Tarixi şans

 

Bəşər tarixində hər bir xalqın taleyində böyük dühaların, siyasət ustadlarının oynadıqları müstəsna rol daim yüksək qiymətləndirilib və bütün dönəmlərdə iftixarla xatırlanıb. XX əsr Azərbaycan tarixinin ən böyük, fenomen şəxsiyyəti kimi şərəfli ömür yolunu xalqının nicatına həsr etmiş ulu öndər Heydər Əliyev də məhz belə dahi simalardan olmaqla, müasir dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq onun qəlbində özünə möhtəşəm bir abidə ucaltmışdır.

Zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçilməsindən sonrakı mərhələdə yaranmışdır. Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişi də birinci dəfə olduğu kimi, respublikanın üzləşdiyi ağır sosial-iqtisadi, mənəvi mühitlə şərtlənmişdir.

Ulu öndərin 1990-cı ilin iyulunda Azərbaycana xilaskar missiyalı qayıdışı, təqiblərə məruz qalıb Bakıdan Naxçıvana getməsi ilk növbədə Naxçıvan Muxtar Respublikasının qorunması, onun düçar olduğu burulğandan və düşmən təcavüzündən xilas edilməsində həlledici rol oynadı. Heydər Əliyevin Naxçıvanda kütləvi ümumxalq məhəbbəti ilə qarşılanması, hər kəsin bu dahi insana ümid və pənah yeri kimi baxması, dualar edib xalqı bu bəladan qurtarmasını istəməsi böyük rəhbərin mübarizə əzmini daha da artırdı, üzərinə düşən ağır və məsuliyyətli vəzifənin öhdəsindən bacarıqla gəlmək üçün ona qüvvət verdi. Həmin dövrdə mürəkkəb vəziyyətə baxmayaraq, ölkəmizdə demokratik dövlət quruculuğunun ilk və qətiyyətli addımları Heydər Əliyev tərəfindən məhz Naxçıvanda atıldı.

Ulu öndər Naxçıvan MR Ali Məclisində deputat olan zaman dönməz iradə və qətiyyətinin gücü ilə ictimaiyyəti qarşıdakı hadisələrdən xəbərdar edir, gözlənilən dəyişikliklərə hazırlayırdı. Bütün xalq Heydər Əliyevi dəstəkləyirdi, lakin Moskvanın diktəsi ilə hərəkət edən Azərbaycanın kommunist rəhbərliyini dəstəkləyənlərin müqaviməti də var idi. Buna baxmayaraq, Heydər Əliyev dərhal bütün demokratik qüvvələrin qəbul etdiyi liderə çevrildi. 1991-ci ilin ortalarında sovet rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz siyasətini kəskin tənqid etməklə ulu öndərin Sov.İKP sıralarını nümayişkaranə şəkildə tərk etməsi “bəlkə də qaytardılar” düşüncəsi ilə yaşayan Ali Məclisdəki keçmiş rəsmi şəxslərin və məmurların bir çoxunun mövqeyinin dəyişməsinə səbəb oldu.

Naxçıvan əhalisinin iradəsi ilə ulu öndərin Naxçıvan MR Ali Məclisinin Sədri seçilməsi Azərbaycan dövlətçiliyinin ilk atributlarının qəbulundan tutmuş, köklü inqilabi islahatlar da daxil olmaqla, müstəqilliyə aparan yolun və vasitələrin müəyyən edilməsini şərtləndirdi. Bu Heydər Əliyev yolu idi.

Ümummilli liderin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi ilə müstəqil dövlət quruculuğu işinə başlanıldı. O zaman üçün ən ümdə və aparıcı vəzifə muxtar respublikanın işğalçı Ermənistanın getdikcə genişlənən təcavüzündən qorunması idi. 1991-1993-cü illərdə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi zaman Heydər Əliyev həm Naxçıvanı erməni işğalından qorumaq, həm də müstəqilliyinin kövrək addımlarını atmaqda olan, lakin səriştəsiz və dəyanətsiz rəhbərlərin, yad xarici qüvvələrin təzyiqi altında az qala hər şeyi itirmək təhlükəsi ilə üzləşən Azərbaycan Respublikasını fəlakətdən qurtarmaq üçün yollar axtarırdı. Ermənilər tərəfindən şose və dəmir yolu bağlanan, elektrik enerjisi, təbii qazı, telefon rabitəsi kəsilən, yeganə hava yolu da təhlükələrdən xali olmayan Naxçıvan tam blokada şəraitində ən ağır günlərini keçirirdi. Dondurucu qış gecələrində Ali Məclisin ikinci mərtəbəsindəki otağında, neft lampası işığında Heydər Əliyev bütün Azərbaycan xalqını işığa çıxarmaq üçün çalışırdı. Lakin bu çətin vəzifəni yalnız şəxsiyyətinin nüfuzu və diplomatiyasının gücü ilə həyata keçirmək mümkün deyildi. Dövlətçiliyin ən vacibbirinci dayağı olan nizami milli ordusuz nə dövləti qurmaq, nə də onu qorumaq olardı.

Məhz Heydər Əliyevin zəkası və sovet idarə sisteminin bütün incəliklərini bilməsi nəticəsində və əlbəttə ki, keçmiş İttifaqda qazanmış olduğu nüfuz sayəsində Naxçıvan MR ərazisindəki sovet ordusu hissələri nizamlı şəkildə yola salındı. Həmin zaman ərəfəsində ulu öndərin Rusiyanın yüksək rəsmiləri ilə düzgün münasibət formalaşdırması elə bir imkan yaratdı ki, həmin hərbi hissələrin döyüş texnikasının və silahların əksəriyyətinin Naxçıvan hakimiyyətinə verilməsi təmin edildi. Heydər Əliyevin fərmanı ilə Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Müdafiə Komitəsi yaradıldı və sovet hərbi hissələrinin texnika və silahları həmin quruma təhvil verildi. Beləliklə, Naxçıvanın müdafiəsinin təmin olunması üçün ən zəruri addımlar atılmağa başlandı. Bir çox könullü peşəkar hərbçilər Heydər Əliyevin çağırışlarına böyük coşqu ilə səs verdilər. Xüsusi vurğulamaq lazımdır ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyev orduda azərbaycanlı milli zabit kadrlarının çox az olduğunu görərək bu sahədə sistemli uzaqgörən tədbirlər həyata keçirmişdi.

Heydər Əliyevin sədrliyi ilə keçən Ali Məclisin sessiyasında Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağının iclas salonuna gətirilməsi müstəqil dövlətçiliyin bərqərar edilməsi yolunda ilk addımlar sayıla bilər. Ulu öndər Heydər Əliyev bildirmişdi: “Azərbaycanın istiqlalı əbədidir, dönməzdir”.

Heydər Əliyev parlamentin iclaslarında ölkəmizin düşdüyü ağır ictimai-siyasiiqtisadi böhrandan çıxış yollarını göstərir, buna rəvac verən M.Qorbaçov hakimiyyətini və onun diktəsi ilə hərəkət edən respublika rəhbərliyini qətiyyətlə ittiham edirdi. O, yeni İttifaq adı ilə SSRİ-ni dirçəltmək cəhdlərini qətiyyətlə rədd edərək deyirdi: “Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadisiyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.

Böyük siyasət ustadına dərindən inanan, onun müstəqillik ideyalarını dəstəkləyən Naxçıvan əhalisi elliklə həmin İttifaqa dair ölkə referendumuna getmədi, müstəqil dövlətçilik yolunu seçdi. Heydər Əliyevin iradəsi ilə Kommunist Partiyasının Naxçıvan Muxtar Respublikasındakı strukturlarının ləğv edilməsi, 8 sentyabr 1991-ci ildə Azərbaycanda keçirilən prezident seçkisinin baykot edilməsi barəsində Naxçıvan Ali Məclisinin qərarları bütün Azərbaycana bənzər addımların atılması üçün cəsarətli çağırışlar idi.

20 Yanvar hadisələrinə, erməni işğalçılarının Xocalıda törətdikləri kütləvi qırğınlara hüquqi-siyasi qiymətin verilməsi və Naxçıvan MR Ali Məclisində bu hadisələrlə əlaqədar qərarlar qəbul edilməsi, Xocalı faciəsinin Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı siyasəti olduğunun dünya ictimaiyyətinin diqqətinə çatdırılması o zaman çox zəruri addımlar idi.

Heydər Əliyevin uzaqgörən və məqsədyönlü addımlarından biriqonşu ölkələrin rəhbərləri ilə təmasa keçərək Naxçıvan MR əhalisini iqtisadi fəlakətdən qurtarmaq idi. Xalq Cəbhəsi hakimiyyəti nə qədər qısqanclıqla yanaşsa, müxtəlif vasitələrlə mane olmağa çalışsa da, Azərbaycan dövlətinin ilk xarici siyasətinin təməli Naxçıvanda qoyulurdu. Heydər Əliyev Ali Məclisin deputatlarına, alimlərə, jurnalistlərə təkidlə Naxçıvanın yaxın tarixini, MoskvaQars müqavilələrini öyrənməyi tövsiyə edirdi. Əvvəlki tarixi təcrübələri nəzərə alaraq ölkəmizin bu qədim guşəsini qoruyub saxlamaq üçün Türkiyə Cümhuriyyətininİran İslam Respublikasının dövlət başçıları səviyyəsində görüşlər keçirir, sənədlər imzalayır və qarşıya qoyduğu məqsədlərə nail olurdu. Türkiyənin o vaxtkı Prezidenti Süleyman Dəmirəl Naxçıvana gəldi, Heydər Əliyev İranın həmin dövrdəki Prezidenti Haşemi Rəfsəncaninin dəvəti üzrə Tehranda səfərdə oldu, blokadada olan Naxçıvan Muxtar Respublikasına yeni nəfəs verildi. Bakıda bütün bunları qısqanclıqla izləyən, hətta əngəllər yaratmağa çalışan qüvvələrə məhəl qoymayan ulu öndər öz diplomatik tədbirləri ilə erməni işğalçılarını da Naxçıvana təkrar həmlə etməkdən çəkindirdi. Bütün bu müdrik addımlar olmasaydı, 1918-1919-cu illərdəki erməni işğalı təkrarlana, həmin illərdə olduğu kimi Azərbaycan dövləti Naxçıvan bölgəsinin qorunmasında aciz qala bilərdi.

15 iyun 1993-cü ildə Heydər Əliyevin Milli Məclisin Sədri seçilməsi və on gün sonra isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başlaması xalqımızın milli müstəqilliyində, eləcə də Azərbaycan dövlətçiliyinin qorunub saxlanması və inkişaf etdirilməsində dönüş nöqtəsi oldu. 1990-cı illərin əvvəllərindən ölkədə başlayan hakimiyyət böhranı buya digər şəkildə 1993-cü ilin 15 iyun tarixinədək davam etdixüsusi vurğulanmalıdır ki, məlum xarici təsirlərlə yanaşı, xalqa zidd daxili qüvvələrin də müstəqilliyin ilk və çətin illərində təxribatçı fəaliyyətləri, millətin və dövlətin taleyinə hakimiyyətdəki müəyyən qüvvələrin biganəliyi ölkəmizi uçurumun bir addımlığına gətirib çıxarmışdı. Daxili çəkişmə və ziddiyyətlər, şəxsi və qrup mənafelərinin toqquşması xalqı və dövləti çətinə salmış, çıxılmaz bir xaosa sürükləmişdi. Vətəndaş qarşıdurmasının qarşısı dərhal alınmasaydı, ölkəmizin bir neçə yerə parçalanmasına, nəticədə dövlət müstəqilliyinin itirilməsinə gətirib çıxaracaqdı. Belə bir mürəkkəb ictimai-siyasi şəraitdə Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi sözün əsl mənasında, böyük Qurtuluş missiyası idi.

Hakimiyyət sükanı arxasına keçdiyi ilk gündən Heydər Əliyevin məqsədyönlü daxilixarici siyasəti dövlətçiliyimizin sonrakı inkişafına geniş yol açdı. Bir çox ölkələrlə bərabərhüquqlu münasibətlər quruldu, etibarlı tərəfdaşlıq, xarici əlaqələrdə milli maraqların əsas götürülməsi ölkəmizin beynəlxalq nüfuzunu artırdı, bəzi dövlətlərlə əvvəlki hakimiyyətin yanlış siyasəti üzündən yaranmış etimadsızlıq münasibətləri aradan qaldırıldı. Məhz Heydər Əliyevin xarici siyasət kursunun məqsədyönlülüyünə, dəyişməzliyinə, müstəqilliyinə, qərarlığına və perspektivliyinə inam 1994-cü ilin sentyabrında, hakimiyyət böhranından cəmi bir il sonra “Əsrin müqaviləsi” adını almış neft müqavilələrinin bağlanmasına yol açdı. Xarici siyasətin dördqütblü yönü: Qərb-Şərq-Şimal-Cənub arasında seçim etmədən, bütün tərəflərlə Azərbaycan dövlətinin mənafeyi naminə əməkdaşlıq öz bəhrəsini verdi.

1993-cü ilin 15 iyunundan bu günə kimi xarici siyasətdə Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt dəyişmədən uğurla davam etməkdədir. Ulu öndərin dövlətçilik ənənələrini Prezident İlham Əliyev yüksək ustalıqla davam etdirərək bu siyasəti dünyada formalaşmış daha mürəkkəb beynəlxalq münasibətlər sistemində yeni məzmunla, ikitərəfli, üçtərəfli əməkdaşlıq formatları ilə, zamanın çağırışlarına uyğun olaraq daha da zənginləşdirmişdir. Bu gün Azərbaycan Prezidentinin dünya ölkələrini və xalqlarını dəvət etdiyi sülh və əməkdaşlıq, çoxmədəniyyətlilik şəraitində ahəngdar birgə yaşayış, cəmiyyətdə dini xoşrəftarlıq və həmrəylik siyasəti məhz ötən əsrin 90-cı illərində Heydər Əliyevin ideyalarının əməli şəkildə həyata keçirilməsinin bəhrəsidir.

 

Eynulla MƏDƏTLİ,

AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan.- 2017.-15 iyun.- S.10.