Bakı yenə dünyanın diqqət mərkəzindədir

 

“Odlar yurdu” 500 milyon izləyicisi olan “Formula-1” Azərbaycan Qran-prisinə hazırlaşır

 

Son illər beynəlxalq əhəmiyyətli tədbirlərin, idman yarışlarının keçirilməsi üçün Bakı şəhərinin seçilməsinin ən başlıca səbəbləri Azərbaycanın sülh və əməkdaşlıq məkanı kimi böyük nüfuz qazanmasıdır.

Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkandır. Çünki qədimliklə müasirliyin qovuşduğu “Odlar yurdu” bu məqsədlərə yönəlmiş mühüm təşəbbüslərlə çıxış edir.

 

Bakı beynəlxalq yarışların keçirilməsi üçün ideal məkandır

 

Bunun əsas səbəblərindən biri xalqımızın tolerantlıq düşüncəsinin yüksək inkişaf səviyyəsidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının son 14 il müddətində bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.

Coğrafi baxımdan olduqca həssas bir regionda yerləşən Azərbaycan Şərqlə Qərb arasında sağlam körpü rolunu oynamaqdadır. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmiz tolerantlığı, multikulturalizmi, tarixi, milliliyi ilə, bəşəri dəyərlərə verdiyi töhfələrlə, ən əsası isə etibarlı tərəfdaş kimi dünya dövlətlərinin diqqətini özünə cəlb etməkdədir. Bununla bərabər, Azərbaycan nəinki beynəlxalq idman yarışlarının keçirildiyi məkan, hətta bu yarışlarda yeni standartlar müəyyənləşdirən ölkədir. Buna “Bakı-2015” I Avropa Oyunlarını misal gətirmək kifayətdir. May ayında isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə evsahibliyi edən ölkəmiz Avropa qitəsi ilə yanaşı, İslam dünyasının da lider dövləti olduğunu bir daha təsdiqlədi. Həm idmançılarımızın qazandığı zəfərlər, həm təşkilatçılıq, həm də Bakıya gələn turistlərin, atletlərin yüksək fikirləri Azərbaycanın gücünü, bacarığını, qüdrətini bir daha nümayiş etdirdi.

 

Yarışlar ölkəmizə həm iqtisadi, həm də strateji baxımdan böyük dvidendlər gətirir

 

Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara evsahibliyi etməsində iqtisadi nailiyyətlərimiz də əsas rol oynayır. Bu gün Azərbaycan dünyada yüksək templərlə inkişaf edən bir ölkəyə çevrilib. Belə tədbirlərin keçirilməsi isə Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına, əməkdaşlığa açıq olması isə ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Yarışlar ölkəmizə milyardlarla investisiyaların, milyonlarla turistin axınına yol açır. Belə beynəlxalq tədbirlərin keçirilməsi, hər hansı bir kompaniyanın və ya onun istehsal etdiyi məhsulun reklam olunması demək deyil, bütövlükdə Azərbaycanın dünyaya geniş təqdimatıdır ki, bunun da nəticəsində ölkəmiz gələcək iqtisadi perspektivlərini müəyyənləşdirir, xarici investorların və böyük turist kütləsinin diqqətini cəlb edir. 2015- ci ildə keçirilən I Avropa Oyunları və ötən il Bakıda gerçəkləşən “Formula-1” Avropa Qran-prisi on minlərlə turistə Azərbaycanı yaxından tanımaq imkanı yaratdı. İş adamları ölkəmizdəki geniş fəaliyyət meydanını görüb Azərbaycana yatırımlar edirlər. İslam Həmrəyliyi Oyunlarında isə bunun bir daha şahidi olduq. Turist axını kifayət qədər gücləndi. Bütün bunlar ölkə iqtisadiyyatının inkişafının sürətlənməsinə təkan verən amillərdir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev “Formula-1” Azərbaycan Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb. Bu da turistlərin çox rahat şəkildə Azərbaycana səfər etmələri üçün yaxşı imkanlar açır.

 

Paytaxtımız sürət həvəskarlarına öz qapılarını açıb

 

Dünyanın idman paytaxtına çevrilən Bakı indi növbəti beynəlxalq idman yarışı ərəfəsindədir. Özündə Qərb ilə Şərq mədəniyyətinin əsas cəhətlərini birləşdirən Azərbaycan paytaxtı yenə yüksək sürət həvəskarlarına öz qapılarını açıb. Bir neçə gündən sonra dünyanın müxtəlif ölkələrindən idmansevərlərin diqqəti “Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisinə yönələcək. Yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın builki yarışı da mükəmməl şəkildə keçirəcəyi şübhə doğurmur. Çünki ötən il əsas qayəsi sürət, adrenalin olan “Formula-1” yarışına yüksək səviyyədə evsahibliyi hər kəsi heyran etdi. Artıq “Formula-1” ölkəmiz üçün yeni yarış deyil. Ötən ilki yarış ölkəmizdə “Formula-1” idmanını sevənlərin sayını daha da artırıb. Bunu alınan biletlərin sayı da təsdiqləyir.

Builki yarışa xaricdən maraq daha böyükdür. “Nielsen Sports” şirkətinin azarkeşlər arasında keçirdiyi sorğuya əsasən deyə bilərik ki, Bakıya yenə böyük “azarkeş ordusu” təşrif buyuracaq. Sorğunun nəticələrinə görə Braziliya, İspaniya, Finlandiya, Macarıstan, Rusiyadan olan azarkeşlər Azərbaycan Qran-prisini canlı izləmək üçün Bakıya gəlmək istədiklərini bildiriblər.

Üç min gənc könüllü Azərbaycan Qran-prisinə töhfə verəcək

Hər kəsə bəllidir ki, artıq Azərbaycanda güclü könüllülük hərəkatı formalaşıb. On yeddi mindən çox gənc beynəlxalq tədbirlərin təşkilində könüllü kimi fəaliyyət göstərir. Xalqımıza məxsus milli-mənəvi sərvətlərdən olan bu xeyirxahlıq nümunəsi “Bakı-2015” I Avropa Oyunları dövründə könüllülərin fəaliyyətində özünü daha qabarıq formada göstərdi. Məhz bu mötəbər yarışlarda qazanılan təcrübə nəticəsində könüllülük hərəkatı ölkəmizdə institusional səviyyəyə yüksəlib.

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanda könüllülər sinfi formalaşıb. Eyni zamanda, son bir neçə il ərzində könüllülük fəaliyyətinin mexanizmləri də təkmilləşib. İndi artıq nəinki Bakıda, regionlarda da könüllülərin əməyindən geniş istifadə edilir.

“Formula-1” Azərbaycan Qran-prisi yarışı üçün 10 min yerli və xarici könüllü müraciət edib. Amma təşkilat komitəsi üç min gənc könüllünü yarışa cəlb edib. Onların yarışa tam hazırlığı üçün müxtəlif təlimlər keçirilir. Könüllülər ümumi, rol və məkan üzrə üç mərhələdə təlimdən keçirlər. Ümumi təlimdə onlar Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, ümumiyyətlə, “Formula-1” yarışları haqqında məlumatlar alır, komanda işini inkişaf etdirmək üçün müxtəlif çalışmalarda iştirak edir, tapşırıqlar yerinə yetirirlər. Bir neçə istiqamətdə aparılan təlimlərin əsas məqsədi könüllülərin şəxsi inkişafını təmin etmək və onları təşkilatçılıq işlərinə peşəkar səviyyədə hazırlamaqdır. Təlimlər zamanı könüllülər vaxtın düzgün idarə olunması, gərgin vəziyyətlərdə işin düzgün qurulması, layihənin hərtərəfli idarə edilməsi, liderlik və başqa istiqamətlərdə əsas biliklərə yiyələnirlər. Bundan başqa, könüllülər üçün danışıq klubları da təşkil olunur. Əsas məqsəd gələn xarici qonaqların yüksək səviyyədə qarşılanmasını, düzgün məlumatlandırılmasını və onlara lazımi yardımın göstərilməsini təmin etməkdir.

Gənclərin bu tədbirlərdə könüllülər formasında aktiv iştirakı onlar üçün də böyük təcrübə olur. Daha peşəkarlaşan gənclər isə Azərbaycanın gələcəyi üçün əvəzedilməz işgüzarlıq vərdişləri qazanırlar.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2017.- 13 iyun.- S. 1; 7.