Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi
haqqında ƏSASNAMƏ
Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 31 may tarixli Fərmanı ilə təsdiq edilmişdir
Əlavə I
1. Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat
orqanlarının rəmzidir. O, Azərbaycan Respublikası
Xarici Kəşfiyyat Xidmətinin hər bir əməkdaşına
Azərbaycan Respublikasının milli təhlükəsizliyinin
təmin edilməsinə yönəlmiş kəşfiyyat fəaliyyəti
üzrə öz xidməti vəzifələrini vicdanla və
layiqincə yerinə yetirmək borcunu xatırladır.
2. Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi xarici kəşfiyyat
orqanları əməkdaşlarının, həmçinin
silah, xüsusi vasitə, texnika və digər əmlakın Azərbaycan
Respublikasının Xarici Kəşfiyyat Xidmətinə mənsubiyyətini
bildirən nişandır.
3. Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin emblemi Xarici Kəşfiyyat
Xidmətinin blanklarında, xarici kəşfiyyat
orqanlarının inzibati binalarının adı göstərilən
lövhələrində, geyim formasında və fərqlənmə
nişanlarında yerləşdirilir.
4. Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin embleminin təsvirindən
istifadəyə aşağıdakı hallarda yol verilir:
4.1. Azərbaycan
Respublikası Xarici Kəşfiyyat Xidmətinin çap məhsullarında,
kino, video və fotomateriallarında;
4.2. Azərbaycan Respublikası Xarici Kəşfiyyat
Xidmətinin sifarişi ilə hazırlanan reklam-informasiya və
suvenir məhsullarında (bukletlər, təqvimlər,
nişanlar, vımpellər, saatlar, medalyonlar, dəftərxana
ləvazimatları, suvenirlər və digər məhsullar).
Azərbaycan.-
2017.- 4 iyun.- S.2.