Bu günlərdə mərhum şair Eldar Nəsibli Sibirelin “Seçilmiş əsərlər” (“Yazıçı” nəşr, 2017) kitabı oxuculara təqdim olunub. Keçmiş iş yoldaşımız, qələm dostumuz Eldar Nəsibli ilə neçə ilin ayrılığından sonra bu “görüş” çoxumuzda kədər yaratsa da, böyük şairimiz Səməd Vurğunun:
Ölüm
sevinməsin qoy,
ömrünü vermir
bada!
El qədrini
canından
daha əziz bilənlər,
Əbədi
xatirə tək
qalacaqdır dünyada!
Sevərək
sevilənlər,
sevilərək ölənlər.
misraları
duyğularımıza bir az rahatlıq gətirdi.
El qədrini
canından əziz bilən şair Eldar Nəsibli Sibirel cəmi
58 il yaşadı. Ölümündən 7 il keçməsinə
baxmayaraq, o, bu gün bütün həmkarlarının qəlbində
səmimi, xoşqılıq, zarafatcıl şair məcazlı,
habelə şeirsevərlərin qəlbində unudulmaz yazar kimi yer alıb.
Eldar Nəsibli
Alı oğlu Sibirel 18 may 1952-ci ildə Tomsk vilayəti,
Baxçar rayonunun Çernişovka kəndində anadan olub.
1948-ci ildə ailəlikcə Sibirin Tomsk vilayətinə
sürgün ediliblər. Valideynləri bəraət
aldıqdan sonra Qazaxa, öz doğma yurdlarına
qayıdıblar. Şeirlərinin birində:
Vətəndən
uzaqda olsam da mən,
Bu
torpağa verdim könül varımı.
Tənzif
əvəzinə ümidlərimlə,
Sarıdım
sağalmaz yaralarımı.
Çəkdiyim
əzabla, udduğum qəmlə,
Çoxu
elə sandı öləcəyəm mən.
Ancaq bilmədilər,
gün işığında,
Bahar
arzuların yaşıllığında
Təzədən
dünyaya gələcəyəm mən,
- deyən
şair vətənə qayıtdıqdan sonra sanki yenidən
dünyaya gəlmişdi. Eldar orta məktəbi Qazax rayonunun
İkinci Şıxlı kəndində başa vurduqdan sonra
Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində
təhsil almışdı (1969-1974). “Elm və həyat”
jurnalı redaksiyasında ədəbi işçi, baş ədəbi
işçi, şöbə müdiri vəzifələrində
işləmişdir. 1984-cü ildən 1990-cı ilə qədər
həmin jurnalın məsul
katibi olmuşdur. 1990-1995-ci illərdə Qızıl
Aypara Cəmiyyətinin orqanı “Mərhəmət”
jurnalının baş redaktoru, daha sonra isə “Azərbaycan”
qəzetinin müxbiri vəzifəsində
çalışmışdı. Təsadüf elə gətirmişdi
ki, iş yoldaşımız oğlu Alının toyundan bir
neçə gün sonra Qazaxa getmiş və orada (11 oktyabr
2010) avtomobil qəzasında dünyasını dəyişmişdi.
Eldarın “Ağacların söhbəti” adlı ilk şeiri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. O vaxtdan mətbuatda lirik-epik şeirləri, poemaları, publisistik yazıları ilə çıxış edib. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib keçir”, “Yaddaş”, “Bu da bir ömürdü ağlı, qaralı”, “Könül, qəm eləmə...”, “Bura Qazaxdır, oğlum!”, “Turan şərqisi” şeirlər kitablarının və yüzlərlə məqalənin müəllifidir. “Şıxlıdan düşən işıq” toplusunun tərtibçilərindən biridir. Əsərləri bir çox xalqların dillərinə tərcümə edilib. Ukraynanın Lvov şəhərində keçirilən XII Ümumittifaq poeziya festivalının (1982) və gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsinin (1984) iştirakçısı olub. 1986-1987-ci illərdə Bakıda, Filarmoniyada yaradıcılıq gecəsi keçirilən üç gənc şairdən biri Eldar Nəsibli idi. O, 1982-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Prezident mükafatçısı olub.
Eldar Nəsibli həm də gözəl tərcüməçi idi. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqqında nüfuzlu qəzet və jurnallarda dəyərli fikirlər söyləyiblər. Bir çox şeirinə musiqi bəstələnmişdir. “Bura Qazaxdır, oğlum”dan başlayaraq onlarla bu qəbildən olan şeiri aşıqların repertuarını bəzəyir.
Onun yaradıcılığına dəyər verən qədirbilən oxuculardan Kamran Nəbizadənin sponsorluğu ilə Eldar Nəsibli Sibirelin anadan olmasının 65-ci ildönümü münasibətilə nəşr olunan 240 səhifəlik “Seçilmiş əsərlər”ə şairin müxtəlif illərdə yazdığı şeirləri daxil edilib. Ana yurdun bənzərsiz gözəllikləri, bəşəri hisslər, vətən həsrəti, sevgi, məhəbbət duyğuları bu şeirlərin ana xəttini təşkil edir.
E.Nəsibli həmişə ürəyinin böyüklüyünə, istedadının gücünə və zəhmətinə arxalanıb. Bu güc, bu zəhmət daim onu ucalığa, yüksəkliyə səsləyib.
Rəhman SALMANLI,
Azərbaycan.-
2017.- 11 iyun.- S. 5.