Millətin
milliliyini saxlayan onun dilidir
Dilimiz
varlığımızdır
Dil sadəcə ünsiyyət
deyil, bəzən ən böyük təsir, ən
güclü təsəlli vasitəsidir. Bircə
sözlə insanı yaşatmaq da olar, öldürmək də.
Dünyanın ən böyük möcüzəsi
də odur. Yəqin, ilk bəşər
övladları dil açıb, söz deməyi ona görə
icad ediblər ki, onsuz yaşamaq çətin olub. Beləcə, dil insanlıqla birlikdə uzun bir yol
alıb. Tarixlərdən keçə-keçə
durulub, aydınlaşıb, zənginləşib. Kimi onu göylərə yüksəldib, kimi yerlə
yeksan edib.
İnsan idrakı ilə
xariqələr yaratmağa qadirdir. Çox böyük xəyallar,
əlçatmaz sanılan arzular onun zəkası ilə
reallığa çevrilib. Ancaq
dünyanın faniliyini, ömrün keçəriliyini dəyişə
bilməyib. Bunun çarəsini də yenə
sözün qüdrətində tapıb. Öz
mənəvi dünyasını, sevincini, kədərini,
sevgisini, nifrətini, arzularını, ümidsizliyini əks
etdirmək üçün ona üz tutub. Gah sözlərə sığal çəkib,
oxşayıb, əzizləyib, gah da onu ən kəsərli
silaha çevirib.
Söz
ölümsüzdür. Çünki onu yaşadan dil var.
Adına ana dili deyirlər. Hər millət
üçün öz dili ən böyük dəyəri, ən
qiymətli mənəvi xəzinəsidir. Ana
dili millətin var olmasını şərtləndirən əsas
amillərdən biridir. Dünyada yüzlərlə
dil var. Ana dilimiz onların sırasında özünəməxsus
yer tutur. Hər bir dilin özünə xas
xüsusiyyəti, gözəlliyi var. Ancaq bizim
üçün Azərbaycan dilinin tayı-bərabəri
yoxdur.
Bu möhtəşəm dil
mənsub olduğu millətin özü kimi başıbəlalı
olub. Azərbaycan dili tarixin qovğalarından keçərək
bugünümüzə gəlib. Zaman-zaman
torpaqlarımızı işğal edən yadellilər onun ən
dəyərli sərvətlərini əlindən almağa cəhd
göstərmişlər. Beləcə, ayrı-ayrı əsrlərdə
ana dilimizdə də yavaş-yavaş ərəb, fars sözləri yer alıb. XIX əsrin
əvvəllərində Çar Rusiyasının
istilasından sonra ruslaşdırma siyasəti dilimizə
layiqincə sahiblənməyimizdə ciddi maneəyə
çevrilib.
XX əsrin ikinci onilliyində
Azərbaycan yenidən işğala məruz qaldı. Bu dəfə
də Rusiyada çarizmi məğlubiyyətə uğradaraq
hakimiyyətə gələn bolşevik hökuməti ölkəmizi
öz müstəmləkəsinə çevirdi. Millətimizi əsarətində saxlamaq
üçün onu öz soy-kökündən
uzaqlaşdırmaq, milli kimliyini unutdurmaq yeni
işğalçı hökumətin də
apardığı siyasətin ən mühüm hissəsi
oldu. Sovet hakimiyyətinin dəhşətli
repressiya siyasəti də əsasən bu məqsədə
xidmət edirdi. O vaxtlar görünən bu idi ki, hakimiyyət
öz istəyinə nail olmaqdadır.
Sərt qadağaların,
qayda-qanunların, təzyiqlərin hökm sürdüyü
illərdə Azərbaycanın görkəmli şəxsiyyətləri,
tanınmış ziyalıları arasında dilimizin
saflığı, qorunub-saxlanılması uğrunda fəaliyyət
göstərənlər var idi. Ümummilli lider Heydər
Əliyevin sovet dövründə Azərbaycan dilinin
respublikamızda dövlət dilinə çevrilməsində
əvəzsiz xidmətləri oldu. Heydər
Əliyev 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə
seçildikdən sonra bu istiqamətdə xüsusilə
böyük işlər həyata keçirildi. Onun verdiyi fərman və sərəncamlarda,
tövsiyələrində, çıxış və məruzələrində
dilin inkişafı, bu sahədə meydana çıxan
problemin həlli vacib hesab edilirdi.
XX əsrin sonuncu onilliyindən
tale bu millətin üzünə yenidən güldü. Fədakarları,
fədailəri onun uğrunda mübarizəyə qalxdılar.
İtkilərimiz çox olsa da, ən
ülvü arzumuz, ən böyük məqsədimiz həyata
keçdi. Dövlətimizin müstəqilliyi
bərpa olundu.
Azərbaycan müstəqilliyini
əldə etdikdən sonra əsas vəzifələrdən
biri də yeni dövlətin dil siyasətinin həyata
keçirilməsi ilə bağlı idı. Qarşıda
çox böyük, məsul vəzifələr dururdu.
Müstəqil dövlətimizin xarici ölkələrlə
siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirilməli
idi. Eyni zamanda informasiya
texnologiyalarının sürətli inkişafı dildə
yeni sözlərin əmələ gəldiyi bir zamanda ana
dilinin saflığının qorunması olduqca ciddi məsələ
idi. Həmin illərdə Azərbaycan
dilinin tətbiqi ilə bağlı müxtəlif tədbirlər
keçirilirdi.
Respublikada dil siyasətinin
formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi
işinin təkmilləşdirilməsində və milli həmrəyliyin
göstəricisi olaraq dünya azərbaycanlılarının
ünsiyyət vasitəsinə çevrilməsində
böyük işlər həyata keçirildi. Dövlətin,
millətin tarixi üçün çox əhəmiyyətli
olan bu məsələdə Heydər Əliyev misilsiz xidmətlər
göstərdi. Müstəqil Azərbaycanın 1995-ci il
Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan
Respublikasının dövlət dili kimi təsbiti, eləcə
də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası
və Azərbaycan Dili Gününün təsis edilməsi
haqqında” 2001-ci il 9 avqust tarixli fərmanlar ana dilimizin
dövlət dili kimi qorunması və inkişafına
böyük təkan verdi.
“Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” fərmanda
bildirilir: “Azərbaycan dili bu gün dərin fikirlərin ən
incə çalarlarınadək olduqca aydın bir şəkildə
ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hislərdəki
incəlikləri bütünlüklə ifadə etmək
kamilliyinə yetişə bilməsi üçün hər
hansı xalqdan bir neçə minillik tarixi yaşaması
lazım gəlir. Azərbaycan dilinin
bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan
xalqı dünyanın ən qədim xalqlarındandır”.
Fərmandan irəli gələn vəzifələrin
yüksək səviyyədə yerinə yetirilməsi
üçün bu sahənin mütəxəssisləri
üçün proqram yaradıldı və geniş işlərə
başlandı.
“Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” fərman
bir daha nəzərə çatdırdı ki, müstəqil
dövlətimizin rəsmi dövlət dili olan Azərbaycan
dilinin qorunması, daim qayğı ilə əhatə edilməsi
hər kəsin müqəddəs vətəndaşlıq
borcudur. Eyni zamanda sənəddə dövlət dilinin
inkişafı üçün zəruri ictimai, siyasi, mədəni
şəraitin yaranması şərh olundu.
Bu fərmandan sonra, 2001-ci il avqust ayının 1-dən latın
qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara
alındı. Ümummilli lider Heydər Əliyevin yolunu
layiqincə davam etdirən Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin “Azərbaycan Milli
Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan
dilində latın qrafikası ilə kütləvi nəşrlərin
həyata keçirilməsi haqqında” sərəncamları əsasında
latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklər,
elmi əsərlər, lüğətlər və bədii ədəbiyyat
nümunələri çap olunaraq istifadəyə verildi. Həmçinin
Prezidentin “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutunun
maddi-texniki bazasının gücləndirilməsi haqqında”
sərəncamı ölkədə dil siyasətinin uğurla
həyata keçirilməsinə zəmin yaratdı.
Azərbaycan dilinin istifadəsinə
və tədqiqinə dövlət qayğısının
artırılmasını, Azərbaycan dilinin qloballaşma
şəraitində zamanın tələblərinə
uyğun istifadəsini, ölkədə dilçilik
araşdırmalarının əsaslı surətdə
yaxşılaşdırılmasını təmin etmək məqsədilə
Prezident İlham Əliyev 2013-cü il 9
aprel tarixində “Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı”nı imzaladı.
Azərbaycan dilinin təbliği
ilə bağlı KİV-in də qarşısına müəyyən
məsələlər qoyulub. Sənəddə KİV-də
dövlət dilinin təbliğinin gücləndirilməsi,
televiziya və radio verilişlərində, yazılı və
elektron mətbuatda Azərbaycan ədəbi dilinin
normalarına əməl olunmasını təmin etmək məqsədilə
teleradio şirkətləri və KİV sahəsində
çalışan mütəxəssislərin dil
hazırlıqlarının yüksəldilməsinin təmin
edilməsi, eləcə də teleradio şirkətlərində
dil və nitq mədəniyyətinin qorunması
üçün bədii şuraların yaradılması kimi
mühüm məsələlərə yer verilib. QHT-lərin,
kütləvi informasiya vasitələri nümayəndələrinin
iştirakı ilə seminarlar, “dəyirmi masa”lar,
konfranslar, televiziya və radio verilişlərinin təşkil
edilməsi də sənəddə əksini tapıb.
Dünyada çoxlu azərbaycanlı
yaşayır.
Onlar harada yaşamalarından asılı
olmayaraq, Azərbaycan dilinə qürurla “Ana dilim” deyirlər.
Rusiyada, İranda, Türkiyədə,
Gürcüstanda, Ukraynada, ərəb ölkələrində,
Avropa ölkələrində... yaşayan
soydaşlarımızın əksəriyyəti doğma dillərini
ən qiymətli sərvət kimi qoruyub yaşadırlar.
Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi
istiqamətində böyük işlər görən
ümummilli lider Heydər Əliyev deyib: “Millətin milliliyini
saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də,
ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də
millətin milliliyini təsdiq edir. Amma millətin
milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində
ədəbiyyat da olmaz. Azərbaycan dili
olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə
bağlıdır. Azərbaycan dilinin
dövlət dili kimi yaşaması, möhkəmlənməsi,
inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən
biridir. Bu, təkçə dil məsələsi
deyil, həm də azərbaycançılıq məsələsidir”.
Azərbaycan dili bizim
keçmişimiz, bugünümüz, gələcəyimizdir. Hansı
ölkədə yaşamasından asılı olmayaraq, hər
bir azərbaycanlı bu böyük hislərlə
yaşamalı, öz ana dilini unutmamalı, milli adət-ənənələrini
qoruyub saxlamalıdır.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.- 2017.-18 iyun.- S.8.