Maarifçilik
missiyasının mükəmməl örnəyi
Mehriban Əliyeva: “Bütün fəaliyyətim boyu mənim
üçün əsas prioritet ölkəmizin və
xalqımızın maraqları olmuşdur”
İstənilən cəmiyyətdə insanpərvərlik, yüksək maarifçilik ənənələrinin yaşadılması, xeyirxahlıq, dürüstlük kimi mənəvi dəyərlərin özünə möhkəm dayaqlar tapması məhz nəcib, kamil insanların əzmkar fəaliyyəti sayəsində mümkün olur.
Belə seçilmiş insanlar qeyri-adi əməlləri ilə təkcə müasirlərinin deyil, həm də böyüməkdə olan nəslin xoşbəxt gələcəyini təmin edir, zəmanənin problemlərinə əsl ziyalı yanğısı, yüksək vətəndaş təəssübkeşliyi ilə yanaşır, intibahı haqlı olaraq elm və təhsildə, mədəni tərəqqidə axtarır, xalqın milli-mənəvi irsinin qorunmasına böyük töhfələr verir, nəcib idealların cəmiyyətdə hakim olmasına çalışırlar. Bununla da özləri ucalığa yüksəlirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın son 13 ildə gördüyü işlər bütün dünyada maarifçilik xəttinin də mükəmməl örnəyini yaratmışdır. Bu məsuliyyətli missiya ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, onun layiqli siyasi davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi strateji kursun reallaşdırılmasına, bu siyasətin hər bir vətəndaşın həyatında hiss olunmasına dəstək verməyə yönəlmişdir.
Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva bütün çıxışlarında xüsusi olaraq qeyd edir ki, iqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış ölkələrin nailiyyətləri məhz elmə, təhsilə diqqət və qayğı sayəsində əldə edilmişdir. Təbii ki, bu sahələr cəmiyyətin olduqca həssas qütbləridir və həmin qütblərin mərkəzində milli genefondun inkişafı, elm, təhsil məsələləri, xalqımızın minilliklərdən keçib bu günə çatdırdığı mədəni-estetik dəyərlər sistemi dayanır.
Bu baxımdan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-maarifçilik xəttinin həyata keçirilməsi istiqamətində gördüyü işlər konkret çərçivə ilə məhdudlaşmır - məktəb tikintisindən tutmuş UNESCO və ISESCO ilə konkret təhsil proqramlarının həyata keçirilməsinədək geniş spektri əhatə edir. Qısa müddət ərzində uğurla gerçəkləşdirilən bu layihələr cəmiyyətdə geniş rezonansa səbəb olmuş, böyük rəğbətlə qarşılanmışdır. Azərbaycanın zəruri ehtiyaclarını nəzərə alan Heydər Əliyev Fondunun yeni məktəb tikintisi, mövcud orta ümumtəhsil müəssisələrinin əsaslı təmiri və bərpası istiqamətində həyata keçirdiyi tədbirlər son dərəcə təqdirəlayiqdir.
Birinci vitse-prezidentin təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd ölkədə bu sahəni qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparmağa başladı. Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi cəmiyyətdə çox böyük əks-səda doğurdu.
Layihə çərçivəsində hələ 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, 2006-cı ildə 100 yeni məktəb binası tikilərək istifadəyə verildi. Onların lazımi avadanlıqlarla təchizi dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfə oldu. Ümumilikdə proqram çərçivəsində 2005-2016-cı illər ərzində ölkənin müxtəlif bölgələrində 500-dək məktəb binası inşa olundu və yenidən quruldu. Bu məktəblərin hər birində laboratoriya, kitabxana, yeməkxana, ən müasir avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar yaradıldı. Heydər Əliyev Fondu belə göstəricilərə nail olmaqla sübut etdi ki, yüksək əzm və iradə, ən əsası, vətənpərvərlik milli inkişafda son dərəcə vacib amildir. “Ölkəmizdə çox böyük əks-səda doğuran “Yeniləşən Azərbaycana yeni məktəb” proqramıdır. Biz ilk dəfə bu proqramı təqdim edəndə “dəyirmi masa” keçirmişdik. Çox adam inanmırdı, şübhə ilə yanaşırdı ki, bu, necə ola bilər, üç-dörd ay ərzində 132 məktəb tikiləcək, özü də əksəriyyəti ucqar rayonlarda, ölkəmizin dağlıq rayonlarında inşa olunacaqdır. Amma biz sübut etdik ki, əgər inam varsa, iradə varsa, əgər işləri düzgün qurmaq bacarığı varsa, hər bir problem çox qısa bir zamanda öz həllini tapa bilər” - deyən Birinci vitse-prezident görülən işlərin davam etdiriləcəyini bəyan etmişdir.
Mehriban xanım Əliyeva bu ilin fevralında “Rossiya 24” telekanalına verdiyi müsahibəsində də bu məsələyə toxunaraq demişdir: “Biz dövlət qurumları ilə birgə işləmək təcrübəsinə malikik: fond, dövlət qurumları və özəl sektor. Çox uğurludur. Yeri gəlmişkən ən uğurlu layihələrdən biri “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsidir. Fond bunun təşəbbüskarı olub. Fondun dəstəyi ilə məktəblər tikilib. Təqribən 500-ə yaxın məktəb özəl sektorun köməyi və fondun dəstəyi ilə inşa edilib. Sonradan bu təşəbbüs dövlət tərəfindən davam etdirildi və son beş ildə ölkədə üç mindən çox məktəb binası inşa və təmir olundu. Buna görə də düşünürəm ki, burada problem yaranmamalıdır. Əksinə, bu, layihələrin fond tərəfindən gerçəkləşdirilməsi üçün yeni stimul olacaq və yeni imkanlar açacaq”.
Təqdirəlayiq haldır ki, regionlara səfərlər zamanı ölkənin Birinci vitse-prezidenti fondun xətti ilə aparılan inşaat işləri ilə yaxından tanış olur, lazımi tövsiyələrini verir. Son illərdə proqramın icrasının növbəti mərhələsinə başlanılmış, regionlarda yeni məktəblərin inşası, habelə əsaslı təmiri prosesi uğurla davam etdirilir. Məsələn, proqram çərçivəsində təkcə 2014-2015-ci tədris ilində Bakıda və onun qəsəbələrində, Şabran, Xaçmaz, Zaqatala, Yevlax, Ucar, İsmayıllı, Gəncə, Lənkəran rayonlarında yeni təhsil müəssisələri inşa edilib. Şəmkirdə Bakı Oksford Məktəbinin Uşaq Akademiyasının açılışı olub. Yunanıstanda Yay Olimpiya Məktəbi istifadəyə verilib.
Nüfuzlu “Business-year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışında Mehriban xanım Əliyeva həyata keçirilən elm və təhsil layihələrinin gələcəkdə yüksək nəticə verəcəyini əminliklə bildirib: “Müasir məktəblər yeni üfüqlər açır, şagirdlər üçün yeni imkanlar yaradır. Bu isə on minlərlə oğlan və qızı layihəyə cəlb etmək deməkdir. Fondun təşəbbüsü ilə yəhudi təhsil mərkəzi, fransız məktəbi yaradılmışdır. Çox mühüm işdir, qoyulan sərmayənin özünü doğruldacağı şübhəsizdir”.
Hazırda 320 yerlik Bakı Fransız Liseyi, 450 yerlik yəhudi məktəbi - “Xabat-Or-Avner” Təhsil Mərkəzi öz fəaliyyətlərini uğurla davam etdirirlər. Təhsilin inkişafına göstərilən diqqət və bu sahəyə ayrılan vəsait ilbəil artırılır. Son 10 ildə ölkədə 3 mindən çox məktəb binasının inşa olunması və əsaslı təmiri respublikada 1 milyondan çox şagirdin təhsil alma şəraitinin yaxşılaşdırılması deməkdır. “Üçüncü regional inkişaf proqramı çərçivəsində təmirə ehtiyacı olan bütün məktəblər yenidən qurulacaq və ölkədə bir təmirsiz məktəb qalmayacaq” - deyən Mehriban xanım Əliyeva bu layihə çərçivəsində internat məktəblərinin və uşaq evlərinin yenidən qurulduğunu bildirmişdir.
Heydər Əliyev Fondunun uşaq evləri və internat məktəblərinin inkişafı ilə bağlı layihəsi mühüm sosial əhəmiyyətə malikdir. Xatırladaq ki, proqram üzrə yaradılmış işçi qrupu respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərində mövcud problemlərin araşdırılması məqsədilə monitorinq aparmış, belə müəssisələrdə uşaqların sayı, aylıq və illik dövlət təminatına daxil olan qida, geyim, texniki vəsait normativləri, ümumi şərait (təhsil, səhiyyə, yaşayış, istirahət) kimi göstəriciləri müəyyən etmişdir. Araşdırmadan sonra uşaq evlərinə və internatlara texniki dəstək, təhsil və səhiyyənin inkişafına kömək əsas istiqamətlər kimi önə çəkilmişdir.
“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində respublika üzrə 50-dən çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır.
Xüsusi vurğulamaq lazımdır ki, fond təhsil müəssisələrindəki uşaqların sonrakı taleyinə də biganə yanaşmır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda inşa edilmiş 68 mənzillik yaşayış binası istifadəyə verilmişdir. Binadakı mənzillər zəruri məişət avadanlığı ilə təmin olunmuşdur.
2014-cü ildə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın təqdimat mərasimi keçirilmişdir. Fondun prezidenti bildirmişdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib: “O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb. Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir... Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir”. Hazırda təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması işləri uğurla davam etdirilir. Ötən illər ərzində respublika üzrə xeyli sayda uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva mart ayında Bakının Pirşağı qəsəbəsindəki 226 saylı körpələr evi-uşaq bağçasının, Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılış mərasimlərində iştirak edib, Türkan qəsəbəsindəki 6 nömrəli xüsusi internat məktəbində yaradılan şəraitlə tanış olub. 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində aparılan işləri təqdir edib. “Sağlam təhsil sinfi”ndə oxuyan uşaqlara uğurlar arzulayıb. Bir faktı qeyd edək ki, ümumilikdə “Sağlam təhsil sinifləri” ölkəmizin 135 məktəbində fəaliyyət göstərir.
Azərbaycanın Birinci vitse-prezidenti Türkan qəsəbə sakinləri ilə görüşündə xüsusi vurğulayıb ki, bu illər ərzində millət vəkili seçildiyi Xəzər rayonunun inkişafı üçün çox işlər görülüb, nailiyyətlər əldə olunub. Qəsəbələrdə 42 yeni məktəb tikilib, 24 uşaq bağçası, 16 internat evi və məktəbi əsaslı təmir olunub, 10 idman, 28 mədəniyyət obyekti, 7 məscid istifadəyə verilib, qəsəbələrin yolları yenidən qurulub, elektrik xətləri, qaz boruları çəkilib. Təbii ki, bu işlər ölkədə aparılan quruculuq, abadlıq, islahatlar prosesinin tərkib hissəsidir.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi də özünün humanist məqsədləri ilə diqqəti çəkir. Bu il may ayının 30-da Mehriban xanım Əliyeva Bakının Qaradağ rayonunda məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Həmin tədbirdə çıxış edən Birinci vitse-prezident vurğulamışdır ki, son 13 ildə 400 mindən çox qaçqın və məcburi köçkün yeni iş yeri ilə təmin olunmuşdur: “Hər bir qəsəbədə məktəblər, uşaq bağçaları salınmışdır. Ali və orta ixtisas təhsili ocaqlarında ödənişli formada təhsil alan qaçqın və məcburi köçkünlər təhsil haqqı ödəməkdən azad olunmuşlar. Bu gün də dövlət tərəfindən həyata keçirilən bir sıra proqramlar, özünüməşğulluq, regionlarda ictimai işlərə aid yerlərin açılması məhz bu məqsədə, əhalimizin bu təbəqəsinin sosial problemlərinin həllinə yönəldilib və bir çox sosial problemlər öz həllini tapmaqdadır. Ümumiyyətlə, Azərbaycan dövlətinin bu sahədə təcrübəsi - həm çadır şəhərciklərinin ləğvi, həm də demək olar ki, humanitar faciənin qarşısının alınması çox nadir bir təcrübədir. Bu təcrübə bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir”. Son 13 ildə qaçqın və məcburi köçkünlər üçün 100-dək müasir yaşayış kompleksi salınıb, 250 min məcburi köçkün yeni mənzillə təmin olunub. Bütün bunlar dövlətimizin qaçqın və məcburi köçkünlərə olan diqqət və qayğısının əyani göstəricisidir.
Bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün bütün zəruri sosial infrastruktura malik yeni qəsəbə tikilir. 2016-cı ilin aprel döyüşləri zamanı ordumuz tərəfindən Lələtəpə yüksəkliyinin azad edilməsindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayışın bərpa edilməsi üçün imkanlar yaranmışdır. Prezident İlham Əliyev tərəfindən kənddə birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının, müvafiq infrastrukturun tikintisi, yolun çəkilişi ilə bağlı sərəncamlar imzalanmışdır. Eyni zamanda, Şuşa məscidinin oxşarı olan məscidin tikintisi ilə bağlı tapşırıq verilmişdi. Bütün bu tikinti işləri davam etdirilməkdədir. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində köçkünlər üçün müasir tipli məktəblərin tikilməsində, təmirində, orada təhsil alacaq şagirdlər üçün zəngin fənn kabinetlərinin, kompüter otaqlarının yaradılmasında Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Layihə çərçivəsində Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki təhsil ocaqlarına, həmçinin Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə mütəmadi olaraq yeni dərsliklər və tədris vəsaitləri göndərilir.
Bundan başqa, bu layihə çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən dağılmış qızlar məktəbinin əvəzində onlar üçün yeni tədris binasının inşası Heydər Əliyev Fondunun uğurlu və önəmli layihələrindən olmuşdur.
Fondun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası inşa edilərək istifadəyə verilmişdir. Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tbilisidəki M.F.Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəki 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunmuşdur.
2010-cu ildə Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası yenidən qurulmuşdur. Həmin məktəbin qısa müddətdə istifadəyə verilməsi Rusiya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Ulyanovsk vilayətinin qubernatoru Sergey Moroz bu hadisə ilə əlaqədar ürək sözlərini belə ifadə etmişdir: “Bizim birgə səylərimiz sayəsində şəhərin xəritəsində çox maraqlı mikrorayon qeydə alınmışdır. Heydər Əliyev adına meydanda gənclər gəzintiyə çıxır, uşaqlar oynayır, ahıllar dincəlirlər. İndi Heydər Əliyev Fondundan olan tərəfdaşlarımız bizə müasir məktəb binasını hədiyyə etmişlər. Sağlam millətlərarası münasibətlərin mozaikası da məhz belə yaranır”.
Bundan əlavə, 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa edilmişdir. 2014-cü ildə Budapeştdə görmə qabiliyyəti zəif olan uşaqlar üçün Laslo Vattiani adına Roma Katolik Mərkəzində reabilitasiya kursu keçmiş 18 yaşdan yuxarı oğlan və qızlar üçün yeni beşmərtəbəli yataqxana korpusunun təməli qoyulmuşdur. Həştərxanda yeni uşaq bağçası tikilmiş, Buxarestdə Rumın-Amerikan Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Araşdırmalar Mərkəzində Azərbaycan dili və ədəbiyyatı fənlərinin tədrisinə başlanılmışdır. Bütün bu faktlar fondun təhsil layihələrinin Azərbaycan hüdudları ilə məhdudlaşmadığını, beynəlxalq miqyaslı olduğunu göstərir.
Heydər Əliyev Fondunun başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan UNESCO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Fondun səyi ilə ötən illərdə UNESCO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir.
Bu gün təkcə Azərbaycan deyil, Avropanın və digər qitələrin iqtisadi cəhətdən yüksək inkişaf etmiş dövlətləri savadsızlığa qarşı mübarizə aparırlar. BMT-nin elm və təhsil qurumu olan UNESCO-nun dünyada savadlılığın dəstəklənməsi ilə bağlı xüsusi layihələr keçirməsi də təsadüfi olmayıb, bu sahədə hökm sürən acınacaqlı vəziyyətlə şərtlənir.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə bu nüfuzlu beynəlxalq təşkilatla birgə son illərdə “Təhsil hamı üçün”, “Assosiativ məktəblər”, “İnklüziv təhsil”, “Texniki-peşə sahəsində əməkdaşlıq” proqramları uğurla həyata keçirilmiş, ali məktəblərdə UNESCO kafedralarının yaradılması istiqamətində addımlar atılmışdır. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi işlər də ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdən olmuşdur. İndiyədək fondun təşəbbüsü ilə Parisdə UNESCO-nun iqamətgahında “Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları”, Bakıda “UNESCO-Azərbaycan: Azərbaycanın təhsil problemləri və perspektivləri” mövzularında beynəlxalq konfranslar keçirilmişdir. Həmin konfranslarda çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti milli təhsilin problemlərindən söz açmış, həyata keçirilən islahatlar barədə iştirakçılara ətraflı məlumat vermişdir. Mehriban xanım Əliyeva konfransda Dağlıq Qarabağ problemi barədə də geniş danışmış, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, torpaqlarımızın işğalının ölkə təhsilində yaratdığı ağır problemləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Bakıda Azərbaycanın birinci xanımının təşəbbüsü ilə təşkil olunmuş “Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək” mövzusunda konfrans UNESCO-nun respublikamızla əməkdaşlığa necə böyük dəyər verdiyini bir daha üzə çıxarmışdır. Belə konfransların keçirilməsində məqsəd dünya dövlətlərini təhsil investisiyalarını artırmağa təşviq etməklə savadsızlığın azaldılmasına, güclü insan kapitalının formalaşmasına nail olmaqdır. Bakıda keçirilən konfrans isə Avropanın 31 ölkəsini əhatə etməklə bir sıra cəhətlərinə görə fərqlənmiş, tədbirdə Azərbaycanda reallaşdırılan təhsil islahatları, savadlılığın dəstəklənməsi naminə atılan addımlar barədə ətraflı məlumatlar verilmişdir.
Mehriban xanım Əliyeva müsahibələrinin birində demişdir: “Hər zaman fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir”. Ölkənin birinci xanımı ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqına həsr edən maarifçi ziyalılarımızın yolunu bu gün də uğurla davam etdirir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın indiyədək UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı kimi xidmətləri yüksək dəyərləndirilir. Belə genişmiqyaslı fəaliyyətin nəticəsidir ki, ölkənin birinci xanımı cəmiyyətdə böyük nüfuz və etimad qazanmışdır. Hazırda Mehriban xanım Əliyevanın fəaliyyətində yeni mərhələ başlayıb. “Rossiya 24” telekanalına müsahibəsində jurnalistin “Dövlət qulluğuna keçməklə indi Siz dəyişəcəksinizmi” sualını ölkənin Birinci vitse-prezidenti belə cavablandırmışdır: “Quruluq, sərtlik vacib keyfiyyət deyil. Mənim üçün insanlarla işləmək bacarığı, sənin baxışlarını prinsipcə bölüşən, sənin ardınca getməyə hazır olan həmfikirlər komandası yaratmaq bacarığı daha vacibdir. Çünki onlar anlayırlar ki, sənin işlərin xeyirxahlığa yönəlib. Çox vacibdir ki, bəyan və elan edilənlər həqiqətən baş verənlərlə üst-üstə düşsün. Çünki insanlar hər şeyi görürlər, hər şeyi anlayırlar... Buna görə də bu mənada mən öz fəaliyyətimi çox dəyişmək fikrində deyiləm. Şəfqət təkcə gözəl söz deyil. Əsl şəfqət real işlər - real işlərin görülməsini, konkret addımların atılmasını tələb edir... Fərqi yoxdur, ictimai xadimsən, yaxud dövlət xidmətində işləyirsən - insanlığı qorumaq lazımdır”.
Azərbaycan.-
2017.- 10 iyun.- S. 1;2.