Heydər
Əliyev Fondu Cibuti Respublikasına tibbi avadanlıqlar göndərib
Heydər Əliyev Fondu Cibuti Respublikasının Səhiyyə Nazirliyinə tibbi avadanlıqlar hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cibuti Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Xəstəxanasında tibbi avadanlıqların təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi humanitar layihələr haqqında məlumat verilib. Bildirilib ki, bu layihələr çərçivəsində Cibuti Mərkəzi Xəstəxanasının pediatriya şöbəsi 10 adda tibbi avadanlıqla təmin olunub və bu aksiya ölkənin səhiyyə sisteminin inkişafına, eləcə də ikitərəfli münasibətlərin genişlənməsinə öz töhfəsini verəcək.
Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev çıxışında Cibuti və Azərbaycan arasındakı dostluq münasibətlərinin hər iki ölkənin milli maraqlarına xidmət etdiyini və səfirliyin bundan sonra da bu əlaqələrin möhkəmləndirilməsi üçün tədbirləri davam etdirəcəyini bildirib.
Heydər Əliyev Fondunun nümayəndə heyəti
Cibuti Respublikasının səhiyyə naziri Cama Elmi Okieh ilə
görüşüb. Görüş zamanı nazir hədiyyə
olunmuş tibbi avadanlıqların ölkədə pediatriya
xidmətinin güclənməsinə təkan verəcəyini
qeyd edib və bu dəstəyə görə Azərbaycan
xalqına, eləcə də Heydər Əliyev Fonduna minnətdarlığını
bildirib.