Müdafiə Nazirliyində
görüş
İyunun
12-də Azərbaycan Respublikasının Müdafiə naziri
general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə
olan Türkiyə Respublikası Quru Qoşunları
komandanı ordu generalı Salih Zeki Çolak ilə
görüşüb.
Qonaqları
salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz
arasında hərbi əməkdaşlığın ikitərəfli
və NATO çərçivəsində
aparıldığını, hərbi, hərbi-texniki və hərbi
təhsil sahələrində əlaqələrin genişlənərək
inkişaf etdiyini xüsusi vurğulayıb.
Azərbaycana
növbəti dəfə səfərindən məmnunluq hissi
ilə danışan ordu generalı S.Çolak
Naxçıvanda keçirilən birgə taktiki təlimlərin
əhəmiyyətini qeyd edərək dövlətlərimizin
əlaqələrinin qədim tarixi köklərə, mehriban
dostluq ənənələrinə əsaslandığını
və Azərbaycanın Türkiyənin vacib tərəfdaşı
olduğunu bildirib.
Sonra
regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan ilə
Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin
inkişaf perspektivləri, eləcə də təcrübə
mübadiləsi məqsədilə mütəxəssis heyətlərinin
qarşılıqlı səfərlərinin təşkili,
müxtəlif qoşun növlərinin iştirakı ilə
hər iki ölkədə hərbi təlimlərin
keçirilməsi və digər maraq doğuran məsələlər
barədə ətraflı fikir mübadiləsi
aparılıb.
Görüşün
sonunda iki ölkə arasında hərbi əməkdaşlığın
möhkəmləndirilməsində göstərdiyi xidmətlərə
görə Türkiyə Respublikası Quru Qoşunları
komandanı ordu generalı S.Çolak Azərbaycan
Respublikasının “Hərbi əməkdaşlıq sahəsində
xidmətlərə görə” medalı ilə təltif
olunub.