İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri
üçün gəlirlərin və xərclərin
uçotunun aparılması qaydası
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun
tarixli fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Bu Qaydanın məqsədi istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi ilə bağlı malların mədaxilinin və məxaricinin sənədləşdirilməsini, habelə bu sahədə şəffaflığın, uçot və hesabatlılığın artırılmasını təmin etməkdən ibarətdir.
1.3. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.3.1. təhtəlhesab şəxs - inzibati-təsərrüfat fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları, o cümlədən mal və xidmətlərin alışını həyata keçirən şəxs;
1.3.2. kommersiya (satış) təmsilçisi - hazır məhsulların sifarişçilərə çatdırılması ilə bağlı sahibkarı təmsil edən və onun adından müqavilə bağlayan şəxs;
1.3.3. istehsal fəaliyyəti - maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyət prosesi;
1.3.4. əsas istehsal sahəsi - müəssisənin (fərdi sahibkarın) sahibkarlıq fəaliyyətinin əsas məqsədi hesab edilən məhsulların istehsalının başa çatdırıldığı istehsal sahəsi;
1.3.5. köməkçi istehsal sahəsi - müəssisənin (fərdi sahibkarın) sahibkarlıq fəaliyyətinin əsas məqsədi hesab edilən məhsulların komponentlərinin (yarımfabrikatlarının) istehsal olunduğu, habelə onların istehsalı ilə bağlı işlərin görüldüyü və xidmətlərin göstərildiyi istehsal sahəsi;
1.3.6. istehsal
ehtiyatı - istehsal prosesində istifadə olunan mal-material.
1.4. Bu Qaydada istifadə olunan
digər anlayışlar Azərbaycan Respublikasının Vergi
Məcəlləsi, Azərbaycan Respublikasının
Gömrük Məcəlləsi, “Mühasibat uçotu
haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan
Respublikasının digər qanunları ilə müəyyənləşdirilmiş
mənaları ifadə edir.
2. Gəlir və
xərclərin uçotunun aparılması
2.1. Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə uyğun olaraq, istehsal sahəsində
fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin
və xərclərinin vaxtlı-vaxtında dəqiq
uçotunu aparmağa, həmin Məcəlləyə əsasən
tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini
və xərclərini onların əldə edildiyi və ya
çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə
və bu fəaliyyətlə bağlı bütün əməliyyatların
başlanmasını, gedişini və başa çatmasını
müəyyənləşdirməyə imkan verən
uçot aparılmasını təmin etməyə
borcludurlar.
2.2. İstehsal sahəsində fəaliyyət
göstərən vergi ödəyiciləri mühasibat
uçotunun, gəlirlərin (xərclərin) və vergitutma
obyektlərinin, o cümlədən əmtəə-material
ehtiyatlarının uçotunun aparılması, habelə
uçot sənədlərinin tərtib edilməsi və
saxlanması ilə bağlı Azərbaycan
Respublikasının Vergi Məcəlləsi və
“Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri,
habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik
aktlarının tələblərini yerinə yetirməyə
borcludurlar.
3. İstehsal sahəsində
istehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsi
3.1. İstehsal sahəsində fəaliyyət
göstərən vergi ödəyicilərinin bu fəaliyyətin
həyata keçirilməsi üçün vergi
orqanlarında uçotda olan şəxslərdən, o
cümlədən malsatan və podratçılardan satın
alınan istehsal ehtiyatları aşağıdakı qaydada sənədləşdirilir:
3.1.1. istehsal sahəsində
fəaliyyət göstərən vergi ödəyiciləri
istehsal ehtiyatlarını əlavə dəyər vergisinin
(ƏDV-nin) məqsədləri üçün qeydiyyata
alınmayan vergi ödəyicilərindən aldıqda, bu
malların alışına dair Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura tələb
edilir və belə malların anbara təhvil verilməsi
“İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə
sənədləşdirilir;
3.1.2. istehsal sahəsində
fəaliyyət göstərən vergi ödəyiciləri
istehsal ehtiyatlarını ƏDV-nin məqsədləri
üçün qeydiyyata alınmış vergi ödəyicilərindən
aldıqda, bu malların alışına dair qaimə-faktura və
ya elektron qaimə-faktura ilə yanaşı, elektron vergi
hesab-fakturasının da verilməsi tələb edilir və
belə malların anbara təhvil verilməsi “İstehsal
ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
3.2. İstehsal ehtiyatları vergi
orqanında uçotda olmayan şəxslərdən
alındıqda, “İstehsal ehtiyatlarının alış
aktı” tərtib edilir. “İstehsal
ehtiyatlarının alış aktı”nda satıcının
şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının
(FİN, seriyası və nömrəsi) göstərilməsi
mütləqdir. Belə istehsal
ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal
ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir.
3.3. Vergi ödəyicisi istehsal
ehtiyatlarını təhtəlhesab şəxs vasitəsilə
aldıqda, təhtəlhesab şəxsə vəkalətnamə
(etibarnamə) verir. İstehsal ehtiyatlarının
alışı zamanı təhtəlhesab şəxs
satıcıya vəkalətnamə (etibarnamə) təqdim
etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə)
verən vergi ödəyicisinin adına sənədləşdirilmiş
istehsal ehtiyatlarının satışına dair qaimə-fakturanı
və ya elektron qaimə-fakturanı, yaxud elektron vergi
hesab-fakturasını təhtəlhesab şəxsə təqdim
edir. Təhtəlhesab şəxsin istehsal
ehtiyatlarını anbara və ya istehsal sahəsinə təhvil
verməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul
aktı” ilə sənədləşdirilir.
3.4. İdxal olunan istehsal ehtiyatlarının
anbara və ya istehsal sahələrinə mədaxili
alış dəyərini təsdiq edən sənəd və
istehsal ehtiyatlarının anbara və ya istehsal sahələrinə
təhvil verilməsi ilə bağlı tərtib olunan
“İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə
sənədləşdirilir. İdxal olunan
istehsal ehtiyatları uçota alınarkən həmin istehsal
ehtiyatlarının idxalına dair gömrük bəyannamələri,
faktura (invoys) və istehsal ehtiyatlarının satın
alınmasına dair müqavilə əsas
götürülür. Həmin sənədlərə
idxal olunan istehsal ehtiyatlarının daşınmasına dair
müqavilə, gömrük təmsilçiliyi birbaşa,
yaxud dolayı yolla həyata keçirildikdə - müvafiq səlahiyyətin
verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat
qaiməsi, gömrük ödənişlərinin ödənilməsini
və ya gömrük borcuna görə təminatın verilməsini
təsdiq edən sənədlər əlavə edilir. İdxal olunan istehsal ehtiyatları uçot sənədlərində
qeydiyyata alınarkən həmin istehsal ehtiyatlarının
alış qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin,
istehsal ehtiyatlarının yüklənmə,
boşaldılma, yenidən yüklənmə və
sığorta xərclərinin cəmi nəzərə
alınır.
3.5. İstehsal sahəsində fəaliyyət
göstərən vergi ödəyicisinə məxsus istehsal
ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti
“İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi
qaimə-fakturası” ilə sənədləşdirilir. İstehsal fəaliyyəti göstərən vergi
ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və
ya pərakəndə satış fəaliyyəti üzrə
təsərrüfat subyektləri (obyektləri) mövcud
olduqda, həmin təsərrüfat subyektlərindən
(obyektlərdən) malların (hazır məhsulların)
istehsal fəaliyyətində istifadə üçün
götürülməsi və ya qaytarılması
“Malların (hazır məhsulların) təsərrüfatdaxili
yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
3.6. İstehsal sahəsində fəaliyyət
göstərən vergi ödəyicisi istehsal
ehtiyatlarını malgöndərənlərlə
bağlanmış müqavilələrə uyğun olaraq
“Alış sifarişi” təqdim etməklə aldıqda, həmin
istehsal ehtiyatlarının sənədləşdirilməsi bu
Qaydanın 3.1-ci və 3.4-cü bəndlərində nəzərdə
tutulmuş qaydada həyata keçirilir.
3.7. İstehsal ehtiyatlarının anbara
mədaxilinin uçotu məsul şəxslər, malların
adları (növləri, partiyaları və s.), miqdarı və
ya digər kəmiyyət göstəriciləri və saxlanma
yerləri üzrə aparılır.
4. İstehsal
ehtiyatlarının əsas və köməkçi istehsal
sahələrinə buraxılışının sənədləşdirilməsi
4.1. Əsas və köməkçi
istehsalat sahələrinə istehsal ehtiyatları istehsal sahəsinə
məsul şəxsin (texnoloq, baş mühəndis, istehsal
sahəsinin rəhbəri) sifarişi (tələbi) əsasında
buraxılır. Sifariş (tələb) məsul
şəxs (texnoloq, baş mühəndis, istehsal sahəsinin
rəhbəri) tərəfindən imzalanmış və
müəssisə rəhbəri (fərdi sahibkar) və ya
onların səlahiyyətli nümayəndələri tərəfindən
təsdiq edilmiş normativlər əsasında tərtib
edilir. Bu zaman məsul şəxs tərəfindən
“İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”
tərtib edilir. Həmin tələbnamə
məsul şəxs (texnoloq, baş mühəndis və ya
istehsal sahəsinin rəhbəri) tərəfindən təsdiq
edilməklə istehsal ehtiyatları anbarına təqdim edilir.
4.2. İstehsal ehtiyatları
anbarının məsul şəxsi tərəfindən
alınmış tələbnamə əsasında istehsal
ehtiyatları hazırlanır və “İstehsal
ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası”
tərtib edilərək istehsal ehtiyatları sifarişçiyə
(məhsul istehsalı üçün texnoloqa, hazır məhsulun
qablaşdırılması üçün isə sex rəisinə
(müavinə) təqdim edilir.
4.3. Əsas istehsal sahəsinin məsul
şəxsi tərəfindən hazır məhsulun
istehsalı üçün tələb olunan köməkçi
istehsalat məhsullarından ötrü yazılı
sifariş tərtib edilir və həmin sifariş məsul
şəxslər tərəfindən (texnoloq, baş mühəndis,
istehsal sahəsinin rəhbəri) təsdiq edilir.
4.4. Sifariş əsasında istehsal
edilmiş məhsullar köməkçi istehsal sahəsinin məsul
şəxsi tərəfindən “Köməkçi istehsal məhsullarının
əsas istehsala buraxılışı qaimə-fakturası” tərtib
edilərək əsas istehsal sahəsinə buraxılır.
4.5. Vergi ödəyicisinə məxsus
anbarlar və ya obyektlər (təsərrüfat subyektləri)
məhsul istehsalı fəaliyyəti üzrə obyektin (təsərrüfat
subyektinin) hüdudlarından kənarda yerləşdikdə və
hazır məhsulların daşınması nəqliyyat vasitəsilə
həyata keçirildikdə, həmin nəqliyyat vasitəsinə
əlavə olaraq “Yük avtonəqliyyatı üçün
yol vərəqi” verilir.
5. Hazır məhsulların
anbara mədaxilinin sənədləşdirilməsi
5.1. İstehsalı başa
çatmış hazır məhsullar bu məhsullar
üçün nəzərdə tutulmuş anbarlara təhvil
verilir. Bu zaman istehsal sahəsinin məsul şəxsi (sex rəisi
(müavini) və s.) tərəfindən istehsal olunmuş
hazır məhsullar “Hazır məhsulların təhvil-qəbul
aktı” ilə anbarın məsul şəxsinə təhvil
verilir.
5.2. “Hazır məhsulların təhvil-qəbul
aktı”nda məhsullar kəmiyyət ifadəsində əks
olunur.
5.3. Anbara təhvil verilmiş
hazır məhsullarla bağlı hesabat ayı bitdikdən
sonra faktiki istehsal xərcləri əsasında qiymətləndirilmiş
dəyərlə uçota alınır.
5.4. Məhsulların istehsalı
zamanı zay olmuş məhsullarla bağlı istehsal sahəsinin
məsul şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən
“Zay məhsullara dair akt” tərtib edilir.
5.5. Düzəldilməsi
mümkün olan və ya material ehtiyatı kimi istifadə edilə
bilən zay məhsullar “Zay məhsulların təhvil-qəbul
aktı” ilə anbarın məsul şəxsinə verilir.
5.6. Hazır məhsulların itməsi,
əskik gəlməsi, xarab olması, zay olması və
oğurlanması “İtmiş, əskik gəlmiş, xarab və
ya zay olmuş və oğurlanmış mallar barədə
akt”la sənədləşdirilir. Həmin akt
vergi ödəyicisinin (və ya onun səlahiyyətli nümayəndəsinin),
məsul şəxsin və malları anbara təhvil verən
şəxsin imzaları ilə təsdiqlənir.
6. Hazır məhsulların
satışının sənədləşdirilməsi
6.1. Müəssisədə və ya
fərdi sahibkar tərəfindən istehsal edilmiş hazır
məhsullar anbardan alıcıların sifarişi əsasında
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən edilmiş qaydada qaimə-faktura və ya
elektron qaimə-faktura tərtib edilməklə
sifarişçilərə göndərilir.
6.2. Hazır məhsulun
istehsalçısı ƏDV qeydiyyatında olduğu halda
sifarişçiyə qaimə-faktura və ya elektron qaimə-faktura
ilə yanaşı, elektron vergi hesab-fakturası da təqdim
edir.
6.3. Vergi ödəyicisinə
hazır məhsullar təhtəlhesab şəxs vasitəsilə
göndərildikdə, təhtəlhesab şəxsdən vəkalətnamə
(etibarnamə) tələb edilir. Hazır məhsulların
alışı zamanı təhtəlhesab şəxs tərəfindən
satıcıya vəkalətnamə (etibarnamə) təqdim
edildikdən sonra satıcı (istehsalçı) vəkalətnamə
(etibarnamə) verən vergi ödəyicisinin adına
sənədləşdirilmiş hazır məhsulların
satışına dair qaimə-fakturanı və ya elektron qaimə-fakturanı,
yaxud elektron vergi hesab-fakturasını təhtəlhesab şəxsə
təqdim edir.
6.4. İstehsalçı istehsal
etdiyi hazır məhsulların özünə məxsus təsərrüfat
subyektləri (obyektlər) vasitəsilə
satışını həyata keçirdikdə, həmin məhsulların
bu təsərrüfat subyektlərinə (obyektlərə)
göndərilməsi “Hazır məhsulların təsərrüfatdaxili
yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
6.5. Malların itməsi, əskik gəlməsi
və xarab və ya zay olması fövqəladə hallar nəticəsində
baş verdikdə, aidiyyəti dövlət orqanlarının
verdikləri arayışlar əsasında həmin mallar məsul
şəxslərin hesabından silinə bilər. Bu zaman “Fövqəladə hallarda malların itməsi,
əskik gəlməsi və xarab və ya zay olması barədə
akt” tərtib olunur.
7. İstehsal fəaliyyəti
ilə məşğul olan vergi ödəyicisinin gəlirlərinin
və xərclərinin müəyyən edilməsi
7.1. İstehsal fəaliyyəti ilə
məşğul olan vergi ödəyicisinin istehsal etdiyi
hazır məhsulun bu Qaydada nəzərdə tutulan sənədləşdirilmiş
məlumatlar əsasında alıcılara təqdim edilməsi
üzrə dövriyyə bu fəaliyyəti həyata
keçirən şəxsin gəlirlərinə aid edilir.
7.2. Vergitutma məqsədləri
üçün gəlirin əldə edilmə vaxtı Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri
ilə müəyyən olunur.
7.3. İstehsal fəaliyyəti ilə
məşğul olan vergi ödəyicisi tərəfindən
təqdim edilmiş hazır məhsulların satışı
üzrə məsrəflər, o cümlədən yerinə
yetirilən iş və göstərilən xidmətlərlə
əlaqədar birbaşa məsrəflər, köməkçi
istehsalatların xərcləri, əsas istehsala xidmət və
onun idarə edilməsi ilə bağlı dolayı xərclər,
zayolmadan əmələ gələn itkilər və s. bu fəaliyyəti
həyata keçirən şəxsin xərclərinə aid
edilir. Yerinə yetirilən iş və göstərilən
xidmətlərlə əlaqədar birbaşa məsrəflərə
əsas istehsalda olan əsas vəsaitlərin amortizasiyası, əsas
istehsalatla bağlı qeyri-maddi aktivlərin amortizasiyası, əsas
istehsalatda istifadə edilmiş istehsal ehtiyatları, öz
istehsalının yarımfabrikatları, icarə haqqı,
kommunal xidmətlər və s. aid edilir.
7.4. Vergitutma məqsədləri
üçün xərclərin çəkilmə vaxtı
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 133-cü
və 136-cı maddələri ilə müəyyən olunur.
7.5. İstehsal edilmiş hazır məhsullar
üzrə fərdi uçot aparılmadıqda, gəlirdən
çıxılan hazır məhsulların dəyəri Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 139.4-cü maddəsinə
uyğun olaraq orta maya dəyəri ilə müəyyən
edilir.
8. İstehsal fəaliyyəti
ilə məşğul olan vergi ödəyicisinin
anbarlarında mal qalığının müəyyən
edilməsi
8.1. İstehsal fəaliyyəti ilə
məşğul olan vergi ödəyicisinin anbarlarında
malların qalığı hər bir anbar üzrə
ayrılıqda inventarizasiya aparılmaqla müəyyən
edilir.
8.2. Məsul şəxslərin maddi məsuliyyətində qalan malların miqdarı müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən edilmiş mədaxil və məxaric sənədləri əsasında malların mühasibat uçotu üzrə qalıqları inventarizasiya nəticəsində aşkar edilən faktiki qalıqlarla tutuşdurulur və nəticəsindən asılı olaraq malların uçotunda düzəlişlər edilir.
9. Yekun müddəalar
Bu
Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində,
3.3-cü, 6.1-6.3-cü bəndlərində nəzərdə
tutulan qaimə-faktura, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində,
3.3-cü və 3.4-cü bəndlərində nəzərdə
tutulan “İstehsal ehtiyatlarının təhvil-qəbul
aktı”, 3.2-ci bəndində nəzərdə
tutulan “İstehsal ehtiyatlarının alış aktı”,
3.5-ci bəndində nəzərdə tutulan “İstehsal
ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi
qaimə-fakturası” və “Malların (hazır məhsulların)
təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”,
4.1-ci bəndində nəzərdə tutulan “İstehsal
ehtiyatlarının buraxılışı
tələbnaməsi”, 4.2-ci bəndində nəzərdə
tutulan “İstehsal ehtiyatlarının istehsala
buraxılışı qaimə-fakturası”, 4.4-cü bəndində
nəzərdə tutulan “Köməkçi istehsal məhsullarının
əsas istehsala buraxılışı qaimə-fakturası”,
4.5-ci bəndində nəzərdə tutulan “Yük avtonəqliyyatı
üçün yol vərəqi”,
5.4-cü bəndində nəzərdə tutulan “Zay məhsullara
dair akt”, 5.5-ci bəndində nəzərdə tutulan “Zay məhsulların
təhvil-qəbul aktı”, 5.6-cı bəndində nəzərdə
tutulan “İtmiş, əskik gəlmiş, xarab və ya zay
olmuş və oğurlanmış mallar barədə akt”,
6.4-cü bəndində nəzərdə
tutulan “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi
qaimə-fakturası” və 6.5-ci bəndində nəzərdə
tutulan “Fövqəladə hallarda malların itməsi, əskik
gəlməsi və xarab və ya zay olması barədə
akt” ciddi hesabat blanklarıdır və onların formasını
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq
edir.
Azərbaycan.-
2017.-18 iyun.- S.4.