Azərbaycan
və Bolqarıstan hüquqi sahədə
səmərəli əməkdaşlıq edir
İyunun 12-də ədliyyə
naziri Fikrət Məmmədov
respublikamızda səfərdə olan
Bolqarıstanın baş prokuroru
Sotir Tsatsarovun
başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Ədliyyə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, görüşdə Azərbaycan və Bolqarıstan
arasında dostluq və əməkdaşlıq münasibətlərinin
inkişafı, bu əlaqələrin dərinləşməsində
dövlət başçılarının xüsusi rolu və
qarşılıqlı səfərlərin mühüm əhəmiyyəti
vurğulanıb. Həmçinin ölkələrimizin zəngin
müqavilə bazasına söykənən hüquqi sahədə
əməkdaşlığına toxunularaq
qarşılıqlı fəaliyyətin perspektivləri, hər
iki dövlətdə məhkəmə-hüquq sistemində
aparılan islahatlar barədə fikir mübadiləsi
aparılıb.
Nazir
2012-ci ildə Bolqarıstana edilmiş ikitərəfli məhsuldar
səfərini və keçirilmiş görüşlərini,
ötən il isə Sofiyada Avropa ədliyyə nazirlərinin
konfransında iştirakını xatırladıb, Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan
məhkəmə-hüquq islahatları, o cümlədən
qanunvericiliyin təkmilləşdirilməsi, Məhkəmə-Hüquq
Şurasının fəaliyyəti, məhkəmə hakimiyyətinin
müstəqilliyinin möhkəmləndirilməsi
baxımından Şuranın səlahiyyətlərinin
genişləndirilməsi, hakimlərin ən şəffaf
seçimi və tədrisi, elektron məhkəmənin tətbiqi,
infrastrukturun müasirləşdirilməsi üzrə
görülən tədbirlər barədə məlumat verib.
Ölkələrimiz
arasında tarixi dostluq əlaqələrinin
inkişafını qeyd edən qonaq Azərbaycana səfərindən
məmnunluğunu ifadə edərək səfərin yüksək
səviyyədə təşkil olunmasına görə minnətdarlığını
bildirib, Azərbaycan Prezidentinin siyasi iradəsi ilə
respublikamızın, o cümlədən paytaxt Bakının
sürətli tərəqqisini təqdir edib. S.Tsatsarov ölkəmizin
məhkəmə-hüquq sistemindəki nailiyyətlərini
maraqla qarşılayaraq, öz ölkəsində bu sahədə
islahatların aparıldığını söyləyib, Azərbaycanın
bir çox sahələrdə müsbət təcrübəsinin
Bolqarıstan üçün faydasını
vurğulayıb.
Söhbət zamanı inzibati ədliyyənin fəaliyyəti, hakimliyə namizədlərin tədrisi, probasiya institutunun tətbiqi, korrupsiyaya qarşı mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Tədbirdə Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova, ölkəmizin Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, ədliyyə nazirinin müavini Azər Cəfərov, baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak ediblər.
Qonaqlar nazirlikdə
Ədliyyə Tarixi Muzeyi
ilə tanış olublar.
Azərbaycan.- 2017.- 13 iyun.- S. 2.