Milli Turizm Təbliğat Bürosu ilə turizm şirkətləri arasında əməkdaşlıq əlaqələri müzakirə olunub
İyunun 8-də Bakı şəhərində fəaliyyət göstərən gəlmə turizm sahəsində ixtisaslaşmış yerli və xarici tur operator və turizm şirkətləri ilə Milli Turizm Təbliğat Bürosunun görüşü keçirilib.
Görüşdə məqsəd gəlmə turizmi sahəsində ixtisaslaşmış yerli tur operatorlar və turizm şirkətləri ilə ölkə turizm ilə bağlı ictimai müzakirələr keçirmək və yeni turist marşrutlarının formalaşdırılması, ölkənin təbliğatı və turist məmnunluğunun artırılması istiqamətində turizm firmalarının qarşılaşdığı problemlər və onların həlli ilə bağlı birgə əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.
AZƏRTAC xəbər verir ki, Milli Turizm Təbliğat Bürosunun rəhbəri Fuad Nağıyev qurumun yarandığı qısa müddət ərzində bir sıra mühüm layihələrə imza atdığını qeyd edib. Bildirib ki, Novruz bayramı günlərində Bakıda paytaxt sakinləri və qonaqlar üçün silsilə tədbirlər həyata keçirilib. IV İslam Həmrəyliyi Oyunları günlərində isə bir çox ölkələrin mədəniyyət günləri təşkil edilib.
F.Nağıyev deyib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsasını Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” təşkil edir.
Fuad Nağıyev turizm şirkətləri ilə birgə əməkdaşlıq imkanları barədə məlumat verərək bu işdə maraqlı olduqlarını söyləyib.
Görüşdə Milli Turizm Təbliğat Bürosunun əməkdaşları – Kənan Qasımov “Büronun yaradılması, fəaliyyəti və qarşıya qoyulan vəzifələr”, Fərhad Aşurbəyli “Turizm potensialının təbliğində onlayn resursların rolu və turizm firmaları ilə əməkdaşlıq imkanları”, Cəmilə Talıbzadə “Marketinq siyasəti və turizm firmalarının prosesdə iştirakı” mövzularında təqdimatlarla çıxış ediblər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Turizm Təbliğat Bürosunun işini təhlil edərək 3 aydır yaranan qurumun fəaliyyətini yüksək qiymətləndirib. Bildirib ki, ötən müddət ərzində Büro tərəfindən turizmin təbliği istiqamətində mühüm layihələrə imza atılıb. Bu da deməyə əsas verir ki, büronun səyləri nəticəsində beynəlxalq səviyyədə turizm xidmətlərinin Azərbaycanda tətbiqinə nail olunacaq.
Nazir diqqətə çatdırıb ki, Novruz bayramından etibarən Büro tərəfindən Bakı şəhərinin bir neçə məkanında müxtəlif tədbirlər, mədəni təqdimatlar keçirilməkdədir. Bununla da turizm məkanları formalaşır. Respublikanın bir sıra regionlarında bu cür məkanlar ötən ildən fəaliyyətə başlayıb.
Bildirilib ki, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq yaradılmış bu qurum növbəti illərdə Azərbaycanın təbliğat simvoluna çevrilməlidir və ölkəmizin bütün sahələrdə xaricdə təqdimatlarda bu büronun özünəməxsus yeri və rolu olmalıdır.
Ə.Qarayev Büronun məqsədlərindən birinin də Bakı şəhərinin turizm brendinin hazırlanması olduğunu vurğulayaraq bu istiqamətdə işlərin davam etdirildiyini söyləyib.
Turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi məsələsinə toxunan nazir qeyd edib ki, hazırda turizm haqqında yeni qanun hazırlanır və bu qanunun Milli Məclisin payız sessiyasında qəbul olunacağı gözlənilir.
Nazir
ölkəmizə gələn turistlərin sayını da açıqlayıb. Bildirib ki, ötən ilin may ayında ölkəmizə
174 min turist gəlib. Bu ilin mayında
isə bu rəqəm 211 min təşkil
edir. Bu da
onu göstərir ki, kifayət qədər artım olub.
Ə.Qarayev vurğulayıb ki, ötən ilin 5 ayı ərzində ümumilikdə ölkəmizə
gələnləri sayı
768 mindir. Bu ilin
5 ayında isə 956
min turist ölkəmizə
səfər edib.
Bu da təxminən
30 faiz artım deməkdir.
Toplantıda Milli Turizm Təbliğat
Bürosunun yanında
yerli tur operatorlar və turizm şirkətlərindən
ibarət Ekspert Şurasının yaradılması
ilə bağlı zərurət və şuranın fəaliyyət
istiqamətləri barədə
də danışılıb.
Sonda toplantıda iştirak edən turizm şirkətlərinin nümayəndələri
yeni turist marşrutlarının formalaşdırılması,
ölkənin təbliğatı,
turist məmnunluğunun
artırılması istiqamətində
qarşılaşdıqları problemlər və onların həlli ilə bağlı birgə əməkdaşlıq
imkanları istiqamətində
müzakirələr aparıblar
və təkliflər
səsləndiriblər.
Azərbaycan.- 2017.-9 iyun.- S.3.