Balıq və
digər su bioresursları ovunun qaydaları haqqında qərar
qəbul olunub
Azərbaycan Respublikası Nazirlər Kabineti “Balıq və digər su bioresursları ovunun Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, qərarda Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna icazə verilməsi halları və qaydası, ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri və onların ovunun yol verilən ümumi miqdarı (kvotası), balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası müəyyən edilib.
Qərarda göstərilir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti və dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri balıq və digər su bioresurslarının ovu üçün istifadə edilən su hövzələri balıqçılıq su obyektləridir. Yerüstü su obyektlərinin balıqçılıq təsərrüfatlarının ehtiyacları üçün istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Balıq və digər su bioresurslarının ovu sənaye, idman və həvəskar, akvakultura, elmi-tədqiqat, təhsil, maarifləndirmə və nəzarət, iqlimləşdirilmə məqsədilə həyata keçirilir. İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu balıqovlama bileti əsasında həyata keçirilir. Bərpa məqsədi ilə balıq və digər su bioresurslarının akvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir.
Qərara əsasən, dövlətin balıq mühafizə sahəsində qanunla müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının ovunun tənzimlənməsinə nəzarəti və balıq və digər su bioresursları ovlanan balıqçılıq su obyektlərində gəmilərin, qayıqların və digər üzən nəqliyyat vasitələrinin saxlanılmasını, həmin nəqliyyat vasitələrinin, ov alətlərinin və əldə edilmiş məhsulların yoxlanılmasını həyata keçirir, qanunla müəyyən edilmiş hallarda dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərini və ya onların müəyyən hissəsini (dövlət təbiət qoruqları istisna olmaqla) balıq və digər su bioresurslarının ovu üçün ayırır, balıqçılıq subyektlərinə verilmiş balıqovlama biletlərini, onların ov alətlərini, ovlanmış balıqları və onların qeydiyyatına dair sənədləri yoxlayır, ovlanmış balıq və digər su bioresurslarının ticarət dövriyyəsinə daxil edilməsi üçün onların mənşəyi, növü, miqdarı, ölçüləri, çəkisi barədə müəyyən olunan formada tipoqrafik üsulla hazırlanmış ciddi hesabat blankı olan qaimə verir və buna nəzarət edir, balıqçılıq subyektlərinə çatışmazlıqların aradan qaldırılması barədə yazılı göstərişlər verir, qayda pozuntusu nəticəsində balıq və digər su bioresurslarına ziyan vurulduğu hallarda, ziyanın ödənilməsi üçün hüquqi və fiziki şəxslərə qarşı iddia qaldırır. Balıq ovunun tənzimlənməsinə nəzarəti həyata keçirən nazirliyin əməkdaşları üzərində fərqləndirici nişanlar olan xüsusi geyimlə təmin edilir, habelə onlara qanunla müəyyən edilmiş hallarda və qaydada xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qərarda qeyd edilib ki, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının (qaya balığı (kələmo), zərdəpər, xəzər qızılbalığı, dəniz sıfı, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, poru) ovu, balıq və digər su bioresurslarının qorunması, onların populyasiyasının vəziyyətinə monitorinqin həyata keçirilməsi, onların süni artırılmasının və iqlimləşdirilməsinin həyata keçirilməsi məqsədi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ov müddətləri və üsulları onların ovunun məqsədinə müvafiq olaraq müəyyən edilir, bu balıq və digər su bioresurslarının təbii populyasiyalarına və onların məskunlaşdığı mühitə zərər vurmamalıdır, istifadə olunan ov alətləri və üsullarının düzgün seçilməsi təmin edilməli, dəniz məməlilərinin diri şəkildə ovu zamanı isə onlara fiziki və psixi travmaların vurulması imkanları azaldılmalıdır. Qırmızı Kitaba daxil edilmiş balıq və digər su bioresurslarının hər bir ov faktı üzrə balıqovlama biletinin rekvizitləri, ovlanmış balıq və digər su bioresurslarının həcmi (miqdarı), ovun vaxtı, yeri, alətləri, ov həyata keçirən hüquqi (adı, yeri) və ya fiziki (soyadı, adı, atasının adı) şəxs göstərilməklə müəyyən olunmuş formada akt tərtib edilir. Akt ova cavabdeh olan şəxs, balıq və digər su bioresurslarının ovunu həyata keçirən şəxslər tərəfindən imza ilə, habelə balıqovlama biletini almış təşkilatın rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilir, ovun nəticələri barədə aktlar balıq və digər su bioresurslarının ovunun həyata keçirildiyi tarixdən iki aydan gec olmayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir.
Qərara görə, balıq və digər su
bioresurslarının ovunun ümumi yol verilən miqdarı
(kvotası) Azərbaycan Elmi-Tədqiqat
Balıqçılıq Təsərrüfatı İnstitutu
tərəfindən Azərbaycan Milli Elmlər
Akademiyasının Zoologiya İnstitutunun rəyi nəzərə
alınmaqla (daxili sularda), müəyyən edilmiş balıq
və digər su bioresurslarının növlərinin məskunlaşdığı
müvafiq balıqçılıq su obyektlərinin
siyahısına daxil edilməklə hazırlanır və nəticəsi
nazirliyə təqdim edilir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyi isə növbəti il üçün təbii
balıqçılıq su obyektlərində balıq və
digər su bioresurslarının ovunun ümumi yol verilən
miqdarının kvotalar üzrə bölgüsünün hər
il oktyabr ayının 5-dən gec olmayaraq, təsdiq edilməsi
üçün müəyyən olunan formada təkliflərini
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
edir. Balıq və digər su bioresurslarının istifadəsi
və mühafizəsi üzrə Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrlə tənzimlənən su
obyektlərində balıq və digər su
bioresurslarının ovu üçün kvotalar ilə əlaqədar
balıq və digər su bioresurslarının ovunun ümumi
yol verilən miqdarı barədə təkliflər dövlətimizin
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə əsasən müəyyən
edilir.