Şəhid Rövşən Nəbiyevin büstü açılmışdır

 

Masallı rayonunun Təzəkənd kənd orta məktəbində Qarabağ döyüşlərində şəhid olan Rövşən Sahib oğlu Nəbiyevin büstünün açılış mərasimi keçirilmişdir. Yeri gəlmişkən, bu məktəb 1993-cü ildən Rövşən Nəbiyevin adını daşıyır.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və şəhidin anası Hacı Atlas Səfərova büstün üzərindəki ağ örtüyü götürərək önünə əklil qoymuşlar. Mərasimdə çıxış edən RİH-in başçısı Rafil Hüseynov demişdir ki, Qarabağ döyüşlərində 172 nəfər masallılı gənc şəhid olmuşdur. Onlardan biri də Rövşən Nəbiyevdir. Rövşən Nəbiyev  1993-cü ilin yanvar ayında Ağdamın Fərrux yüksəkliyində qəhrəmancasına həlak olmuş, doğulduğu Təzəkənd kəndində torpağa tapşırılmışdır. Onun mərdliyi, vətənpərvərliyi, qəhrəmanlığı və mübarizliyi bu gün rayonumuzun gənclərinə əsl nümunədir. Biz Rövşənlə qürur duyur, vətənə layiqli övlad böyüdüb tərbiyə etdiyinə görə anası Hacı Atlas Səfərovaya dərin minnətdarlığımızı bildiririk.

Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi Rəsul Quliyev Rövşənin cəbhədə göstərdiyi igidlikdən söz açmış, şəhidin döyüş yoldaşı Ağdaş rayon sakini İlham Qurbanov, Qarabağ müharibəsi əlili Fuad Ağayev, Təzəkənd kənd orta məktəbinin müəllimi Əlihüseyn Abuşov və başqaları Rövşən Nəbiyevlə bağlı xatirələrini danışmışlar.

Masallı Rayon Mədəniyyət Evi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya mərasimə toplaşanlara xoş təsir bağışlamışdır.

Gənclər, müəllimlər və şagirdlər büstün önünə təzə-tər gül dəstələri qoymuş, kənd ağsaqqalları Qarabağ şəhidlərinin ruhuna dualar oxumuşlar.

 

Məhərrəm SƏFƏRLİ,

 

Azərbaycan.- 2017.- 6 iyun.- S. 6.