Möhtəşəm Azərbaycan
Qran-prisi
Bakı “Formula-1” tarixinə növbəti
zəfər imzasını atacaq
May
ayının 12-22-də “Bakı-2017” IV İslam Həmrəyliyi
Oyunlarına yüksək səviyyədə evsahibliyi edən
“Küləklər şəhəri” Bakı daha bir tarixi
uğura imza atdı. Bu dəfə bütün İslam
dünyasının nəbzi Bakıda - Şərq ilə Qərbin
koloritinin cəmləşdiyi bu nadir şəhərdə
döyündü. Odlar yurdunun paytaxtı daha bir mötəbər
beynəlxalq idman yarışı ilə adını
İslamiadanın tarixinə qızıl hərflərlə
yazdı.
Avropa qitəsi ilə İslam
dünyasını Bakıda birləşdirən Azərbaycan
Azərbaycan
İslam dünyasını birləşdirmək, ona
qarşı yönəlmiş qəsdləri zərərsizləşdirmək,
bütövlükdə özünü dünyaya sülh və
əmin-amanlıq carçısı olan ölkə kimi təqdim
etmək imkanlarını bir daha ortaya qoydu. Üzərinə
götürdüyü daha bir ali missiyanı adına layiq
uğurla yekunlaşdıran ölkəmiz “Bakı-2017” ilə
dünyaya sülh mesajı verdi. Möhtəşəm
açılış və bağlanış mərasimləri
isə müasir Azərbaycanı bir daha dünyaya
nümayiş etdirdi. Oyunlardan sonra Azərbaycanın təşkilatçılığına,
qonaqpərvərliyinə layiqli qiymətlər verildi.
İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin
mərasimlər direktoru və icraçı prodüseri Katrin
Uqvunun ölkəmizlə bağlı söylədiyi fikir diqqət
çəkdi: “Azərbaycan insan ruhunu ən yaxşı təcəssüm
etdirən parlaq ulduzlar ölkəsidir”.
Odlar yurdu
bu Oyunlarla ilklərə imza atdı. Azərbaycan həm I
Avropa Oyunlarına, həm də İslam Həmrəyliyi
Oyunlarına evsahibliyi edən yeganə dövlət oldu.
İki il öncə
I Avropa
Oyunları çərçivəsində bütün Avropa
qitəsini bir araya gətirərək tarix yazan Azərbaycan bu
dəfə dörd qitənin İslam dünyasının
insanlarını Bakıda birləşdirdi. Bunula da
Avropanın bir parçası olan Azərbaycan İslam həmrəyliyinin
real fəaliyyət mərkəzinə çevrildiyini təsdiqlədi.
Əminliklə deyə bilərik ki, bu nadir vəhdət Azərbaycanı
dünya miqyasında əvəzolunmaz ölkəyə
çevirir.
Müstəqilliyinin
cəmi 25 yaşı olan Azərbaycan iqtisadi, sosial və digər
sahələrlə yanaşı, idman sahəsində də
möhtəşəm zəfərlərə imza ataraq həm
əhali, həm də ərazi nisbətinə görə
ölkəmizdən qat-qat böyük olan dövlətlərin
uzun illər qazana bilmədikləri uğurlara sahib
çıxıb. Bu həm Azərbaycanın qüdrətinin,
gücünün göstəricisi, həm də Prezident
İlham Əliyevin yüksək təşkilatçılıq
və liderlik qabiliyyətinin təntənəsidir.
Dövlət
başçısının çoxcəhətli fəaliyyəti
Azərbaycanı hərtərəfli şəkildə
inkişaf etdirmək, ölkəmizə beynəlxalq aləmdə
layiq olduğu yeri qazandırmaq məqsədi
daşıyır. Respublikamızdakı möhkəm
ictimai-siyasi sabitlik və idman sahəsindəki zəfərlər
Azərbaycan Prezidentinin apardığı məqsədyönlü
siyasətin uğurlu bəhrəsidir. Bu da bir daha təsdiq
edir ki, Azərbaycanda hər bir sahə üzrə
düşünülmüş proqram var.
Dövlət
başçısının söylədiyi kimi, bunlar sadəcə,
niyyət sənədi, şüar toplusu deyil,
düşünülmüş, konkret tədbirlər
planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə
resursları var və Azərbaycan apardığı bu
uğurlu siyasətə idman vasitəsilə əlavə
töhfə verir.
Yüksək təşkilatçılıq,
təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları
Bu bir
faktdır ki, Azərbaycanda artıq beynəlxalq
yarışların, dünya və Avropa
çempionatlarının keçirilməsi bir ənənəyə
çevrilib. 2010-cu ildən bu yana Azərbaycan müxtəlif
beynəlxalq turnirlərə - bədii gimnastika,
qılıncoynatma, taekvondo, güləş, boks, karate üzrə
dünya və Avropa çempionatlarına, FİFA U-17
Qadınlararası dünya çempionatı, “Bakı-2015” I
Avropa Oyunları, “Formula-1” Avropa Qran-prisinə, Dünya
Şahmat Olimpiadasına və IV İslam Həmrəyliyi
Oyunlarına yüksək səviyyədə evsahibliyi etməklə
Avropa və İslam dünyasının idman tarixinə
möhürünü vurdu. Bu yarışlar ölkəmizdə
idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının
geniş vüsət aldığını bir daha dünyaya
nümayiş etdirdi.
Azərbaycan
olduqca böyük, beynəlxalq miqyaslı yarışlara,
festivallara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu
tədbirlərə evsahibliyi edir. Belə genişmiqyaslı tədbirlərin
keçirilməsi üçün etimadın göstərilməsi
təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın
mövqeyinin, ölkəmizin beynəlxalq çəkisinin,
dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar
qarşısında qazandığı reputasiyanın ifadəsidir.
Eyni zamanda, belə tədbirlər ölkəmiz, dövlətimiz
üçün müəyyən dividendlər gətirir. Bu
mənada həm siyasi, həm də iqtisadi qazancdan
danışmaq olar.
Beynəlxalq
tədbirlərin keçirilməsi mürəkkəb bir
mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik,
iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici
rola malikdir. Azərbaycanın dünyada etibarlı tərəfdaşa,
güclü iqtisadiyyata, sabitliyə və təhlükəsizliyə
malik olması belə tədbirlərə evsahibliyi etməsi
imkanlarını artırır və bir çox hallarda digər
ölkələrlə rəqabətdə üstünlüyə
sahib olur.
“Küləklər şəhəri”
adrenalin və həyəcan yarışı olan “Formula-1”ə
yenə qucaq açır
İyunun
23-25-də paytaxtımızda daha bir mötəbər idman
yarışı keçiriləcək. Bakı sürət,
adrenalin və həyəcan yarışı olan “Formula-1”ə
yenidən qucaq açacaq.
Ötən
il Bakıda baş tutan Avropa Qran-prisi ilə Azərbaycan
xalqı dünyada məşhur olan daha bir idman sahəsi ilə
yaxından tanış olmaq imkanını qazandı. Dünya
idmançıları və onların Bakı şəhərinə
gəlmiş çoxminli azarkeşləri isə inkişaf edən
Azərbaycanın daha parlaq bir dövrünün şahidi
oldular. Dünyanın bütün qitələrinin
telekanallarında “Bakı, Azərbaycan” sözləri
qürurla səsləndi. Dərin iftixar hissi doğuran bu
böyük hadisələr ölkəsini ürəkdən
sevən hər bir azərbaycanlıda qürur hissi
yaşatdı.
Dünyada
yarım milyard tamaşaçı auditoriyası olan “Formula-1”
ölkəmizin beynəlxalq idman aləmində
qazandığı uğurları bir daha əks etdirdi. Digər
tərəfdən, qlobal səviyyədə idman
yarışlarını keçirmək üzrə
ixtisaslaşmış çox sayda yerli kadr yetişdi. Minlərlə
könüllü və marşal iş karyerası ilə əlaqədar
arzularını bu yarış vasitəsilə
reallaşdırdı. Gənclərimiz bu və ya digər
şəkildə yarışın verdiyi iqtisadi və karyera
imkanlarından faydalana bildilər.
Bakıda
keçirilən “Formula-1” böyük sürət, həyəcan
vəd etdiyindən, eyni zamanda, trek ətrafında möhtəşəm
əyləncə tədbirləri, konsert proqramları
olduğundan, azarkeşlər paytaxtımıza səfər edərək
yarışı burada izləməyə maraq göstərirdilər.
Ümumilikdə yarışı Bakıda izləmək
üçün 20 mindən çox insan bilet
almışdı. Azarkeşlərin böyük hissəsi
Rusiya vətəndaşları idi. Lakin Türkiyə və
Gürcüstan ilə yanaşı, Avropanın aparıcı
ölkələrindən də çox sayda turist
yarışı canlı izləmək üçün Azərbaycana
səfər etdi. 500 milyona yaxın azarkeş isə
yarışı televiziya vasitəsilə izlədi.
IV
İslam Həmrəyliyi Oyunlarından bir ay sonra “Formula-1” kimi
mühüm yarışın Bakıda keçirilməsi Azərbaycanın
idman dövləti olduğunu, bu missiyanın ölkəmizin
timsalında hər zaman özünü doğrultduğunu bir
daha təsdiqlədi. Bu yarışın Azərbaycanda
keçirilməsinin əhəmiyyətindən
danışarkən Prezident
İlham
Əliyev qeyd etdi ki, ilk dəfə “Formula-1”
yarışının ölkəmizdə keçirilməsi
bir daha Azərbaycanın qüdrətini göstərdi.
Çünki bu, hər bir ölkəyə nəsib olmur, hər
bir ölkə bu məsuliyyəti öz üzərinə
götürə bilmir və çətinlik çəkir. Ancaq
Azərbaycan bu yarışa adına layiq uğurla evsahibliyi
edir.
Azərbaycan Qran-prisinə xaricdən
daha çox maraq göstərilir
“Formula-1” Azərbaycan Qran-prisinin başlamasına sayılı günlər qalır. Yarışa dünyanın sürət həvəskarları böyük maraq göstərirlər. Belə ki, yarışlara 57 fərqli ölkədən bilet alınıb. Yarışı 190 ölkədən 500 milyondan artıq tamaşaçı izləyəcək.
Artıq bəzi tribunalar üçün biletlər də qurtarıb. Bilet alan ölkələr arasında ilk beşlikdə Rusiya, İngiltərə, Ukrayna, Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. Bilet alan ölkələrin sayı keçən illə müqayisədə çoxdur. Bu isə onu göstərir ki, ötən illə müqayisədə “Formula-1”ə xaricdən daha çox maraq var və yarış ərəfəsində Bakıya minlərlə turistin gələcəyi gözlənilir. Xaricdən gələn minlərlə turist başda trekə yaxın iaşə obyektləri olmaqla bütövlükdə ölkə iqtisadiyyatının bir çox sahəsinə birbaşa öz töhfəsini verəcək.
Bakının gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin gərgin mübarizəsinə iki həftə qaldığı ərəfədə yarışın təşkilatçısı Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti hazırlıq işlərini intensiv şəkildə davam etdirir.
Bakıda təqvimin
ən maraqlı “Formula-1” yarışı baş tutacaq
Builki mövsüm “Formula-1”in turbinli hibrid mühərriklərə keçidindən sonra ən maraqlısıdır. Son 3 ildə qələbə uğrunda əsasən “Mercedes AMG” komandasının sürücüləri yarışırdılar. Bu il “Ferrari” komandası da kompleks işlər görüb. “Red Bull” komandası şəhər tipli yarış meydanlarında liderlərə ciddi rəqib ola bilər. Ona görə də 13 gündən sonra Bakı Şəhər Halqasında qələbə uğrunda mübarizənin məhz bu üç komandanın sürücüləri arasında gedəcəyini söyləmək olar.
Onu da qeyd edək ki, keçən illə müqayisədə builki maşınların eni də 20 sm artıb, təkərlər isə orta hesabla 25 faiz enlənib. Ona görə də təqvimdə ən dar hissə olan Bakı Şəhər Halqasının 8-ci və 12-ci döngələri aralığında yeni maşınların davranışını hamı maraqla gözləyir. Demək olar ki, Bakıda təqvimin ən maraqlı “Formula-1” yarışı baş tutacaq.
Keçən il uzun düzlükdə şəhər trasları arasında sürət rekordu əldə olundu. Mütəxəssislər bu il də yeni rekrodların müəyyən ediləcəyinə ümid edirlər. Bir sözlə, “Formula-1” Azərbaycan Qran-prisində sürət həvəskarlarını möhtəşəm yarış gözləyir. Yarış canlı olaraq tribunalardan və ya televiziya qarşısında izləyən “Formula-1” azarkeşləri üçün əsrarəngiz bir şouya çevriləcək.
Azərbaycan.-
2017.- 10 iyun.- S. 1.