Xalqın
qurtuluş missiyasının rəhbəri
Milli Qurtuluş Günü münasibətilə Səbail rayonunda 6 saylı məktəb-liseydə şagirdlərin konfransı keçirilib. Əvvəlcə “Tarixin şanlı səhifələri” adlı film nümayiş olunub. Tədbirdə çıxış edən 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova qonaqları və tədbir iştirakçılarını salamlayaraq Milli Qurtuluş Gününün tarixindən danışıb. Bildirib ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.
Sual-cavab formatında hazırlanan konfransda çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirdi ki, məhz həmin dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. Ulu öndərin müdrik siyasəti və səyləri sayəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxlaya bildi. Heydər Əliyevdən sonra isə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirib, Azərbaycan daha da möhkəmlənib və qüdrətlənib.
Məktəbin şagirdləri həmin illərdə baş verən hadisələrdən, ulu öndərin Azərbaycanı parçalanmaqdan xilas etməsi, həmçinin Heydər Əliyevin layiqli davamçısı Prezident
İlham Əliyevin bu gün yürütdüyü siyasət və gördüyü işlər, ölkədəki müsbət dəyişikliklərlə bağlı Eldar Əzizova çoxsaylı suallar verərək onlara münasibət bildirməyini xahiş ediblər.
Sonda məktəbin pedaqoji kollektivi və şagirdləri adından ölkə başçısına müraciət qəbul edildi. Müraciətdə məktəblilər Azərbaycandakı inkişaf və tərəqqi, əmin-amanlıq şəraitinə görə ölkə Prezidenti, bu məktəbin məzunu İlham Əliyevlə fəxr etdiklərini bəyan ediblər.
E.CƏFƏROV,