Londonda Y.Bertelsin
ilk dəfə ingilis dilinə tərcümə edilən
“Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı
keçirilib
İyunun 5-də Londonda XIX əsr Kraliça Viktoriya dövründə təsviri incəsənətin əsaslarını qoyan məşhur rəssam Lord Leytonun (1830-1896) ev muzeyində (www.rbkc.gov.uk/subsites/museums/leightonhousemuseum1.aspx) Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin (www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home) şərqşünas-alim Yevgeni Bertelsin (1890-1957) “Böyük Azərbaycan şairi Nizami” (“The Great Azerbaijani Poet, Nizami”) kitabının ingilis dilinə ilk akademik tərcüməsinin təqdimat mərasimi keçirilib. Qərbdə böyük nüfuza malik olan məşhur şərqşünas alim, professor Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” kitabı ilk dəfə 1940-cı ildə rus dilində çapdan çıxıb. Həmin vaxtdan etibarən kitab nəinki ingilis dilində, ümumiyyətlə, təkrar nəşr olunmayıb. Bertelsin bu əsəri Azərbaycan tarixinə, elminə, mədəniyyətinə, irsinə, akademik nüfuzuna, eləcə də milli maraqlarına böyük töhfədir. Kitabda Nizami Gəncəvinin həyat və yaradıcılığı araşdırılır, onun yalnız şair yox, dünya şöhrətli filosof, mütəfəkkir olduğu bildirilir. Kitab bir daha sübut edir ki, Nizami Gəncəvinin əsərləri 900 ildən sonra da aktuallığını itirməyib.
Lakin indiyədək kitabın ingilis dilində tərcüməsi olmadığından əcnəbi alimlər bu əsərdə yer alan məlumatları əldə etməkdən məhrum olublar. Məhz Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən bu akademik elmi əsərin dünya elm adamlarının ixtiyarına verilməsi mümkün olub. Kitab üçün illüstrasiyaların orijinalları dünyanın ən qədim kitabxanalarından götürülüb və kitab keyfiyyətli şəkildə Britaniyanın “Gilgamesh” nəşriyyat evində (http://www.gilgamesh-publishing.co.uk/index.html) çap edilib. Şərqşünas-nizamişünas alim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Y.E.Bertelsin əsərinin ingilis dilinə edilən akademik tərcüməsi Oksford Universiteti ilə yanaşı, Avropanın aparıcı kitabxanalarına paylanılacaq.
Lord Leytonun rəsm və heykəltəraşlıq əsərləri ilə bəzədilmiş, Birləşmiş Krallıqda XIX əsrin ən möhtəşəm binalarından hesab edilən bu məkanda keçirilən tədbirdə Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin rəhbəri akademik Nərgiz Paşayeva və Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun iranşünaslıq üzrə aparıcı professoru, kitabın redaktoru Edmund Herziq ilə yanaşı, Azərbaycan Respublikasının Baş nazirinin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, dilçi alim, Milli Məclisin deputatı Nizami Cəfərov, Oksford Universitetinin İnkişaf Departamentinin rəhbəri xanım Liesl Elder və həmin qurumun rəhbərinin müavini Antoni Qrin, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin professoru, ərəb dili üzrə mütəxəssis Julia Bray, ABŞ-ın Tulane Universitetinin professoru Elia Brankaforte, Kembric Universitetinin doktoru Razia Sultanova, Oksford Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili müəllimi Julian Faultless, Britaniya Kitabxanasının (British Library) türk kolleksiyaları üzrə rəhbəri Maykl Erdmann, “Gilgamesh” nəşriyyat evinin rəhbəri Maks Skott, Britaniya Parlamentinin Lordlar Palatasının üzvləri, Birləşmiş Krallığın elmi akademik dairələrinin üzvləri, tələbələr, Londonda akkreditə olunmuş diplomatik korpusun və ictimaiyyətin nümayəndələri, ziyalılar iştirak ediblər.
Oksford Universitetinin Şərqşünaslıq
İnstitutunun iranşünaslıq üzrə aparıcı
professoru, kitabın redaktoru Edmund Herziq tədbirdə
iştirak etməkdən məmnunluğunu ifadə edib. O qeyd
edib ki, belə gözəl və möhtəşəm məkanda
tədbirə qatılmaq hər insana nəsib olmur.
“Bütün qonaqlara tədbirdə iştirak etdiyinə
görə təşəkkürümü bildirirəm. Bu,
çox gözəl bir tədbirdir. Bizi bu gün buraya toplayan əsərin
nəşri ilk, lakin sonuncu olmayan bir layihədir. Bu elmi əsərdən
sonra nəşr ediləcək kitabların kataloqunu sizə təqdim
etmirəm, lakin həmin elmi işlərin əsas amalı, əsas
məqsədi haqqında məlumat vermək istəyirəm.
Bizim məqsədimiz Azərbaycan və ya rus dilində onilliklərlə
çap edilmiş, lakin ingilis auditoriyasına məlum olmayan əsərləri
ingilisdilli auditoriyaya tanıtmaqdan ibarətdir. Mərkəzin fəaliyyət
dairəsi sırf elmi əsərlərin tərcüməsindən
daha genişdir. Mərkəz tədqiqatçı tələbələrə
dəstək göstərir. Nizami Elmi Mərkəzi tərəfindən
Azərbaycanda maraqlı arxeoloji qazıntılar
aparılır, mütəmadi olaraq Britaniyada müxtəlif “dəyirmi
masa”lar, elmi konfranslar və digər tədbirlər
keçirilir. Ümidvaram ki, gələcəkdə Oksfordda
keçiriləcək bu cür tədbirlərdə də
sizlər fəal iştirak edəcəksiniz. Lakin bu gün
bizi bu salona toplayan əsas məqsəd
hazırladığımız bu kitabın təqdimatıdır.
Nəyə görə məhz bu kitab bizim ilk nəşr
etdiyimiz kitab olub. Nizami Gəncəvinin adını
daşıyan və həmin böyük şəxsiyyətə
həsr edilmiş kitabın tərcüməsi sözsüz
ki, məqsədəuyğun bir seçimdir. Nizami
dünyanın ən məşhur və ən
tanınmış şairlərindən biridir. Şərq aləmində
əsrlər boyu bu ad böyük bir rəmzə
çevrilib. Nizami, həmçinin Qərb aləminə də
tanış idi. Bu da seçimimizin doğruluğunu təsdiqləyən
amillərdən biridir. Digər əsərlərin seçimi
də bizim bu məqsədimizə xidmət edəcəkdir.
Müəllif Yevgeni Bertels tərəfindən Nizamiyə həsr
edilmiş başqa kitablar da var və onların da tərcüməsi
məqsədəuyğun olardı. Kitabın nəşr
edildiyi 1940-cı ildə, zənnimcə, rusdilli auditoriyada da
Nizami haqqında bilən çox az insan olmuşdur. Bertels
çox ciddi və dərin tədqiqatçı olduğuna
görə, onun çox dəyərli əsərləri
olduğu halda, o, elə hesab edirdi ki, Şərq ədəbiyyatı
ilə məşğul olan tədqiqatçı
üçün bu, çox vacib məsələdir. Bertelsin əsas
məqsədlərindən biri Şərqə Günəş
kimi doğan dahi şairlərin Qərb aləminə
tanıdılması olmuşdur. O, bu məqsədə
çatmaq üçün elmi fəaliyyətinin
böyük hissəsini dahi şairlər haqqında əsərlərin
hazırlanmasına həsr etmişdir ki, bu da həmin
şairləri daha geniş auditoriyaya təqdim etmək məqsədini
güdürdü. Bu kitabın maraqlı cəhəti odur ki,
nəinki Nizami haqqında, kitabda onun zamanı və
dövrü haqqında da məlumat verilir. Müəllifin
sözlərinə görə, bu əsər çox
böyük missiyanın həyata keçirilməsinə nail
olub. Eyni zamanda, Nizaminin görkəmli Azərbaycan şairi
kimi tanınmasında bu kitabın rolu böyükdür. Məhz
bu əsərin ərsəyə gəlməsindən sonra
Bakıda bir tərəfdən elmi əsərlər, digər
tərəfdən çoxlu dərsliklər çap edilməyə
başlanıb. Bu isə Nizaminin yenidən dərk edilməsinə,
ona lazımi qiymətin verilməsinə səbəb olub.
Düşünürəm ki, kitabın başqa bir maraqlı
cəhəti var və - bəlkə də Bertels bu haqda
heç düşünməyib, – bu, ondan ibarətdir ki, kitabın
adı “Böyük Azərbaycan şairi Nizami” sonradan İran
alimlərinin arasında bu günə qədər də davam
edən bir müzakirəyə, qarşıdurmaya gətirib
çıxarıb. Məhz buna görə kitabın
ingilisdilli auditoriya üçün hazırlanmasında məqsədlərdən
biri də ondan ibarətdir ki, kitabı oxuyanlar buradakı
fikirlərin milliyyətçilikdən irəli gəlmədiyini
dərk edəcəklər. Bu, çox gözəl, sadə,
eyni zamanda, asanlıqla oxunan və böyük şəxsiyyət
haqqında dürüst məlumatları geniş auditoriyaya
çatdıran bir kitabdır. Mən inanıram ki, bu kitabdan
sonra rusdilli auditoriyada olduğu kimi, ingilisdilli auditoriyada da
Nizaminin pərəstişkarları artacaqdır. Mənim
böyük iftixar hissi ilə yazdığım ön
sözdə qeyd edilir ki, kitab yaradılan zaman həmin konsept də
nəzərdən qaçmır. Bu kitabın konsepti Qərb
oxucuları üçün də əhəmiyyətlidir.
Kitabın yarandığı dövr, 1930-cu illərin sonu
heç də parlaq dövrlərdən deyildi. Stalinin
repressiyalarının pik nöqtəsi olan dövr idi. Azərbaycanda
da Mir Cəfər Bağırovun respublikaya rəhbərlik
etdiyi həmin dövrdə repressiya qurbanlarının sayı
heç də az olmayıb.
Mən
bir neçə qısa qeydlə
çıxışımı başa vurmaq istəyirəm.
Burada sizlərin qarşısında durmaqdan və
çıxış etməkdən böyük şərəf
hissi duyuram. Bu layihə üzərində
çalışanların sayı heç də az deyil.
Kitabı rus dilindən tərcümə edən Maroussia
Bednarkieviçdir. Fars dilində olan sitatları Ceyms Vayt,
kitabın ön sözünün müəllifi mənimlə
Elçin müəllimdir. Eyni zamanda, bu kitabı nəşr
edən “Gilgamesh” nəşriyyat evinə
(http://www.gilgamesh-publishing.co.uk/index.html) təşəkkür
etməyi özümə borc bilirəm. Nəhayət, Nizami Gəncəvi
Mərkəzinin bütün işlərində olduğu kimi,
bu işdə də bizə ən böyük köməyi
göstərən akademik Nərgiz xanım Paşayevaya öz
dərin təşəkkürümü bildirirəm. Bizim
gördüyümüz işlərin heç biri onun dəstəyi
və hərtərəfli köməyi olmadan həyata
keçə bilməzdi. Əgər tərcümə etdiyimiz
kitabın seçimi bizlərə verilsəydi, çox
güman ki, biz belə vacib və aktual olan əsər
seçməyə də bilərdik. Bir daha Nərgiz
xanıma təşəkkür edirəm”, - professor E.Herziq
çıxışını tamamladı.
Daha sonra
Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən
rəhbəri, akademik Nərgiz Paşayeva qonaqları
salamlayaraq, onlara tədbirdə iştirak etdiklərinə
görə minnətdarlığını bildirərək
dedi: “Möhtərəm qonaqlar, əziz dostlar! Dünya mədəniyyəti
irsinin parlaq siması şair və mütəfəkkir
Şeyx Nizami Gəncəvinin həyat və
yaradıcılığına həsr olunmuş “The Great
Azerbaijani poet Nizami” kitabının təqdimat mərasiminə
xoş gəlmisiniz!
Kitab
1940-cı ildə görkəmli rus şərqşünas
alimi Y.Bertels tərəfindən qələmə
alınmış və Bakıda nəşr edilmişdir. O
tarixdən bu günə qədər kitab yenidən nəşr
edilməmiş və 77 il ərzində heç bir Avropa dilinə
tərcümə olunmamışdır.
Bugünkü
təqdimat Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq
və Qafqazşünaslıq Proqramının nəşrə
hazırlanan kitablar silsiləsindən ilk elmi kitab, ilk akademik tərcümədir.
Belə görünür ki, 77 il çox olsa da, bu qədər
gözləməyə dəyərdi.
Nizami
haqqında hələ XIII əsrdən etibarən məlumatlar
yazılmağa başlanmışdır. XIII əsr müəlliflərindən
Məhəmməd Övfi, Zəkəriyyə Qəzvini və
başqaları Nizami haqqında yazmış, onun Gəncədən
olduğunu qeyd etmişlər. Əmir Xosrov Pəhləvi,
Əlişir Nəvai kimi klassiklər də Nizamini özlərinə
ustad bilmişlər, irsini yüksək qiymətləndirmişlər.
O dövrdən bu günə qədər
Nizamişünaslıq inkişaf etmiş və böyük
bir elmi sahəyə çevrilmişdir. Bunun nəticəsi
olaraq, Nizamişünaslığın Avropa, Yaxın Şərq,
Rusiya və Azərbaycan elmi məktəbləri yarana
bilmişdi.
Bu gün
təqdim olunan kitabın müəllifi Yevgeni Bertels
Rus-Peterburq Şərqşünaslıq Məktəbinin
görkəmli nümayəndəsidir. Rus
Nizamişünaslığının gözəçarpan
tarixi, ilk növbədə, Yevgeni Bertelsin adı ilə
bağlıdır. Bertels “Böyük Azərbaycan şairi
Nizami” əsəri ilə Nizami
yaradıcılığının daha geniş – Azərbaycan
kontekstini və aspektini bir elmi təlim, yanaşma kimi
ortalığa qoydu və təqdim etdi. Məşhur qeyri-azərbaycanlı
şərqşünas-alim Y.Bertels şair – Nizami; məkan,
tarixi fon – Gəncə; sənətkarlıq məsələləri
– farsdilli, azəri üslubi poeziya məfhumlarını
bir-birinə sıx bağladı.
Maraqlıdır
ki, Oksford Universitetində 1985-2002-ci illərdə fars-ərəb
ədəbiyyatı üzrə çalışmış
professor Culiya Skott Meysami 1995-ci ildə “Yeddi gözəl”i
ingilis dilinə çevirib çap etdirmişdir. Həmin
kitabın ön sözündə ingilis alimi Nizami
poeziyasında azəri dilinin ritorik incəliyini və cazibədarlığını
özündə əks etdirdiyini və Nizami
poeziyasının üslubunu ənənəvi fars Xorasani
üslubundan fərqləndiyini qeyd etmişdir. Onun
yazdığı fikirlərlə Bertelsin kitabındakı
fikirlər arasında bir bağlantı olduğu aydın nəzərə
çarpır.
Rus-Peterburq
Şərqşünaslıq Məktəbinin Boldırev,
Krımski, Bartold, Marr, Levkiyevskaya kimi görkəmli nümayəndələri
Nizami yaradıcılığını məhz bu elmi aspektdən
təqdim və təbliğ etmişlər.
Azərbaycanda
da Nizamişünaslıq aparıcı elmi sahəyə
çevrilmiş, dəyərli elmi kitablar və tədqiqatçılar
dəstəsi yaranmışdır. Amma əfsuslar olsun ki, bu əsərlərdən
bir-iki müəllifi çıxmaq şərti ilə
heç biri Avropa dillərinə tərcümə edilməmişdir.
Burada bir
məqama da toxunmalıyıq. Bəli, Nizami irsinin Azərbaycan
elmi məktəbi XX əsrin 30-cu illərindən sonra öz
kulminasiya nöqtəsinə çatdı. Bu səbəbdən
Nizami irsinin Azərbaycanda, sovetlərdə öyrənilmə
prosesinə yanaşmada bir ideoloji məzmun, bir ideoloji
sifariş fərziyyəsi ehtimalı da yarana bildi. Amma Azərbaycan
Nizamişünaslığının əksər qiymətli
elmi əsərləri və dəyərli müəllifləri
– Həmid Araslı, Mikayıl Rəfili, Rüstəm
Əliyev, Azadə Rüstəmova, Əliyar Səfərli,
Nüşabə Araslı, Məmməd Cəfər, Teymur Kərimli
və başqaları sovet dönəmində yaşayıb
yaratsalar da, Azərbaycan Nizamişünaslığı hələ
sovet dönəmindən əvvəl və sovet dönəmi
ilə əsla bağlı olmayan müəlliflərin adı
ilə bağlıdır.
Hələ
XIX əsrdə Azərbaycan müəllifləri Abbasqulu
ağa Bakıxanov, M.F.Axundzadə, daha sonra M.S.Ordubadi, Firudin bəy
Köçərli Nizami yaradıcılığına öz
əsərlərində toxunmuşlar, bioqrafik məlumatlar
vermişlər.
Amma
sırada iki ad, iki kitab dəyərli, tutarlı və
inkaredilməzdir. Belə ki, 1951-ci ildə görkəmli şəxsiyyət
və dövlət xadimi, AXC-nin yaradıcılarından biri,
eyni zamanda, alim, publisist, dramaturq M.Ə.Rəsulzadə Ankarada
“Azərbaycan şairi Nizami” monoqrafiyasını çap
etdirir. Özünün yazdığına görə, bu əsər
1951-ci ildən çox əvvəl hazır idi və onun
çapının gecikməsi həyatının çətinlikləri
və II Dünya müharibəsinin başlanması səbəbindən
oldu. M.Ə.Rəsulzadənin Nizami haqqında qələmə
aldığı monoqrafiya Azərbaycan
Nizamişünaslığının ən parlaq elmi əsərlərinin
ön sırasındadır. Bu əsər heç zaman sovet
ideologiyası və ideoloji sifarişlə bağlı ola bilməz.
İkinci
kitabın adı “Şeyx Nizami”dir. Kitabın müəllifi XX
əsrin əvvəllərinin Gəncə
maarifçi-ziyalılar çevrəsinin tanınmış
nümayəndəsi, Gəncə Seminariyasının məzunu
və sonralar müəllimi Mirzə Məhəmməd Axundzadədir.
Kitab 1909-cu ildə Gəncədə Hacı Həsənzadə
mətbəəsində Azərbaycan dilində ərəb əlifbası
ilə çap edilmişdi.
Bu misallar
Azərbaycan Nizamişünaslığının sırf
30-cu illərdən sonra, sovet ideologiyasının, hətta
Stalinin mədəni planının bir hissəsi kimi deyil,
obyektiv və müstəqil elmi tarixinin olduğunun göstəricisi
və sübutudur.
Əlbəttə,
Nizamişünaslığın dəyərli hissəsinin
böyük qismini fars alimlərinin əsərləri təşkil
edir. İranda Vəhid Dəstgerdi, Səid Nəfisi, Əli
Əkbər Şəhabi və bir çox başqaları
Nizami haqqında dəyərli əsərlər
yazmışlar. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu
gün təqdim etdiyimiz kitab 1957-ci ildə Tehranda fars dilində
“Nizami, şaere-bozorge-Azərbaycan” adı ilə çap
edilmişdir. Fars dilinə Hoseyn Məmməd-zadə Sədiq
tərəfindən çevrilmişdi. Bu işə görə
fars alimlərinə öz təşəkkürümüzü
bildiririk. Həmçinin türk alimlərindən Əhməd
Atəş, Nihad Banarlı, Əhməd Kabaklı və
başqaları da Nizami irsini tədqiq etmişlər.
Avropa
şərqşünaslığında Nizami
yaradıcılığına maraq əsasən XVIII-XIX əsrlərdən
qaynaqlanmağa başlamışdır. 1871-ci ildə macar
alimi Vilhelm Baxer Leypsiqdə “Nizami və əsərləri”
monoqrafiyasını alman dilində çap etdirir. 1836-cı
ildə ingilis alimi Ceyms Atkinson “Leyli və Məcnun”
poemasını ingilis dilinə çevirir. Edvard Braun XIX əsrin
sonlarında öz əsərlərində “İsgəndərnamə”yə
aid fikirlər yazır. Məşhur şərqşünas
Hammer “İsgəndərnamə”dən 100-ə qədər
beyti alman dilinə tərcümə edir.
Beləliklə,
Nizami milli kimlik və etnik mənsubiyyət çərçivəsini
yaran universal fiqur və universal bəşəri dəyərli
ədəbiyyatın möhtəşəm nümayəndəsidir.
O, öz “Xəmsə”si ilə Şərqin qədim vəhdəti–vücud
fəlsəfəsinin, bu gün dəbdə olan multikulturalizm
termininin mahiyyətini hələ o dövrdə “Yeddi gözəl”in
nümunəsində bədii əksini yaratmış oldu.
Onun sənəti
və bədii sözü ilahi enerjisinin transformasiyası kimi
insanı, məhəbbəti, ədəbiliyi, daxili aləmin
kamilliyini bəşəriyyətin əsas qoruyucu çətiri
və səddi kimi bədii obrazlarla təqdim və təsvir
etdi.
Bizim məqsədimiz
Nizaminin, məhz onun dahi yaradıcılığının
etik-estetik qayəsinə uyğun olaraq təqdim və təsdiq
etməkdir. Şeyx Nizami heç zaman parçalayıcı,
ixtilaf yaradan fiqur olmayıb və ola da bilməz.
Çünki onun yaradıcılığı insanları və
məmləkətləri birləşdirici qüvvəyə
malikdir. Nizamiyə görə, müxtəliflik
qaçılmaz və obyektivdirsə, deməli, bir araya gəlmək
bacarığı və istəyi də, vəhdətə can
atmaq arzusu da inkarsız, labüd və mütləqdir.
“Qoy
hamı bilsin ki, mənim şair könlüm iki hərf ilə
hər şey yarada bilir!”
Bu
kitabın ərsəyə gəlməsində professor Herziqin
dediyi kimi, insan əməyi çox əziz və qiymətlidir.
Mən öz təşəkkürümü hörmətli
professor Herziqə bildirmək istəyirəm. O, məni və
kitabın ərsəyə gəlməsində əməyi
olan hər kəsi vurğuladı. Buna görə ona təşəkkür
edirəm. Amma həqiqət ondan ibarətdir ki, professor Herziqin
və Oksford Universitetinin dəstəyi olmasaydı, mən
heç nə edə bilməzdim. Mən anlayıram ki, 800
illik tarixə malik universitet özündən kiçik
olanlara çox nəvaziş ilə yanaşır. Oksford
Universitetinin bütün heyətinə təşəkkür
edirəm. Mən bu gözəl məkanda bizim tədbirimizin
keçirilməsinə şərait yaradan Lord Leyton Muzeyinin rəhbərliyinə
öz təşəkkürümü bildirirəm. Əlbəttə,
mən Britaniyanın “Gilgamesh” nəşriyyat evinə və
onun rəhbəri Maks Skotta öz təşəkkürümü
bildirirəm.
Mən
bütün kitabsevərləri alqışlayıb, təşəkkür
edirəm. Təşkilati məsələlərdə bizə
böyük dəstək olmuş Azərbaycan Respublikasının
səfirliyinə öz təşəkkürümü
bildirirəm. Kitaba ön sözü yazan Elçin müəllimə,
tədbirə gələn qonaqlara - Akif müəllim, Rasim
müəllim, Nizami müəllimə öz təşəkkürümü
bildirirəm. Burada əyləşən Oksford Universitetinin və
Britaniyanın digər aparıcı universitetlərinin alimlərinə,
tələbələrə və yüksək qonaqlara öz
təşəkkürümü bildirirəm.
Onu da qeyd
edim ki, mənim atam Bertelsi şəxsən
tanıyırdı, babam yazıçı Mir Cəlal
Paşayev Bertelsi evimizdə qonaq etmişdir. Dünyada olan
alimlər həmişə dünyada olsunlar, dünyadan
köçüb gedənlərin isə ruhu həmişə
üstümüzdə, yüksəkdə olsun.
Hamınıza bir daha təşəkkür edirəm”.
Xalq
Yazıçısı Elçin Əfəndiyev
çıxışında deyib: “Oksford Universitetinin Nizami Gəncəvi
adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin
yaranması və artıq 5 ilə yaxın bir dövrdə fəaliyyəti
son dərəcə böyük ədəbi, elmi, ictimai,
siyasi əhəmiyyətə malik bir hadisədir. Mən onun
şahidi idim ki, hörmətli akademikimiz Nərgiz Paşayeva
hansı bir həvəs ilə, hansı bir şövq ilə
bu Mərkəzin yaradılmasına
çalışırdı. Əziz dostlar, mən yenə də
fürsətdən istifadə edib həm Oksford Universitetinin
müəllim heyətinə, həm də akademik Nərgiz
Paşayevaya bu Mərkəzin yaradılmasındakı fəaliyyətlərinə
görə təşəkkürümü bildirirəm.
Nizami Gəncəvi Azərbaycanın Gəncə şəhərində
anadan olub, lakin onun yaradıcılıq diapazonu o qədər
geniş idi, onun fikirləri, humanizmi, tolerantlıq və ədalətə
çağırış ideyaları o dərəcədə
idi ki, o, milli çərçivələrə
sığmadı. Akademik Nərgiz Paşayevanın dediyi kimi,
bu gün Nizami nə dərəcədə Azərbaycan sənətkarıdırsa,
o dərəcədə də böyük ingilis şairidir,
böyük bəşəri sənətkardır. Hörmətli
professor E.Herziq qeyd etdi ki, bu gün Nizami dünyada məşhurdur.
Bu, həm yaradıcılıq baxımından belədir, həm
də cismani baxımdan. Nizami adı Azərbaycanda ən
geniş yayılmış adlardan biridir. Bu gözəl gecənin
rəmzi hadisəsi hesab etdiyim bir məqamı da diqqətinizə
çatdırmaq istəyirəm. Buraya gələn bizim
böyük filoloqumuzun adı da Nizamidir. Təxminən 900 il
bundan əvvəl yazıb yaradan Nizaminin adı da bu gün
alimlərimizdə, akademiklərimizdə yaşayır və
ona görə də bu hadisəni mən rəmzi hesab edirəm.
Əziz dostlar, bir məqama da diqqət çəkmək istərdim.
Nizami Gəncəvi Mərkəzi kimi bir Mərkəzin Oksford
Universitetində yaranmasının, həmçinin siyasi əhəmiyyət
daşıdığını qeyd etmək istəyirəm. Nəyi
nəzərdə tuturam? İlk növbədə, bu gün
böyük bir bəla bəşəriyyətin başı
üzərindən asılıb – bu, terrorizmdir. Bu, elə bir
qüvvədir ki, bütün bəşəriyyəti məhv
etmək istəyir. Terrorizmin milliyyəti və coğrafi məkanı
yoxdur. Təəssüflər olsun ki, terroru bəzən Şərq
və İslam dünyası ilə bağlayırlar, bəzən
eyniləşdirirlər. Belə hesab edirəm ki, bu gözəl
aurada keçən məclis həmin iddialara gözəl bir
cavabdır. Şərqin, belə deyək, Nizaminin humanizmi
heç vaxt terror yarada bilməz. Çünki terrorçunun
dini, milliyyəti, valideynləri yoxdur. Mən bir daha Oksford
Universitetinin rəhbərliyinə, akademik Nərgiz Paşayevaya
təşəkkür edirəm. Əminəm ki, bu Mərkəz
zaman keçdikcə daha müsbət nailiyyətlər əldə
edib yeni töhfələr verəcək”.
Azərbaycan
Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif
Əlizadə öz çıxışında
vurğulayıb: “Bertelsin kitabının burada təqdimatı,
akademikimiz Nərgiz Paşayevanın bir alim, bir istedad sahibi
kimi Oksford Universitetində təmsil olunmağı
böyük bir qələbədir. Nizami Gəncəvini 850
ildən artıqdır bütün dünyadaki alimlər,
şairlər, akademiklər öyrənirlər, təhlil
edirlər. Nizami Gəncəvi bu gün Avropaya böyük pəncərə
açır. Mən bilirəm ki, bu gün Nərgiz
Paşayeva da öz fəaliyyəti ilə I Pyotr kimi Avropaya
yeni pəncərə açır. I Pyotr o pəncərəni
siyasi məqsədlər üçün açırdı,
lakin Nərgiz Paşayeva elmi akademik intellektual pəncərə
açır. Mənə elə gəlir ki, bu kitabın
ingilis dilinə tərcüməsini Azərbaycan elminin nailiyyəti
hesab etmək olar. Çünki bütün dünya bu gün
ingilis dilində danışır, ingilis dilində təhsil
alır. Nərgiz Paşayeva öz
çıxışında Nizami Gəncəvi haqqında hərtərəfli
danışdı və mən dahi şairimiz haqqında
danışmağı özümə rəva bilmirəm.
Amma bir şeyi qeyd etmək istəyirəm ki, Nərgiz
Paşayeva bu böyük addımı ataraq özünəməxsus
bir uğura imza atmışdır. Nərgiz xanım bu gün
Azərbaycan təhsilini yenidən quran, yaradan bir mütəxəssis
kimi fəaliyyət göstərir. Mən hər il Nərgiz
xanımın rəhbərlik etdiyi universitetin “Məzun
günü” tədbirində iştirak edirəm və hər
il məndə belə bir təəssürat yaranır ki, Azərbaycan
təhsilinin, elminin gələcəyi parlaqdır. Mən əminliklə
deyə bilərəm ki, Mərkəz fəaliyyətini
uğurla davam etdirəcək və bir müddət sonra
Avropanın başqa şəhərlərində Nizami
haqqında kitablar nəşr olunacaqdır. Bu yaxınlarda mən
italyan alimlərindən təklif almışam. Onlar bizdən
razılıq istəyiblər ki, Bertelsin bu kitabını
italyan dilinə tərcümə etsinlər. Bir sözlə,
demək istəyirəm ki, fəaliyyət davam edir və
Nizami yaradıcılığı, onun dahiliyi, azərbaycanlılığı
Avropada və dünyada addımlayır”.
Daha sonra akademik A.Əlizadə diqqətə çatdırdı ki, Azərbaycan Milli Elmlər Akademiyasında dahi Nizami adına qızıl medal təsis edilib. “İldə bir Azərbaycan aliminə və bir xarici alimə həmin medal təqdim edilir. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti belə qərara gəlib ki, bu il qızıl medala Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin rəhbərləri Nərgiz Paşayeva və professor Robert Hoyland layiq görülsünlər. Qeyd etmək istəyirəm ki, Nərgiz xanımın elmi fəaliyyəti nəzərə alınaraq, bu il may ayının 2-də o, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib”, - deyə akademik A.Əlizadə bildirib.
Sonra AMEA-nın prezidenti Akif Əlizadə Nərgiz Paşayevaya akademik diplomunu təqdim edib.
Tədbirdə, həmçinin qonaqlara muğam ustası, xanəndə Fərqanə Qasımovanın ifasında konsert proqramı da təqdim olunub.
Beləliklə, Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin uğurlu layihələrindən biri olan “Böyük Azərbaycan şairi Nizami” kitabının ingilis dilinə akademik tərcüməsinin təqdimat mərasimi yüksək səviyyədə keçdi və böyük marağa səbəb oldu. Qeyd edək ki, 2013-cü ildə akademik Nərgiz Paşayevanın təşəbbüsü ilə Oksford Universitetində yaradılan bu Mərkəz Birləşmiş Krallıqda Azərbaycanı hərtərəfli, sistemli öyrənən ilk və yeganə elmi-akademik qurumdur. Fəaliyyət göstərdiyi qısa müddət ərzində bu qurum Oksford Universitetinin funksional elmi tərkib hissəsinə çevrilə bilib. Nizami Gəncəvi Elmi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsi olaraq, həmin universitetin təkcə Şərqşünaslıq fakültəsi ilə bağlı məsələləri deyil, ümumiyyətlə, Oksford Universitetində digər sahələrdə elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.
Azərbaycan.-
2017.- 9 iyun.- S.4.