Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı
keçirilir
İyunun 16-da Bakıda
"Dayanıqlı İnkişaf Məqsədlərinin təməl
prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və
əməkdaşlıq" mövzusunda Ombudsmanların XIV
Bakı Beynəlxalq Konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki,
konfrans ümummilli lider Heydər Əliyevin Azərbaycanda
siyasi hakimiyyətə qayıdış gününün – 15
iyun tarixinin Milli Məclisin qərarı ilə Milli
Qurtuluş Günü elan edilməsinin 20 illiyinə və Azərbaycan
Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə
18 iyun tarixinin İnsan Hüquqları Günü kimi təsis
olunmasının 10 illiyinə həsr edilib.
Konfransda dövlət və
hökumət rəsmiləri, xarici ölkələrin
ombudsmanları, insan hüquqları sahəsində beynəlxalq
ekspertlər, Milli Məclisin deputatları, ölkəmizdə
akkreditə olunan diplomatik korpusun nümayəndələri, QHT-lərin
və KİV-lərin təmsilçiləri iştirak edirlər.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova ölkəmizin 25 ildən artıq müddətdə davam edən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal altında olmasına baxmayaraq, sürətlə inkişaf edərək dünya dövlətləri arasında özünə layiqli yer tutduğunu vurğulayıb. Son illər Azərbaycanda bütün sahələrdə həyata keçirilən əsaslı islahatlardan danışan ombudsman dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan Strateji Yol Xəritələrinin ölkəmizin yeni dövrün tələbləri əsasında daha sürətli inkişafını təmin edəcəyinə əminliyini diqqətə çatdırıb.
E.Süleymanova Azərbaycanın 80 milli və etnik qrupu təmsil edən tolerantlıq modelinin bütün dünyada təqdirlə qarşılandığını bildirərək deyib ki, beynəlxalq aləmdə, həmçinin idman ölkəsi kimi tanınan Azərbaycan ötən ay IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməklə dünyada tolerantlığın və multikulturalizmin inkişafına növbəti töhfəsini verdi. Çoxsaylı regional və beynəlxalq konvensiya və proqramlara qoşulan Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üçün zəruri normativ hüquqi baza formalaşdırılıb və bu istiqamətdə çox vacib tədbirlər həyata keçirilir, beynəlxalq əməkdaşlıq diqqət mərkəzində saxlanılır.
Ölkəmizdə ombudsman təsisatının 15 illik uğurlu fəaliyyətindən danışan E.Süleymanova insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən müxtəlif tədbirlərdən, o cümlədən geniş maarifləndirmə işindən danışıb.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov konfransda çıxış edib. Professor Əli Həsənov bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün bu qlobal təşəbbüsə qoşulan dövlətlərin zəruri resurslara malik olması mühüm şərtdir. Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir.
Prezidentin köməkçisi qeyd edib ki, bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı.
Dövlətimizin başçısı İlham Əliyevin Prezident kimi fəaliyyəti dövrünə konseptual baxımdan qiymət verən Əli Həsənov bu dövrü “fasiləsiz islahatlar və modernləşmə dövrü” kimi xarakterizə edib. Əli Həsənov bildirib ki, bu dövr sosialist təsərrüfat sistemindən yeni sistemə keçidin başa çatması ilə də tarixə düşüb.
Əli Həsənov vurğulayıb ki, bu dövr Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması baxımından xüsusilə əlamətdardır. İlk növbədə, yoxsulluğun 49 faizdən 5 faizə, işsizliyin 50 faizdən 5 faizə endirilməsi qeyd olunmalıdır. Bir milyondan artıq qaçqın və məcburi köçkünün sosial problemlərinin həlli, infrastrukturun yenilənməsi, sosial müdafiə və sosial xidmətlərin səviyyəsinin və əlçatanlığının yüksəldilməsi, ekoloji problemlərə diqqətin artırılması və digər göstəricilər Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində böyük nailiyyət hesab edilməlidir.
Prezidentin köməkçisi Əli Həsənov, həmçinin bildirib ki, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin inkişafı sahələrində böyük uğurlar qazanılıb. Ölkədə birləşmək, söz, fikir və mətbuat azadlıqları, habelə digər azadlıqlar təmin olunur, insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir. Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. İndi Azərbaycanda 3 mindən çox QHT, yüzlərlə KİV, 55 siyasi partiya, müxtəlif dinlərə mənsub icmalar azad fəaliyyət göstərirlər. İnternetdən istifadə edənlərin xüsusi çəkisi 80 faizdən çoxdur. Azərbaycan Respublikasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab olunaraq, Davamlı İnkişaf Məqsədlərinin, insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyi sahəsində qabaqcıl beynəlxalq prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planları qəbul olunur və icra edilir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha da genişlənməsi və etibarlı qorunması üçün əlavə təminatların yaradılmasına xidmət edib.
Çıxışının sonunda Əli Həsənov bəyan edib ki, Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Davamlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova ölkəmizdə ombudsman təsisatının uğurlu fəaliyyətini qeyd edərək, bu sahədə xeyli iş görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri artıq formalaşdırılıb və bunun əsasında qəbul olunan qərarlar bu nəticələrə nail olunmasında öz mühüm töhfəsini verir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında hazırda regionda və dünyada baş verən münaqişələrin ciddi əngəl törətdiyini qeyd edən Bahar Muradova bildirib ki, beynəlxalq hüququn prinsiplərinin aşkar şəkildə pozulması faktı ilə qarşılaşmasına baxmayaraq Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq bu sahədə vacib addımlar atır.
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması, insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində beynəlxalq və ikitərəfli əməkdaşlığın genişləndirilməsinin, təcrübə mübadiləsinin aparılmasının önəmini diqqətə çatdıran Milli Məclis sədrinin müavini bu baxımdan konfransın əhəmiyyətini yüksək qiymətləndirib. Bahar Muradova Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması istiqamətində ölkəmizdə zəruri qanunvericilik bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsində Milli Məclisin uğurlu fəaliyyətini diqqətə çatdırıb. Parlament sədrinin müavini bu istiqamətdə Azərbaycanda Milli Məclis ilə ombudsman təsisatı arasında səmərəli əməkdaşlığın qurulduğunu qeyd edib.
BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İshaqzai çıxışında Dayanıqlı İnkişaf Məqsədləri və insan hüquqlarının qorunmasını təmin edən institutlar arasında əlaqələndirmə işinin təşkili məsələlərindən danışıb. Bildirib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri bütün üzv dövlətləri insan hüquq və azadlıqlarının təmin olunmasına çağırır.
Qeyd olunub ki, BMT Prezident İlham Əliyevin Fərmanına əsasən, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasını alqışlayır. Bu, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə ən yüksək səviyyədə sadiq qaldığını nümayiş etdirir. Ölkəmizdə ombudsman təsisatının fəaliyyətindən məmnunluğunu diqqətə çatdıran Q.İshaqzai bildirib ki, BMT-nin Azərbaycandakı ofisi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində həyata keçirilən tədbirləri fəal şəkildə dəstəkləyir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Hicran Hüseynova dayanıqlı inkişafın Azərbaycanda prioritet istiqamətlərdən olduğunu vurğulayaraq, ölkəmizdə gender bərabərliyi, ailə, qadın və uşaq məsələləri üzrə həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, müstəqilliyinin ilk illərində bütün sahələrdə tənəzzül, torpaqlarının işğalı ilə qarşılaşmasına baxmayaraq, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə əsas hədəflərə artıq nail olub. Bu məqsədlərə nail olunması istiqamətində digər ölkələrdən fərqli olaraq, Azərbaycanda mühüm qanunvericilik bazasının formalaşdırıldığını diqqətə çatdıran H.Hüseynova deyib ki, ölkəmiz bu sahədə mühüm beynəlxalq konvensiyalara qoşulub.
Diqqətə çatdırılıb ki, Azərbaycanda əhalinin yarıdan çoxunu təşkil edən qadınların cəmiyyətdə fəallığının artırılmasına, xüsusən qadın sahibkarların dəstəklənməsi və onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına xüsusi diqqət yetirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qadın sahibkarların sayı qısa müddətdə 17 faizdən 24 faizə çatıb.
Ölkəmizdə ailə mühitinin daha da gücləndirilməsi, məişət zorakılığının qarşısının alınması, uşaqların sağlamlığı, təhsili və asudə vaxtlarının təmin olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü qeyd edən Komitə sədri bu baxımdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. O, Dövlət Komitəsinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində yerli və xarici qurumlarla əməkdaşlığa böyük önəm verdiyini bildirərək konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev beynəlxalq qurumların təmsilçilərinin də qatıldıqları konfransın təcrübə mübadiləsinin aparılması baxımından önəmini vurğulayıb. Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan dövlət siyasəti çərçivəsində turizmin tərəqqisinə də xüsusi diqqət yetirildiyini qeyd edən nazir Prezident İlham Əliyevin Sərəncamına əsasən, Turizm Şurasının yaradıldığını xatırladıb. Bundan başqa, Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində genişmiqyaslı tədbirlərin görüldüyünü vurğulayan Ə.Qarayev bu sahədə IDEA İctimai Birliyinin həyata keçirdiyi layihələrin önəmini qeyd edib.
Diqqətə çatdırılıb ki, Dayanıqlı İnkişaf Məqsədlərinin əsas istiqamətlərindən biri də mədəni audentiklikdir. Buna görə də Azərbaycan xalqının çoxəsrlik adət-ənənələrinin, mədəni-mənəvi sərvətinin qorunması və onun dünyada təbliği mühüm əhəmiyyət daşıyır. Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində tarixi-mədəni irsimizin müxtəlif nümunələri BMT-nin bir sıra nominasiyaları üzrə qəbul olunub.
Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında tarixi-mədəni irsimizi məhv etdiyini diqqətə çatdıran nazir bildirib ki, bundan fərqli olaraq ölkəmizdə etnik və dini azlıqlara dair mədəniyyət abidələri dövlət səviyyəsində qorunur. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin təmin olunması sahəsində beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyini qeyd edən Ə.Qarayev bu baxımdan Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılan “Bakı prosesi”nin önəmini xüsusi vurğulayıb.
Açılışdan
sonra konfrans işini plenar iclasla davam etdirib.
Moderatoru Elmira Süleymanova
olan iclasda ombudsman “Azərbaycanda hüquq bərabərliyinin təmin
olunması Dayanıqlı İnkişaf Məqsədləri
kontekstində” mövzusunda məruzə ilə
çıxış edib.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva
“Dayanıqlı inkişafda beynəlxalq əməkdaşlığın
rolu və milli-mədəni dəyərlər” mövzusunda
çıxışında bildirib ki, məlum olduğu kimi,
hazırda dünyada bir çox mürəkkəb siyasi hadisələr,
dini, etnik və ya digər zəmində münaqişələr
baş verir, terrorizm dünyanın
qarşılaşdığı ən böyük hədələrdən
birinə çevrilib. Eyni zamanda, bəşəriyyət
müxtəlif iqtisadi, sosial və ekoloji problemlərlə
üzləşir, qloballaşma dövründə dünya
xalqlarının mənsub olduğu spesifik milli-mənəvi
xüsusiyyətlər və mədəni dəyərlər
yox olmaq təhlükəsi altında qalır. Belə
bir dövrdə dayanıqlı inkişafın təmin edilməsi
məsələsinin gündəmə gətirilməsi, bu
yöndə vacib prinsiplərin araşdırılmasına
dair fikir mübadiləsinin aparılması zəruridir,
çünki dayanıqlı inkişaf iqtisadi, sosial və
ekoloji aspektləri əhatə etməklə hazırkı
zamanın tələblərini ödəyən, lakin gələcək
nəsillərin də tələbatlarını ödəməyi
təhlükə altına qoymayan və bu zaman digər
ölkələrin mili suverenitetinə təhlükə
yaratmayan inkişafı nəzərdə tutur.
Qeyd edilib ki, dayanıqlı
inkişafın təmin edilməsi üçün hər bir
dövlətin əsaslandığı milli prioritetlər və
milli icra mexanizmləri olsa da, dövlətlərarası əməkdaşlıq
olmadan bəşəri davamlı inkişafa nail olmaq, o
cümlədən Minilliyin İnkişaf Məqsədləri
üzrə qarşıya qoyulmuş hədəflərə
çatmaq qeyri-mümkündür. Buna görə,
beynəlxalq səviyyədə dövlətlər arasında
müxtəlif sahələr üzrə əməkdaşlığın
daha da inkişaf etdirilməsi vacibdir. Burada
vurğulanmalı məqamlardan biri beynəlxalq əməkdaşlıq
zamanı milli-mədəni dəyərlərə hörmət
prinsipinin qorunub saxlanılmasıdır, çünki müxtəlif
ölkələrin özünəməxsus tarixi, mədəniyyəti,
mənəvi dəyərləri var və bunlara məhəl
qoymadan uğurlu əməkdaşlığa nail olmaq
mümkün deyil.
UNESCO üzrə Azərbaycan
Respublikasının Milli Komissiyasının baş katibi,
xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov
“Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsində Azərbaycan Respublikasının
UNESCO ilə əməkdaşlığının əsas
istiqamətləri” mövzusunda çıxışında
qeyd edib ki, Bakıda ombudsmanların 14-cü beynəlxalq
konfransının keçirilməsi yalnız ölkə
daxilində deyil, beynəlxalq miqyasda aparılan uğurlu
işlərdən xəbər verir. Sevindirici
haldır ki, bu cür tədbirlərin keçirilməsi
artıq ənənə halını alıb. Azərbaycanda reallaşdırılan layihələrin
icrası ilə bağlı Dayanıqlı İnkişaf Məqsədlərinin
həyata keçirilməsi istiqamətində işlər
uğurla davam etdirilir. Eyni zamanda, ölkəmizdə
gender bərabərliyi ilə bağlı layihələrin həyata
keçirilməsi üçün UNESCO üzrə Azərbaycan
Milli Komissiyası vasitəsilə UNESCO-nun İştirak Proqramı
çərçivəsində təşkilat tərəfindən
Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinə maliyyə dəstəyi
ayrılıb.
Sonra Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyinin sədri
Kamran İmanov “Azərbaycanın dayanıqlı inkişaf
modeli milli identiklik nöqteyi-nəzərindən” mövzusunda
məruzə ilə çıxış edib. O bildirib ki, cəmiyyət tərəfindən
inteqrasiyaya yönələn meyilin dərk edilməsi sosial
sabitlik və rifah yaradır, bununla da inkişafın
dayanıqlı olması təmin edilir. Bu səbəbdən
siyasi və elmi diskurslarda ən əhəmiyyətli tezislərdən
biri də milli cəmiyyətlərin inkişafının
multikulturalizm bayrağı altında baş verəcəyi haqqında
tezisdir. Bu tezis o dərəcədə
vacib və imperativdir ki, hətta qlobal inteqrasiya fonunda milli
dövlətlərin milli iqtisadiyyatlarının müdafiəsi
və öz qüvvələri hesabına ekoloji təhlükəsizliyin
təmin edilməsi üzrə mövqelərini itirmələrinə,
eləcə də enerji təhlükəsizliyi, daxili və
xarici siyasət məsələlərinin mürəkkəbləşməsinə
baxmayaraq baş verəcək.
Diqqətə
çatdırılıb ki, bu gün dayanıqlı,
multikultural inkişafın parlaq nümunəsi müasir Azərbaycandır. Azərbaycan rəhbərliyinin
müasir multikultural cəmiyyətin
formalaşdırılması ilə bağlı iradəsinə
söykənən siyasi qərarlar və Azərbaycan
xalqının əsrlərin dərinliklərinə gedib
çıxan tolerantlıq ənənələri elə bir
durum yaradıb ki, həmin durumda multikulturalizmin alternativi
yoxdur, çünki Prezident İlham Əliyevin sözləri
ilə desək, alternativ ksenofobiyadır,
ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır,
antisemitizmdir. Azərbaycanın multikultural modeli
çərçivəsində mədəni müxtəlifliyi
dəstəkləyən dövlət qərarları bu halda mədəni
fraqmentləşməyə imkan vermir və ictimai
inteqrasiyanın universal dəyərlərinə zidd deyil.
Kompromisə nail olunur, çünki tərəflərin
maraqları bir-birinə zidd deyil və bu, sıfır nəticəli
oyun yox, çoxtərəfli qarşılıqlı fəaliyyətin
və əməkdaşlığın, kooperasiyanın və
ümumdövlət maraqlarının hamıya fayda verdiyi
koalisiyalı bir oyundur.
Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri
və dini tolerantlıq” mövzusunda çıxış edərək
dayanıqlı inkişafı zəruri edən amillərin
mövcud olduğunu vurğulayıb. Komitə sədri deyib
ki, dünyada baş verən soyuq müharibələr yeni
başlanğıc mərhələnin əsasını
qoydu. Planetimiz çox ciddi problemlərlə
qarşı-qarşıyadır, Birləşmiş Millətlər
Təşkilatı, UNESCO və digər beynəlxalq təşkilatlar
bu problemlərin həlli üzərində
çalışırlar. Həmin problemlərdən
ən başlıcası odur ki, müharibə təhlükəsi
bu gün də dünyada qalmaqdadır. Eyni
zamanda, müasir dünyada ən ciddi problemlərdən biri
terrorizm və onun törətdiyi fəsadlardır, həmçinin
ekologiya ilə bağlı olaraq yaranan ziddiyyətlərdir.
Dünyanın əsas
çatışmazlıqları sırasında sosial bərabərsizlik
də mövcuddur. Bütün bu məsələlərin
həlli istiqamətində xeyli işlər
görülür.
Əmək və əhalinin
sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov
“Ahıl və əlilliyi olan insanların potensialı və
Dayanıqlı İnkişaf Məqsədləri”
mövzusunda çıxışında diqqətə
çatdırıb ki, Azərbaycan Respublikasının
Konstitusiyasına əsasən vətəndaşların sosial
vəziyyətinin yaxşılaşdırılması və
sosial müdafiəsinin təşkili dövlətin
qarşıya qoyduğu başlıca vəzifədir. Sosial
müdafiə sisteminin təkmilləşdirilməsi, milli
qanunvericilik bazasının beynəlxalq standartlara
uyğunlaşdırılması, ahıl şəxslərin
maraqlarına maksimum cavab verən sosial sistemin
yaradılması istiqamətində xeyli işlər
görülüb və bu işlər gələcəkdə
də davam ediləcək. Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial
Müdafiə Fondunun yerli şöbələri tərəfindən
respublika üzrə 12 min nəfərdən çox tənha
ahıl şəxsə evlərində sosial-məişət
xidməti göstərilir. Lakin indiyə qədər
ahıllara evlərində göstərilən xidmətlər
əsasən sosial-məişət xarakterli olub, bununla da onlar
“Sosial xidmət haqqında” Qanunda nəzərdə tutulmuş
sosial xidmətin digər növlərindən əhatəli
şəkildə faydalana bilməyiblər. Bunun təmin edilməsi üçün Avropa
İttifaqının texniki dəstəyi ilə nazirlik
yanında Dövlət Sosial Müdafiə Fondunun yerli
şöbələrində yeni “sosial iş” modelinin tətbiqinə
başlanılıb.
Konfrans sessiyalarla davam edib.
Beynəlxalq Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın
moderatorluğu ilə keçən “Qloballaşan dünyada bərabərlik
və inkişaf hüququnun təmin olunması” adlı
sessiyada Naxçıvan Muxtar Respublikasının insan
hüquqları üzrə müvəkkili Ülkər
Bayramova, Türkiyənin baş ombudsmanı Şərəf
Malkoç, Rusiya Federasiyası Tatarıstan Respublikasının
insan hüquqları üzrə müvəkkili Sariya Saburskaya,
Rusiya Federasiyası Kaluqa vilayətinin insan hüquqları
üzrə müvəkkili Yuriy Zelnikov, Azərbaycan Milli Məclisinin
deputatı, rus icmasının rəhbəri Mixail Zabelin, Rusiya
Federasiyası Dağıstan Respublikasının insan
hüquqları üzrə müvəkkili Ummupazil Omarova və
Rusiya Federasiyası Başqırdıstan Respublikasının
insan hüquqları üzrə müvəkkili Rim Kayumov
çıxış ediblər.
Rusiya Federasiyası Tatarıstan
Respublikasının insan hüquqları üzrə müvəkkili
Sariya Saburskayanın moderatorluğu ilə keçən
“Ayrı-seçkiliyin qarşısının
alınmasında beynəlxalq və milli hüquq müdafiə
mexanizmləri” adlı sessiyada isə Bakı Dövlət
Universitetinin hüquq fakültəsinin dekanı Əmir
Əliyev, Özbəkistanın Ali Məclisinin İnsan
Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri
Səidbək Əzimov və Milli QHT Forumunun prezidenti Rauf Zeyni
çıxış ediblər.
Çıxışlarda
bildirilib ki, hazırda dünyada bir tərəfdən çox
mürəkkəb və qarışıq siyasi proseslər cərəyan
edir, digər tərəfdən isə dini və etnik münaqişələr,
eləcə də iqtisadi böhranlar davam edir. Belə bir vəziyyətdə
insan hüquqlarının təmin olunması məsələsi
aktuallıq kəsb edir. Əfsuslar olsun ki,
dünyada baş verən siyasi kataklizmlər, münaqişələr,
təcavüzlər, insanların əsir və girov
götürülməsi, eyni zamanda, öz doğma
torpaqlarından didərgin salınması insan
hüquqlarının ciddi şəkildə pozulmasına səbəb
olur. Digər tərəfdən, insan
hüquqlarının təmin edilməsinin ciddi beynəlxalq
mexanizmlərinin olmaması və ya səmərəliliyinin
aşağı səviyyədə olması hər il on minlərlə insanın ölümünə
gətirib çıxarır.
Qeyd edilib ki, bu gün törədilən
terror aktları insan şəxsiyyətini, onun kimliyini, eləcə
də mədəni keyfiyyətini heçə endirir. Bəşəriyyətin əsrlərdən
bəri qurub yaratdığı maddi-mədəni irs nümunələri bir anda məhv edilir. Bu irs nümunələrinə sahib
çıxmaq və onları yaşatmaq sadəcə aidiyyəti
qurum və təşkilatların deyil, eyni zamanda, hər bir
şəxsin insanlıq borcudur. Bu mənada,
insan hüquqlarının, xüsusilə də mədəni
hüquqların təmin olunması məsələləri həmişəkindən
daha artıq aktuallıq kəsb etməlidir. İnsan hüquqlarının, xüsusilə də
mədəni hüquqların təmin olunması istiqamətində
beynəlxalq qurumlar daha çox səy göstərməlidirlər.
Konfrans işini iyunun 17-də
başa çatdıracaq. Yekunda Bakı Bəyannaməsi
qəbul olunacaq.
Azərbaycan.- 2017.- 17 iyun.- S.3-4.