İstedadları üzə çıxaran musiqi məktəbi

 

Respublikamızın bütün bölgələri mədəni inkişaf yolundadır. Onlardan biri olan Xaçmaz şimal bölgəsi üçün bir növ flaqman rolunu oynayır. Burada son illər yaradılan muzeylər və digər mədəniyyət müəssisələri şəhərin simasını tamam dəyişib. Əbəs yerə deyil ki, Xaçmazı həm də muzeylər şəhəri adlandırırlar. Burada eksponatlarla zəngin, tarixi-mədəni əlaqələri yaşadan muzeylər, eləcə də istedadlı uşaqları bir araya toplayan təhsil ocaqları, musiqi məktəbləri fəaliyyət göstərir.

Xaçmazda fəaliyyət göstərən 3 musiqi məktəbində onlarla uşaq təhsil alır. Onların arasında daha çox diqqət çəkəni isə rayon yeddiillik musiqi məktəbidir. Şəhərin mərkəzində yerləşən məktəbdə şagirdlər tar, qarmon, fortepiano və digər alətlər üzrə musiqinin sirlərini öyrənirlər. Fortepiano şöbəsinin müdiri Esmira Mehdiyeva deyir ki, özü də həmin təhsil ocağının şagirdi olub, sonra musiqi təhsilini başa vurub. 1978-ci ildən burada çalışır. Ötən illəri xatırlayan müəllimə bildirdi ki, burada oxuduqları illərdə cəmi beş-on uşaq vardı: “Onların yarısı, demək olar ki, həvəs göstərərək bura gəlmişdi. Yəni musiqi təhsili onlar üçün ikinci dərəcəli məsələ idi. İndi burada müəllim kimi çalışan Könül Zeynalova, Kəmalə Alışanova, Rəna Hacıyeva və digərləri məktəbimizin yetirmələridir”.

Əvvəlki illərdə məktəbdə şərait o qədər də yaxşı olmayıb. Son illər Heydər Əliyev Fondunun mədəniyyətimizə qayğısı sayəsində məktəb təmir edilib. Görkəmi ilə seçilən bu mədəniyyət ocağında hazırda 70 müəllim 280-dən artıq şagirdin musiqi təhsili ilə məşğul olur.

Esmira xanım əlavə etdi ki, hazırda Xaçmazda musiqi təhsili almayan az ailə tapmaq olar: “Xaçmazda “Multikulturalizm ili” çərçivəsində keçirilən beynəlxalq konfransda da vurğulandı ki, rayonda hər beş nəfərdən birinin musiqi təhsili var. Hələ həvəskarları demirəm. Kəndlərdən də gəlib rayon mərkəzində musiqi təhsili alan uşaqlar var. Məktəbin yetirmələri hazırda respublikamızda bəstəkarlıq fəaliyyətilə də məşğul olurlar. Onların bəziləri ansambl və orkestrlərin solistləridirlər”.

Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait var: otaqlarda musiqi alətləri yerləşdirilib. Hər müəllimin şagirdlə fərdi qaydada məşğul olması mümkündür. Musiqi alətləri mütəxəssislər tərəfindən qorunur və vaxtlı-vaxtında təmir edilir.

Rayonda keçirilən rəsmi tədbirlərdə məktəbin şagirdlərinin musiqili proqramları uzun müddət yaddaşlarda iz salır. Açıq səma altında keçirilən mərasimlərdə, digər rayon və respublika əhəmiyyətli konfranslarda şagirdlərin klassik və müasir musiqi nömrələri hamını valeh edir. Şagirdlər dəfələrlə fəxri fərmanla, eləcə də qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin ABŞ, İngiltərə, Çexiya, Türkiyə və Rusiyadan gəlmiş musiqili qonaqlar təhsil ocağında xatirə kitabına ürək sözlərini yazmışlar.

Onu da deyək ki, məktəbin klassik musiqi sinfinin şagirdləri ilə Avropa məktəbliləri arasında sıx əlaqə qurulub. Bu günlərdə ABŞ-dan gəlmiş caz musiqi mütəxəssisləri məktəbdə olmuş, dinləmələr keçirmişlər. Yaxın gələcəkdə xaçmazlı şagirdlərin xarici ölkələrdə musiqi təhsili məsələsi də öz həllini tapacaq. İnanırıq ki,  xaçmazlı gənclərin səsi Avropanın möhtəşəm musiqi auditoriyalarından eşidiləcək.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 6 iyun.- S. 6.