İslamiadada yüksək nəticələr
göstərən polis əməkdaşları
mükafatlandırılıb
İyunun 3-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edərək yüksək mükafatlar qazanan polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin yetirmələri ilə görüşüb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ramil Usubov xalqımızın ümummilli lideri Heydər Əliyevin idmanı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini, ölkə gənclərinə, idmançılara daim yüksək diqqət və qayğı göstərdiyini qeyd edib. Nazir bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirərək nəticədə Azərbaycan idmançılarının dünyanın ən güclüləri sırasında yer aldığını, ölkəmizin beynəlxalq aləmdə idman dövləti kimi tanındığını diqqətə çatdırıb.
Qeyd olunub ki, on gün davam edən İslamiada bütövlükdə ölkəmiz üçün olduqca uğurlu keçib. İdmançılarımız bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olmaqla böyük tarixi qələbəyə imza ataraq xalqımıza sevinc bəxş ediblər.
Nazir R.Usubov bu beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində və keçirildiyi müddətdə dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğunu, İslamiadanın Azərbaycan tarixinə möhtəşəm idman bayramlarından biri kimi düşdüyünü vurğulayıb, tədbir zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunduğunu məmnunluqla qeyd edib.
Sonra Azərbaycan milli komandasının tərkibində ümumilikdə 9 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edən, bununla da ölkəmizin birincilik qazanmasına öz layiqli töhfələrini verən əməkdaşların mükafatlandırılması barədə daxili işlər nazirinin müvafiq əmri elan olunub.
Qaliblərə növbədənkənar hərbi rütbə, DİN-in Fəxri fərmanları, “Xidmətdə fərqləndiklərinə görə” və “Əla xidmətlərinə görə” döş nişanları təqdim edilib.
Oyunların gümüş medalçısı, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Tural Əliyev qalib idmançılar adından çıxış edərək onlara yaradılan şəraitə, göstərilən ali diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, idmanımızın şöhrətinin bundan sonra da uca tutulması, bayrağımızın daim zirvələrdə dalğalanması üçün var qüvvələri ilə çalışacaqlarına söz verib.
İdmançıları,
məşqçiləri, idman mütəxəssislərini
“Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunlarında əldə etdikləri parlaq
qələbə münasibətilə bir
daha təbrik edən general-polkovnik
Ramil Usubov onlara yeni, daha
böyük uğurlar
arzulayıb. Nazir əmin olduğunu
bildirib ki, əməkdaşlarımız
ölkə idmanının şərəfinin uca
tutulması, göstərilən etimadın doğruldulması
üçün bundan
sonra da səylərini
əsirgəməyəcəklər.
Azərbaycan.- 2017.-4 iyun.- S.6.