Sənayenin modernləşməsi
uğurla gedir
Müasir istehsal infrastrukturuna malik sənaye
parkları beynəlxalq iqtisadi əlaqələr sisteminə
açılan səmərəli dəhlizdir
İstənilən
böyük dövlətlərdə inkişafın
davamlılığını təmin edən başlıca
amillərdən biri məhz strateji hədəflərin
düzgün müəyyənləşdirilməsidir. Son illər
dünyada iqtisadi problemlərin dərinləşməsi
fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlıq
nümayiş etdirməsi bir daha göstərdi ki, iqtisadi
prioritetlərin əvvəlcədən müəyyən
olunması və bu hədəflərin məqsədyönlü
şəkildə reallaşdırılması çox önəmlidir.
Bu
baxımdan, Prezident İlham Əliyevin çevik və
praqmatik iqtisadi siyasəti ilə yeni inkişaf mərhələsinin
başlanğıcında olan Azərbaycan bəzi dövlətlərdən
fərqli olaraq özünün növbəti uğurlu
inkişaf modelini seçdi. Milli iqtisadiyyatının əsas
inkişaf istiqamətlərini, iqtisadi təhlükəsizliyini
təmin edən Azərbaycan dövləti dünya iqtisadi
düzənində özünəməxsus mövqeyini müəyyənləşdirdi.
İnnovativ və yüksək
texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin
inkişafı
Dövlət
başçısının yeni islahatlar siyasəti çərçivəsində
çevik iqtisadi idarəetmənin təşkili, biznes
mühitinin yaxşılaşdırılması,
investisiyaların təşviqi və qeyri-neft məhsullarının
ixracının stimullaşdırılması sahəsində əhəmiyyətli
qərarlar qəbul edildi. Bu qərarlara əsasən kənd təsərrüfatı
və sənaye istehsalının, xüsusilə
ixracyönümlü məhsulların həcminin
artırılması, hər bir rayonda sənaye
zonasının yaradılması, ənənəvi ixrac
bazarlarına daha geniş çeşiddə məhsulların
çıxarılması və yeni ixrac bazarlarına
çıxışın təmin edilməsi, logistik mərkəzlərin
yaradılması, aqropark və təsərrüfatların
müasir texnologiyalar əsasında qurulması, bölgələrdə
məşğulluğun artırılması, yeni iş yerlərinin
açılmasının davam etdirilməsi və s.
tapşırıqlar verildi.
Prezident
İlham Əliyevin 6 dekabr tarixli fərmanı ilə təsdiq
edilmiş ağır sənaye və
maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində
ölkə sənayesinin yüksəlişinin prioritet istiqamətləri
öz əksini tapıb. Dövlət
başçısının 2014-cü il 26 dekabr tarixli sərəncamı
ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında sənayenin
inkişafına dair 2015-2020-ci illər üçün
Dövlət Proqramı”na uyğun olaraq hazırda ölkədə
innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft
sektorunun davamlı inkişafını təmin etmək və
əhalinin istehsal sahəsində məşğulluğunu
artırmaq məqsədilə sənaye parkları və sənaye
zonalarının yaradılması davam etdirilir. Bu gün
ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı,
Pirallahı və Qaradağ Sənaye parkları fəaliyyət
göstərir. Ötən il isə Mingəçevir Sənaye
Parkının təməli qoyulub.
Yüngül sənaye sahəsində
klaster yanaşmasının geniş tətbiqi
Hazırda
10 rezidenti olan Sumqayıt Kimya Sənaye Parkında bu il 5, gələn
il isə 2 müəssisə istifadəyə veriləcək.
Mövcud layihələr üzrə rezidentlər tərəfindən
sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində
investisiyanın yatırılması və 2000-ə yaxın
daimi iş yerinin açılması nəzərdə tutulur.
Sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın
tələbatını ödəməklə yanaşı,
“Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac edilir.
Artıq sənaye parkının rezidenti olan “Azertexnolayn”
müəssisəsi istehsal etdiyi məhsulun 52 faizini ixrac edib.
7 hektar
sahəni əhatə edən Balaxanı Sənaye Parkında 22
milyon manat investisiya ilə tullantıların təkrar
emalı üzrə 5 müəssisə bu ilin birinci
yarısında fəaliyyətə başlayıb. Gəmiqayırma
sahəsində ixtisaslaşmış Qaradağ Sənaye
Parkına indiyədək 470 milyon dollar investisiya qoyulub ki, bu
da 2000 nəfərin daimi işlə təmin olunmasına imkan
verir.
Mingəçevir
Sənaye Parkında yüngül sənaye məhsulları, o
cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma,
tikiş və corab istehsalı üzrə 9 fabrikin
yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu
və 5500-dən çox yeni iş yerinin açılması
gözlənilir. Parkda yaradılacaq müəssisələr
üçün xammal bazası, o cümlədən pambıq
mahlıcı yerli məhsullar hesabına təmin ediləcəkdir.
Bütün bunlar ölkədə ilk dəfə olaraq
yüngül sənaye sahəsində klaster
yanaşmasının geniş tətbiqinə imkan verəcək.
Əczaçılıq sənayesinin
inkişafında yeni mərhələ
Azərbaycanda
qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata
keçirilən tədbirlərdən biri də ölkəmiz
üçün yeni sənaye sahəsi olan əczaçılıq
məhsullarının istehsalı sənayesinin
yaradılmasıdır. Bu məqsədlə xüsusi olaraq
yaradılmış Pirallahı Sənaye Parkında artıq 2
dərman zavodunun (“Hayat Pharm”, “Caspian Pharmed”) təməli
qoyulub. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan
“Hayat Pharm” əczaçılıq zavodunda onkologiya,
QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ
və tənəffüs sistemi təyinatlı dərmanlar,
antibiotiklər, virus əleyhinə, diareya və qusmaya
qarşı preparatlar, həmçinin rentgen-kontrast və
maqnit rezonans müayinələr üçün əlavələr
istehsal ediləcək.
Ümumilikdə
zavodda birinci mərhələdə 58 təsiredici maddə
üzrə 89 çeşiddə dərman istehsal olunacaq.
Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd
həb və kapsul təşkil edəcək. Gələcəkdə
istehsalın genişləndirilməsi nəzərdə
tutulur.
İlkin
mərhələdə 20,6 milyon ABŞ dolları investisiya
qoyulacaq “Caspian Pharmed” əczaçılıq zavodunda isə
ağrıkəsici, ürək-damar xəstəlikləri,
qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin
kateqoriyalı dərman vasitələri, həmçinin
vitaminlər və qida əlavələri istehsal ediləcək.
İlkin mərhələdə zavodda 54 təsiredici maddə
üzrə 84 çeşiddə dərman vasitəsi istehsal
olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə
201 milyon ədəd həb və kapsul təşkil edəcək.
Qlobal trendlərə
uyğunlaşdırılan çevik iqtisadi siyasət
Neftçala
Sənaye Zonasında hazırda boru və modul tipli məktəb
binalarının istehsalı ilə məşğul olan
müəssisələr, həmçinin balıq yemi, karton
stəkan və kənd təsərrüfatı təyinatlı
qurğular istehsal edən müəssisələr fəaliyyətə
başlayıb. Hazırda zonada 8 layihə icra olunur və ilin
sonunadək bu layihələrin icrası başa
çatdırılacaq.
Dövlət
başçısının 13 iyun 2016-cı il tarixli sərəncamı
ilə yaradılmış Masallı Sənaye Zonasının
təşkili ilə bağlı işlər intensiv olaraq
davam etdirilir. Sahibkarların sənaye zonasına marağı
böyükdür. Belə ki, sahibkarlar tərəfindən
artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33
layihə təklifi təqdim olunub. Bu layihələr əsasən
mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik
qapı-pəncərə istehsalı, müxtəlif növ
tikinti materiallarının istehsalı sahələrini əhatə
edir. Hazırda layihələndirmə işləri başa
çatmaq üzrədir.
Bununla
yanaşı, Ağstafada özəl təşəbbüs əsasında
yaradılmış sənaye zonası fəaliyyətə
başlayıb. Hacıqabul və Ağdam rayonlarında da sənaye
zonalarının yaradılması imkanları
araşdırılır.
Azərbaycanda
iqtisadi inkişaf strategiyası artıq modernləşmə xəttinə
əsaslanmaqla tam innovativ yönümdə həyata
keçirilir. Qlobal trendlərə uğurla
uyğunlaşdırılan çevik iqtisadi siyasətin
prioritet sahələrindən biri isə məhz sənaye
sektorudur. “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən
olan sənayenin davamlı inkişafının təmin edilməsi
məqsədilə dövlət tərəfindən
çoxsaylı layihələr hazırlanır, ən
müasir infrastruktur yaradılır, islahatlar aparılır.
Müasir istehsal infrastrukturuna malik sənaye parklarının
yaradılması isə ölkədə sənaye sahələrinin
inkişafının, iqtisadiyyatın tarazlı
inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin
və onun innovasiya istiqamətinin inkişafını nəzərdə
tutan dövlət siyasətinin reallaşdırılmasına
yönəlib. Sənaye parklarının yaradılması, həmçinin
ölkənin qeyri-neft sektorunun davamlı inkişafı,
iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli,
idxalı əvəz edən məhsulların
istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun
təmini, investisiyaların və müasir texnologiyaların cəlb
edilməsi kimi öncül vəzifələrin yerinə
yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Bütün
bunlar göstərir ki, müasir inkişaf yolu tutan Azərbaycanda
iqtisadi siyasətin əsas prioritetlərindən olan sənayeləşmə
yeni inkişaf mərhələsinə qədəm qoyub.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.- 2017.- 6 iyun.- S. 1; 4.