Azərbaycan qlobal məkanda etibarlı tərəfdaş kimi mövqelərini möhkəmləndirib

 

Prezident İlham Əliyevin regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətti yüksək dəyərləndirilir

 

Azərbaycan qlobal məkanda davamlı inkişaf edən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini möhkəmləndirib. Respublikamız enerji müstəqilliyini təmin etməklə eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib. Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.

Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışının təmin edilməsi həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Postneft mərhələsinə qədəm qoymuş Azərbaycanın yeni inkişaf mərhələsində qarşıda duran məqsədlərin yüksək səviyyəli, çoxşaxəli olması, zamanın çağırışlarına cavab verməsi ilə bağlıdır. Bu məqsədlərə nail olmaq üçün ciddi elmi əsaslara söykənən müasir idarəetmə üsullarının tətbiqi, eləcə də strateji yanaşmaların daha uzunmüddətli dövrü əhatə etməsi zərurəti yaranır. Ölkənin yaxın gələcək üçün inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, keçilən yolun nəzəri və praktiki prizmadan araşdırılması zərurəti həm də onunla şərtlənir ki, respublikamız keçid dövründən modernləşmə mərhələsinə uğurla transformasiya edir.

Dünyanın iqtisadi cazibə və təsir mərkəzinin Qərbdən Şərqə yönəldiyi tarixi bir dönəmdə Azərbaycanın strateji önəmi və bənzərsizliyi onun Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi, sivil əməkdaşlıq və dialoq məkanına çevrilməsi ilə şərtlənir. Yeridilən daxili və xarici siyasət deməyə əsas verir ki, İlham Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe və maraq amili hər zaman olduğu kimi bu gün də öndədir. Ölkə rəhbəri istər Dağlıq Qarabağ məsələsində, istər qonşu dövlətlərlə münasibətlərinin xarakterində, istərsə də ölkənin təbii sərvətlərindən səmərəli istifadəsində ilk növbədə xalqın milli maraqlarını əsas götürür. Dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında vurğulandığı kimi, bu gün Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutub.

Başqa sözlə, Azərbaycan demokratik inkişaf yolunu seçərək bu istiqamətdə inamla irəliləyir. Bu yol xalqımızın demokratiyanı bərqərar etmək, hüquqi dövlətin yüksək standartlarına nail olmaq əzmi ilə bağlıdır. Qərəzli iddialara, qarayaxmalara baxmayaraq, respublikamız demokratiyanın şəksiz üstünlüklərini bundan sonra da gerçəkləşdirərək hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcək. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarır ki, Avropa məkanında əsl demokratik dəyərlərə ikili standartlarla yanaşma getdikcə güclənir. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin dəfələrlə şahidi olmuşuq. O cümlədən, ölkəmizə qarşı əsassız ittihamlar, təzyiq cəhdləri ilə zaman-zaman üzləşmişik.

“Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər” - deyən Prezident İlham Əliyev antiazərbaycançı qüvvələrə sərt mesaj ünvanlayıb. Azərbaycanın regionun güc mərkəzinə çevrilməsi ilə heç cür barışa bilməyən bədnam qüvvələr ölkəmizə qarşı “təzyiq rıçaqları”nı müxtəlif formalarda işə salsalar da, istəklərinə nail ola bilmirlər. İkili standartların əsirinə çevrilən bəzi xarici qurumlar ölkəmizdə demokratik proseslərin dərinləşməsini, vətəndaşların maddi rifah halının yaxşılaşmasını qətiyyən istəmirlər. Qarşıya qoyduğu bütün hədəflərə uğurla çatan Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilib. Bunu gözü götürməyən antiazərbaycançı qüvvələrin ölkəmizə qarşı apardıqları qərəzli kampaniyalar heç vaxt nəticə verməyib.

Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarının, ölkəmizin təhlükəsizlik məsələlərinin daim ön planda olduğunu bəyan edib: “Biz, ilk növbədə, öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Əgər hansısa beynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, əlbəttə ki, biz buna müsbət yanaşa bilərik. Ancaq, ilk növbədə, milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir.

Çünki bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsuslar olsun ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır”.

Azərbaycanın inkişafının hazırkı mərhələsində əsas hədəf çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Yeni mərhələdə, eyni zamanda Azərbaycanın modernləşməsi də uğurla başa çatdırılmalıdır. Bu, ilk növbədə, iqtisadiyyatı bazar prinsiplərinə keçirməkdən, sərt bürokratik nəzarətdən xilas etməkdən, sərmayə mühitini yaxşılaşdırmaqdan, büdcə siyasətini sağlamlaşdırmaqdan ibarətdir.

Demokratik inkişaf və modernləşmə yalnız yüksək maddi rifah şəraitində özünə möhkəm ictimai dayaqlar tapa bilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin fəaliyyətində iqtisadiyyat həyata keçirilən islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Bu da kifayət qədər əsaslı yanaşma olaraq Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Dövlət başçısının iqtisadi siyasəti sayəsində son illər vətəndaşların yaşayış tərzində, sosial rifah halında özünü qabarıq göstərməyə başlayan müsbət keyfiyyət dəyişiklikləri ictimai-siyasi sabitliyin başlıca təminatçısı sayılan orta təbəqənin - milli sahibkarlar ordusunun mövqelərinin möhkəmlənməsinə gətirib çıxarıb.

Bu gün iqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir.

Son 14 ildə Azərbaycanda həyata keçirilən islahatların insan və vətəndaş amilinin yüksəlişinə xidmət etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. Respublikada iqtisadi sahədə islahatların davam etdirilməsi ölkə vətəndaşlarının sosial rifah səviyyəsinin yüksəldilməsi məqsədinə hesablanmışdır. Üstəlik, sosialyönümlülük respublikanın milli iqtisadi inkişaf modelinin əsas xüsusiyyətlərindəndir. Bu baxımdan Azərbaycanın inkişaf modeli İçveç modelinə daha yaxındır. İsveç modelində sosial siyasət vacib yer tutur və işçi qüvvəsinin (əsasən yüksək ixtisaslı) təkrar istehsalı üçün qismən normal şəraitin yaradılmasını təmin etməklə sosial gərginliyin azaldılmasında, sinfi antoqonizm və münaqişələrin neytrallaşdırılmasında mühüm rol oynayır.

Ümumiyyətlə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ali məqsəd vətəndaş amilinin tərəqqisi insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədə inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Bu gün ölkədə həyata keçirilən siyasətin ən başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaqdır. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur.

 

Elnur HACALIYEV

 

Azərbaycan.- 2017.- 8 iyun.- S. 1; 3.