AŞPA
Monitorinq Komitəsinin həmməruzəçiləri Milli Məclisdə
olublar
İyunun 12-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin sədri Azərbaycan ilə AŞPA və onun qurumları arasında əlaqələrin dərinləşməsinin tərəflərin maraqlarına cavab verdiyini söyləyib. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin üzvləri qurumun Parlament Assambleyasının tədbirlərində mütəmadi iştirak edir, müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirirlər. Biz AŞPA ilə qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarıyıq.
Sədr ümidvar olduğunu bildirib ki, həmməruzəçilər səfər müddətində onları maraqlandıran məsələlər haqqında ətraflı, obyektiv məlumatlar alacaq və gələcəkdə hazırlayacaqları hesabatda bu məlumatlar olduğu kimi öz əksini tapacaq.
Monitorinq Komitəsinin həmməruzəçisi Sezar Florin Preda ölkəmizə səfərlərindən və burada keçirdikləri görüşlərdən məmnun qaldıqlarını bildirib. Qonaq səfərin məqsədini açıqlayaraq, bölgədəki vəziyyətlə yaxından tanış olmaq, Azərbaycanla AŞPA arasında münasibətlərin bu günü və inkişaf perspektivləri barədə daha çox məlumat almaq istəklərini dilə gətirib.
Görüşdə çıxış edən Stefan Şennak səfər çərçivəsində əldə etdikləri məlumatların gələcəkdə hazırlayacaqları hesabatda öz əksini obyektiv tapacağını bildirib.
Qonaqlar təmsil etdikləri təşkilatın Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduqlarını söyləyiblər.
***
Daha sonra Sezar Florin Preda və Stefan Şennak Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə görüşüblər.
Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumun payız sessiyası üçün Azərbaycan barədə məruzə hazırlamaq məqsədilə ölkəmizə səfərə gələn həmməruzəçilərə uğurlar arzulayıb. Məlumat verilib ki, Azərbaycan parlamenti çox aktiv fəaliyyətdədir. Avropa Şurası ilə birgə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün bütün imkanlar səfərbər olunub. Ölkəmiz götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib. S.Seyidov qanunvericiliyin təkmilləşdirilməsi baxımından Cinayət Məcəlləsində aparılan dəyişikliklərdən də söz açıb.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycana növbəti səfərdən məmnunluqlarını bildirib. Yaxın günlərdə Milli Məclisdə keçirilmiş AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclasında iştirak edə bilməməsindən təəssüfləndiyini qeyd edib. Belə tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.
Görüşdə ikitərəfli əlaqələrin genişləndirilməsi, əməkdaşlığın daha da möhkəmləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi kimi qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görülən işlərdən və həyata keçiriləcək tədbirlərdən söhbət açılıb.
Milli Məclisin deputatları AŞPA Monitorinq
Komitəsinin həmməruzəçilərini
maraqlandıran suallara aydınlıq gətiriblər.
Azərbaycan.- 2017.- 13 iyun.- S. 2.