23 min nəfər şəxsi heyət, 120 tank, 180 artilleriya qurğusu, 30 döyüş aviasiyası...

 

Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusu növbəti genişmiqyaslı hərbi təlimlərə başlayıb

 

Azərbaycanda həyata keçirilən ordu quruculuğu prosesinin ilkin mərhələsində qarşıya qoyulan vəzifələr uğurla icra olunub. Ulu öndər Heydər Əliyevin dahi sərkərdə dühası və böyük siyasi uzaqgörənliyi ilə qısa zamanda nizamivahid komandanlığa əsaslanan Azərbaycan Ordusu formalaşdırılıb. Bu ordu hələ 1994-cü ilin qış əməliyyatlarında sözünü deyərək işğal olunmuş ərazilərimzin bir hissəsini düşməndən azad edib.

 

Arsenalımız ən yeni silahlarla zəngindir

 

Ulu öndərin başladığı ordu quruculuğunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılmasını yeni mərhələyə qaldırıb. Bu mərhələdə görülən tədbirlər nəticəsində Silahlı Qüvvələrimizin modernləşməsi həyata keçirilib. Ən müasir, yeni dağıdıcı qüvvəyə malik silahdöyüş texnikası ordunun arsenalına daxil edilib. Qoşunların döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq məqsədilə hissə və bölmələr müasir artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri, toplar, taktiki raket kompleksləri, zenit-raket kompleksləri, ağır odatan sistemləri, pilotsuz uçuş aparatları, yeni növ döyüş sursatları, müxtəlif təyinatlı təmir və komanda müşahidə maşınları ilə təmin edilib. Hissə və bölmələrə müasir zirehli tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları daxil olub. Bunun da nəticəsində xüsusən son 10 ildə Azərbaycan Ordusunun döyüş qabiliyyəti dəfələrlə artıb.

Eyni zamanda zabitlərin peşəkarlığının yüksəldilməsi istiqamətində praktik addımlar atılıb, hərbi qulluqçuların sosial-məişət şəraitinin yüksəldilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilibbu işlər hazırda da davam etdirilir.

Ötən ilin aprelində cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, ordumuz təmas xəttində mövcud vəziyyətə tam nəzarət edə və istədiyi tədbiri görə bilə.

Aprel döyüşləri həm də mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi.

Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

Prezident İlham Əliyev bu barədə deyib: “Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir. Əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, biz indi on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik. Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

 

Şəhidimizin qisası alındı

 

Aprel hadisələrindən nəticə çıxarmayan düşmən yenə də təxribat törətməkdə davam edir. İyun ayının 15-də erməni silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu, əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

Lakin Azərbaycan rəhbərliyinin bəyan etdiyi kimi, düşmənin təxribatları heç vaxt cavabsız qalmayacaq. Azərbaycan Müdafiə Nazirliyi də dəfələrlə xəbərdar edib ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək. Budur, Azərbaycan Ordusunun bölmələrinin həyata keçirdiyi qətiyyətli və dəqiq cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib. Düşmənin bir neçə əsgəri isə ağır vəziyyətdə hospitala yerləşdirilib. Ermənistan mətbuatı da bir neçə əsgərin öldürülməsi xəbərini gizlədə bilməyib. Beləliklə, Azərbaycan Ordusu şəhidimizin qanını yerdə qoymayaraq qisasını layiqincə aldı.

 

Düşmənə rahatlıq verilməyəcək

 

Hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək və fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını əvvəlcədən qətiyyətlə almaq, ona maksimum ciddi zərər vurmaq qarşıya qoyulmuş əsas vəzifələrdir.

Bir neçə gün öncə hərbi forma geymiş erməni bloggerlərindən birinin cəbhə xəttində başına gələnlər, əsgərlərimizin atəşi altında hər an ölmək təhlükəsi ilə üzləşməsi göstərdi ki, ordumuz düşmənə rahatlıq verməyəcək.

Bu gün qarşıya qoyulan ən əsas məsələlərdən biri Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasıdır. Bu məqsədlə təkcə yeni hərbi texnikalar alınmır. Eyni zamanda, mütəmadi olaraq keçirilən hərbi təlimlərdə müasir döyüş vərdişləri artırılır. Bu məsələ Ali Baş Komandan İlham Əliyevin xüsusi nəzarətindədir. Təsdiq edilən plana əsasən il ərzində bir neçə dəfə hərbi təlimlər keçirilir. Silahlı Qüvvələrimizin tez-tez həyata keçirdiyi hərbi təlimlər də düşmənin dincliyini pozan əsas amillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən dünəndən etibarən qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə Azərbaycan Ordusunun növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tankzirehli texnika, 180-dək müxtəlif çaplı raketartilleriya qurğusu, reaktiv yaylım atəş sistemiminaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Bu cür təlimlər həm qoşun növlərinin döyüş qabiliyyətinin artırılmasında, həm də ordumuzun döyüş arsenalına yeni daxil olunan silahlardan istifadə vərdişlərinin yüksəldilməsində mühüm rol oynayır. Bütün bunların nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi gücü qarşısında əzici üstünlüyə malikdir. Reallıq ondan ibarətdir ki, Cənubi Qafqazın ən qüdrətli hərbi gücü olan Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır.

Azərbaycanda ordu quruculuğunun müasir standartlara uyğun həyata keçirilməsinin, döyüş hazırlığının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasının prioritet vəzifələr kimi müəyyənləşdirilməsi ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Çünki ordu məsələlərinə yüksək diqqət Ermənistanla aparılan danışıqların ölkəmiz üçün ədalətli şəkildə yekunlaşmayacağı təqdirdə, işğal altında olan ərazilərin azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir.

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.- 2017.-20 iyun.- S.1-3.