törədir.
İkinci daha ciddi bir maneə Azərbaycan cəmiyyətində
Rusiyaya bu məsələdə inamın zəif olması ilə
bağlıdır. Bu, uzun illər
aparılan təbliğatın, ya da insanların
şüurunda formalaşan mövqedən ibarətdir. Azərbaycan
cəmiyyətində əksəriyyət olmasa da,
çoxları elə fikirləşir ki, az
qala Rusiya özü Qarabağı işğal edərək
ermənilərə verib. Bununla razılaşmaq
da olar, mübahisə etmək də, lakin bütövlükdə
belə bir mövqenin olmasını inkar etmək
mümkün deyil. Odur ki, bu bucaqdan baxanda
petisiyanın imkanlarına, onun potensial gücünə
inanmayanlar çoxdur. Hətta bu sənədi
imzalamağı vaxt itkisi sayanlar da var. Lakin müəyyən
intellektual səviyyəyə və kompüterdə işləmək
vərdişlərinə sahib olanlar Rusiyanın hansı
mövqedən yanaşmasını nəzərə almadan sənədə
elektron imzanı atırlar.
- Azərbaycan cəmiyyətində
Rusiyaya inamın zəifliyini qeyd etdiniz. Bu yerdə
onu xatırladım ki, sovet qoşunlarının Xocalı faciəsində
iştirakı bəlli faktdır.
- Lakin deməyin ki, bunu Rusiya edib.
- Biz onu desək də,
deməsək də Azərbaycan cəmiyyətindəki
inamsızlığın psixoloji səbəbləri var. Bundan
başqa, tarixi bir həqiqət də ondan ibarətdir ki, əsrlər
boyu Rusiya-Ermənistan münasibətləri Rusiya-Azərbaycan
münasibətlərinə nisbətən daha güclü
inkişaf edib.
- Onda soruşmaq lazımdır ki,
bunda günahkar kimdir?
- Belə bir suala
cavabınız varmı?
- Mən cavab verəcəyəm. Sovet İttifaqı dağılanda hamıya eyni dərəcədə
pis idi. Bütün ölkələrin
qarşısında eyni problem dayanırdı -
dağılmış iqtisadiyyatın dirçəlməsi
üçün investisiya yox idi. Məhz belə bir
şəraitdə Moskvaya Qarabağ münaqişəsində
iştirak edən erməni yaraqlılarının
güclü axını baş verdi. Erməni
diasporu ilə sıx bağlılıqları olan
yaraqlılara Qarabağ münaqişəsindəki rolundan və
vəzifəsindən asılı olaraq 100 mindən 500 min
dollaradək pul ayrıldı. Onlar bu vəsaitlə
Rusiyada öz bizneslərini qurdular. İqtisadiyyatımıza
investisiyalar axmağa başladı. Pul isə
bildiyiniz kimi, hər hansı bir kommersiya fəaliyyətinə
buraxılanda hərəkətə gəlir və qanlı
olsa da, iylənmir. 90-cı illərdə
Ermənistan büdcəsi əsasən erməni diasporunun
hesabına formalaşarkən ölkə büdcəsinin 30
faizi Rusiyaya bir neçə erməni konserninin inkişafı
üçün göndərilirdi. Bu, ilk
növbədə, Oskanyan qardaşlarının rəhbərlik
etdiyi KAŞİR konserni idi. Həmin pullar
Rusiyada dövriyyəyə buraxıldıqdan sonra geriyə
qaytarılırdı. Əldə qalan gəlir
isə Rusiyada erməni biznesinin inkişafına yönəldilirdi.
İndi Rusiyanın siyasi elitasında maliyyə
cəhətdən erməni biznesinə bağlı olan
adamların olması bu amillə bağlıdır. Onlar ermənilərin maraqlarını ona görə
müdafiə edirlər ki, bu onların özlərinin
mülkiyyət maraqları ilə üst-üstə
düşür. Erməni tərəfinin
mövqelərini müdafiə etməklə erməni
biznesmenləri ilə sıx bağlı olanlar maliyyə
aktivlərini qoruya bilirlər. Kaluqa, Tula, Yaroslav vilayətləri
qubernatorlarının müavinləri səviyyəsində
erməni biznesi ticarət mərkəzlərinin tikintisi ilə
bağlıdır. Bu obyektiv reallıq barədə
Rusiyada kifayət qədər məlumatlıdırlar. Digər bir tərəfdən, ermənilər kifayət
qədər səxavətlə qazanclarını
bölürlər. Məsələn, Tula
şəhərinin mərkəzindəki “Ermənistan” ticarət
mərkəzinin aktivlərinin 40 faizi Tulanın eks-qubernatorunun
arvadına məxsusdur. Bənzər
faktları Yaroslav, Kaluqa vilayətlərində də sadalamaq
mümkündür. Mənə hərdən
sual verirlər ki, niyə azərbaycanlılara nisbətən
ermənilərin ruslarla biznesi daha güclüdür?
Bunun bir cavabı var: azərbaycanlılarla rusların ortaq
pulları azdır. Bu iki tərəfin ortaq
pulları artdıqca Rusiya-Azərbaycan münasibətləri
ciddi dəyişəcək.
Sizin biznesmenlər ticarət
və qulluq sferasında öz bizneslərini yalnız azərbaycanlılarla
qururlar. Onların müştəriləri əsasən
müsəlmanlardır. Bu, obyektiv
reallıqdır. Məhz bu amil Rusiyada Azərbaycan
biznesinin imkanlarını məhdudlaşdırır, onu Rusiya
biznesi ilə maliyyə kontaktlarından məhrum edir. Özünü təcridetmə ona gətirir ki, azərbaycanlılara
Rusiyada tərəfdaşdan çox rəqib kimi baxırlar.
Bu, Azərbaycan biznesi üçün ciddi
problemlər yaradır və sırf milli mentalitet müstəvisində
dayanan məsələdir. Zənnimcə,
bunu anındaca dəyişmək mümkün olmayacaq. Yəni, biznes fəaliyyətində ruslarla
çiyin-çiyinə çalışmaq, şəxsi
biznes maraqlarından savayı ərazilərində
yaşadıqları dövlətin maraqlarını güdmək
vacibdir. Bizim ölkəyə yalnız
qazanc mənbəyi kimi baxmaq düzgün deyil. Bura həmçinin gələcəkdə
yaşayacağın ölkə, vətən kimi baxmaq
lazımdır. Rusiyada yaşayan azərbaycanlıların
ikinci, üçüncü nəsli bunu başa
düşür, Amma Rusiyada Azərbaycandan gətirilən kənd
təsərrüfatı məhsullarının
satışı ilə məşğul olub pul qazananlar
üçün Rusiya yalnız alver məkanıdır.
Onlar pullarını Azərbaycana gətirir,
özlərinə mülk, maşın alır, qohumlarına
kömək edirlər. Biznesdə
yalnız bir qapıya oynamaq perspektivsizdir.
- Həqiqətən
də ötən əsrin 60-70-cı illərində azərbaycanlıların
çoxu keçmiş Sovet İttifaqında əsasən
meyvə-tərəvəz, gül satışı ilə məşğul
idilər. Lakin o vaxtdan, dediyiniz kimi, azərbaycanlıların
1-2 nəsli dəyişmişdir və bu gün Rusiyanın
hüquq-müdafiə sistemində, dövlət
qurumlarında, elmin və böyük biznesin müxtəlif
sahələrində çalışan yüksək bilikli
mütəxəssislərin, sahibkarların azərbaycanlıları
təmsil edən böyük nəsli yetişmişdir. Bu səbəbdən indi Azərbaycan diasporunu
sırf bazar, kənd təsərrüfatı məhsullarının
satışı ilə məşğul olan kiçik sahibkar
səviyyəsində dəyərləndirmək düzgün
olmazdı.
- Bilirsinizmi, istənilən halda kənd
təsərrüfatı məhsullarının
alış-verişi bu gün də azərbaycanlıların
əsas fəaliyyət sahəsidir. Səhiyyədə,
digər sahələrdə azərbaycanlıların biznesi də
əsasən Azərbaycanla bağlı deyil. Onların bir çoxu özlərini Rusiya vətəndaşı
sayır və Azərbaycanda baş verənlərə təəssübkeşliklə
yanaşmırlar. Ona görə biz istəsək
də, istəməsək də Azərbaycan azərbaycanlıları
ilə Rusiya azərbaycanlıları arasında fərq var. Fərqli
mental reallıqlar mövcuddur.
- Biz sadə bir
reallığı da etiraf etməliyik: Rusiyada yaşayan azərbaycanlılarla
müqayisədə erməni diasporu ifrat dərəcədə
siyasiləşmiş bir təbəqədir. Azərbaycan
diasporu Rusiyada heç vaxt öz siyasi maraqlarını qorumaq
üçün ermənilər kimi vahid müdafiə və
hücum sistemi yaratmamışdır. Ermənilər
bu müstəvidə daha mobil deyilmi?
- Sizinlə razılaşa bilmərəm
ki, ermənilər daha mobildir. Ermənilərin
Rusiya ilə möhkəm fundamental əlaqələri
mövcud deyil. Onların hətta mövcud
olan maliyyə, biznes maraqları da dərin istehsal prosesləri
ilə bağı deyil. Onlar istənilən
vaxt hər şeyi atıb getməyə belə,
hazırdırlar. Məsələ
burasındadır ki, onlar kommersiya biznesi qurduqdan sonra
qoyduqları pulları kifayət qədər sürətlə
çıxarır, yatırdıqları biznesdən maksimum
qazanc götürməyə can atır və öz biznesləri
ilə asanlıqla ayrıla bilirlər. Ermənilərin
fəaliyyət sahələri əsasən ticarət
infrastrukturu ilə bağlıdır. Heç
bir erməni ciddi istehsala yatırım qoymur. Onlar həmişə mülkiyyətlərini pula
çevirib Rusiyadan mühacirətə getməyə
hazırdırlar. Bu da onların milli xarakterindən
irəli gəlir. Onlar qətiyyən
özlərini ərazisində yaşadıqları ölkə
ilə bağlamaq niyyətində deyillər. Qaldıqları ölkə onlar üçün
yalnız qazanc mənbəyidir. Onların
təbiətində zahirən beynəlmiləlçilik olsa
da, bu və ya digər ölkədən istənilən vaxt
pullarını çıxarıb getməyə
hazırdırlar. Elə ermənilərin
daha çox siyasiləşmələrinin səbəbi də
budur - öz maliyyələrini qorumaq istəyi, baxmayaraq ki,
onlar üçün biznes maraqları siyasi maraqlardan daha
üstün, daha vacibdir. Burada mən
qeyri-adi heç nə görmürəm.
Azərbaycanlıların da başqa
üstünlükləri var: sizinkilər Rusiyada kök
salmağa qərar verirlərsə, bunu əsaslı surətdə
edirlər - özlərinə mülklər tikir, ermənilərdən
fərqli olaraq sənaye istehsalına kapital yatırırlar. Söz düşmüşkən qeyd edim ki, Azərbaycan
biznesmenlərinin böyük bir qismi yarımfabrikat ərzaq məhsullarının
istehsalı ilə məşğul olur. Rusiyada
yüksək texniki bilikləri olan azərbaycanlılar
çoxdur və onlar rabitə və elektronika sahələrində
çalışırlar. Rusiyada tibbi klinikalar yaradan azərbaycanlıların
sayı az deyil. Yəni, onlar
öz biznesləri ilə Rusiyaya köklü surətdə
bağlanırlar və bu, müsbət tendensiyadır. Ermənilər isə biznesin elə sahələrini
seçirlər ki, onu lazım gələndə
götürüb getmək mümkün olsun. Sizinkilər belə deyil.
- Bir daha Xocalı
faciəsinin tanınması ilə bağlı petisiyaya
qayıdaq. Siz aramsız olaraq erməni təbliğat
maşınının hədəfindəsiniz. Petisiya
kompaniyasını başladıqdan sonra ehtimal etmək olar ki,
Sizə edilən təzyiqlər artıb. Hər
halda erməni KİV-nə ötəri nəzər salanda
yenidən hədəfə gəldiyiniz aydın
görünür. Bu işdə
Moskvadakı erməni diasporu da təbii ki, kənarda
qalmayıb.
- Erməni diasporunun mənə təzyiqləri
2013-cü ildən kəsilmir. Bilirsinizmi, bu, bir
qədər hipertoniya xəstəliyinə tutulmaq kimidir.
Müəyyən bir müddətdən sonra
heç bir ağrı, rahatsızlıq hiss etmirsən, xəstəliyə
alışırsan və yaşayırsan. Mən də beləcə hipertoniklər yüksək
təzyiqə alışdığı kimi erməni
diasporunun, erməni mətbuatının hədələrinə
alışmışam. 2015-ci ildə mənə
qarşı Rusiya DİN Ekstremizmlə Mübarizə İdarəsinin
xətti ilə cinayət işi qaldırıldı. Bu mənim “XX əsrdə erməni transmilli
terrorizminin tarixi” adlı kitabımla bağlı idi. Bütün təzyiqlərə baxmayaraq, 2016-cı
ildə bu monoqrafiya Moskvada nəşr olundu, üstəlik,
ingilis dilində də işıq üzü gördü.
Erməni mətbuatı ciddi heç bir
addım ata bilmədiyindən hədyan yazır, qarayaxmalarla
başını qatır. Petisiya ilə bağlı
imzatoplamalar gücləndikcə erməni mətbuatı əsasən
də bu ilin may ayında yenidən mənim ünvanıma
ciddi hədələrə start verdilər. Lakin
bu zaman mən IV Beynəlxalq Mədəni Dialoq Forumunun rəsmi
nümayəndəsi idim və belə bir forumun nümayəndəsinin
ünvanına açıq hədələri səsləndirmək
onlar tərəfindən düşünülməmiş hərəkət
idi.
Bu günün
reallığı ondan ibarətdir ki, ermənilərə nisbətən
azərbaycanlılar daha fəaldırlar. Mənim Rasim Hüseynov
adlı dostum var. Sovet dönəmində milis kapitanı
olmuş bu adam saytlarda erməni və Azərbaycan
yönümlü abunəçilərin petisiyalarla
bağlı fəallığını araşdırıb. Onların ən çox səs topladığı
petisiyalardan biri Rusiya Prezidenti V.Putindən Azərbaycana silah
satışını dayandırmaqla bağlı olub. Həmin petisiya üçün 47 mindən artıq
imza toplanmışdı. Bu, il
yarım ərzində mümkün olmuşdur. Xocalı
petisiyası ilə bağlı isə 3 aydan az
müddət ərzində 20 mindən artıq imza
toplanıb. Əgər petisiyalara ayrılan vaxtı nəzərə
alsaq, deyə bilərik ki, azərbaycanlıların fəallığı
heç də ermənilərdən az
deyil.
Bir dəfə sizin təəssübkeşliyinizi çəkən yoldaşlarımdan biri ilə “Nə səbəbdən ermənilər azərbaycanlılardan siyasi cəhətdən daha fəaldırlar” - sualına cavab axtarırdıq. Kiçik bir eksperiment keçirməyi qərara aldıq. Bir vərəq götürüb iki yerə böldük və birində Azərbaycana, digərində isə Ermənistana rəğbəti olan və Rusiya KİV-də bu maraqlara xidmət edənlərin siyahısını yazdıq. Bunun üçün bir neçə saat internet resurslarında araşdırmalar apardıq. Azərbaycan tərəfindən 13-14, erməni tərəfindən çıxış edən 20-25 adam tapdıq. Yəni, Rusiya kütləvi informasiya vasitələrində ermənilərin total üstünlüyü yoxdur. Bir qrup adamdan ermənilər həmişə maraqlarını lobbiləşdirmək üçün istifadə edirlər. Yəni, vizual görünən erməni üstünlüyü reallıqda yoxdur.
- Lakin keçmiş SSRİ-də Mikoyanın,
Qorbaçovun dövründə minlərlə erməni
yüksək vəzifələrə yerləşdirilmişdir.
- Siz keçmişdən yapışmayın, o keçmiş yoxdur. Mikoyanla işləyənlərin hamısı dünyasını dəyişib, Qorbaçovun komandasındakı ermənilər isə artıq ağıllarını itirmiş qocalardır. Sovet keçmişini Rusiya münasibətlərinə model kimi tətbiq etmək günün reallıqları ilə uzlaşmır. Bu, ziyanlı mövqedir, keçmişdən yapışmaq perspektivləri görməyə imkan vermir. Mən buna dərindən əminəm.
- Sizin petisiyaya
Rusiyada münasibət necədir?
- Heç bir münasibət yoxdur. Onu qeyd edim ki, Cənubi Qafqazın bir çox məsələləri Rusiya cəmiyyətini ümumiyyətlə, rahatsız etmir, təbii ki, əgər bu məsələləri azərbaycanlılar və ermənilər özləri vaxtaşırı qaldırmırlarsa. Bu, Rusiyanın sıravi vətəndaşı üçün mütləq maraq kəsb etməyən mövzudur. Dağlıq Qarabağ Rusiya müharibəsi deyil. Bəli, Krım, Suriya Rusiya üçün milli maraq məsələsidir. Həmçinin Ukrayna mövzusu Rusiya cəmiyyəti üçün milli maraq baxımından az əhəmiyyət kəsb etmir. Lakin Qarabağ Rusiya üçün ümumiyyətlə, maraqlı deyil.
Bahadur İMANQULİYEV,
Azərbaycan.-
2017.-3 iyun.- S.6.