Dünyanın sürət paytaxtı

 

“Formula-1”in Azərbaycan nümunəsi yaranır

 

Mayın 12-22-də Azərbaycan daha bir mötəbər idman tədbirinə - IV İslam Həmrəyliyi Oyunlarına uğurla evsahibliyi etdi. Yarış günlərində paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. Bakı daha bir möhtəşəm idman tədbirini qəbul etmək ərəfəsindədir.

İyunun 23-25-də “Formula-1” Azərbaycan Qran-prisi keçiriləcək. Yarışı 190 ölkədən 500 milyondan artıq tamaşaçı izləyəcək. Belə nüfuzlu yarışların ölkəmizə həvalə edilməsi Azərbaycanın dünyada və Avropada idman ölkəsi kimi tanınmasından irəli gəlir. Bu gün Azərbaycanda idmanın inkişafına geniş prizmadan yanaşılır və kompleks tədbirlər görülür. Bunun nəticəsi olaraq ölkəmizdə keçirilən nüfuzlu yarışlar silsilə xarakter daşıyır.

Sürət həvəskarlarını möhtəşəm təşkilatçılıq gözləyir.

Mötəbər idman yarışlarına evsahibliyi etmək hər bir ölkənin, o cümlədən şəhərin arzusudur. Amma hər ölkənin bütün dünyanın izlədiyi, sayı minlərlə ölçülən idmançıların iştirak etdiyi tədbiri təşkil etməyə, birdən-birə on minlərlə turisti qarşılamağa imkanı çatmır. Hətta bir çox inkişaf etmiş ölkələr belə, bu baxımdan tələblərə cavab vermir. Bu da təbiidir. Çünki qlobal miqyaslı idman tədbirinə evsahibliyi üçün kompleks və beynəlxalq standartlara cavab verən infrastruktur olmalıdır.

Azərbaycan bu baxımdan örnək sayılacaq ölkələrdən biridir. Çünki respublikamızda ilk növbədə ən müasir tələblərə cavab verən idman infrastrukturu formalaşıb. Onu da vurğulayaq ki, “Formula-1” yarışının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edəcək pilotlar, qonaqlar ölkəmizlə tanış olur və Azərbaycanın uğurlu inkişaf modelinin şahidinə çevrilirlər.

Prezident İlham Əliyev “Formula-1” yarışlarının ötən il Bakıda keçirilməsinin əhəmiyyətindən və bu istiqamətdə görülən işlərdən danışarkən deyib: “İlk dəfə olaraq “Formula-1” yarışının keçirilməsi bir daha ölkəmizin qüdrətini göstərdi. Çünki “Formula-1” yarışının keçirilməsi hər bir ölkəyə nəsib olmur, hər bir ölkə bu məsuliyyəti öz üzərinə götürə bilmir və çətinlik çəkir. Ancaq biz bu yarışı da uğurla keçirmişik. “Formula-1” yarışının Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada tanıdılması üçün müstəsna əhəmiyyəti vardır. Beş yüz milyon tamaşaçı auditoriyası olan bu yarışa bütün qitələrdə baxmışlar və şəhərimizin gözəlliyini, insanlarımızın qonaqpərvərliyini bütün dünya görübdür. Təsadüfi deyil ki, biz də bunu nəzərdə tuturduq, planlaşdırırdıq ki, bu yarışdan sonra ölkəmizə gələn turistlərin sayı dəfələrlə artacaq və artıb”.

 

Bakı ən güclü pilotları qarşılamağa hazırlaşır

 

Ötənilki yarışlardan sonra yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan növbəti dəfə dünyanın ən güclü pilotlarını qarşılamağa hazırdır. Xatırladaq ki, “Formula-1” dairəvi avtoyürüşləri üzrə dünya çempionatı 1950-ci ildən etibarən keçirilir. Təşkilatçısı isə Beynəlxalq Avtomobil Federasiyasının (FIA Sport) idman bölməsidir. Bütün ölkələrdə avtomobil idmanını FIA idarə edir, “Formula-1” də birbaşa ona tabedir. Hər il “Formula-1” üzrə dünya çempionatı çərçivəsində Qran-pri adlanan bir neçə mərhələ yarışı keçirilir. Bu mərhələlər müxtəlif ölkələrdə, o cümlədən Avstraliya, Monako, Bəhreyn, Rusiya və bir çox başqa ölkələrdə təşkil edilir.

“Formula-1”də qələbə uğrunda komandalar və heyətində pilotlar mübarizə aparır. Hər komandada iki pilot və buna müvafiq olaraq iki bolid olmalıdır. Mövsüm boyu keçirilən “Formula-1” Qran-pri yarışlarında ən çox xal toplayan pilot dünya çempionu olur.

İndiyə kimi 7 dəfə dünya çempionu olan almaniyalı Mixael Şumaxer ən yaxşı göstəriciyə malikdir. Bu göstəricidə argentinalı Xuan Manuel Fanxio 2-ci (5 dəfə), fransalı Alen Prost və almaniyalı Sebastyan Fettel 3-cüdür (hərəyə 4 dəfə). Komandalardan isə “Ferrari” zirvədə qərarlaşıb. 16 dəfə çempion adını qazanan komanda hələ ki rəqibləri üçün əlçatmazdır.

“Formula-1” üzrə dünya çempionatı cari mövsümdə 20 yarışdan ibarət olacaq. Yarış martın 26-da Avstraliyada başlayıb, noyabrın 26-da Əbu-Dabidə başa çatacaq. Yarışların 8-ci mərhələsi isə iyunun 23-25-də Bakıda keçiriləcək.

 

Ən sürətli şəhər treki

 

“Formula-”1 üzrə dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisində sürət həvəskarlarını möhtəşəm yarış gözləyir. Yarışların keçirildiyi şəhər treki “Bakı Şəhər Halqası” (BŞH) adlanır və uzunluğuna görə dünyada ikincidir. 20 müxtəlif çətinlikli döngəsi və 6 km-lik uzunluğu ilə 51 dövrədə tamamlanacaq.

Şəhər treki pilotlardan xüsusi dəqiqlik tələb edən İçərişəhər ətrafı dar yoxuş hissəsi, inanılmaz sürət əldə etməyə imkan verən 2,2 km dənizkənarı hamar hissəsi və s. bir sıra özəllikləri ilə yarışı canlı olaraq tribunalardan və ya televiziya qarşısında izləyən “Formula-1” azarkeşləri üçün əsrarəngiz bir şouya çevriləcək.

Yarış zamanı “Formula-1” pilotları UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhər tarixi-memarlıq qoruğunu, şəhərin müasir göydələnlərini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən Bakının ecazkar simasını görəcəklər. Layihənin müəllifi bütün müasir “Formula-1” treklerinin memarı olan Herman Tilkedir. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək.

Start və finiş xətti Azadlıq meydanında olacaq. Həmçinin burada “Formula-1” Paddok klubu, komandaların boksları və pit-leyn qurulacaq. 19 və 20-ci döngələrdən sonra 1500 metrlik məsafədə 340 km/saat sürət yığacaq pilotları kəskin döngə gözləyir. 90 dərəcəli sol döngədən sonra pilotlar 300 metrlik məsafədə görkəmli rus şairi A.S.Puşkinin adını daşıyan küçədən keçəcəklər.

2-ci döngədən sonra “Formula-1” bolidlərini trekin Xaqani küçəsi boyu 1 km uzanan və uzunluğuna görə ikinci böyük sürətlənmə xətti sayılan hissəsi gözləyir. Sonra pilotlar yenidən kəskin döngə ilə qarşılaşacaqlar.

1-ci və 3-cü döngə pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar. 3-cü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alacaqlar. 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşacaqlar. Bu düz yolun sol tərəfində Sahil bağı yerləşir. Daha sonra pilotlar Zərifə Əliyeva küçəsinə dönəcəklər, kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər.

Növbə 5-ci və 6-cı döngəyə çatır. Bu döngələr pilotları Neftçilər prospektinin əksi istiqamətindəki yola yönəldəcəkdir. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə “Formula-1” bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq. Bununla da, trekin müasir Bakının mərkəz hissəsini göstərən görüntüləri sona çatır. 7-ci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçərişəhərin qala divarlarına yönələcəklər. Bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər. Trekin ən çox çətinliyə malik hissəsi 8-ci döngədən sonra başlayır. Bu döngədən sonra yol maksimal şəkildə daralır və bu hissədə pilotları kəskin yoxuş gözləyir.

8-ci və 11-ci döngələr trekin İçərişəhər ətrafındakı hissəsində yerləşir. Trekin bu hissəsində İçərişəhərin görüntüləri daha müasir küçələrlə davam edir. 13 və 14-cü döngələr kiçik bucaqlı olduğundan, buradan pilotlar, demək olar ki, əyləc sistemindən istifadə etmədən keçəcəklər. 15-ci döngədən sonra pilotları kəskin eniş gözləyir. 16-cı döngə pilotları yenidən Neftçilər prospektinə yönəldəcək. Məhz bu küçədə 1-ci döngəyə tərəf sürətlənmə prosesi başlayacaq. Pilotlar yalnız 17 və 18-ci döngələrdə sürəti bir az azaldacaqlar. 19-cu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək yenidən 1-ci döngəyə gəlib çatacaqlar.

 

57 fərqli ölkədən bilet alınıb

 

“Formula-1” Azərbaycan Qran-prisinin başlamasına sayılı günlər qalıb. Artıq paytaxtımızdakı yarışa dünyanın sürət həvəskarları böyük maraq göstərirlər. Belə ki, yarışlara 57 fərqli ölkədən bilet alınıb. Artıq bəzi tribunalar üçün biletlər qurtarıb. Bilet alan ölkələr arasında ilk beşlikdə Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Bilet alan ölkələrin sayı keçən illə müqayisədə çoxdur.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 6 iyun.- S.1; 5.