Parlamentlərarası İttifaq
Dağlıq Qarabağ münaqişəsinin
Azərbaycan ərazi bütövlüyü
çərçivəsinə həllini dəstəkləyir
İyunun 16-da Baş nazirin
müavini Əli Əhmədov Azərbaycanda səfərdə
olan Parlamentlərarası İttifaqın baş katibi Martin
Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Baş nazirin müavini Əli Əhmədov Parlamentlərarası İttifaqın baş katibinin Azərbaycana səfərinin yüksək qiymətləndirildiyini dedi. Ə.Əhmədov əmin olduğunu vurğuladı ki, bu səfər parlamentlərarası əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq, Azərbaycan ilə İttifaq arasında əməkdaşlığa töhfə verəcək. Ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinin bu yaxınlarda qeyd edildiyini deyən Baş nazirin müavini bildirdi ki, keçmiş SSRİ-nin süqutundan sonra yaranan dövlətlər arasında Azərbaycan ən uğurla inkişaf edən ölkədir. “İnanıram ki, Azərbaycana səfəriniz çərçivəsində ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin şahidi olacaqsınız”, - deyə Ə.Əhmədov bildirib.
Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini qeyd etdi.
“Səfərim çərçivəsində ölkənizin hərtərəfli inkişafının şahidi oldum və bu, mənə deməyə əsas verir ki, Azərbaycan bütövlükdə regionun inkişafı üçün lokomotiv rolu oynayır”, - deyə M.Çunqonq vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Parlamentlərarası İttifaqın baş katibi deyib ki, təmsil etdiyi qurum münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2017.- 17 iyun.- S.4.