Qurtuluşa aparan yol
Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Bakıya qayıtması Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtardı
Tarix sübut edir ki, hər bir xalqın taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlər insanları konkret məram və məqsədlər ətrafında səfərbər etmək, milli birliyi qorumaq və möhkəmləndirmək istiqamətində böyük işlər görərək əbədiyaşarlıq qazanmışlar. Belə əqidə sahiblərinin siyasi fəaliyyəti cəmiyyətin ayrı-ayrı təbəqələrini inandıraraq nəcib məqsədlər naminə bir araya gətirmək, total ictimai şüurda pozitiv dönüş yaratmaq vasitəsi kimi dəyərləndirməkdir. Cağdaş tarixə möhürünü vurmuş ulu öndər Heydər Əliyevin də böyük siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər ilk növbədə xalqın dəstəyinə, ictimai inam amilinə söykənmiş, böyük strateqin mənəvi bütövlüyə, birliyə və həmrəyliyə xidmət edən siyasətinin məntiqi nəticəsi olmuşdur.
Ulu öndər Heydər Əliyev qeyri-adi şəxsiyyət kimi insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına pozitiv təsir göstərmək imkanında olmuş, məhz bu xüsusiyyətləri sayəsində idarəçilikdə böyük uğurlara imza atmış, cəmiyyətin həlledici kəsimini arxasınca apara bilmişdir. Ulu öndər idarəçiliyinin bütün mərhələlərində elmə, alimə, təhsil işçilərinə yüksək dəyər vermiş, ölkəmizin innovativ yeniliklər əsasında modernləşməsini vacib saymışdır.
70 il imperiya əsarətində yaşamaq məcburiyyətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək şansı qazandı. Keçmiş ittifaqın süqutu zəminində cərəyan edən müəyyən proseslər xalqın öz hüquqları uğrunda fəal mücadiləyə qalxmasına və son nəticədə 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etməsinə imkan yaratdı. Azərbaycanın de-yure müstəqillyinin əldə olunmasına baxmayaraq, respublikanın de-fakto müstəqil dövlətçilik təsisatlarının formalaşması prosesi getmirdi. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin şərti səciyyə daşıması üzündən meydana çıxmışdı. Bu, həm də hakimiyyətdə yüksək postlarda təmsil olunan bəzi məmurların müəyyən xarici dövlətlərin diktəsi və təsiri altında hərəkət etməsi, antimilli mövqe tutması ilə şərtlənirdi.
Müdrik xalqımızın 1991-ci ildən 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətləri öz taleyində yaşamaq məcburiyyətində qalması ümumilikdə dövlətin özünün gələcəyini sual altında qoymuşdu. Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv olan qaragüruhçu qüvvələr faktiki olaraq Azərbaycanı taleyin ümidinə buraxmışdılar. Üstəlik, hakimiyyət uğrunda mübarizənin qanunsuz silahlı qruplaşmalar səviyyəsində aparılması ölkədəki siyasi, iqtisadi və mənəvi böhranı daha da dərinləşdirir, bədxah xarici qüvvələrin təsiri ilə etnik-milli münasibətlərin qızışdırılmasına, separatizm meyillərinə rəvac verir, bir növ, vətəndaş müharibəsinə zəmin hazırlayırdı.
1993-cü il iyunun 4-də Gəncədə baş vermiş hərbi qiyam isə respublikanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Şimalda separatçı “Sadval” hərəkatının fəallaşması, Cənubda qondarma “Talış-Muğan respublikası”nın yaradılması təşəbbüslərinin baş qaldırması da ölkədəki hakimiyyətsizliyin, xaos və anarxiyanın, qanunsuzluğun nəticəsi idi.
Azərbaycanı dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq Heydər Əliyevə müraciət etdi. Səbir kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu zəngin təcrübəyə malik görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin şəxsində görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən Heydər Əliyevin yanına nümayəndələr gedir, teleqramlar göndərilirdi.
Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. Ulu öndər həmin dövrü belə xarakterizə etmişdi: “Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”. Heydər Əliyev ağır vəziyyətdən çıxış yolunun ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını göstərdi. Azərbaycanın vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmaları təklifini irəli sürdü.
AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik insanın hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir təhlükədən çəkinməyərək qiyamçılarla danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası, xalqın istəyini nəzərə alaraq ozamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçildi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi.
1993-cü il iyunun 15-də Azərbaycan parlamentində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etdi: “...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam”.
Ulu öndər Heydər Əliyevin iyunun 15-də parlamentin sədri seçilməsi böyük strateqin sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Böyük strateq Heydər Əliyevin ümummilli liderlik zirvəsinə yüksəlməsi həm də onun milli inkişaf strate-giyasının banisi olması ilə şərtlənir. Ulu öndər ilk günlərdən Azərbaycanın perspektiv inkişaf prioritetlərini açıqladı. Demokratik inkişafa doğru sürət götürmüş müstəqil Azərbaycan dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, ümumilikdə dünyada əhəmiyyəti həlledici dərəcədə artan sosial-siyasi reallığa çevirdi. Mütərəqqi iqtisadi inkişaf strategiyasının seçilməsi, yeni neft strategiyasının məntiqi nəticəsi kimi “Əsrin müqaviləsi”nin imzalanması, özəlləşdirmə adı altında dövlət əmlakının ayrı-ayrı biznes maqnatlarının əlinə keçməsinin qarşısının alınması, dövlət aparatının və idarəçiliyinin təkmilləşdirilməsi, planlı iqtisadiyyat və bölgü sisteminin əvəzində milli sahibkarlıq sinfinin formalaşdırılması Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin yalnız cüzi hissəsidir.
Ulu öndərin qanunverici orqana sədr seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etdi. Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başladı, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını aldı. Müzakirə və diskussiyaların sivil demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərdi, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət xalqa olduğu kimi çatdırıldı. Ümummilli liderin Milli Məclisdəki səlis, rəvan və yüksək məntiqə əsaslanan nitqləri, əsaslandırılmış mövqeyi, mürəkkəb situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün də böyük rəğbətlə xatırlanır.
Böyük strateq ölkədəki ictimai-siyasi sabitliyi və qanunçuluğu bərpa etdikdən dərhal sonra ilk milli Konstitusiyanın qəbulu istiqamətində qətiyyətli addımlar atdı. Ümummilli liderin təşəbbüsü və rəhbərliyi altında, eyni zamanda demokratik cəhətdən inkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi əsasında hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın 7-ci maddəsində hakimiyyətlərin bölgüsü prinsipi birmənalı əksini tapdı.
Heydər Əliyev ideyalarını hər sahədə rəhbər tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin əsasında xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır.
Son 14 ildə ölkədə həyata keçirilən effektiv iqtisadi islahatlar kursunu uğurla davam etdirərək dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədləri səylə, ardıcıl və sistemli surətdə yerinə yetirmişdir. Prezident İlham Əliyevin yürütdüyü siyasətin məqsədyönlüyü, ardıcıllığı, obyektiv gerçəkliyə adekvatlığı, bu siyasətin ölkənin milli mənafelərini əks etdirməsi respublikanın hər bir vətəndaşında gələcəyə böyük inam və əminlik yaradıb.
Elnur HACALIYEV,
Azərbaycan.- 2017.- 9 iyun.- S.1;2.