İlham Əliyev: Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir

 

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 40-cı cildi çapdan çıxıb

 

Bu yazının sərlövhəsinə çıxarılmış sözlər “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 40-cı cildindən götürülüb. Dövlətimizin başçısı 2010-cu il aprelin 23-də Müdafiə Nazirliyində ordu quruculuğu məsələlərinə həsr olunmuş müşavirədə çıxışında deyib: “Ordu quruculuğu məsələləri həmişə diqqət mərkəzindədir. Bu bizim üçün əsas məsələdir. Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır. İşğal bu gün də davam edir. Biz elə etməliyik ki, hərbi imkanlarımızı maksimum dərəcədə gücləndirək. Bunu etmək üçün böyük işlər, praktiki tədbirlər görülür. Son illərdə Azərbaycanda ordu quruculuğu məsələləri uğurla həll olunur. Biz gündəlik həyatda elə etməliyik ki, hərbi potensialımızı daha da gücləndirək və Azərbaycan Ordusu ən yüksək standartlara cavab versin”.

AZƏRTAC xəbər verir ki, çoxcildliyin 40-cı kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşünə dair materialla başlayır.

Çoxcildliyin bu nəşrinə daxil olan materiallar 2010-cu ilin fevralından may ayınadək olan dövrü əhatə edir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 40-cı nəşrində dövlətimizin başçısının Estoniya Respublikasına dövlət səfəri zamanı bu ölkənin dövlət və hökumət başçıları ilə apardığı danışıqlara, Azərbaycan və Estoniya liderlərinin imzaladıqları birgə Bəyannaməyə, mətbuat üçün bəyanatlarla çıxışlarına, habelə Prezident İlham Əliyevin Moskvaya işgüzar səfərinə, bu şəhərdə Böyük Vətən müharibəsində qələbənin 65 illiyinə həsr olunmuş bayram şənliklərində iştirakına, Rusiyanın paytaxtında Xorvatiya Prezidenti ilə görüşünə dair materiallar əksini tapıb.

Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb.

Dövlətimizin başçısının Rusiya, Niderland, Polşa, Koreya Respublikası, İran, Slovakiya, Rumıniya, Almaniya, Vyetnam, Mavritaniya, Türkiyə, ABŞ və digər ölkələrdən, habelə Avropa İttifaqının və Şurasının, ATƏT-in, Avropa Yenidənqurma və İnkişaf Bankının ölkəmizə səfər etmiş yüksək vəzifəli və nüfuzlu şəxslərini qəbul etməsinə dair materiallar da bu kitabda yer alıb.

Çoxcildliyin 40-cı kitabına Azərbaycan Prezidentinin AZƏRTAC-ın 90 illik yubiley mərasimində və MDB ölkələrinin Milli İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları ilə görüşünə, Bakıda Dünya Dini Liderlərinin Sammitində iştirakına, ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin iştirakçıları ilə görüşlərinə dair materiallar da daxil edilib.

Nəşrin bu cildində dövlətimizin başçısının Qəbələ, Salyan, Biləsuvar, Cəlilabad rayonlarına, Şirvan şəhərinə səfərləri, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşləri, regionların sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsi istiqamətində görülən işlər, həmçinin Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün sosial iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş və yekun nitqləri öz əksini tapıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılan 40-cı cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

Azərbaycan.- 2017.- 7 iyun.- S.1.