Böyük Qayıdışın böyük
başlanğıcı
Əli Həsənov: “14
iyun azad olunmuş torpaqlarımızın Qurtuluş
günü kimi tarixə düşdü”
2017-ci ilin tarixdə Azərbaycan üçün hansı hadisələrlə xatırlanacağını, necə proseslərlə əlamətdar olacağını indidən söyləmək çətindir. Çünki tarix dövrlərə dəyər verərkən tələskənliyi qəbul etmir. Ancaq bu günün kontekstində ictimai mənzərəni təhlil edərkən, əsas gündəmi müəyyənləşdirərkən ən mühüm mövzu dəyişməzdir: Cocuq Mərcanlı...
Əlbəttə, müasir Azərbaycan reallığında bir kəndin qısa müddətdə bərpa edilməsi, ən yüksək standartlara uyğun quruculuğu ilə heç kəsi heyrətləndirmək mümkün deyil. Həmçinin son 15 ildə qaçqın və məcburi köçkünlər üçün tikilən 95 şəhərciyin timsalında yeni bir qəsəbənin istifadəyə verilməsi də xüsusi əlamətdar görünmür.
Amma söhbət Cocuq Mərcanlıdan gedəndə münasibət də dəyişir, onun nəticələri də...
Şuşaya uzanan magistralın ilk duracağı
Cocuq Mərcanlıda üst-üstə qoyulan kərpicin də, qəlpə və minalardan təmizlənən 1 kv.m-lik sahənin də, çınqıl yola salınan asfaltın hər qarışı da əhəmiyyətlidir, fövqəl hadisədir...
Çünki ucalan hər kərpic əsgərimizin qanı bahasına geri aldığı torpaqlara Böyük Qayıdışın ilk bünövrəsidir.
Partladıcı vasitələrdən təmizlənən sahələr azad ediləcək yeni ərazilərin müjdəçisidir.
Hər gün daha da uzanan asfalt yol isə Şuşaya uzanan magistralın ilk duracağıdır...
Cocuq Mərcanlı 50 milyonluq azərbaycanlının qürurunu artıran, sevincini yüksəldən, ən əsası isə azad Qarabağa inamını möhkəmləndirən rəmzdir...
Cocuq Mərcanlı İlham Əliyevin öz xalqını vahid amal ətrafında səfərbər edərək bir yumruğa döndərdiyi mənəvi gücdür...
Cocuq Mərcanlı Prezidentin bir kəndin bərpa və quruculuğunu ümummilli hərəkata çevirdiyi qüdrətli fəaliyyət mənbəyidir...
Cocuq Mərcanlı Azərbaycanın, azərbaycanlıların, Baş Sərkərdənin, ordumuzun işğalçıya göz dağıdır...
Cocuq Mərcanlı Lələtəpədir, Azərbaycan əsgərinin qalibiyyət zirvəsidir...
Cocuq Mərcanlı bərpasında hər bir vətəndaşımızın kiçik də olsa xidmət göstərmək istədiyi, ziyarətinə çalışdığı birləşdirici qüdrətdir...
Cocuq Mərcanlı dünyaya artıq effektiv yayılan Azərbaycan həqiqətlərinin baş mövzusudur...
Cocuq Mərcanlı nikbinlik vüsətidir, zəfər simvoludur, milli enerjidir...
Cocuq Mərcanlı mübaliğəsiz olaraq Ağdamdır, Xocalıdır, Xankəndidir - Böyük Qayıdışın böyük başlanğıcıdır!..
Prezidentin Lələtəpədə verdiyi xeyir-dua
Ermənistanın məlum aprel təxribatlarından sonra əks-hücuma keçən ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarındakı 2000 hektardan çox ərazini işğalçılardan azad etdi. Qəhrəmanlıqla qazanılan bu yüksəkliklər nəticəsində əlavə olaraq minlərlə hektar torpaq bu gün Azərbaycan Ordusunun tam nəzarətindədir. Cocuq Mərcanlı kimi yurd yerlərimizin də təhlükəsizliyi təmin olundu. Ötən ilin noyabrında Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttinin ən öndə yerləşən məntəqəsinə - Lələtəpəyə gəlişi ilə Cocuq Mərcanlının bərpa-quruculuq işlərinin başlanmasına xeyir-dua verildi. Və proses başladı...
Prezidentin səfərindən dərhal sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndinə gedərək, vəziyyətlə yerində tanış oldu. Kənddə ilk mərhələdə həyata keçiriləcək bərpa-quruculuq işləri müəyyənləşdi, sakinlərin dönüşü üçün lazımi infrastrukturun yaradılmasının detalları dəqiqləşdirildi.
Nəticə isə özünü çox gözlətmədi. “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamının ardınca bu qəbildən ardıcıl olaraq yeni qərarlar verildi, sərəncamlar imzalandı.
Mart ayında başlanan
tikinti işləri artıq ötən ay bitib. İyunun 14-də
isə Prezidentin iştirakı ilə Cocuq Mərcanlıda
quruculuq prosesinin ilk mərhələsinə məntiqi yekun
vuruldu.
96-cı qəsəbənin
təhvilinin qüruru
Başdan-başa
xarabalığa çevrilən, hər qarışı qəlpə
və minalarla dolu olan bir ərazinin hər cür infrastrukturu
olan müasir kəndə çevrilməsi prosesi cəmi iki
ay çəkdi.
Bu, rekorddur!
Fəqət bu rekordun zəmini
heç də ayrılan vəsait, çalışan texnika,
işçi qüvvəsi deyildi. Bu rekordu təmin edən
əsas amil Prezidentin tapşırığı, müəyyənləşdirdiyi
öhdəliklər və davamlı olaraq Cocuq Mərcanlını
yenidən quran insanların fəaliyyətinə göstərdiyi
mənəvi dəstək, verdiyi ruh yüksəkliyi idi.
Prezidentin rəhbərlik
etdiyi bu qrupu hamı tanıyır - sadə vətəndaşa,
xüsusən də məcburi köçkünlərə qədər
hər kəs onların fəaliyyətini artıq 13 ildir
görür və təqdir edir. İndi onlar tikdikləri
96-cı qəsəbənin təhvilinin qürurunu
yaşayırlar.
96 qəsəbə - 3,2
milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki
infrastruktura malik yeni yaşayış kompleksləri deməkdir...
50 min ailə və ya 250 min nəfər
insanın məskunlaşmasıdır...
151 məktəb, 58 mədəniyyət,
59 səhiyyə müəssisəsi, 60 uşaq
bağçası, 2 olimpiya idman kompleksidir...
730 kilometr yol, 965 kilometr su, 1625
kilometr hava elektrik, 465 kilometr qaz xəttidir...
Bunlar statistikadır
(şübhəsiz, qürurdoğurucu rəqəmlərdir). Fəqət bu faktların ən
canlı və əzəmətli təcəssümü
çadırlardan, yataqxanalardan, vaqonlardan qurtulan 250 min insana verilən
yeni həyatdır, bəxş edilən sevincdir, inamdır.
Yeni qəsəbələrdə qurulan toy mağarları,
doğulan körpələr, məktəbə gedən
şagirdlər, ali məktəbə qəbul olunan tələbələr
və bəlkə də, ən əsası,
ağsaqqal-ağbirçəklərin Ağdama,
Şuşaya, Xankəndinə doğru uzanan
baxışlarından artıq məyusluğun
yağmamasıdır...
Xarabalıqda iki
aya cənnət yaradanlar...
İlham Əliyevin şəxsi nəzarəti
altında aparılan Cocuq Mərcanlının bərpa-quruculuq
prosesinin baş icraçısı, yəni bu komandanın
koordinatoru - Baş nazirin müavini, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənovun qəbul
otağındayıq...
Həftənin şənbə
günüdür, səhər saat 9-dur. Dövlət müəssisələrində
qeyri-iş günüdür. Amma burada qələbəlikdir.
Köməkçilərin otağında 30 nəfərədək
şəxs qəbul növbəsini gözləyir. Məlum olur ki, onlar kollektiv görüşəcəklər.
Məcburi köçkünlər üçün salınan
yeni qəsəbənin tikintisinin layihə rəhbərləri,
iş icraçıları, infrastrukturu inşa edəcək
şirkətlərin, müəssisələrin təmsilçiləri
gördükləri işlərin hesabatını vermək və
yeni tövsiyələr almaq üçün “Cocuq Mərcanlı
qrupunun” qəbuldan çıxmasını gözləyirlər.
Bəli, burada hər qrupu müvafiq qəsəbəyə
uyğun adlandırırlar.
Bu kabineti qərargah
adlandırmaq daha düzgün olar. Çünki artıq 20 ildir ki,
Prezident iqamətgahından qaçqın-köçkünlərlə
bağlı gələn minlərlə
tapşırığın, göstərişin icrası
yolları burada müəyyənləşir, planlar, layihələr
öyrənilir, hazırlanır, gərgin müzakirələr
gedir, ən nəhayət, 96 qəsəbənin
açılış vaxtı dəqiqləşdirilir...
Əli Həsənov gəlişimizi
bilən kimi bizi kabinetinə dəvət edir. O qədər də
geniş olmayan, çox sadə tərtibatlı və köhnə
mebelli (sonradan Əli müəllim deyəcəkdi ki, iş
otağıma dəbdəbəni əsla yaxın
buraxmıram, hətta xarici qonaqlar da bu barədə zarafatla
soruşanda ciddi cavab verirəm: mən hələ də
yataqxanada yaşayan qaçqın-köçkünlərin rəhbəriyəm,
mənə bu kifayətdir) kabinetdə 20-dən artıq adam var. Hamının üzündən
yorğunluq, amma ifadə edilməsi mümkün olmayan fərəh,
qürur duyulur.
Əli müəllim onları bizə
təqdim edir: “Bu kişilər Cocuq Mərcanlının qəhrəmanlarıdır,
əsl fədakarlarıdır. Xarabalıqda iki
aya cənnət yaradan insanlardır. İki
ay bunlar normal yatmaqdan da, yeməkdən də məhrum idilər.
Amma bütün əziyyətlərə
Prezident son qoydu. Bildirdiyi razılıq və
təşəkkür hamımızın yorğunluğunu
bir anda çıxartdı.
İndi isə yeni layihənin
icrasına başlamışıq. Görürsünüz də,
istirahət və fasilə yoxdur, ola da bilməz!
Çünki hörmətli İlham
Əliyev qarşımızda yeni vəzifə qoyub: 100 ev tikilməlidir, infrastruktur genişlənməlidir.
Prezident Bakıya qayıdan kimi kəndin və
yolların bərpa-quruculuq işlərinə üst-üstə
12 milyon manat ayırdı. Bunlara da deyirəm,
Prezident Cocuq Mərcanlı istiqamətindəki işlərinə
fasilə verdimi? Yox! Demək, biz də həmişə
olduğu kimi, nümunəmizi bu KİŞİdən -
liderimizdən götürməliyik. İstirahəti,
fasiləni də Cocuq Mərcanlı tam təhvil verəndə
edəcəyik. Əslində, nə istirahət ey...
Şuşa məscidini bərpa
etməmiş durmaq, dayanmaq yox!”
Hamı razıdır...
Prezidentin əsas
tələbi: kiçik Cocuq Mərcanlını böyük
Azərbaycanın inkişaf və müasirlik rəmzinə
çevirmək
Əli müəllim əslən
Cəbrayıl rayonundandır, bu torpaqda böyüyüb. Bakıya
doğru uzanan çətin və şərəfli
ömür yolu Cocuq Mərcanlının “böyük
qardaşından” - Böyük Mərcanlıdan
başlayıb.
Bu torpaqları
qarış-qarış tanıyır. Ona görə
də ərazi barədə ona məlumatlandırıcı
informasiya verməyə ehtiyac yoxdur. Əksinə,
Baş nazirin müavini özü onlara ehtiyat su mənbəyi
və əlavə yol çəkilişi barədə
koordinatları deyir, əkin yerlərinin istifadəsində
qarşıya çıxacaq müəyyən təbii
problemləri əvvəlcədən söyləyir və
onları aradan qaldırmaq yollarını göstərir.
“Özünüz bilirsiniz,
Prezident dövlət büdcəsindən xərclənən
hər bir qəpiyin də şəffaf hesabatını
aparır, daim qənaət tələb edir,
israfçılıq onun gözünün düşmənidir. Amma dövlət
başçısının da dediyi kimi, Cocuq Mərcanlının
tam bərpasında bütün qüvvələr, o cümlədən
maliyyə mənbələri fəal səfərbər
olunacaq. Əsas keyfiyyətli işdir.
Prezident əvvəlki layihəni də təsdiq edəndə
tapşırıq verdi ki, evlər
geniş olsun, insanların rahatlığının təmini
üçün daha yeni inşaat metodlarından istifadə edək.
Cənab İlham Əliyev daim deyir,
elə 14 iyunda da söylədi: Cocuq Mərcanlı Azərbaycanın
simvolu kimi qurulmalıdır. Ölkəmizdə
hansı nailiyyət varsa, hansı yenilik tətbiq olunursa,
mütləq Cocuq Mərcanlıda da tətbiq edilməlidir.
Hörmətli İlham Əliyev kiçik Cocuq Mərcanlını
böyük Azərbaycanın inkişaf və müasirlik rəmzi
kimi görür və bu məqsədi də həyata
keçirir!
Bu məram yeni tikiləcək 100 ev üçün də aktualdır. Su, enerji, suvarma-meliorasiya, əkin, heyvandarlıq kimi
sahələrdə ən kiçik
çatışmazlığı, riski də indidən bilməliyik,
indidən də həll etməliyik” - Əli Həsənovun
bu tövsiyələrini mütəxəssislərin əlavələri
kəsir. Hər rəy ətrafında
qızğın diskussiya gedir.
İşgüzar müzakirələrə
mane olmaq istəmirik. Çünki hər bir detalla
bağlı mütəxəssislər danışır, hər
kəsin münasibəti öyrənilir. Ümumiyyətlə
isə Prezidentə təqdim olunacaq layihədə heç bir
əyər-əskiklik olmamalıdır - ortaq rəy budur!
Müzakirələrin bir
müddət onsuz aparılmasını istəyən Əli Həsənovla
otağın bir küncünə çəkilirik. Əslində,
Baş nazirin müavininə ünvanlanacaq konkret sual da yoxdur.
Müsahibəmiz də elə söhbət formatında
keçdi...
Hər şey Heydər
Əliyevdən başladı...
Əli Həsənov Cocuq Mərcanlı
barədə danışarkən mövzuya nə 14 iyundan, nə
iki aylıq quruculuq işlərindən, nə də ötən
ilin aprel zəfərindən başladı. Onun fikrincə, bu
mövzunun başlanğıcı Heydər Əliyev şəxsiyyəti,
onun fitri qabiliyyəti, misilsiz fəaliyyətidir:
“Danılmaz həqiqətdir:
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə
ölkəyə rəhbərliyə başlamasından və
Prezident seçilməsindən sonra əsl müstəqilliyimiz
təmin olundu.
Dövlət quruculuğunun şanlı səhifələrindən
biri də nizami və vahid komandanlığa əsaslanan ordunun
yaradılması idi. Ulu öndərin ali baş
komandanlığı ilə Azərbaycan Ordusunun 1994-cü ildə
həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində
Horadiz qəsəbəsi daxil olmaqla Arazboyu ərazilərimizin
bir hissəsi, 22 yaşayış məntəqəsi, 10 min
hektar ərazi işğaldan azad edildi. Həmin vaxt, daha dəqiq
desək, 1994-cü il yanvarın 6-da Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad
olundu.
Beləliklə, Cocuq Mərcanlı
kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin
Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan
uğurlu Horadiz əməliyyatı zamanı işğaldan
azad edildi. Ulu öndərin döyüş bölgəsinə
şəxsən getməsi isə ordudakı ruh yüksəkliyini
daha da artırdı.
Sonrakı dövrdə
Füzulinin işğaldan azad olunan kəndlərində
abadlıq-quruculuq işləri aparıldı,
dağılmış evlər bərpa olundu, zəruri infrastruktur
yaradıldı. Lakin Cocuq Mərcanlı kəndində əhalinin
təhlükəsiz yaşayışı mümkün
deyildi. Çünki yaxınlıqda olan
strateji əhəmiyyət daşıyan Lələtəpə
yüksəkliyi işğal altında qalmışdı.
Erməni hərbi birləşmələri Cocuq
Mərcanlı kəndinin ərazisini atəş altında
saxlayır və yaşayış üçün təhlükəli
vəziyyət yaradırdılar. Ona
görə də bu kəndin bərpası, burada həyatın
əvvəlki axarına qaytarılması mümkün deyildi.
Ötən ilin aprel
ayında isə bu ərazilərdən keçən cəbhə
xəttində vəziyyət kökündən dəyişdi. Erməni hərbi
bölmələrinin təxribatının
qarşısını almaq məqsədilə Azərbaycan
Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında keçirdiyi uğurlu əməliyyat nəticəsində
Lələtəpə yüksəkliyi və min hektarlarla
torpaqlarımız işğaldan azad edildi. Ermənilər xeyli geriyə çəkilməli
oldular. Bundan sonra vaxtilə ermənilərin
atəş altında saxladığı Cocuq Mərcanlı kəndi
və digər ərazilərdə yaşayış
üçün tam təhlükəsiz vəziyyət
yarandı”.
Böyük
Qayıdışın Cocuq Mərcanlı mərhələsi
Lələtəpə
yüksəkliyi azad ediləndən sonra vəziyyətin
kompleks araşdırıldığını söyləyən
Əli Həsənov Prezident İlham Əliyevin ötən
ilin noyabrında bu təmas xəttinə səfərini
xatırladır. Baş nazirin müavininin fikrincə, dövlət
başçısının yüksəkliyə səfəri
həm ordumuzun qüdrətini göstərdi, həm də torpaqlarımızın
azad edilmə prosesinin davamlı olacağının
mesajını verdi:
“İşğal təhlükəsinin
aradan qaldırıldığını nəzərə
alaraq Prezident İlham Əliyev bu il yanvarın 24-də Cocuq Mərcanlı
kəndinin bərpası ilə bağlı sərəncam
imzaladı. Bununla da Böyük Qayıdışın ilk
addımlarından biri atıldı. Cocuq Mərcanlı
məcburi köçkünlər üçün inşa
olunan sayca 96-cı yaşayış məntəqəsi və
işğaldan azad edilən ərazilərdə bərpa olunan
ilk kənddir.
Əslində, Azərbaycan
Böyük Qayıdışa ulu öndərin vaxtından
hazırlaşır. İndiyə qədər tikilib istifadəyə
verilən 95 müasir qəsəbə böyük
qayıdış prosesinə hazırlıqdır. İndi isə Böyük Qayıdışa
işğaldan azad olunan ərazilərdən
başlayırıq. Bu, Böyük
Qayıdışın tarixi başlanğıcıdır.
İnanırıq ki, bunun ardı gələcək.
Böyük Qayıdışın Cocuq Mərcanlı
mərhələsi bütün dünyaya səs saldı.
Ermənistana isə nəinki səs saldı, hətta
bu işğalçı dövləti lərzəyə gətirdi.
Ermənilər başlarını itirdilər və
hələ də özlərinə gəlməyiblər.
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
altında Azərbaycan Ordusunun tarixi qələbəsindən
sonra Ermənistan hələ də çalxalanmaqda davam edir. Çünki
Azərbaycan Ermənistanın özü barədə
uydurduğu bütün mifləri alt-üst etdi. Elə bir vəziyyət yarandı ki, məğlubiyyətin
səbəblərini araşdıraraq ermənilər özləri
özlərinə qarşı çıxmağa başladılar.
Hakimiyyətə qarşı sərt ittihamlar səsləndirdilər.
Biz bu prosesdə ermənilərin ikiləşdiyini,
onların vahid hədəflərindən
yayındığını gördük. Yəni sanki onların genetikasında köklü dəyişikliklər
oldu”.
Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov hesab
edir ki, erməni psixologiyasını, genetikasını öyrənmək
üçün ayrıca araşdırma mərkəzinin
yaradılması vacibdir. Burada mütəxəssislər ermənilərlə
bağlı olan əsrlər öncəki tarixi prosesləri
daha dərindən öyrənərək, onların
genetikasını, milli xislətlərini elmi şəkildə
tədqiq edərək “erməni milləti nədir?”, “ermənilərlə
mübarizəni necə effektiv etmək olar?” kimi suallara
konseptual, fundamental cavablar axtarmalıdırlar. Elmi
nəticələr çıxarılmalıdır ki, gələcək
nəsillər bugünkü problemlərlə
qarşılaşmasın, bizim vəziyyətimizə
düşməsinlər.
Baş nazirin müavini ermənilərin
aprel döyüşlərində mülki əhaliyə də
atəş açdığını, evlərin
dağılmasını, təsərrüfatlara ziyan dəyməsini,
dinc sakinlərin həlak olmasını yada salır və bu
faktların erməni vəhşiliyini, vandalizmini bir daha
dünyaya nümayiş etdirdiyini söyləyir: “Lakin Azərbaycan
bütün bunların əvəzini, intiqamını
aldı. Aprel döyüşləri Azərbaycan
Ordusunun böyük tarixi qələbəsidir. Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin zəhmətinin
bəhrəsidir. Uzun illər öncə
ulu öndər Heydər Əliyevin başlatdığı
prosesin davamıdır. Bu proses fədakarlıqla, vətənpərvərliklə,
böyük bacarıqla indi də davam edir”.
İlham Əliyev
Cocuq Mərcanlını beynəlxalq gündəmin əsas
mövzularından birinə çevirdi
Cocuq Mərcanlının bərpası
ilə bağlı sərəncamdan dərhal sonra Prezident
İlham Əliyev fevralın 10-da “Cəbrayıl rayonunun Cocuq
Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə
bağlı əlavə tədbirlər haqqında” sərəncam
imzaladı.
Horadizdən Cocuq Mərcanlı kəndinə gedən,
ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi məqsədilə
4,3 milyon manat vəsait ayrıldı.
Bu sərəncamlardan sonra Prezidentin
müvafiq tapşırıqlarından bəhs edən Əli
Həsənov Azərbaycanda akkreditə olunmuş xarici KİV
nümayəndələrinin Cocuq Mərcanlı kəndinə
səfərini xüsusi qeyd edir:
“Bu səfərin təşəbbüskarı
cənab İlham Əliyev idi. Onun uzaqgörənliyinin
nəticəsi olaraq Cocuq Mərcanlı ilə bağlı xəbərlər,
həqiqətlər bir gün ərzində bütün
dünyaya yayıldı. Bilməyənlər
də bildi ki, erməni faşizmi, vandalizmi nə deməkdir.
Xarici KİV nümayəndələrinin Cocuq Mərcanlıya
səfəri mühüm ideoloji tədbir idi. Çünki bir var eşitmək, bir də var
canlı görmək. Ora səfər edən
xarici KİV təmsilçisinin hər biri ermənilərin nə
qədər vəhşi və dağıdıcı
olduğunu, azərbaycanlıların kəndini nə günə
qoyduqlarını öz gözləri ilə gördülər,
bunu yaydılar.
Cənab Prezidentin digər
tapşırığı ölkədə fəaliyyət
göstərən diplomatik korpusun, səfirlərin, beynəlxalq
təşkilatların nümayəndələrinin Cocuq Mərcanlıya
səfərinin təşkil olunması idi. Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsi və Xarici İşlər
Nazirliyi tərəfindən təşkil edilən bu səfərdə
xarici diplomatlar Cocuq Mərcanlıda törədilən erməni
vəhşiliyini öz gözləri ilə gördülər.
Orada Rusiya Federasiyasının Azərbaycandakı
səfiri Vladimir Doroxin maraqlı bir çıxışı
ilə yadda qaldı. Dedi ki, biz oturduğumuz otaqda fərqli
informasiyalar eşidirik, amma burada isə tamam başqa mənzərənin
şahidi olduq. Başqa ölkələrin səfirləri
də eyni fikirləri səsləndirdilər”.
Cocuq Mərcanlının
bərpası - ümummilli hərəkat
Prezidentin Cocuq Mərcanlının bərpası
və yolun çəkilisi ilə bağlı sərəncamlarının
əsas mahiyyətindən söz açan Əli Həsənov
bu qərarların böyük tarixi əhəmiyyəti
olduğunu qeyd edir: “Sərəncam imzalanan kimi layihəçiləri,
inşaatçıları dəvət etdim və cənab Prezidentin
tapşırığını müzakirə etdik. Sərəncamın əsl mahiyyətini onların
diqqətinə çatdırdım. Çünki
söhbət işğaldan azad edilmiş ərazilərdə
yeni kəndin salınmasından getdiyi üçün
bütün dünyanın gözü buradadır. Bu, Azərbaycan Prezidentinin, vətəndaşlarının,
dünya azərbaycanlılarının işğaldan azad
olunan doğma torpağımıza qayıdışa
münasibətindən irəli gələn bir məsələdir.
İnsanlarımızın
Cocuq Mərcanlı kəndinin azad olunmasına münasibətinə
dair cild-cild kitablar yazmaq olar. Nəinki işğal
altında olan rayonların camaatı, digər bölgələrdən
olanlar da gəlib Cocuq Mərcanlıya baş çəkir,
süfrə açıb yaşıl otun üstündə
çörək yeyirdilər. Təsəvvür
edin, insanlar hər yerdən gəlirdilər, bura ziyarətgaha
çevrilmişdi. Bax, vətənpərvərlik,
səmərəli ideoloji fəaliyyət budur. Bunu ulu öndər başlatmışdı. Prezident İlham Əliyev isə atdığı
addımlarla ideoloji uğurlarımızı çox yüksək
səviyyədə dünya miqyasında təmin edib. Cənab Prezidentin bu istiqamətdəki fəaliyyətinin
dünyada analoqu yoxdur. Dünyanın
heç bir ölkəsində belə yüksək ideoloji fəaliyyət
prinsiplərinə malik dövlət
başçısının olduğuna inanmıram.
Bir məqamı da diqqətə
çatdırmaq istərdim. Hələ yanvar
ayında qarşıya vəzifə qoyuldu ki, işlər
qısa müddətdə və yüksək keyfiyyətdə
başa çatdırılsın. Bir məqamı
unutmuram. İnşaatçılar dedilər
ki, bu məsələdə bizi vəsait maraqlandırmır.
Əsas odur ki, kəndi vaxtında bərpa edək.
Bu da inşaatçılarımızın belə
prinsipial məsələyə əsl vətənpərvərlik
nöqteyi-nəzərindən yanaşmasını göstərdi.
Cəbhə xəttinə yaxın olduğuna
görə, tikintiyə başlamazdan əvvəl hərbçilərlə
də söhbət etdik. Bizə dedilər
ki, narahat olmayın, təhlükəsizliyiniz ən yüksək
səviyyədə təmin olunacaq.
Bundan sonra tikinti sahəsini
müəyyənləşdirdik. 50 evi 10 sot sahədən
hesabladıq və tikintiyə başladıq. ANAMA-nı da minatəmizləmə əməliyyatına
cəlb etdik. Onlar öz işlərini
sürətlə və fədakarlıqla gördülər.
Hətta qarlı havada da böyük səylə
çalışdılar. Böyük ərazi
minadan təmizləndi. Diplomatlarla Cocuq Mərcanlıya
səfər edərkən bir yol açmışdıq ki,
gedək dağıntılara baxaq. Səfirlər
əvvəlcə ehtiyatlanır, çəkinirdilər.
Onlara qorxmamağı tövsiyə etdim və
qabağa düşdüm ki, gedək. Avtobusdan
düşərkən addım atmaq belə istəmirdilər.
Cənab Prezident şəxsi təşəbbüsü
ilə tapşırıq verdi ki, Cocuq Mərcanlıda
Şuşa məscidinin oxşarı tikilsin. Daha
sonra göstərişi oldu ki, aidiyyəti orqanlar orada öz
yerli idarələrini tiksinlər.
Daxili İşlər
Nazirliyi polis məntəqəsini, “Azəravtoyol” isə öz
idarəsini yaratdı. Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi 50 evin hamısında internet şəbəkəsini
qurdu. “Azərişıq” böyük bir yarımstansiya
tikərək istifadəyə verdi”.
İlham Əliyev
nümunəsi
Baş nazirin müavini kəndin
bərpadan sonra açılış gününü
Prezidentin özünün seçdiyini söyləyir. Və əlavə edir ki,
ulu öndər Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində xalqın təkidli tələbi
ilə hakimiyyətə qayıdışı Azərbaycanın
Qurtuluş günüdürsə, 14 iyun 2017-ci il də
işğaldan azad olunmuş torpağımızın
Qurtuluş günüdür.
Əli Həsənov maraqlı bir məqamı
xüsusilə vurğulayır: “Mən cənab Prezidenti sevinən
çox görmüşəm. Hər bir qəsəbənin
açılışında dövlət
başçısı sevinc içərisində olur. Cocuq Mərcanlıda isə cənab Prezidentin sevinc
hisləri tam başqa idi. Bunu heç nə ilə
müqayisə etmək mümkün deyil! Gözləri sevincdən
parlayırdı! Çünki o, Böyük
Qayıdışı artıq başlatmışdı! Hesab edirəm ki, Prezidentin bu sevincini, qürurunu hər
bir azərbaycanlı yaşadı.
Dövlət başçısı
tikiti işlərinə yüksək qiymət verdi.
Qısa müddət ərzində belə bir
tikinti-quruculuq işini başa vurmağın yüksək
peşəkarlıq tələb etdiyini diqqətə
çatdırdı. Biz də
qaçqın və məcburi köçkünlər
adından cənab Prezidentə təşəkkür etdik ki,
görülən işləri bu cür yüksək qiymətləndirir.
Biz iş icraçılarına da əlavə güc verən
budur. Görürsünüz, biz burada
müsahibə aparırıq, amma o masa arxasında onlar necə
qızğınlıqla, həvəslə, canfəşanlıqla
layihə üzərində işləyirlər. Əgər cənab Prezident verilən
tapşırığa görə bizə təşəkkür
edirsə, bu bizi daha da ruhlandırır. Prezidentin
bir kəlməsi ilə bizə yenidən güc gəlir.
Prezidentin bu cür vətənpərvər fəaliyyətinin
qarşısında biz necə işləməyə bilərik!
Necə dövlətə, xalqa xidmət etməyə bilərik!
Bunun müqabilində biz daha çox
çalışmalıyıq.
Orada cənab Prezident
maraqlı çıxışlar etdi. Dünyaya, ermənilərə
mesajlar verdi. Növbəti dəfə
bəyan etdi ki, Azərbaycan torpaqlarını heç kimə
güzəştə gedən deyil. Ermənistan
tərəfi bundan nəticə çıxartsın. Ermənilər görsünlər ki, Azərbaycan
Prezidenti işğaldan azad olunmuş bir kənd
üçün nələr edir. Ona
görə ağıllarını başlarına
yığmalı, qonşularla mehriban yaşamalıdırlar.
Əgər bunu etməsələr, günah
özlərindədir. Çünki bundan
da pis günə düşə bilərlər. Cocuq Mərcanlının bugünkü mənzərəsi
Azərbaycanın və Prezident İlham Əliyevin nəyə
qadir olduğunu konkret göstərir”.
Prezidentin dostu - əmək
qəhrəmanı
Əli Həsənovun mobil
telefonu zəng çalır. Ekrana baxıb, “Bu zəngi
hökmən cavablandırmalıyam. Prezidentin
dostuna, əmək qəhrəmanına necə cavab verməyim?”
- deyə gülümsünür. Zəng
edən Oqtay Həziyevdir...
Əli müəllimin xeyli
çəkən telefon söhbəti zamanı davamlı
olaraq salamlaşması, onun əslində, çoxsaylı
insanla söhbətləşdiyindən xəbər verirdi. Zəngi yekunlaşdıran
Baş nazirin müavini də elə bu məqamı
vurğuladı:
“Oqtay idi, yanına Biləsuvardan
xeyli kəndlisi gəlib. Hər kəsi yalnız bir şey maraqlandırır: nə
vaxt qəsəbəyə köçürük? Mənə zəng etməkdə də məqsədləri
odur ki, belə gözəl şəraiti olan qəsəbəni,
evləri tikən Prezidentə onların minnətdarlığını
çatdırım. Telefon söhbətini
dinləyirdiniz, yəqin özünüz də hiss etdiniz ki,
bir nəfər də olsun xahiş səsləndirmədi.
Hər kəs ancaq Prezidentə minnətdarlığını
bildirirdi.
Ümumiyyətlə, uzun
müddətdir bu vəzifədə çalışıram
və özüm üçün qəbul etdiyim bir həqiqət
var. Qaçqın və məcburi köçkünlər
savaş vaxtı hər şeylərini itirib, bütün həyatlarını
sıfırdan başlasalar da, heç vaxt
qürurlarını itirmədilər. Ən çətin
dönəmlərində belə qapılara düşmədilər,
yersiz xahişlər dilə gətirmədilər. Düzdür, istisnalar da var. Ancaq mən mütləq
əksəriyyətdən danışıram. Prezidentlə
çoxsaylı görüşlərdə bir nəfər
qaçqın və məcburi köçkün hansısa
problemini qaldırmadı, - baxmayaraq ki, çətinliklər az deyil, - dövlət
başçısından şəxsi xahiş etmədi. Hamısı yalnız görülən işlərə
görə təşəkkürünü bildirdi,
etimadını ifadə etdi və Qarabağın tezliklə
qayıdacağına əminliyini söylədi.
Bax bugünkü zəng də
belə xahişlərdən idi. Cocuq Mərcanlılar
yalnız Prezidentə təşəkkür edirlər.
Qaçqın və
köçkünlər belə qürur sahibidirlər, məğrurdurlar,
daim şükür edirlər, dillərində dua, ürəklərində
inam var. Bunu ən yaxşı bilən də məhz
Prezidentdir. 50
yaşını onlarla qeyd etməsi də təsadüfi
deyildi... “
Əli Həsənov söhbəti
Oqtay Həziyevlə bağlı davam etdirir. Məmləkətin ən ali mənsəbli şəxslərindən biri
sadə əmək adamından ağızdolusu, ürəkdolusu
danışır. Bunu sezməmək
mümkünsüzdür - danışdıqca da qürurdan
gözləri işıldayır...
“Cocuq Mərcanlı deyəndə
ilk olaraq Həziyevlər ailəsi yada düşür. Bu ailə indi
Cocuq Mərcanlının qəhrəmanlıq rəmzinə
çevrilib. Doğma torpağa
bağlılıqları ilə, burada yaşayışın
təhlükəli olmasına baxmayaraq, kəndi tərk etməmələrinə
görə bu ailə artıq vətənpərvərlik
nümunəsi kimi qəbul olunur. Həziyevlər
ailəsi kəndin işğalda olduğu aylarda digər məcburi
köçkün ailələri kimi ciddi sıxıntılar
içərisində yaşayıb. Bildiyiniz
kimi həmin vaxt çətin dövr idi.
Ailənin başçısı
Oqtay Həziyevi qürur hissi boğurmuş: doğma
torpağım, kəndim işğaldan azad olunub, bəs niyə
biz yurdumuza qayıtmamalıyıq? O ailəsi ilə birlikdə
qərar qəbul edir və kənd işğaldan azad olunandan
dərhal sonra - 1994-cü ilin yanvarında geri
qayıdırlar. O zaman bir tərəfdə düşmənin
atəşi altında ölüm təhlükəsi, digər
tərəfdə isə doğulduğu yerə
bağlılıq hissi var idi. Lakin vətənpərvərlik
duyğusu ölüm riskinə qalib gəlir. Kənd tamamilə dağılmışdı.
Həziyevlər ailəsi yaşadıqları ərazini
taparaq dağılmış evinin üzərində
çadır qurur. Bununla yeni həyata ilk
addımlarını atmağa başlayırlar. Vətən,
torpaq sevgisi ölüm və qorxu hislərini tamamilə
unutdurur onlara...”
İlham
Əliyevin halallığını verdiyi torpaq...
Baş nazirin müavini Həziyevlərin
zəhmətkeşliyinin vətənpərvərlikdən
heç də az olmadığını
söyləyir. Ailə qısa müddət ərzində
böyük fədakarlığı sayəsində maddi
sıxıntıları geridə qoyur. Özlərinə
kiçik ev tikib, sıfırdan
başlayaraq kənd təsərüfatı ilə məşğul
olmağa başlayıblar. Oqtay əkin-biçin,
qardaşı isə heyvandarlıqla məşğul olub.
Atəş təhlükəsi altında boş
qalan ərazidə 70 hektar sahəni götürüb yonca,
taxıl və arpa əkiblər. Borca girərək
bir inək, 3-4 qoyun alıblar. İllər
ötdükcə mal-qaranın sayını artırıblar.
Hazırda 600 xırdabuynuzlu, 70-80 iribuynuzlu
heyvanları var. Həyətyanı sahədə 20-dək
arı ailəsi də saxlayırlar. Yalnız
çaya, qəndə, bir də paltara pul verirlər. Yağa, pendirə, qatığa, yumurtaya, ətə
pul xərcləmirlər. Əksinə, bu
qidalardan başqalarına da yardım göstərirlər.
Bu müddət ərzində istehsal etdikləri məhsulların
1 kq-nı belə
satmayıblar.
Artıq nə məhsul qalırsa,
hamısını qohum-əqrəbalarına, ehtiyacı
olanlara verirlər.
Əli müəllim davam edir: “Bu ailənin
hər bir üzvünün üzündən nur
tökülür. Çünki torpaqda işləyən
adamları torpaq nurlaşdırır. Çox
gözəl ailədir, hamısı da sağlamdır.
Anasının 83 yaşı var, göz dəyməsin... Məhz bu ailənin nümunəsində torpağa
qayıdış başlayıb. Kəndə
qayıdışın əsasını Həziyevlər ailəsi
qoyub. Bu gün isə Prezident İlham
Əliyev bütün kənd sakinlərinin qayıdış
prosesini başladıb.
Dövlət başçımızın
bu ailədən, onların qəhrəmanlığından xəbəri
vardı. Daim məndən bu ailəni soruşurdu, onların
problemlərini həll etməyi tapşırırdı.
Prezident Cocuq Mərcanlıda olarkən Həziyevlər
ailəsi ilə də görüşdü. Onlara verilən evdə qonaq oldu. Baxmayaraq ki, Həziyevlər
ailəsi kəndə qayıtdıqdan sonra bir ev
tikmişdilər. Amma cənab Prezident kəndin
yeni evlərindən birini içərisinin bütün
avadanlıqları ilə Həziyevlər ailəsinə
bağışladı. Həmçinin
Oqtay Həziyevi bir neçə ay bundan öncə təsis
etdiyi “Əmək” ordeninin birinci dərəcəsi ilə təltif
etdi. Hesab edirəm ki, cənab
İlham Əliyev bu yüksək
dövlət təltifi ilə Oqtay Həziyevin timsalında əslində,
cəbhə bölgəsində yaşayan bütün sakinləri
mükafatlandırdı, onların fədakarlığını,
vətənpərvərliyini, zəhmətkeşliyini qiymətləndirdi.
Prezident elə orada
tapşırıq verdi ki, Oqtay Həziyevin
əkib-becərdiyi 70 hektar əraziyə toxunulmayacaq, yəni
ora kəndin ümumi paylanacaq təsərrüfat sahəsinə
aid edilməyəcək. Onun bundan əvvəl tikib-qurduğu ev də, torpaq sahəsi də öz istifadəsində
qalacaq. Dövlət başçısının qeyd etdiyi
kimi, bu, ona halaldır...”
Prezidentin fərəhi,
qaranquş yuvası və Cocuq Mərcanlıdan kitab...
Əli Həsənov
Prezidentin Cocuq Mərcanlı səfərinin maraqlı məqamlarından
bəhs edir.
Yeni tikilmiş 96 şagird yerlik məktəblə
tanışlıq vaxtı baş nazirin müavini Prezidentdən
ayaq saxlamağını və geriyə baxmağını
xahiş edir:
“Maraqlı faktla
qarşılaşdıq. Məktəbin
girişində yuxarıda tavanın altında qaranquş yuva
salmışdı. Biz onu bir gün öncə
axşam görmüşdük. Qeyd etdim
ki, cənab Prezident, qaranquş elə bir quşdur ki, təhlükəsizliyinə
arxayın olmasa, orada yuva qurmaz. Bu yuvanın da rəmzi mənası
var. Artıq Cocuq Mərcanlının tam təhlükəsiz
yurd yeri olduğunu yalnız insan məntiqi yox, ana təbiət
də qəbul edir...
Məktəbə daxil olduq. Cənab Prezident siniflərlə
tanış oldu. Daha sonra
kompüter otağında ulu öndərin cəbrayıllılarla
görüşləri, Horadiz əməliyyatından əvvəl
və sonra o əraziyə səfəri, hərbçilərlə
görüşlərinin səs yazısı verildi.
Ulu öndərin 2002-ci ildə
Hacıkənddə salınan qəsəbədə
duyğulu anlar yaşadığının, qəhərləndiyinin
şahidi olmuşam. Prezident İlham Əliyevin qəhərləndiyini
isə 50 illik yubileyində Taxtakörpüdə salınan qəsəbədə
məcburi köçkünlərlə
görüşündə bir məcburi
köçkünün çıxışı zamanı
görmüşəm. Bir də burada,
Cocuq Mərcanlıda Heydər Əliyevin səs
yazısını eşidərkən qəhərləndiyinin
şahidi oldum. Bəli, çox duyğulu
anlar idi. Hesab edirəm ki, həmin vaxt ulu
öndərin ölməz ruhu da Cocuq Mərcanlıda idi.
Və haqlı olaraq öz davamçısı ilə fəxr
edirdi...
Cəbrayıl rayonundan olan
kursantlarla görüşü cənab İlham Əliyevdə
çox böyük maraq doğurdu. Dörd il bundan əvvəl
Prezidentin tapşırığı ilə təhlil
aparmışdıq ki, məcburi köçkünlərin
neçə nəfəri hərbi məktəbdə oxuyur. 2014-cü ildə cəmi 10 rayondan 20 nəfər hərbi
məktəblərdə təhsil alıb. Prezidentin göstərişi ilə bu məsələnin
təşviqi ilə bağlı böyük tədbir
keçirdik. Bu gün artıq həmin say 276 nəfərdir.
Yəni, 3 il ərzində bu rəqəm
24 dəfə artıb. Çox maraqlı bir
faktdır ki, 276 nəfərin 42-si Cəbrayıl
rayonundandır”.
Baş nazirin müavini Dövlət
Sərhəd Xidməti Akademiyasının və Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinin kursantlarının Ali Baş Komandana raport verərkən,
İlham Əliyevin böyük fərəh hissi
keçirdiyini vurğulayır. Bu cür məğrur,
qalib gənclər yetişdirən Baş Sərkərdənin
fərəhi də təbiidir.
Əli müəllim bərpa edilən
kənd və yeni tikilən məscid ilə
tanışlıq vaxtı, həmçinin hərbçilərin
raportunu dinləyərkən Prezidentin dünyaya ciddi mesajlar
verdiyini xatırladır: “Bu mesajlar ondan ibarətdir ki, Azərbaycan
işğal olunmuş torpaqlarını mütləq
işğaldan azad edəcək və bütün azad
olunmuş ərazilərimiz bu cür bərpa olunacaq. Cənab Prezident həm də o
çağırışı səsləndirdi ki, Azərbaycan
öz milli-mənəvi dəyərlərinə, dininə,
keçmişinə, adət-ənənəsinə ehtiramla
yanaşır. Şuşa məscidinin
oxşarını inşa etdirməklə Prezident İlham
Əliyev Ermənistana mesaj verdi ki, müsəlmanların
ibadət etdiyi məscidləri xarabalıqlara çevirsəniz
də, onları murdarlasanız da işğaldan azad olunan ərazilərimizdə
yeni və daha böyük məscidlər inşa etdirəcəyəm!
Eyni zamanda, bəzi müsəlman ölkələrinə mesaj
verildi ki, məscidlərdə heyvan saxlayan, dini ibadətgahları
dağıdan Ermənistana yardım edirsiniz...
Sonda Prezident İlham Əliyev
tapşırıq verdi ki, Cocuq Mərcanlı
barədə, burada aparılan bərpa-quruculuq işlərinə
dair müfəssəl kitab və film hazırlansın. Bu sahədə
işə dərhal start verdik. Rəsmi dövlət qəzeti
olan “Azərbaycan”ın baş redaktoru, ağdamlı məcburi
köçkünlərin Milli Məclisdə təmsilçisi
Bəxtiyar Sadıqovla kitab layihəsinin detallarını
müəyyənləşdirdik və bu iş artıq
çox böyük sürətlə gedir. Əminəm
ki, Prezidentin bütün tapşırıqları kimi bunun da
öhdəsindən layiqincə gələcəyik və Cocuq
Mərcanlının bütün bərpa prosesini özündə
əks etdirən yeni kitab tezliklə ictimaiyyətə təqdim
olunacaq”.
Məcburi
köçkünlərin Mehriban Əliyeva sevgisi
Cocuq Mərcanlı
işğal olunarkən orada 276 təsərrüfat olub. İndi isə
təsərrüfatların sayı 400-dək artıb. Kənddə bərpa işləri başlanarkən
200-dən çox ailə bura qayıtmaq üçün
müraciət edib. Elə onların da
sayı son günlər atraraq 300-ə çatıb.
Baş nazirin müavini Əli Həsənov
vurğulayır ki, ümumi qərara görə, kim orada torpaqda işləyə bilərsə,
təsərrüfatla məşğul olarsa, ilk növbədə
onlar köçürüləcək. Bu zaman əsas
üstünlük Bakıda məskunlaşan ailələrə
verilir. Həmçinin, Cocuq Mərcanlıda sırf təsərrüfatla
bağlı olmayan iş yerləri də açılacaq.
Orada tikilən hər bir obyekt yeni iş yeridir.
Əli Həsənov digər bölgələrdə
məskunlaşan qaçqın və məcburi
köçkünlərin problemlərinin həllindən də
danışır: “Hər kəs bilir, bu istiqamətdə
dövlət siyasəti ümumilikdə Prezident İlham
Əliyevin fəaliyyət prioritetlərindəndir. Sevinirik ki, hörmətli Birinci vitse-prezidentimiz
Mehriban xanım Əliyeva da bu siyasətə
ölçüyəgəlməz töhfə, fövqəladə
dəstək verir.
Bir məqama nəzər salaq: Mehriban
xanım ilk müşavirəsini hansı mövzuda
keçirdi? Qaçqın və məcburi
köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində!
Mehriban xanım ilk
böyük təməlqoyma mərasimini harada təşkil
etdi?
Qaradağ rayonunda məcburi köçkünlər
üçün salınacaq yeni müasir yaşayış
kompleksində!
Bu fakta bir daha nəzər
salaq.
Xanım Birinci vitse-prezident hər biri 2 bloklu, 9 mərtəbəli
11 yaşayış binasının, 1026 mənzilin, 624
şagird yerlik üçmərtəbəli məktəb
binasının, 220 yerlik uşaq bağçasının,
tibb məntəqəsinin təməlini qoydu. Belə
qəsəbələrin sayı artıq 96-dır.
Görün, Heydər Əliyevin bünövrəsini
qoyduğu, açılışını etdiyi ilk qəsəbənin
sayı indi az qala yüzə
çatıb. Budur, İlham Əliyev fədakarlığı!
Budur, Mehriban Əliyeva xidməti!
Bax, bütün bunları
qaçqın və məcubri köçkünlər bilirlər,
qiymətləndirirlər. Bir danılmaz fakt var: son 24 il ərzində Heydər Əliyev siyasi kursunun
təmsilçilərinin qatıldığı bütün
seçkilərdə - istər Prezident, istər parlament, istər
bələdiyyə olsun, - ən çox dəstək məhz
qaçqın və məcburi köçkün
yaşayış məntəqələrindən olur. Ulu öndər Heydər Əliyevin, cənab
İlham Əliyevin ən çox etimad qazandığı ərazilərin
ən ön cərgəsində məhz köçkün
rayonları və onların məskunlaşdığı qəsəbələrdir.
Mehriban xanım Birinci vitse-prezident təyin
olunarkən bütün qaçqın və məcburi
köçkünlər nə qədər fərəhlənib
qürur duydularsa, sağ olsun, bu dəyərli insan
qısamüddətli fəaliyyəti dövründə də
bu kateqoriyalı insanları davamlı olaraq sevindirir,
onların dostu, qayğıkeşi, himayədarı
olduğunu sübut edir”.
Prezidentin sonuncu
tapşırığı
...Artıq qonşu masada
müzakirələr bitib. Əli Həsənovu
- qrupun baş koordinatorunu gözləyirlər. Yekun rəyi verməli, bütün mübahisəli
məqamlara son nöqtəni qoymalıdır.
Hələ qəbulda gözləyən
digər kollektiv də var...
Hələ günortadan sonra Cocuq Mərcanlıya
yeni səfər də var. Masa üzərində olan layihənin
yerində dəyərləndirilməsi sabaha
saxlanılmayacaq...
Sağollaşırıq. Kabinetdən çıxarkən
Əli müəllim qəfildən bizi saxlayır: “Prezidentin
bir tapşırığı da oldu. Dedi ki, Cocuq Mərcanlıdakı
məktəb bu bölgənin ən yüksək təhsil verən,
ən məşhur məktəbi olmalıdır. Buranı bitirən hər bir şagird tələbə
adı qazanmalıdır. İnşallah, sentyabrın
15-də bu məktəbdə ilk dərs zəngi səslənəcək...”
Qaçqın qəsəbələrində
doğulan cocuq mərcanlılılar artıq öz doğma
yurdlarında məktəbə gedəcəklər. Bu da bir ilk oldu...
Dədə Qorqud
öyüdüdür: “Torpağı qorumasan, əkib-becərməyə
dəyməz, əkib-becərməyəcəksən -
qorumağa dəyməz”. İlham Əliyev bu nəsihəti
Cocuq Mərcanlıda əmələ çevirdi, fədakar
insanların zəhmətini mübariz əsgərlərin
şücaəti ilə tamamladı...
Tezliklə Cocuq Mərcanlıdan -
Böyük Qayıdışın ilk məskənindən
işğal altında olan torpaqlarımıza doğru azan səsi,
məktəb zənginin sədası, çalışqan
insanların hayqırtıları, traktorların uğultusu
yayılacaq...
İki aya xarabalıqdan cənnətə
dönən kənddə qaynayacaq həyat düşmənə
gözdağı olacaq, bizlərə böyük inam bəxş
edəcək, nisgilli Qarabağ torpağında dolaşan
ruhlara isə təskinlik gətirəcək...
Hər sabah, hər
gecə Cocuq Mərcanlıda yanacaq işıq əsarətdə
olan torpaqlarımıza doğru nur səpələyəcək...
Prezident bunu da bacardı!..
İxtiyar
HÜSEYNLİ,
Azərbaycan.-
2017.-20 iyun.- S.1-3.