Qədim tarixi və
böyük perspektivi olan ipəkçilik
“Mən ipəkdən paltar görürəm, əgər nə bədəni, nə də abır-həyanı örtə bilən bu libası paltar adlandırmaq mümkündürsə. Bu romalılara lazımdırmı? Roma onun xəzinəsini müflis edən, mənəviyyatını dağıdan bu abırsızlıq simvolunun - ipəyin paytaxta daxil olmasına qadağa qoymalıdır!” Bu sözləri natiqlərin ən mahiri Lusiy Anney Seneka Roma Senatındakı çıxışında deyib. Təqvimdə isə XXI əsr yox, miladi tarixdən o yana adlayan 30-cu illər idi.
Amma artıq gec idi. Çünki Senator Lusiyin çıxışından 5 əsr əvvəl Böyük İpək yolu formalaşmağa başlamışdı. Gec idi, ona görə ki, bu çıxışdan təxminən 3 əsr əvvəl Yaponiya çinlilərdən barama qurdunu oğurlamış, 522-ci ildə Bizans da onu əldə etmişdi. İtalyanların geyimə bugünkü bağlılığının 2500 illik qısa tarixçəsi belədir və bu tarix ipəklə bağlıdır.
Beləliklə, bütün cəhdlərə baxmayaraq, Senat ipəyin Romaya gətirilməsinin qarşısını ala bilmədi və ipək zərifliyi, incəliyi ilə hamının qəlbinə yol açdı, zövqünə hakim kəsildi. Ona görə ki, senatorlar ipəklə savaşa çıxanda artıq 2 min il idi ki, Çin onu “kəşf” etmişdi və min il onun sirrini heç kimə verməmişdi. Hətta baramanın sirrini satmağa cəhd edənləri edam da etmişdi. Amma sonda aciz qalmışdı. Əsrlər ötdükcə ərəblər və xaç yürüşlərindən geri dönən xristianlar baramanı tədricən Qərbi Avropaya gətirmişlər. Bununla tarixinə fatehlərinin qələbələrini həkk edib dünyanı diz çökdürən əfsanəvi Roma imperiyası ipəyin gözəlliyi qarşısında diz çöküb məğlub olduğunu etiraf etmişdi.
İp əyirən cəhrələr orta əsrlərdə icad olunmuşdur. Lakin Yaponiya və Çin yalnız XX əsrdə ipək istehsalında əvvəlki şöhrətlərini və gücünü bərpa edə bilmişlər. İpək Avrasiya materikinə sürətlə yayılsa da, təxminən 3 min il onun əsas istehsalçısı Çin olmuşdu.
Qərbə isə Böyük İpək yolu bizim eranın ikinci əsrində açılıb. İpək karvanları həddən ziyadə böyük idi, bir karvanda yalnız insanların sayı 100-500 nəfər arasında olurdu. Hər dəvənin yükü 140 kiloqrama çatırdı. Yolun qət edilməsinə bir ilə yaxın vaxt gedərdi. Min ilə yaxın Çin saraylarında ipək geyimi təkcə ən yüksək vəzifəli məmurlar geyinə bilərdi, kəndlinin isə belə hüququ yox idi. İpək kağız da elit təbəqəyə məxsus olan məhsul idi. Çində seçilən dövlət qulluqçuları ipəklə mükafatlandırılardı. Min ildən yuxarı ipək Çin imperatorunun diplomatik görüşlərdə bağışladığı ən nəfis hədiyyə idi.
* * *
Bu gün Çində ipəkçilik sahəsində 1 milyon, Hindistanda isə 700 min nəfər çalışır. Tailandda 20 min ailənin güzəranı ipəkçilikdən asılıdır. İndi yalnız 5 ölkə - Çin, Hindistan, Özbəkistan, Braziliya və Vyetnam dünyanın ən nəhəng ipək istehsalçıları sayılır. Hazırda dünya üzrə hər il 80 min ton ipək xammalı istehsal olunur. Bunun 70 faizi Çinin payına düşür. Romada 2 min il əvvəl senatorların ipək idxalına qadağa qoymağa çalışmasına baxmayaraq, bu gün ipək sapının ən böyük idxalçısı İtaliyadır. Ən çox ipək istifadə edən ölkə isə Yaponiyadır. ABŞ da ipək tekstilinin və geyimin ən nəhəng ixracatçıları sırasındadır.
Qlobal
bazarda ipəyin qiyməti artmaqdadır. Bu gün Avropa ipəyin
emalında ciddi rol oynayır. Emalda İtaliya, Almaniya, Fransa
kimi ölkələr öndədir. Avropanın ipəkdən
hazırladığı müxtəlif geyimlər bir qayda
olaraq yüksək dəbi təlqin edir və çox
bahadır. İpək geyimlərin üzərində ən məşhur
modelyer və dizaynerlər çalışırlar. İndi tədricən
ipəyin emalı Şərq ölkələrinə
keçir, orada dizayner və modelyerlər öz mərkəzlərini
yaradırlar.
Amma bunlar
o demək deyil ki, ipək sənayesində bütün işlər
ipək kimidir. İpək istehsalçılarının həmişə
müəyyən problemləri olub və indi də var. Yeni
sintetik məhsulların yaranması ipəyin imicini zəiflədir,
iqtisadi böhranlar isə satışının azalmasına
səbəb olur. Bir sıra ölkələrdə ipək
istehsal edən mərkəzlər bağlanır. Yaponiyada və
Koreyada bu, aydın hiss olunur. Ümumdünya Ticarət Təşkilatı
ipək istehsalının azalmaması üçün təklif
edir ki, bu məhsulun üstünlüklərini təbliğ
etsinlər. Belə ki, ipək ətraf mühit və insan
sağlamlığı üçün ziyanlı olmayan təbii
məhsuldur. Ondan geyim istehsalından savayı, digər məqsədlər
üçün də istifadə etmək
mümkündür.
* * *
Özümüzə
gəldikdə qeyd edək ki, hələ Azərbaycan Rusiya ilə
İran arasında bölüşdürüldükdən
sonra rus məmurları tərəfindən işğal
edilmiş ərazilərin kameral təsviri tərtib
edilmişdi. Orada hətta meyvəçilikdə dünya
şöhrəti qazanan Quba qəzasında məhz tut
bağlarının, çəkilliklərin böyük
üstünlük təşkil etdiyi aydın göstərilmişdi.
Sonrakı illərdə ipəkçiliyin inkişafı səngisə
də, sovet dönəmində Heydər Əliyevin rəhbərliyi
altında 1971-ci ilin martında Azərbaycan KP MK və Nazirlər
Sovetinin “Azərbaycan SSR-də ipəkçiliyi inkişaf
etdirmək tədbirləri haqqında” qərari ilə
respublikada baramaçılığın inkişafına yeni
təkan verildi. Bərdə, Zaqatala, Şəki, Balakən,
Göyçay, Ağdaş, Cəbrayıl və digər
rayonlarda ipəkçiliyin inkişafı vüsət
aldı. Ötən əsrin 70-80-ci illərində isə Azərbaycan
ipəyinin tarixi şöhrəti özünə
qayıtdı. Barama istehsalı 1969-cu ildəki 3569 tondan
1982-ci ildə 5272 tona çatdı. 1986-cı ildə isə
bu rəqəm rekord həddə - 5678 tona yüksəldi. Azərbaycan
yaş barama istehsalının həcminə görə
Yaponiya, Çin, Cənubi Koreya, Hindistan, KXDR və Braziliyadan
sonrakı yeri tutdu. Keçmiş SSRİ-də isə
respublikamız ipək istehsalında Özbəkistandan sonra
ikinci oldu. Sonrakı illərdə respublikada barama
istehsalına diqqət zəiflədiyindən istehsal
aşağı düşdü. Hətta 1993-cü ildə
barama istehsalı 3202 tona endi. Halbuki Azərbaycanda hələ
1910-cu ildə bundan çox - 3587 ton barama istehsal edilmişdi.
Məlum
olduğu kimi, Azərbaycanda son illər
baramaçılığın inkişafı istiqamətində
ciddi addımlar atılır, mühüm qərarlar qəbul
olunur. Bütün bu işlər dövlət
başçısının nəzarəti altında həyata
keçirilir. Nəticə göz qarşısındadır.
2007-ci ildən bəri ilk dəfə olaraq ölkəmizdə
70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın
kümçü ailəsi 600 min manata yaxın gəlir
götürüb.
Hələ
2016-cı ildə Azərbaycan Prezidenti
baramaçılığın tamamilə unudulduğunu, tut
bağlarının böyük hissəsinin kəsildiyini qeyd
etmiş, 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyini
və bağların bərpasına start verildiyini bildirmiş
və barama istehsalının ən azı iki dəfə
artmasını qarşıya məqsəd kimi qoymuşdur.
Dövlət başçısının bu tövsiyəsinə
konkret işlə cavab vermək üçün 2015-ci ildə
1 milyon 700 min tut tingi əkilmiş, 37 rayonda
baramaçılığın dirçəldilməsinə
başlanılmışdır. Bu tədbirlərin davamı
kimi 2019-cu ilə barama istehsalının 1300 tona
çatdırılması və Şəki İpək
Kombinatının tam gücü ilə işləməsi hədəf
götürülmüşdür. Onu da qeyd edək ki, ötən
ilin payız mövsümündə respublika üzrə 1
milyon 793 mindən çox tut (çəkil) tingi əkilmiş,
yüksək keyfiyyətli ipəkqurdları 31 rayonun 739 kəndini
əhatə edən 3013 kümçü ailəsinə pulsuz
paylanmışdır.
İstehsalın
stimullaşdırılması istiqamətində atılan digər
önəmli addım barama emalı və ipək istehsalı
müəssisələrinin qəbul etdiyi bütün növ
yaş baramanın hər kiloqramına görə
kümçülərə dövlət büdcəsi vəsaiti
hesabına 5 manat həcmində subsidiya verilməsidir.
Prezidentin digər sərəncamlarına əsasən isə
barama toxumlarının alınmasına 163 min, tut tinglərinin
alınmasına 600 min, eləcə də Qax Damazlıq İpəkçilik
Stansiyasının bərpası, əlavə istehsal sahələrinin
yaradılması və müasir avadanlıqlarla təchiz
olunması üçün Kənd Təsərrüfatı
Nazirliyinə 4,5 milyon manat ayrılmışdır.
Artıq
bir sıra rayonlarda yeni mövsümün barama tədarükünə
başlanılıb. Ümumilikdə ölkə üzrə
iyunun 1-nə “Şəki-İpək” ASC tərəfindən
8717 ton barama qəbul olunub və bu proses davam edir. Məhsul
istehsalı və tədarükündə Zərdab (4157 ton),
Ağdam (1296 ton) və Zaqatala (933 ton) rayonları irəlidə
gedir. İri barama istehsalçılarından olan Füzuli
rayonunda 36,5, Zərdabda 24, Şəkidə 22,5, Zaqatalada 21,
Ağcabədidə 17,5, Ağdam, İmişli və Kürdəmir
rayonlarının hər birində 15 ton məhsul istehsalı
gözlənilir. Bu il ipəkqurdu bəslənilməsi və
barama tədarükü 10 min 782 nəfərin əlavə
işlə təminatına imkan yaradıb.
Baramaçılığın
inkişafı əslində, biznesin yalnız bir sahəsinin
yox, bütünlükdə milli mədəniyyətimizin,
tariximizin dirçəlişi, ekoloji mühitin bərpası
deməkdir, getdikcə daha çox tanınan Azərbaycan
brendinin ən vacib və zəruri elementlərindən biridir.
Çünki brend sırf bizneslə
bağlılığı olan bir anlayış deyil. O həm
də xalqın psixologiyasına, özünə,
keçmişinə, məhsuluna qoyduğu qiymətlə
sıx bağlıdır. Biz ipəkdən elə məhsulları
istehsal edib dünya bazarına çıxara bilərik ki, hətta
romalılar bizə həsəd apara bilər.
Ərəb
səhralarının rəngləri kasad olur, şimalda
yaşayan eskimoslar ağ qardan başqa bir şey
görmürlər. Odur ki, ərəblər səhranı,
eskimoslar qarı vəsf edirlər. Eskimoslar üçün
qar bir rəngdən ibarət deyil. Yağan, hərəkətdə
olan, yatan, tapdanan, əriyən qarın hərəsinin öz
rəngi, öz adı var. Onlar ağ qarda yüzlərlə fərqli
rənglər görə bilirlər. Biz də gəlin ağ
ipəyə eskimosların ağ rənglərini, ya da ərəblərin
səhralarının qumlarını yox, keçmişimizin
çalarlarını otuzduraq, nağıllarımızın
qəhrəmanlarını gətirək. Bizlim qəhrəmanlarımız
özü açılıb yığılan süfrənin
tənbəl personajları deyillər. Ən cılız qəhrəmanımız
Cırtdan belə, divin başına dəyirman
daşını keçirib xəlbirlə çaya göndərə
bilən igiddir. Bütün bunları, üstəlik də
xalçalarımızın naxışlarını ipəyə
hopdurub Avropanı fəth edən brend sahibi ola bilərik.
Heç
kim bizim yerimizə fikirləşməyəcək, heç
kim dünya bazarının qapılarını asanlıqla
bizim məhsulların üzünə açmayacaq. Lakin səylərin,
biliklərin, ideyaların sintezi və dünyanın
qabaqcıl təcrübəsi ilə sıx təmaslar yolumuza
işıq sala, bizi olduğumuzdan qat-qat güclü edə
bilər. Bu baxımdan biz ipəkçiliyin inkişafına,
onun dirçəlməsinə aqrar sektorun adi bir sahəsi kimi
baxmalı deyilik. Biz bununla min illər boyu sevib əzizlədiyimiz
məhsulu ərsəyə gətiririk. Özümüzü
dünyaya tanıtmağı, məhsulumuzla dünya
bazarını fəth etməyi arzulayırıqsa buna nail ola
biləcəyik. Unutmalı deyilik ki, ipəkdən
hazırlanan ən müxtəlif məhsullar yüksək dəbi
təmsil edir. Onun üzərində modelyer və dizaynerlərin
ən dahiləri çalışırlar. Bu baxımdan ipək
həm də yüksək gəlir gətirən nəfis məhsuldur.
Bahadur İMANQULİYEV,
Azərbaycan.- 2017.- 11 iyun.- S.1;3.