Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə əməkdaşlıq məsələləri müzakirə olunub

 

Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov iyunun 7-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera ilə görüşüb.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən danışılıb, bu qurumun cəbhəyanı ərazilərdə həyata keçirdiyi fəaliyyətlər barədə, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları yüksək qiymətləndirib və Azərbaycan Prezidenti tərəfindən ölkəmizdə olan bütün beynəlxalq təşkilatların azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb.

Görüşdə Baş nazirin müavini müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qızıl Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyini və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.

Xanım Elena Aymone Sessera cəbhə xəttinə yaxın ərazilərdə yerləşən kəndlərdə təşkilat tərəfindən həyata keçirilən layihələr barədə geniş məlumat verib və bu işdə yerli strukturların da fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək dəyərləndirib, ölkəmizdəki inkişaf və tərəqqinin göz qabağında olduğunu vurğulayıb. Nümayəndəliyin rəhbəri, həmçinin ölkəmizdəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib, bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını qeyd edib.

 

Azərbaycan.- 2017.- 8 iyun.- S.4.