Nazirlər Kabinetində Azərbaycan-Laos əlaqələri
ilə bağlı fikir mübadiləsi
aparılıb
İyunun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş nazir Artur Rasi-zadə hələ Sovetlər Birliyi zamanında Azərbaycanla Laos arasında yaxşı əlaqələrin olduğunu xatırladaraq, müasir dövrdə əməkdaşlığımızın dirçəldilməsi üçün zəruri hüquqi bazanın və qarşılıqlı faydalı əsaslar üzərində iş birliyinin yaradılmasının vacibliyini nəzərə çatdırıb. Hər iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayan Artur Rasi-zadə bu baxımdan Laos tərəfinin irəli sürdüyü bütün təkliflərə müsbət yanaşıldığını, xüsusən qeyri-neft sektorunda, kənd təsərrüfatı, nəqliyyat, turizm, təhsil və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin səmərəli olacağını deyib.
Daha sonra qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Baş nazir bəzi ölkələrin bu məsələdə nümayiş etdirdikləri ikili standartlardan danışaraq, münaqişənin yalnız hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü vurğulayıb.
Laosda insan resurslarının inkişafına göstərdiyi köməyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirən Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit gələcək əməkdaşlıq üçün dövlət və özəl sektor nümayəndələrinin qarşılıqlı səfərlərinin və təcrübə mübadiləsinin müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Görüşdə tərəfləri
maraqlandıran bir sıra digər məsələlər
ətrafında da geniş
fikir mübadiləsi aparılıb.
AZƏRTAC
Azərbaycan.-
2017.- 20 iyun.- S.4.